20.07.2018 18:18
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Bakının görməli yerləri - FOTOREPORTAJ

 
 



Karnaval.ir, İran
12.12.2017


Gözəl Azərbaycan. Bu, biz iranlılar üçün tanış addır. İranla Azərbaycan arasında yaxın qonşuluq əlaqələri var. Bir vaxtlar Şirvanşahların paytaxtı sayılan Bakı 2009-cu ildə İslam Konfransı Təşkilatının üzvləri tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilib.

Azərbaycan turizm sahəsində də xeyli sayda iranlı turistin seçimidir. İki ölkənin coğrafi yaxınlığı, həmsərhəd olması, Azərbaycana səyahətin iqtisadi cəhətdən nisbətən sərfəli olması, həmçinin ilin bütün fəsillərində fərqli və xoş ab-havası, iqlimi Azərbaycana turist axınını qaçılmaz edir.

Bakı Azərbaycanın paytaxtı və ən böyük şəhəri, limanıdır. Bakıda gəzinti insana qəribə və xoş hisslər yaşadır. Gözlərinizi bağlaya, zehninizdə Nadir şahın Osmanlı dövləti ilə müharibələrini canlandıra, yaxud Səfəvilər hökumətinin gücünü təsəvvür edə bilərsiniz.

Əgər Bakıya səyahət etmək istəyirsinizsə, bu yazı məhz sizin üçündür. Çünki yazının davamında sizi bir sıra mətləblərdən agah edəcəyik. Əgər bu məqamlara əməl etsəniz, şübhəsiz mükəmməl və qüsursuz bir səfər yaşayacaqsınız. Bakının bütün maraqlı və görməli yerlərini öz gözlərinizlə gördüyünüzü iddia edə bilərsiniz. Gəlin, Azərbaycanın ən əhəmiyyətli turistik məkanları ilə tanış olaq...

1. İçərişəhəri gəzin

Əgər səyahət zamanı Bakının UNESCO-da qeydə alınmış əsərlərini görmək istəsəniz, İşərişəhər tam axtardığınız yerdir. Azərbaycan tarixinin dərinliyi və mədəniyyəti daş divarlarda, küçələrdə, daş səkilərdə, qüllələrdə, bir sözlə bu ərazinin qədim tikililəri arasında tam şəkildə hiss olunmaqdadır.

Dehxuda (İranın məşhur lüğətçisi - red.) Bakını belə vəsf edir: “Suyu yüngül və şirin, havası istiyə meyilli, torpağı qumludur”.

İçərişəhərin daş döşənmiş dolaşıq küçələrini gəzin, Şirvanşahların paytaxtını bir az araşdırın. XII əsrdən qalma daş qülləyə nəzər salın, 17-ci əsrə aid hamama baş çəkin və Şirvanşahlar dövrünə aid qalada dəfn olunmuş orta əsr Azərbaycan alimi və filosofu Seyid Yəhya Bakuvinin məqbərəsini ziyarət edin. Bakının ənənəvi çayxanalarında çay içmək, miniatür rəssamlıq müzeylərində olmaq və təşkil olunan sərgilərdə nümayiş etdirilən incəsənət əsərlərini tamaşa etmək də olduqca faydalıdır.

2. Qobustan Milli Parkında araşdırma aparın

Qobustan rayonunun qərbində və Bakının cənub-qərbindən 64 kilometrlik məsafədə, Xəzər dənizinin qərb sahillərində milli park var. Buradakı qədim abidələr, tarixi petroqliflər, palçıq vulkanları və qayaüstü rəsmlər 1966-cı ildə Qobustanın milli-tarixi əhəmiyyətə malik bölgə kimi tanınmasına səbəb olub. Bu ərazidəki qayaüstü rəsmlər o qədər əhəmiyyətli və dəyərlidir ki, 2007-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.

1930-cu ildə qum çıxarılması üçün buraya ezam olunmuş bir qrup işçi ərazidə qaya üzərində oyulma rəsmlər görüb. Bu tip rəsmlərin və qaya üzərində oyulmuş əsərlərin sayı 6000 mindən çoxdur. Onların bəzilərinin 40 min il yaşı var. Lakin bu qədim bölgədə yaşamış insanlar bizim üçün yalnız rəsmlər və qaya üzərindəki əsərləri yadigar qoymayıb. Qobustan parkında onların yaşadıqları mağaralar, qəbirlər müşahidə olunur və bunlar ibrətamizdir.

Hələlik Qobustanın arxeoloji aspekti turistlərə bir qədər qaranlıqdır. Bir çoxu oraya Qobustan Milli Parkının ətrafında qaynayan palçıq vulkanlarını müşahidə etmək üçün yollanır.

3. Xalça Muzeyini unutmayın

Xüsusi çərçivələrdə saxlanan qiymətli və nəfis xalçalarla bəzədilmiş muzey 1967-ci ildə Lətif Kərimovun göstərişi yaradılıb. O, İçərişəhər ətrafındadır. Muzey açılan zaman o, xalça toxuculuq sənəti ilə yaradılan ilk muzey idi. Hazırda Azərbaycan xalçalarının ən mükəmməl kolleksiyası məhz burada nümayiş etdirilir. Burada bu xalçaları toxuyanların əl izləri hələ də görünməkdədir – onların hər biri müxtəlif dövrə aiddir.

4. Atəşfəşanlıqda iştirak edin

Dünyada qeyd olunan Novruz bayramları arasında ən tənrtənəli bayramlardan biri Azərbaycanda keçirilir. Od çərşənbəsi burada da yayılmış ayinlərdəndir. Novruz günlərində Bakıya səfər edən turistlər şəhərin müxtəlif yerlərində od üzərindən atılan insanları tamaşa etməkdən həzz ala bilər; pislikəri alovda yandıran, köhnə ilin çətinlikləri və xəstəliklərini arxada qoyan, yeni ilə ümidlə qədəm qoyan xalq.

5. Bir azərbaycanlı kimi yemək yeyin

Azərbaycan və İran xalqlarının adətlərində, yemək mədəniyyətində çox oxşarlıq var. Bir çox Azərbaycan yeməklərini indi biz Şərqi və Qərbi Azərbaycan vilayətlərinin yerli yeməkləri kimi tanıyırıq. Azərbaycan yeməklərinin bişirilməsində ən maraqlı məqamlardan biri azərbaycanlıların süfrəsində meyvələrin, xüsusilə də dadlı narın olmasıdır. Bir çox xörəklər düyüdən, zəfərandan istifadə olunması ilə İran yeməklərinin dadını çox xatırladır.

Yemək bir azərbaycanlı üçün ən vacib məsələlərdən biridir. Odur ki, bu ölkənin paytaxtında özünüzə əməlli-başlı baxmanız məsləhətdir. Müxtəlif düyü yeməkləri, kabab, dolma, küftə, şorba, halva və digər təamlardan özünüzü məhrum etməyin.

6. Bakı bulvarında gəzintiyə çıxın

Xəzər dənizinin sahillərindən bəhrələnmək bizimlə qonşumuz Azərbaycanın ortaq cəhətlərindəndir. İranın şimalında yerləşən bu ölkənin müxtəlif şəhərlərinə səfər edə, çoxsaylı şəhərlərdə yumşaq çimərliklərdən, gözoxşayan dəniz dalğalarından və dənizin səsindən həzz ala bilərsiniz.

Lakin Bakı bulvarını fərqləndirən cəhət yalnız Xəzərin sahilində yerləşməsi deyil. Burada yaradılmış mükəmməl infrastruktur dənizkənarı bulvarı əsl istirahət məkanına çevirib. “Park Bulvar” ticarət mərkəzi və “5D sinema”, “Crystall Hall”, Xalça Muzeyi, “Şeytan çarxı” və s. məhz Bakı bulvarında yerləşir.

Bakıya səfər zamanı mütləq dənizkənarı bulvarda gəzintiyə vaxt ayırın, oradakı istirahət imkanlarından istifadə edin.

7. Yanardağa baş çəkin

Çox görmüş və eşitmişik ki, zərdüşt atəşgahlarında uzun illər boyu xüsusi nəzarət altında qorunan alovlar yanıb. Lakin təbiətin qoynunda insan müdaxiləsi olmadan 10 metr hündürlüyündə daim alovlanan od bir qədər heyrətləndiricidir. Bakının Abşeron yarımadasında bir təpə illərdir yanır. Yanardağ təpəsi kimi tanınan bu heyrətləndirici məkan məsaməli daşlardan ibarət nazik səthdir və onun altında qaz ehtiyatı var. Rəvayətə görə, qədim illərdə bir çoban bu ərazidə siqaret yandırıb və bununla da, Yanardağ alovlanıb. Oraya hansı fəsildə, hansı havada gedirsiniz-gedin, qarşınızda od şölələri alovlanır. Gecələr bu alovun effekti daha gözəl nəzərə çarpır.

8. Müasir memarlıq zövqü

Azərbaycandakı gözoxşayan müxtəliflik səfər zamanı istənilən yorğunluğu aradan qaldırır. İçərişəhərdə siz tarix axtarışından sonra, Azərbaycan yeməklərindən və çayından həzz ala bilər, açıq havada Xəzər boyu gəzintiyə çıxa, xüsusi memarlıq üslubunda inşa edilmiş müasir binalara tamaşa edə bilərsiniz. Məsələn, şəhərin müasir tikililərdən biri Heydər Əliyev Mərkəzidir. Bakıdakı ən məşhur sərgi və qalereya mərkəzlərindən biri sayılan bu bina maraqlı və bəlkə də qəribə memarlıq üslubuna malikdir. İlk baxışda binaya nəzər saldıqda bəlkə də bu, sizin üçün bir az çaşdırıcı olacaq; bina qəribə quruluşa malikdir. Amma bu zaman sizdə müasir memarlıq nümunəsi haqqında təsəvvür yaranacaq. Heydər Əliyev Mərkəzini görən hər bir şəxs belə bir mürəkkəb layihənin necə inşa edildiyi haqda düşünür. Azərbaycanın sabiq prezidentlərindən birinin adını daşıyan bu bina İraq əsilli britaniyali məşhur dizayner Zaha Hadid tərəfindən layihələndirilib. Binanın inşası 2012-ci ildə başa çatdırılıb.

9. Metro ilə gəzin

Əgər səfəriniz iş və məcburi xarakter daşımırsa, əyləncə və istirahət etmək üçün imkan yaranıbsa, bizim metrolar haqqındakı təsəvvürümüzə görə bu nəqliyyat vasitəsindən istifadə o qədər də rahat sayılmır. Bəlkə də çoxumuz insan sıxlığının olduğu metrolarla hərəkət etmək əvəzinə, bir qədər artıq vəsait xərcləyərək taksidən istifadə etməyə üstünlük veririk.

Lakin Azərbaycanda vəziyyət fərqlidir. Bakı metrosundan istifadə etmək ən yaxşı metro ilə səfər təcrübəsindən biri olacaq. Eskalatorla təchiz olunmuş səliqəli və dəbdəbəli stansiyalara aparan şüşə piramidalı girişlər sizə rahat şəkildə və tez bir vaxtda şəhərin istənilən yerinə çatdırmaq imkanı yaradır. Azərbaycanın yeraltı nəqliyyat şəbəkəsi ən qısa zamanda daha çox görməli yerləri ziyarət etmək istəyən və bir qədər qənaətcil turistlər üçün ən əlverişli nəqliyyat vasitəsidir. Azərbaycanda 4 gedişli biletin qiyməti 1 manat (təxminən 2300 İran tüməni) təşkil edir. 

10. Çay için

Azərbaycan əhalisi İranda yaşayan azərbaycanlılar və ümumiyyətlə bütün iranlılar kimi, çay içməyi çox sevir. Çay hər yeməkdən əvvəl və sonra, qonaqlıqda bir araya gələrkən və ya dostlarla kafedə, restoranda görüşərkən azərbaycanlıların süfrəsindən əksik olmayan vacib bir komponentdir. Bakının heç bir yerində çay tapmaqda çətinlik çəkməyəcəksiniz. Lakin əsl Azərbaycan çayının ətrini, dadını hiss etmək istəyirsinizsə və qəlyan tüstüsü sizi narahat etmirsə, şəhərdəki kiçik, qədimi çayxanalara getməyiniz, yerli əhali ilə birlikdə çay içməyiniz tövsiyə olunur.

Çayxanaların bol olduğunu nəzərə alsaq, bu ölkə çaysevər iranlılar üçün ideal səfər məkanıdır.

Son söz

Ətraf ölkələr arasında Azərbaycan mədəniyyət, iqlim və yemək adətləri kimi müxtəlif cəhətlərdə İranla çox oxşardır. Buna görə də belə ölkələrə səfər etmək millətlər arasında ünsiyyət və yaxınlığı artıra bilər.

Siz İranla qonşu olan hansı ölkələrə səyahət etmisiniz?

Hansı ölkənin insanları ilə daha çox səmimilik və yaxınlıq duymusunuz?

Azərbaycanla bağlı hər hansı fikir və ya xatirəniz varsa, bizə və dostlarınıza bu haqda məlumat verin.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Karnaval.ir


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az