26.04.2018 02:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ: həll edilməmiş münaqişə

 
 



AgoraVox, Fransa
25.12.2017


Müəllif: Alen Rumestand

Azərbaycanla Ermənistanın Dağlıq Qarabağla bağlı mövqelərini təhlil etmək üçün tarixi faktlara nəzər yetirmək kifayətdir.

Dağlıq Qarabağ XIX əsrədək – kiçik dövlətlər dövründə Azərbaycanın bir əyaləti olub. Sonra çar Rusiyası Azərbaycanın şimalını işğal edib və XIX əsr boyunca Qafqaza minlərlə erməni köçürüb. 1918-ci ildə Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Respublikası və Dağlıq Qarabağı özünə birləşdirmək niyyəti olan Ermənistan Respublikası yaranıb. 1919-cu ildə nəhəng müttəfiqlər (Birləşmiş Krallıq, Fransa, ABŞ, İtaliya) burada Azərbaycanın hakimiyyəti altında müvəqqəti ümumi qubernatorluğun yaradılmasını təsdiqləyib. Bu zaman Dağlıq Qarabağın Erməni Milli Assambleyası da Azərbaycanın bölgə üzərində hakimiyyətini tanıyıb və ermənilərin hüquqları Azərbaycan Respublikası tərəfindən təmin edilib.

1920-ci ildə Sovet Rusiyası Azərbaycan Sovet Sosialist Respublikasını yaradıb. Daha sonra o, Azərbaycan torpaqlarını Ermənistan Sovet Respublikasına, sonuncunu isə Zaqafqaziya Federatif Respublikasına (Azərbaycan, Gürcüstan, Ermənistan) birləşdirib. Bu proses cənub-qərbdə yerləşən Naxçıvanı Azərbaycandan ayırıb.

1923-cü ildə Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində əhalisinin əksəriyyəti ermənilərdən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinə çevrilib. Kommunist Partiyası 1921-ci ildə qəbul etdiyi bəyanatda deyilirdi: “Müsəlmanlarla ermənilər arasında milli zəmində sülhü təmin edilməsinin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanla daimi əlaqələri nəzərə alınmaqla, bölgə Azərbaycanın tərkibində saxlanılır”.

Sovet hökuməti inzibati ərazi bölgüsü zamanı təbii ki, yerli əhalinin fikrini nəzərə almır, böyük əhali köçürmələri yalnız Kremlin siyasi iradəsi əsasında həyata keçirilirdi. Bu zaman Moskvanın sərt qanunları vəziyyəti sabit saxlamağa kömək edirdi. Lakin əhali köçürmələrinin əslində “barıt çəlləyi” yaratdığı şübhə doğurmurdu.

Nəhayət, Sovet İttifaqının parçalanmasından sonra Ermənistan və Azərbaycanın müstəqilliklərini bəyan etmələrilə tərəflər arasında hərbi münaqişə başlayıb. Hələ 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan ayrılmaqla bağlı çağırış etməyə başlamışdı. 1992-ci ildə isə tərəflər arasında əsl müharibə başlayıb. Nəticədə Ermənistanın dəstəyini alan Qarabağ komitəsi azərbaycanlıları bu ərazilərdən qovub. 1993-cü ilin yazında ermənilər Qarabağ bölgəsinin ətrafındakı rayonları da ələ keçirib.

Nəhayət, 1994-cü ildə tərəflər atəşkəs sazişi imzalayıb. Bununla da, minlərlə insanın ölümündən, əhalinin zorla köçürülməsindən, müəssisələrin, təsərrüfatların və infrastrukturun dağıdılmasından sonra Ermənistan-Azərbaycan münaqişəsi sanki sona çatmış kimi görünürdü. Lakin Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu da daxil olmaqla, 20%-lik ərazisinə hələ də nəzarət edir.

ATƏT-in Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi faktaraşdırıcı missiya işğal edilmiş ərazilərdə tarixi və coğrafi adların dəyişdirildiyini, mədəni irsə ziyan vurulduğunu, tarixi abidələrin dağıdıldığını qeydə alıb.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası ATƏT çərçivəsində aparılan sülh prosesini və qurumun Minsk qrupunun (ABŞ, Fransa, Rusiya, Almaniya, Belarus, Finlandiya, İtaliya, Hollandiya, Portuqaliya, İsveç, Türkiyə, Ermənistan, Azərbaycan) səylərinə tam dəstəyini bəyan edib. BMT Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsindən, Ermənistanla Azərbaycan arasında gərginliyin regionda sülh və təhlükəsizliyə təhdid yarada biləcəyindən dərin narahatçılığını da ifadə edib.

Hərbi əməliyyatların intensivləşməsindən narahatlığını ifadə edən qurum Azərbaycan Respublikasının və regiondakı bütün digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını, ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bildirib.

BMT TŞ-nin o zaman qəbul etdiyi bəyanatda Azərbaycanın Zəngilan rayonundan və Horadiz şəhərindən, həmçinin cənub sərhədindən böyük sayda mülki əhalinin köçürülməsindən ciddi narahatlıq ifadə olunub, Azərbaycan ərazisinin bombardman edilməsi pislənilib. BMT TŞ Ermənistan hökumətini onun Azərbaycanın Dağlıq Qarabağ regionu ilə bağlı qətnamələrinə əməl olunması üçün öz nüfuzundan istifadə etməyə, münaqişəyə cəlb olunmuş qüvvələrə hərbi vasitələrin verilməməsinə çağırıb, işğalçıların Zəngilan rayonu və Horadiz şəhərindən, həmçinin Azərbaycanın işğal edilmiş digər rayonlarından çıxarılmasını tələb edib.

Avropa Şurasının (AŞ) münaqişə ilə bağlı 2005-ci ildə qəbul etdiyi bəyanatda bildirilir ki, AŞ-yə üzv ölkə ərazisinin digər üzv ölkə tərəfindən işğalı həmin dövlətin üzərinə qurumun üzvü kimi götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. Təşkilat münaqişə zonasından məcburi köçürülmüş insanların təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtmaq hüququnu bir da təsdiqləyib.

2008-ci ildə BMT Baş Assambleyasında, 2012 ci ildə İnsan Haqları üzrə Avropa Məhkəməsində, 2015-ci ildə isə Avropa Parlamnentində bənzər qərarlar qəbul olunub. Üstəlik, Ermənistan tərəfindən dəstəklənən “Dağlıq Qarabağ Respublikası”nı heç bir dövlət tanımır.

Bütün bunların fonunda 2016-cı ildə Ermənistanla Azərbaycan arasındakı təmas xəttində yeni toqquşmalar baş verib. Aprelin 5-də başa çatmış “dörd günlük müharibə” Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin iştirakı ilə iki ölkənin Baş qərargah rəisləri arasında imzalanmış atəşkəs razılaşması ilə bitib.

Artıq 25 ildir ki, münaqişənin həllilə bağlı həyata keçirilən vasitəçilik missiyası nəticəsiz qalır və problemin tam həlli üçün bir yol görünmür.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AgoraVox


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az