20.07.2018 18:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
“Bakı EXPO-2025”: Azərbaycan EXPO-ya ev sahibliyi etməyə iddialı olan ilk Qafqaz ölkəsidir

 
 



The London Post, Böyük Britaniya
11.12.2017


Müəllif: Ceyhun Osmanlı

2017-ci ilin noyabrında “EXPO-2025” üçün yarışan bir neçə ölkə mərkəzi Parisdə yerləşən Beynəlxalq Sərgilər Bürosunda bir araya gəlib. Mövzuların əsasən gələcək texnologiyalarla bağlı olduğu təqdimatlarda (“İnnovasiyalar” – Yekaterinburq, Rusiya, “5.0 cəmiyyəti” – Osaka, Yaponiya və “Bilik cəmiyyəti” – Paris, Fransa) Bakı diqqətini “İnsan kapitalı”na yönəldib.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd edib ki, ölkəsinin məqsədi bu sərgi ilə dünyanın ən güclü resursunu – insan kapitalını dünya gündəminə çıxarmaqdır. O, daha sonra vurğulayıb ki, Azərbaycanın “EXPO-2025” üçün öz şüarı olaraq təqdim etdiyi əsas mövzu olan “İnsan kapitalı” ilə yanaşı, “İstedad”, “Sağlamlıq” və “Nailiyyət” Azərbaycanın təklif etdiyi alt mövzulardır və bu da BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uyğunluq təşkil edir.

Ölkəsinin Avropa və Asiya sivilizasiyalarının qovşağında çox önəmli enerji və nəqliyyat körpüsü olduğunu qeyd edən M.Əliyeva bildirib ki, Azərbaycan özünün qədim tarixi, əlverişli coğrafi mövqeyi, durmadan inkişaf edən infrastrukturu, zəngin mətbəxi və qonaqpərvərliyi ilə “EXPO-2025”ə ev sahibliyi etməyə çox uyğundur.

2016-cı ildən Formula 1 yarışlarının Avropa Qran Prisinə ev sahibliyi edən Bakı şəhərinin beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəsi var. Bakı 2025-ci ilə qədər bu yarışlara hər il ev sahibliyi edəcək, o cümlədən 2020-ci ildə Avropa Çempionatının keçiriləcəyi şəhərlərdən biri olacaq.

Beynəlxalq Sərgilər Bürosunun 170 üzv ölkəsindən sadəcə 18-nin Ümumdünya EXPO-suna ev sahibliyi etmək təcrübəsi var. Bu tədbirlərin birincisi 1851-ci ildə Londonda keçirilib. Daha sonra bu ənənə əsasən Qərb ölkələri olmaqla, digər ölkələrə də yayılıb. Çin və Yaponiyanı çıxmaq şərtilə hələ ki, heç bir Asiya ölkəsi Ümumdünya EXPO-suna ev sahibliyi edə bilməyib. Azərbaycan buna nail olacağı təqdirdə, bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsində Ümumdünya EXPO-suna ev sahibliyi edəcək ilk ölkə olacaq.

“EXPO-2025” üçün rəqiblərimiz arasında olan Fransa və Yaponiya əvvəllər bu tədbirə ev sahibliyi edib. 1855 və 1900-cu illər arasında 5 EXPO-ya ev sahibliyi etmiş Parisdə 1937-ci ildə də Ümumdünya EXPO-su keçirilib. 1947-1969-cu illər arasında isə bu ölkənin Paris, Lyon və Lil şəhərlərində 3 ixtisaslaşmış EXPO təşkil olunub. Qeyd edək ki, Paris 2024-cü ildə Yay Olimpiya Oyunlarına, 2023-cü ildə isə reqbi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

Yaponiyanın Osaka şəhərində isə 1970-ci ildə Ümumdünya EXPO-su keçirilib. Burada 1975, 1985, 2005-ci illərdə müxtəlif ixtisaslaşmış sərgilər də təşkil edilib. Yaponiyanın Tokio şəhəri isə öz növbəsində, 2019-cu ildə reqbi üzrə Dünya Çempionatına, 2020-ci ildə Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi edəcək.

3-cü rəqibimiz olan Yekaterinburqun da bizim kimi, Ümumdünya EXPO-su keçirmək təcrübəsi yoxdur. Rusiyanın 4-cü böyük şəhəri olan Yekaterinburq 2020-ci ildə keçiriləcək Ümumdünya EXPO-su üçün Dubayla rəqabət aparsa da, müxtəlif səbəblərdən qalib gələ bilməyib. Bu səbəblər arasında təcrübənin yetərsizliyilə yanaşı, nəqliyyatın rahat və əlçatan olmaması göstərilib. Rusiyadan fərqli olaraq digər 2 rəqibimiz – Fransa və Yaponiyanın Ümumdünya EXPO-su keçirmək təcrübəsi var. Lakin bu ölkələrin 2020 və 2024-cü illərdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı öhdəliklərinin olduğunu nəzərə alsaq, onların bu sərgiyə yolları bağlana bilər.

Xüsusilə qeyd etmək lazımdır ki, Bakı namizədlər arasında yeganə paytaxt şəhəridir. Plana əsasən, Bakının şərqinə bitişik 200 hektar ərazidə EXPO mərkəzi inşa olunacaq. Parisdə isə EXPO ərazisi üçün Saclay göstərilir. Bu ərazi Versaldan 18 kilometr uzaqdır.

Uğurlu namizədin seçimi üçün əsas göstəricilərdən biri layihənin maliyyələşmə imkanlarıdır. Fransa hökuməti 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının xərcləri ilə yüklənmiş görünür və indidən bəzi dairələr yetərli maliyyə vəsaiti olmayacağı təqdirdə Fransanın EXPO-nun təşkililə bağlı namizədliyini geri götürəcəyini dilə gətirir. Yaponiyada isə hesab edirlər ki, Yay Olimpiya Oyunları ilə müqayisədə EXPO daha az gəlirli və daha az populyardır. Xüsusilə qeyd olunur ki, Yay Olimpiya Oyunlarını cəlbedici edən onun telekanallarda yayınlanmasıdır. Lakin yuxarıda qeyd olunan ölkələrdən fərqli olaraq, Azərbaycanın birinci vitse-prezidenti öz təqdimatında bildirib ki, Azərbaycan hökuməti Bakının “EXPO-2025”lə bağlı iddiasını hərtərəfli olaraq dəstəkləyəcək.

“EXPO-2025”ə ev sahibliyi edəcək şəhərlə bağlı qərar 2018-ci ilin noyabrında qəbul ediləcək. Vaxt azdır. Bu tarixdə ərizəçi ölkələr yekun təqdimatlarını hazırlayacaq və qərar gizli səsvermə yolu ilə qəbul ediləcək.

Ümumdünya EXPO-sunun həqiqətən də bəşəri maraqlara cavab verməsi və üzv ölkələrlə bağlı müxtəlifliyin qorunması, daha çox ölkənin buraya qoşula bilməsi üçün 170 ölkəni səsvermədə təmsil edən nümayəndələr gələcəkdə daha çox və fərqli ölkələrin bu prosesdə iştirakına şərait yaratmalıdır.

Azərbaycan öz güclü göstəricilərilə fərqlənir və bu günə qədər Milan, Antalya və Astanada keçirilmiş EXPO-larda mükafata layiq pavilyonları ilə “Ekspo-2025”ə ev sahibliyi etmək şansına malik ilk Qafqaz ölkəsidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The London Post


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az