23.06.2018 02:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Qafqaz dağlarındakı Azərbaycan - FOTOREPORTAJ

 
 



LaCroix, Fransa
02.01.2018


Müəllif: Paula Buaye

Qafqazın sərt qışından əvvəlki oktyabrın sonuncu gözəl günlərini yaşayırdıq. Təxminən 15 gün əvvəl yağmış qardan sonra dağların zirvəsi ağ örpək altındadır. Günəş çıxan kimi, yamaclarda qar əriməyə başlayır.

Gürcüstandan Azərbaycanadək – Dağıstanla sərhədin yaxınlığında – 1200 kilometr uzanan Böyük Qafqaz sıra dağlarının zirvəsinə yaxınlaşmaq üçün Bakını keçərək, Azərbaycanın da keçmiş çoxsaylı respublikaları sırasında olduğu Sovet İttifaqı dövrünə aid “Lada”larla saatlarla, bəzən atılıb-düşərək yol getmək lazımdır. Biz ensiz dağ yollarını keçir, bu zaman heyrətamiz şəlalələr görünür, dağ yamaclarında otlayan saysız-hesabsız qoyun sürüləri ilə rastlaşırıq. Bu qoyunları saymaqla bitmir: yəqin ki, Böyük Qafqazda yüz minlərlə qoyun, minlərlə mal-qara var. Burada keçilərin sayı da az deyil. Getdikcə asfalt yol yerini torpaq yola verir. Yavaş-yavaş bitki örtüyü də seyrəlir. O, soyuğun təsirindən saralıb.

2200 metr yüksəklikdə yerləşən Xınalıqda 170 ailə qalın daşlardan tikilmiş evlərində qəşa hazırlıq görür. Yamaclarda yerləşən tövlələrin yanında saman tayaları yerləşir – kənd, hündürlüyü 1 metr, hətta daha çox olacaq qarın altında qalan zaman heyvanları yaxşı yedizdirmək lazımdır. Qonşuları kimi, Zaurun ailəsi də buna hazırlaşır.

Sərt qışın gəlişi ilə ətraf aləmlə əlaqəsi kəsiləcək kənddə Zaur və xanımı buraya gəlib-gedən az sayda insanlara süfrə açır, əldə etdikləri cüzi qazancla dolanırlar. Nahara dolma verilir (dolma kələm yarpağı, çəkilmiş qoyun əti, düyü, yumurta və kartofdan hazırlanır).

Bir stəkan qara çay içdikdən sonra kənddə bir dövrə vurmaq bu qafqazlıların həyatının neçə çətin olduğunu asanlıqla təsəvvür etməyə imkan verir. Burada, xüsusilə bu yamaclarda evlər daşdan tikilir. Daşlar girintili-çıxıntılı və möhkəmdir. Qonşu kəndlərdə olduğu kimi, Xınalıqda da bir neçə əcnəbinin gəlişi böyük bir hadisə kimi qarşılanır: burada nənənin nəvəsilə evinin qapısından kəndi ziyarət edənləri “güdməsi” heç də nadir hal deyil. Amma bu, bir qədər kobud görünür.

Bir neçə evdən sonra iki qadın günəş altına qoyduqları ləyəndə paltarlar yuyur. Külək artıq asılmış paltarları qurudub. Küçədə qoyulmuş və ətrafında heç kəsin olmadığı samovar burada çayın milli içki olduğunu xatırladır.

Xınalıqdan 2050 metr yüksəklikdə yerləşən Qırıza getmək üçün köhnə lakin möhkəm “Lada” (4×4) ilə bərbad vəziyyətdə olan yolu qət etmək, yaxud dağ ətəklərinin və yüksək zirvələrin bəxş etdiyi nəfəskəsən mənzərəni seyr edərək saatlarla piyada getmək lazımdır.

Oktyabrın bu günü bizim kiçik gəzinti qrupumuz onsuz da artıq çox vaxt itirib. Bir qədər vaxt qazanmaq üçün “Lada”lar bizi nəzərə tutulandan da bir az yüksəyə qaldıracaq. Azərbaycan sakinlərinin bir çoxu kimi, bizim sürücülərin də qızıl dişləri, əyinlərinə böyük kostyumları və başlarında papaq var. Sürücü kimi isə onlar mahirdir. Bir qədər sonra yol daha da daşlı-çınqıllı, daha da çətin olur. Yollardakı dərin təkər izlərini doldurmaq üçün buraya daş-çınqıl tökülüb.

Nəhayət, maşınlar bizi bir təpənin üstündə düşürür. Dar Qudyalçay kanyonunun iki addımlığında sıldırım qayanın kənarında yerləşən Qırız kəndinə çatmaq üçün bizə cəmi 3 saat piyada getmək qalırdı. Amma artıq gün günortanı keçib. Buna baxmayaraq, biz yorulmadan gedirik. Mənzərələrin gözəlliyinə heyran olmamaq mümkün deyildi. Lakin artıq günəş yavaş-yavaş batır.

Qırızda evlər çiy kərpicdən tikilib və burada yaşayış Xınalıqdakı qədər olmasa da, yenə də çətindir. Amma bu, Akifi ruhdan salmayıb. Bu kişi 10 il Ukraynanın Kiyev şəhərində işləyib. Bu, Azərbaycanın SSRİ respublikalarından biri olduğu zaman baş verib. Sonda o, öz yurduna qayıdıb və atası kimi çoban olub. 50 yaşı olan bu bığlı kişi rus dilində zəif danışır. Qarşısında fransızların olduğunu bildikdə o, gülərək deyir: “Ooo, Jak Şirak, Janna d’Ark, Mişel Platini, Tiqana”.

Qışın gəlməsindən Akif də narahatdır. Belə ki, Xınalıq və digər qonşu kəndlər kimi, Qırız da qışda həftələrlə bir neçə metr hündürlüyü olan qarın altında qalır və kəndin ətraf aləmlə əlaqəsi kəsilir. Amma indi onların başqa qayğısı var: axşam düşür. O da qonşuları kimi, 100 qoyununu evinin yaxınlığındakı tövləyə qaytarmağa tələsir. Heç şübhəsiz, canavarlara görə heyvanları gecə çöldə qoymaq olmaz.

Alaqaranlıqda qoyunları evə qaytarmağa tələsən yalnız Akif deyil. İndi, sürülərin gayıdan vaxtıdır və Xınalığın bütün çobanları axşama yaxın öz heyvanlarını kəndə tərəf aparır. Evlərdə işıqlar yanır, qadınlar ev işlərilə məşğul olur, onlar isə evlərinin taxta qapılarına söykənərək, sürülərin tövlələrə qayıtmasının yaratdığı “tamaşa”ya baxır. Artıq hava soyuyur. Hər halda, biz 2050 metr yüksəklikdəyik. Artıq isti evlərə, gurultu ilə yanan sobanın ətrafına yığışmaq vaxtıdır.

Artıq gecədir. Bir azdan çöldə, kəndin ətrafında demək olar ki, hər yerə səpələnmiş və Aya “tamaşa edən” məzar daşlarından başqa heç nə qalmayacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LaCroix


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az