20.10.2018 20:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycanın dağ-xizək kurortlarında müalicəvi neftdə çimmək də təklif olunur - VİDEO

 
 



ROSSİYA 24, Rusiya
09.12.2017


Müəllif: Yekaterina Kaduşkina

Azərbaycanda dağ-xizək mövsümü başlayır. Burada turistlərə təkcə qarda sürüşməyi deyil, həm də yerli ekzotikadan həzz almağı təklif edirlər. Məsələn, müalicəvi neftdə çimmək və qeyri-adi menyu – qarpız və qoz mürəbbəsinin dadına baxmaq olar.

Yekaterina Kaduşkina (Müxbir): “Bura nə Fransa, nə Avstriya, nə də İtaliyadır. Bura Azərbaycandakı “Tufandağ” kurortudur. Qəbələ şəhərində, Bakıdan 3 saatlıq məsafədə yerləşir. Kurortun əməkdaşı Elvin Rəhimov boş vaxtlarında xizəklə sürüşməyi sevir. Niyə də sevməsin? Həm ticarət, həm istirahət! Axı ofisin pəncərəsindən mənzərə düz dağ trasına açılır”.

Elvin Rəhimov (“Tufandağ” kurortunun otel satış meneceri): “Avropada, əlbəttə ki, Alp dağları məşhurdur. Oranın öz təbiəti, ağacları var. Bura isə Qafqazdır. Buranın təbiəti və heyvanları fərqlidir. Məsələn, mən bir dəfə trasda sürüşərkən qarşıma tülkü çıxıb”.

Xizək trasına bir günlük buraxılış cəmi 1500 rubla başa gəlir. Bu qiymətə avadanlıq da daxildir. Avropa kurortlarında isə təkcə biletin qiyməti 2 mindən başlayır. Bura turistlər daha çox qışda maraq göstərir. Onlar Ərəb Əmirliklərindən, İran, Gürcüstan və Rusiyadan gəlir.

Nurlan əslən Qəbələdəndir. Uşaqlıqda yamaclardan əldəqayırma taxta xizəklə çox sürüşüb. İndi, onun xizəkləri tam başqadır, əyləncəsi isə artıq peşəyə çevrilib. Beynəlxalq təlimçi sertifikatı da var.

Yekaterina Kaduşkina (Müxbir): “Bu gün Qəbələyə ilk qar yağıb. Buralar o qədər də soyuq olmur. Qışda havanın orta hərarəti müsbət beşdən mənfi beşədək dəyişir. Təlimçi sizə sürüşməyi sıfırdan öyrədə bilər. Bunun üçün mənə 1 saat kifayət etdi”. 

Burada uzun növbələr yoxdur, traslarda insanlar bir-birini itələmir. Lakin bu, o demək deyil ki, kurort tanınmır. Ötən Yeni ildə buraya 20 min qonaq gəlib. Bu, şəhərin öz sakinlərinin sayından 2 dəfə çoxdur. Bu il daha çox qonaq gözlənilir və artıq Yeni il yarmarkasına hazırlıq görülür.

Fəal istirahət istəməyənlər neftdə çimə bilərlər. Müalicəvi Naftalan vannaları yetmiş dərdin dərmanıdır – dəri xəstəliklərindən tutmuş, soyuqdəyməyədək. Dünyada Naftalan nefti yalnız Azərbaycanda çıxır. Onun ölkədən çıxarılması qadağandır. Burada Amerika, Xorvatiya və Çindən turistlər dincəlib. Əlbəttə ki, daha çox qonaq qonşu Rusiya və Gürcüstandan olur.

Vəfa Rizvanova (Ultrasəs müayinəsi həkimi): “Onların hamısı heyrətə gəlir. İçəri girib nefti gördükdə, onu şokolada bənzədirlər. Onun qeyri-adi qoxusu var və əvvəl bu, o qədər xoşa gəlməsə də, vanna qəbul edərkən adama həzz verir”.

Əlbəttə ki, əks göstərişləri də var. Neftdə yalnız həkim müayinəsindən sonra çimmək olar. Yerli çay isə hamıya məsləhət görülür. Onu mixək, hil və kəklikotu ilə dəmləyirlər. Əlbəttə ki, süfrədə Şərq şirniyyatı, paxlava, quru meyvələr, qoz-fındıq və mürəbbə də olur.

Anna Malejina (Restoranın meneceri): İndi yediyiniz qoz mürəbbəsidir. O, çox dadlıdır və hər ölkədə bişirilmir. Bilirsiniz ki, qarpızın içi yumşaq olur, ona görə də mürəbbə onun qabığından hazırlanır.

Qoz və dağ çiyələyi də ki, öz yerində.

Tutu və Gülbəniz vaxtilə Azərbaycan prezidentinin də qonaq olduğu milli restoranda işləyirlər. Onlar gündə 200-500 təndir çörəyi bişirirlər. Bişirmə üsulu əlbəttə ki, adət etdiyimiz kimi deyil.

“Çörəyi odda bişiririk. Əvvəl təndiri qızdırır, sonra isə xəmiri təndirə yapırıq. Çörək közdə bişir və bu dad adamın damağından getmir”.

Yerli mətbəxin əsas özəlliyi odur ki, burada hər şey təbiidir – restoranın baş aşpazı Zahir Musayev belə deyir. Mətbəxdə qazdan istifadə olunmur, ət ağac kötüyündə doğranır, sonra isə təndirdə bişirilir. Elə tərəvəzlər də onun kimi. Çay isə odun sobasının üzərində dəmlənir. Aşpaz deyir ki, ideal “quzu səbəti”nin resepti çox sadədir – yaxşı ət, duz, qırmızı istiot, alça və ya heyva turşusu.

Zahir Musayev (Restoranın baş aşbazı): “Əsas odur ki, öz işini sevəsən, çünki dadlı yemək bişirmək üçün bu işi sevmək lazımdır”.

Azərbaycan özünün yeni turizm bölgəsi kimi təqdimatına çox ciddi yanaşır. Ölkə qonaqpərvər və rəngarəngdir – Avropa dizaynerlərinin işi olan dəbli mehmanxana komplekslərindən tutmuş, müasir mətbəx texnikasından istifadə olunmayan restoranlara qədər. Özü də qonağı əliboş buraxmırlar. Elə Tutu da bizi təndir çörəyi ilə yola saldı.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSSİYA 24


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az