22.09.2018 08:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycanın futbol klubu dağılmış regiona ümid verir

 
 



Foreign Policy News, ABŞ
22.12.2017


Müəllif: Elin Süleymanov (Azərbaycanın ABŞ-dakı səfiri)

Dünyanın çətin bölgələrindən birini təmsil edən futbol klubu Avropa klubları arasında keçirilən Çempionlar Liqasında cəsur çıxışını sona çatdırdı. Doğrudur, “Qarabağ” futbol klubunun “Küllücə” hekayəsi “büllür ayaqqabının geyiləməsi” ilə başa çatmadı. Lakin o, öz ölkəsini həqiqətən ümidləndirə bilib.

“Qarabağ” son matçında İtaliyanın ən güclü klublarından olan “Roma”ya məğlub olaraq Çempionlar Liqası ilə vidalaşsa da, o, turnirə ciddi təsir göstərə bilib. Məsələn, “Atletiko Madrid” ilə iki dəfə heç-heçə oynamaqla futbol ictimaiyyətini şoka salıb. Turnirin əsas favoritlərindən olan “Atletiko Madrid”i turnirdən demək olar ki, onunla heç-heçələr edən “Qarabağ” kənarlaşdırıb.

“Qarabağ” “Roma” ilə də sona qədər bərabər səviyyəli oyun keçirib. O, İngiltərənin güclü klublarından olan “Çelsi”yə qarşı da yaxşı oyun nümayiş etdirib. Çempionlar Liqası Avropanın elit komandaları ilə müqayisədə büdcəsi qat-qat az olan “Qarabağ” kimi klublar üçün bir platformadır. Bu platformadan istifadə etməklə həmin komandanın, onun mənsub olduğu yerli liqanın və ölkənin səviyyəsini nümayiş etdirmək olar. Buna görə də “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı ilə Azərbaycan futbolu dünya futbol xəritəsinə daxil olub.

“Qarabağ” klubunun tarixi onun Çempionlar Liqasındakı cəsur çıxışından daha maraqlıdır. Bu klub Azərbaycanın Dağlıq Qarabağ regionunun yaxınlığında yerləşən Ağdam şəhərində yaradılıb. Lakin o, artıq 24 ildir ki, doğma şəhərində çıxış edə bilmir. Əgər indi kimsə “Qarabağ”ın Ağdamdakı stadionuna getməyə cəhd göstərərsə, o, erməni snayperlərin güllələrinə tuş gələ bilər. Qeyd edək ki, Ermənistan iki onillikdən çoxdur ki, Dağlıq Qarabağ regionunu qeyri-qanuni olaraq işğal altında saxlayır. İndi, “Qarabağ”ın stadionundan yalnız alaq basmış xarabalıqlar, erməni qoşunları tərəfindən vəhşicəsinə törədilmiş etnik təmizləmənin kədərli xatirələri qalıb.

Ermənistan 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başlayıb. İlkin dövrə baş vermiş iğtişaşlar sonradan genişlənərək Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibəyə çevrilib. Bu zaman Ağdam şəhəri də döyüş əməliyyatlarının mərkəzi olub. Ermənilərin atdığı bombalar “Qarabağ”ın stadionuna, həmçinin klubun məşq meydançalarına da düşürdü. Xoşbəxtlikdən, həmin vaxt orada futbolçular və ya digər insanlar olmayıb. Nəticədə “Qarabağ” klubu və Ağdam şəhəri dağılmağa başlayıb. 1993-cü ilin iyulunda Ağdamda çox sayda dinc sakin qətlə yetirilib, sağ qalanlar isə öz doğma yurdlarından qovulub, şəhər tam işğal olunub. O vaxtdan Ermənistan ordusu Azərbaycanın işğal altında olan bu regionuna nəzarət edir və oradan qovulmuş Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtmasına imkan vermir.

Ermənistanla Azərbaycan arasındakı müharibə azərbaycanlıların və “Qarabağ” klubunun tarixində silinməz iz qoyub. Komandanın keçmiş futbolçusu və baş məşqçisi Allahverdi Bağırov ölkəsinin Milli Qəhrəmanına çevrilib. O, Xocalı qətliamı zamanı çoxlu sayda insanın həyatını xilas edib. Xatırladaq ki, 1992-ci ildə Ermənistan ordusu və Sovet İttifaqının bu regionda qalmış hərbi birləşmələri Xocalı şəhərində qətliam törədib. Həmin ilin iyununda A.Bağırovun maşını tank əleyhinə minaya düşərək partlayıb və o, həyatını itirib.

Artıq 24 ildir ki, Ermənistan Azərbaycanın suveren ərazisinin 20%-ni işğal altında saxlayır. Dünya birliyinin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasına baxmayaraq, Yerevan BMT Təhlükəsizlik Şurasının Ermənistandan qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarması tələb edən 4 qətnaməsinə məhəl qoymur.

Beləliklə, “Qarabağ” klubu Azərbaycan üçün sağ qala bilmək, ümid mayakına çevrilib. Bu klubunun tarixi 1951-ci ildən başlayır. Azərbaycan Premyer Liqasının əsasını qoymuş klublardan olmuş “Qarabağ” ölkə çempionatının ikinci mövsümündəcə qalib gəlib. O, kiçikmiqyaslı bir sıra beynəlxalq turnirlərdə də uğurla çıxış edib. “Qarabağ” bir neçə dəfə Avropa Liqası, “İntertoto” kuboku və UEFA Kuboklar Kuboku yarışlarının erkən mərhələlərinə çıxa bilib. Lakin onun Çempionlar Liqasında tarixi çıxışı xüsusi əhəmiyyət kəsb edir.

Çempionlar Liqası Avropada futbol yarışlarının zirvəsidir. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün öz liqalarının çempionları olan başqa klublara qarşı seçmə oyunlarda ustalığını nümayiş etdirməli idi.

Sadəcə 15 milyon dollar büdcəsi olan “Qarabağ” sanki Qoliaflar arasında David idi. Müqayisə üçün qeyd edək ki, “Real Madrid” klubunun büdcəsi 744 milyon dollardır...

Komanda məhz maliyyə çətinlikləri üzündən 1990-cı illərdə dağılmışdı. 2001-ci ildə də onun həyatı sual altında idi. Lakin Azərbaycanın aparıcı ərzaq istehsalçısı olan “Azərsun Holdinq”in sponsorluğu ilə kluba yeni nəfəs gəlib.

Qeyd edək ki, “Qarabağ” Bakıda öz oyunlarını “Azərsun Arena”da və Tofiq Bəhramov adına stadionda keçirir. Klub azarkeşlərin qaçqın düşərgələrindən stadiona gedib-gəlməsi üçün şərait də yaradıb.

“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun sözlərinə görə, bu klub bütün Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb edir: “Torpaqlarımız işğal altındadır. “Qarabağ”ın uğurları sayəsində biz dünya birliyinin diqqətini bu məsələyə cəlb edirik”.

Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuna qalib gələn “Qarabağ” azərbaycanlı tərəfdarlara sevinc dolu anlar yaşadıb. Məcburi köçkünlərin klubu üçün belə bir uğur idmanda ən yaxşı ümid və qürur rəmzidir.

“Qarabağ”ın futbolçuları oyunlara canlarını qoyur, nəticədən asılı olmayaraq, milyonlarla insanı ruhlandırır. “Qarabağ”ın mesajı sadə olsa da, güclüdür: Müharibədə evlərimiz dağıla bilər, lakin o, bizim ruhumuzu sarsıda bilməz, Azərbaycanın ürəyi olan Qarabağın döyüntüsünü dayandıra bilməz!

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Foreign Policy News


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az