20.07.2018 18:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Əfsanəvi Azərbaycanlı cazmen – caz-muğamın korifeyi

 
 



Podrobno.uz, Özbəkistan
22.12.2017


1979-cu il dekabrın 16-da Daşkənddə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, milyonların ürəyini fəth etmiş parlaq cazmen Vaqif Mustafazadə dünyadan köçüb.

Vaqif 1940-cı il martın 16-da Bakıda anadan olub. O, özünün musiqi təhsilinə görə anası, Azərbaycanın ilk pianoçu xanımlarından olmuş gözəl muğam bilicisi, böyük Üzeyir Hacıbəyovun tələbəsi Zivər xanıma borclu idi. 9 yaşlı oğlan artıq milli melodiyaları yaxşı ifa etsə də, onun özünəməxsus ifa tərzi anasının işini çətinləşdirirdi. Uzun-uzadı söhbət və izahlar balaca Vaqifi fikrindən daşındıra bilmirdi. O, özü də bilmədən improvizələr edirdi.

Musiqi məkəbinə daxil olduqdan sonra artıq yaxşı tanış oduğu muğamla yanaşı Vaqif Bax, Motsart, Bethoven, Şopen kimi klassik bəstəkarların əsərlərini də öyrənməyə başlayıb. Fortepiano Vaqifin həyatının bir hissəsinə çevrilib. Evdə maqnitofonun və əcnəbi caz ifaçılarının səs yazılarının olması isə musiqiçinin taleyində həlledici rol oynayıb. O, daxilində gəzdirdiyi musiqini kəşf edib və ondan heç cür ayrıla bilməyib.

1956-cı il mayın 30-da Bakı Filarmoniyasının böyük səhnəsindəki ilk çıxışı Vaqif üçün gəncliyinin ən parlaq xatirəsinə çevrilib. 16 yaşlı V.Mustafazadə Mendelsonun fortepiano üçün konsertinin birinci hissəsini gözəl ifa etməklə, dahi Azərbaycan dirijoru və bəstəkarı Niyazini valeh edib və dirijor Vaqifdə böyük musiqiçi gələcəyini elə o anda görüb.

A.Zeynalı adına musiqi məktəbinə daxil olduqdan 1 il sonra, 1958-ci ildə Azərbaycan radiosunun solisti kimi əmək fəaliyyətinə başlayan Vaqif 1964-cü ildə Üzeir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1965-ci ildə o, Tbilisiyə köçüb. Səbəb Vaqifin “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət olunması idi. Burada o, istedadlı musiqiçi və peşəkar musiqi bilicisi Tamaz Kuraşvili ilə dostlaşıb. Onlar birlikdə yeni layihələr yaradır, caz konsertləri və festivallarda çıxışlar edirdilər. Belə festivallardan biri Tallində keçirilən Beynəlxalq Caz Festivalı olub və burada Vaqif bir neçə kompozisiya ilə çıxış edib. Nəticədə o, özünün qeyri-adi dərin harmonik ifası ilə dinləyicilərin rəğbətini qazanıb.

1968-ci ildə görkəmli bəstəkar, musiqi dünyasının nüfuzlu siması olan Azərbaycanın mədəniyyət naziri Rauf Hacıyevin israrı ilə Vaqif Tbilisidən Bakıya qayıdıb. Doğma Bakı və böyüdüyü İçərişəhərin sevimli küçələri, dostlarının və doğmalarının yaxın simaları ona yeni ilham verib və Vaqifin yaradıcılığında yeni mərhələ başayıb. 1970-ci ildə o, “Leyli” vokal qrupunu yaradıb. Bu kollektiv o zamanın ruhunu əks etdirirdi və qısa müddət ərzində bakılılar tərəfindən sevilməyə başlayıb. 1 il sonra, 1971-ci ildə bir sıra səbəblərdən qrupun tərkibi və adı dəyişdirilib.

Amma “Sevil” qrupu insanlara daha yaxın və doğma olub. Videokliplər çəkilir və caz işləmələri ilə çoxlu mahnılar yazılırdı. Vaqif Mustafazadə 4 gözəl qızın əla, həssas və savadlı rəhbərinə çevrilmişdi. Onlardan biri Vaqifin həyat yoldaşı idi. Öz kompozisiyalarında musiqiçi tez-tez dünya və Azərbaycan klassiklərinin əsərlərinə müraciət edirdi. O, bir çox yerli bəstəkarın yaradıcılığını yüksək qiymətləndirirdi.

Musiqi sənətində Vaqif Mustafazadənin kumiri Üzeyir Hacıbəyov idi. Qara Qarayev, Fikrət Əmirov və Niyazinin yaradıcılığına da rəğbət bəsləyirdi. Tofiq Quliyevlə isə xüsusi münasibətləri var idi. O, Vaqifə çox şeydə kömək edir, onu dəstəkləyirdi. Vaqif Mustafazadə respublikada caz musiqisini təbliğ etdiklərinə görə Rauf Hacıyev və Pərviz Rüstəmbəyova minnətdar idi. Rafiq Babayevlə isə onu dostluq və caza sevgi birləşdirirdi. Onlar tez-tez birlikdə çıxış edir, caz-festivallarına yollanırdılar.

1977-ci ildə V.Mustafazadə “Muğam” caz qrupunu yaradıb. Ansambla bu adın verilməsi təsadüf deyildi. Vaqif iki əks dünyanı – Şərqlə Qərbi birləşdirərək, cazla muğamın incə sintezini bir çox melomanın yaddaşına həkk edib. Kollektivdə çalışan peşəkar musiqiçilər ondan çox şey öyrənib. Bu, ali musiqi məktəbi və öz üzərində çalışma illəri idi. Qeyd edək ki, V.Mustafazadə “Tallin-66”, “Tallin-67” festivallarının, “Caz-69” Bakı festivalının, 1977-ci ildə Donetskdə keçirilmiş Ümumittifaq caz festivalının, “Tbilisi-78” caz festivalının laureatı olub. Sonuncu festivalda o, ən yaxşı pianoçu adını qazanıb. 1979-cu ildə isə Monakoda keçirilmiş beynəlxalq caz müsabiqəsində azərbaycanlı musiqiçi birinci yerə və “Ağ royal” mükafatına layiq görülüb.

V.Mustafazadə dinləyicini özünəməxsusluğu və virtuoz ifa texnikası ilə valeh edirdi. İlk dəfə Azərbaycan cazını muğamla məhz o sintez edib və bununla cazda yeni cərəyanın əsasını qoyub. 1972-ci ildə bəstəkar özünün ən məşhur “Əlvida” əsərini yazıb və bu əsər ona dünya şöhrəti qazandırıb.

Bu gün Vaqifin əsrarəngiz kompozisiyalarını bütün musiqi dünyası ifa edir. Halbuki vaxtilə onu Bəstəkarlar İttifaqının kəndarına belə, buraxmayıblar. Səbəb isə “tam ali təhsilinin olmaması” imiş… Sanki söhbət musiqiyə yenicə gəlmiş bir adamdan gedir. Hansı ki, həmin vaxt Vaqif artıq SSRİ-də məşhur olan, Polşa, Fransa və başqa dövlətlərdə ifa olunan bir çox əsərlərin müəllifi idi. Təkcə ümumittifaq “Melodiya” firması onun əsərlərindən ibarət və özünün ifa etdiyi 9 val buraxmışdı.

Ölümündən bir neçə həftə əvvəl Vaqif özünün orkestrlə fortepiano üçün konsertini böyük Azərbaycan dirijoru Niyazinin mühakiməsinə verib. O, həmçinin teatrla əməkdaşlıq edib, sənədli filmlər üçün musiqi yazıb. Onun “Əzizəni gözləyərkən” əsəri 1979-cu ildə Monakoda keçirilmiş VIII Beynəlxalq Caz Bəstəkarları müsabiqəsində birinci mükafata layiq görülüb. Vaqif o zamankı İttifaqda ilk bəstəkar idi ki, belə bir mötəbər forumda yüksək yer qazanırdı. Yox, o musiqidə yeni deyildi, lakin Bəstəkarlar İttifaqında ona yer tapılmadı.

“Vaqif Mustafazadə ekstra səviyyəli bir pianoçudur. Dünya cazında ona tay tapmaq çətindir. Bu, ifasını dinlədiyim ən lirik pianoçudur”, - deyə amerikalı musiqiçi və tənqidçi Uillis Konover onun haqqında yazırdı.

İsveçli caz pianoçusu B.Yuhanson isə Vaqifin bəstələri haqda belə deyirdi: “Onun musiqisi son dərəcə müasir, eyni zamanda qədimdir. Ondan qədim Qafqaz melodiyalarının sehrli ətri duyulur. Bu, bir çox nəsil şairlərin vəsf etdiyi, Şəhirzadın “1001 Gecə”də danışdığı nağıldır”.

Öz sənətinin nəhəngi olan bu adam, eyni zamanda Tanrı tərəfindən seçilmiş bütün insanlar kimi, məişətdə çox aciz, bəzən isə adi problemlərin həllində köməksiz idi. Kövrək xasiyyəti, daxili diskomforta gətirən xroniki gündəlik qayğıları, bir parça çörək üçün ürəyincə olan iş axtarışı. Əsəb gərginliyinin son həddində sürülən həyat dramatik sonluğa məhkum idi.

1979-cü il dekabrın 15-də Vaqif “Muğam” qrupu ilə birlikdə Daşkənddə növbəti qastrol səfərində idi. Konsertin ilk şöbəsində o, barmaqlarının sözünə baxmadığını və nəfəsinin kəsildiyini hiss edir. Həkimlər konsertin təxirə salınmasını tövsiyə etsə də, Vaqif israrla ikinci şöbəni də çox parlaq ifa edir. Lakin bu, Vaqif Mustafazadənin son konserti olur. Sonradan Azərbaycan caz musiqisinin əfsanəsinə dönəcək, həyat eşqi ilə dolu bu güclü insan dünyasını dəyişir. Onun ölümü bütün yaxınlarını və onu sevənləri çaşdırır. Axı hələ çox cavan, cəmi 39 yaşlı Vaqifi qarşıda hələ çox uğurlar gözləməli idi. Lakin deyilər ki, “ölüm yaxşıları seçir” və heç kəs taleyi dəyişdirə bilməz. Necə ki, itirilmiş yaxınımızı geri qaytara bilmirik.

Bu gün Vaqif Mustafazədənin əsər və improvizələri peşəkar caz musiqiçiləri, onun başladığı işi davam etdirməyə çalışan gənclər tərəfindən ətraflı təhlil və müzakirə olunur. Vaqif Mustafazadə musiqidə inqilab edərək zamanının görkəmli şəxsiyyətinə çevrilib. 

Fransızlar deyir ki, “incəsənət nəticə deyil, yaradıcılıq aktının özüdür”. Vaqifin timsalında da səhnə həyatla ölümün mübarizə meydanına çevrilmişdi.

Bakı hər zaman caz mədəniyyətinə qarşı xüsusi həssaslığı ilə seçilib. Orada bu gün də bu ölməz janrda çalışan musiqiçilər çoxdur. Onların arasında öz işinin əsl ustaları var, onların cazı peşəkardır və yaradıcı fantaziyadan xali deyil. Lakin onların bəxti gətirməyib – Vaqif Mustafazadə elə bir səviyyə qoyub ki, ondan sonra hətta ən istedadlı caz ifaçılarını belə dinləyərkən adama elə gəlir ki, nəsə çatmır.

Bəlkə ona görədir ki, caz orta statistik dinləyicini razı salmaq üçün yaradılan kütləvi istehlak məhsulu ola bilməz? Biz başqa caz və başqa cazmen görmüşük. O, cazla alışıb-yanırdı və yana-yana da kül oldu! Caza bənzər əsərlər və ya psevdocaz isə elə ilk taktlardan hiss olunur, çünki yaradıcı hazırlıq hələ ilham demək deyil.

Vaqif öz yaradıcılığında çox sənətləri birləşdirmişdi – bəstəkar, aranjmançı, ifaçı, improvizator. Lakin fikrimcə, onun əsas xidməti Azərbaycan cazmeni obrazını yaratmasındadır!

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Podrobno.uz


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az