12.12.2018 03:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  1919-cu ilin yanvarı, Paris Konfransı. Azərbaycan nümayəndələri bir daha vətənə qayıtmadı
 
11.12.2018
Eurolatio, Fransa
 

  Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub
 
11.12.2018
QUARTZ, ABŞ
 

  Azərbaycan xalqı ümummilli liderinin xatirəsini yad edir
 
11.12.2018
Zeitung.ch, İsveçrə
 

  Seneqallı müdafiəçi Pap Mamadu Mbodj Azərbaycanda
 
11.12.2018
APS, Seneqal
 

  Tarixi lider, müasir Azərbaycan intibahının banisi Heydər Əliyevin vəfatından 15 il ötür
 
10.12.2018
Əl-Vatan, Misir
 

 
 
Dəniz, yoxsa göl? Xəzərin statusu ilə bağlı qeyri-müəyyənlik dövrü başa çatmaq üzrədir

 
 



CEIRI NEWSPAPER, Braziliya
06.01.2018


Müəllif: Rodriqo Montero de Karvalyo

2017-ci il Xəzərin hüquqi statusu ilə bağlı yekun nəticənin tezliklə əldə olunacağına ümidlə bitdi. Bu, 1991-ci ildə Sovet İttifaqının süqutundan bəri, demək olar ki, 30 ildir dalana dirənmiş vəziyyətdən çıxış olardı. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın əvvəlində 5 sahilyanı ölkə (Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya) arasında fikir ayrılıqlarının çözüldüyünü, onların iqtisadi fəaliyyət zonalarının bölüşdürülməsinə dair razılaşma imzalamağa hazır olduqlarını bəyan edib.

Bu nikbin bəyanat region ölkələri xarici işlər nazirlərinin dekabrın 4-5-də Moskvada keçirilmiş danışıqlarından sonra verilib. Bu, Xəzər regionunun zəngin karbohidrogen ehtiyatlarının tam öyrənilərək işlənəcəyindən xəbər verir.

Xəzərin mineral ehtiyatlarının potensialı XIX əsrin ikinci yarısından məlumdur. O zaman neft ehtiyatları Bakı şəhərinə, indiki Azərbaycan paytaxtına bütün dünyadan sərmayə və işçi qüvvəsi cəlb etmişdi. Nəticədə bir vaxtlar Rusiya imperiyasının ucqarındakı kiçik qəsəbə həqiqətən çoxmədəniyyətli şəhərə, regional inkişafın lokomotivinə çevrilmişdi. Lakin İkinci dünya müharibəsindən sonra Uralda və Sibirdə yeni neft yataqlarının tapılması, SSRİ-nin texnologiyaların inkişafı baxımından Qərbdən getdikcə daha çox geri qalması Xəzərin qlobal enerji bazarındakı mövqeyini zəiflətmişdi.

SSRİ-nin süqutundan sonrakı ilk illərdə də Qərb KİV-i Xəzərin strateji əhəmiyyətini hələ yaxşı anlamırdı. Hər kəs bu regionu Rusiyanın təsir dairəsi hesab edirdi. ABŞ və bütövlükdə Qərb hökumətləri qeyri-rəsmi olaraq Qafqaz və Orta Asiyanın yeni respublikalarının bundan sonra da Moskva ilə bağlı olacağını düşünürdü. Bu mənzərə yalnız 1990-cı illərin ortasından, regionun enerji resurslarının işlənməsinə start verilməsindən sonra dəyişməyə başlayıb.

Bu mənada Azərbaycan hökuməti regionun pioneri kimi, 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalayıb. Müqaviləyə görə, müxtəlif ölkələri təmsil edən şirkətlərdən ibarət beynəlxalq konsorsium neft yataqlarında kəşviyyat işlərinə başlayacaqdı. O, bu Qafqaz ölkəsinin enerji sektoruna 13 milyard dollarlıq sərmayə yatırmalı idi. Lakin Xəzərin statusu ilə bağlı danışıqların dalana dirənməsi digər məhsuldar yataqlar haqqında müzakirələrin aparılmasına imkan vermirdi. Bu üzdən də digər sahilyanı ölkələrin məlum yataqlarına belə sərmayələr ayrılmayıb.

Bütün mübahisələrin başında o durur ki, Xəzərin dəniz, yoxsa göl olduğuna dair qərar vermək lazımdır. Çünki bu, dünya okeanına çıxışı olmayan su hövzəsidir. Xəzər dəniz sayılarsa, ona dünyada mövcud olan dəniz hüququ tətbiq ediləcək. Bu, o deməkdir ki, hər ölkənin sahil zolağına müvafiq sahilyanı zonası olacaq. Yox, əgər Xəzər göl kimi qəbul edilərsə, bu zaman şərtlərinin bütün sahilyanı ölkələr tərəfinfən qəbul edildiyi müqavilə olmalıdır. Resursların kəşviyyatı və naviqasiya normaları yalnız bundan sonra razılaşdırıla bilər.

Sahilyanı ölkələr arasında cəmi 13%-lik ən kiçik sahil zolağına malik İran hər zaman Xəzərin göl statusu almasının əsas tərəfdarı olub. Çünki bu zaman o da bu hövzənin resurslarından digər 4 ölkə qədər istifadə edə bilər. Bu, çox həssas məsələ idi. Hətta 2001-ci ildə Britaniyanın BP şirkəti Azərbaycan sahillərindəki “Araz-Şərq-Alov” düşərgəsində kəşfiyyat işləri aparmaq istəyərkən İranın hərbi donanması buna mane olmuşdu. Bu hadisədən sonra həmin istiqamətdə konkret fəaliyyətə son qoyulub. Üstəlik, Tehran da bu yataqlar haqda düşünürdü. O, hətta Braziliyanın “Petrobras” şirkətilə texniki-iqtisadi əsaslandırmanın aparılması ilə bağlı danışıqlar da başlamışdı.

Odur ki, Lavrovun bəyanatından 10 gün sonra belə, İranın öz mövqeyindən əl çəkməməsi təəccüblü deyil. Tehran Xəzərin statusu ilə bağlı razılaşmanın əldə olunması xəbərini təsdiqləmir. Dekabrın 15-də bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Kassemi yerli mətbuata açıqlamasında Xəzərə adi dəniz hüququnun tətbiqinin gündəmdə olmadığını, sahilyanı ölkələr arasında demarkasiya ilə bağlı ciddi fikir ayrılıqlarının qaldığını bildirib, bu üzdən də yaxın müddətdə razılaşmaya nail olunmasının çətinliyini söyləyib.

Bununla yanaşı, mübahisənin həllinə inamın artması artıq Türkmənistanla Azərbaycan arasında ehtiyatların birgə işlənməsinə dair ilkin danışıqların başlanmasına gətirib çıxarıb. Bu, Türkmənistan neft-qazının Qərb bazarlarına çıxarılmasına yardım edəcək.

Xəzərin hüquqi statusunun müəyyən edilməsi, nəticədə təhlükəsizlik və hüquqi sabitliyin yaranması potensialı Çinin də diqqətini çəkib. Bu Asiya ölkəsi sözügedən regionda böyük geostrateji maraqlara malikdir və bu regionu özünün iddialı “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılması üçün vacib halqa hesab edir.

Beləliklə, Xəzərin statusu ilə bağlı yekun razılaşmanın sahilyanı ölkələrin 2018-ci ilin birinci yarısında Qazaxıstanda keçiriləcək 5-ci toplantısında imzalanacağı gözlənilir. Lakin toplantının dəqiq tarixi hələ ki, məlum deyil. Görünən odur ki, indi, 5 sahilyanı ölkədən yalnız İran öz mövqeyini dəqiqləşdirməli və qərar verməlidir. Son illərdə İranın əsas strateji tərəfdaşına çevrilmiş Rusiya ilə münasibətlər yəqin ki, bu qərarın verilməsinə də öz təsirini göstərəcək. Əvvəlki kimi, hələ də siyasi təcrid və iqtisadi təzyiqlərdən əziyyət çəkən İranın bu məsələyə daha proqamtik yanaşacağı, tələbləri yumşaldacağı gözlənilir. Bu, onun gələcəkdə Xəzərdə həyata keçiriləcək layihələrdən kənarda qalmaması üçün vacibdir.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CEIRI NEWSPAPER


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az