21.01.2018 18:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Qara yanvar” şəhidliyi və insanlığın qələbəsini təcəssüm etdirir
 
21.01.2018
National Courier, Pakistan
 

  Yanvar - xalqların və tarixin yaddaşında
 
20.01.2018
Əş-Şuruq, Misir
 

  Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir
 
17.01.2018
THE JERUSALEM POST, İsrail
 

  Azərbaycan səfiri Xəzər İbrahim: “Bakı bütün regional məsələlərdə Ankaranın yanında durub”
 
17.01.2018
DAILY SABAH, Türkiyə
 

  Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ
 
16.01.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Azərbaycan 2017-ci ildə: Qərbə qarşı ümidsizlik, İslam ölkələrilə həmrəylik

 
 



IRNA, İran
08.01.2018


Müəllif: Mərziyə Fatehi

2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” kimi qeyd olundu. Bu il ərzində rəsmi Bakı müsəlman və region ölkələrilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atdı, eyni zamanda xalq və rəsmi dairələr Qərbin ikili standartlarına, bu ölkənin problemlərinin həllinə biganə yanaşdığına bir daha şahid oldu. Hətta Azərbaycanın Avropa Şurasından çıxması məsələsi belə, qaldırıldı.

2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” kimi qeyd olunub. Ölkənin prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında Bakının İslam birliyinə töhfə verdiyini bildirib: “Bizim aramıza nifaq salmağa cəhd edənlər məqsədlərinə çatmamalıdır”.

“İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda,  eləcə də Azərbaycan hökumətinin təşəbbüsü ilə müxtəlif ölkələrdə, o cümlədən İranda müxtəlif elmi, mədəni və dini tədbirlər keçirilib. “İslam Həmrəyliyi İli”nin bağlanış mərasimində isə 40 ölkədən rəsmi şəxslər, görkəmli elm, din xadimləri, həmçinin 8 beynəlxalq təşkilatın nümayəndələri, müxtəlif ölkə başçılarının xüsusi nümayəndələr, o cümlədən İran prezidenti administrasiyasının rəhbəri Mahmud Vaizi iştirak ediblər. Tədbirdə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin və bir sıra müsəlman ölkələri rəhbərlərinin tədbir iştirakçılarına müraciəti də oxunub.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının səbəblərindən biri Bakının İslam ölkələrilə əlaqələri və əməkdaşlığı genişləndirməkdə, İslam dünyasında öz mövqelərini möhkəmləndirməkdə maraqlı olması idi.

Qərbə qarşı ümidsizlik

Azərbaycanın dövlət müstəqilliyi qazanmasından sonrakı ilk dövrlərdə ölkənin problemlərinin, xüsusilə də əsas problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Qərbə böyük ümidlər bəslənirdi. Lakin illər keçdikcə Azərbaycan əhalisi və rəsmiləri Qərbin ikili standartlarına şahid olub, onun bu ölkənin problemlərinin həllinə biganə yanaşdığını daha yaxşı anlamağa başlayıb. Azərbaycan cəmiyyətinin Qərbə qarşı məyusluğu ölkənin müstəqilliyinin ilk illərində xüsusi gücə və çəkiyə malik olan Qərbyönümlü siyasi partiyalara və təşkilatlara da sirayət edib. İndi, onlar insanların dəstəyini itirmiş vəziyyətdədirlər.

Müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) isə bütün bu dövrdə Azərbaycanla bağlı, onun problemlərinin həlli istiqamətində ardıcıl siyasət yürüdüb. Bunu Azərbaycan rəsmiləri də daim təsdiqləyib. Ölkə başçısı İlham Əliyev təxminən 1 ay əvvəl Avropa Şurasının ölkəsinə qarşı ikili standartlardan çıxış etməkdə günahlandırıb. Qurumun bu siyasətini tənqid edən İ.Əliyev deyib: “Biz 16 ildir ki, Avropa Şurasına üzvük. Halbuki, bu üzvlüyə son qoysaq, buna kimsə fikir verməyəcək və bizim həyatımızda heç nə dəyişməyəcək. Azərbaycan Avropa Şurasına 2008-ci ildə üzv seçilib və ölkəmizin qanunları 100% Avropa standartlarına uyğunlaşdırılıb. Lakin təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində Avropa Şurasına qarşı müsbət fikir yoxdur. Azərbaycan Şuraya üzv seçildikdə bu Avropa qurumunun Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcəyini gözləyirdi. Lakin bu ümidlər də özünü doğrultmadı və doğrultmayacaq da”.

Qərbə qarşı məyusluq Azərbaycanın digər rəsmi şəxslərinin çıxışlarında və ifadələrində də müşahidə edilir. Məsələn, Azərbaycan prezidentinin köməkçisi bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasının 2 qətnaməsinə etiraz edərək deyib: “Belə qərəzli sənədlərin qəbulu Azərbaycanı Avropa Şurası ilə əlaqələrinə yenidən baxmağa vadar edir”.

Regional siyasi əməkdaşlığın möhkəmləndirilməsi

2017-ci ildə Azərbaycanın əsas fəaliyyət istiqamətlərindən biri regional siyasi əməkdaşlığın möhkəmləndirilməsi səyləri olub. İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçirilmiş 2-ci üçtərəfli görüşü ilə yanaşı, Bakı il ərzində İran, Azərbaycan və Türkiyə, Azərbaycan, Pakistan və Türkiyə, eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşlərinə ev sahibliyi edib.

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Bakıda keçirilmiş 5-ci görüşündə 3 ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsilə yanaşı, xüsusi bəyanat da qəbul edilib. Sənəddəki müddəalardan birində ABŞ-ın Qüdslə bağlı son qərarı pislənir.

2017-ci ildə Azərbaycan Xəzəryanı ölkələrlə əməkdaşlıq, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiya layihəsinin hazırlanması istiqamətində də fəaliyyətini davam etdirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 5 Xəzəryanı ölkənin xarici işlər nazirlərinin noyabrda Moskvada keçirilən son görüşündəki çıxışında deyib: “Xəzər dənizilə bağlı bütün məsələlər qarşılıqlı əməkdaşlıq əsasında həll olunmalıdır”. Onun müavini Xələf Xələfov isə nazirlərin Moskva görüşündən danışarkən bildirib ki, bu su hövzəsilə bağlı hüquq və səlahiyyətlər yalnız 5 Xəzəryanı dövlətə aiddir. Onun fikrincə, başqa ölkələrin bu dənizlə bağlı qərar verməyə heç bir hüququ yoxdur.

Ən mühüm iqtisadi hadisələr

2017-ci il həmçinin Azərbaycanda bir sıra mühüm iqtisadi hadisələrlə yadda qalıb. Məsələn, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinə dair nəhəng neft müqaviləsinin müddəti sentyabrda 32 illik, yəni 2050-ci ilədək uzadılıb. Azərbaycanın ən böyük neft yataqları olan “Azəri-Çıraq-Günəşli”nin işlənilməsinə dair müqavilə 1994-cü ildə bu ölkə ilə bir neçə xarici dövlət arasında imzalanmışdı. O zaman yatağın BP şirkətinin podratçılığı ilə 25 il müddətinə işlənilməsi nəzərdə tutulurdu.

Azərbaycanın xarici neft şirkətlərilə əməkdaşlığı nəticəsində son 23 ildə “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil olunub. İlkin hesablamalara görə, sözügedən yataqda qalan ehtiyatın həcmi 500 milyon tondur.

Müqavilənin yeni şərtlərinə əsasən, layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 11,6%-dən 25%-dək artırılıb. Layihənin operatoru olan BP-nin açıqlamasında deyilir: “Növbəti 32 il ərzində bu neft yataqlarının işlənilməsi üçün 40 milyard dollardan artıq investisiya yatırılıb”.

Azərbaycan 2017-ci ildə xarici şirkətlərlə özünün Xəzərdəki ən böyük qaz yatağı olan “Şahdəniz”dən təbii qazın nəqli üçün “Cənub Qaz Dəhlizi”nin yaradılması ilə bağlı da danışıqları davam etdirib. Bu enerji dəhlizi çərçivəsində Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün iki boru xətti – Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri inşa edilməkdədir. Qaz nəqlinə 2020-ci ildə başlanılması nəzərdə tutulur. Layihənin icrası üçün ümumilikdə 40 milyard dollardan artıq sərmayə tələb olunur. Azərbaycanın enerji sahəsinə aid rəsmilərinin bildirdiyinə görə, indiyədək “Cənub Qaz Dəhlizi” layihəsinin icrası məqsədilə 25 milyard dollar vəsait xərclənib.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi də Azərbaycanda ilin mühüm iqtisadi hadisələrdən biri hesab olunur. Bu dəmir yolu xəttinin açılışı Bakı Beynəlxalq Ticarət Limanı ərazisində Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstan, Qazaxstan və Özbəkistan baş nazirlərinin iştirakı ilə baş tutub. 846 kilometr uzunluğunda dəmir yolu xəttinin tikintisinə dair müqavilə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən 2007-ci ildə Tbilisi şəhərində imzalanmışdı. Layihənin icra müddəti 10 il, tələb olunan ümumi investisiyanın həcmi 640 milyon dollar idi.

Bakının proqnozlarına görə, bu dəmir yolu xəttinin istismara verilməsilə Mərkəzi Asiyadan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya və əksinə tranzit daşımaları artacaq.

Dünya bazarlarında neftin qiymətinin dəyişkənliyini, onun ölkə iqtisadiyyatına mənfi təsirlərini nəzərə alan Azərbaycan, digər neft ölkələri kimi, son illərdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində tədbirlər görür. 2017-ci il ərzində o, regionun tranzit nəqliyyat imkanlarından istifadə edilməsi istiqamətində qonşu ölkələrlə, o cümlədən İranla əməkdaşlığı davam etdirib. O, Hindistan, Cənub-Şərqi Asiya və Fars körfəzinin 3 ölkəsindən keçməklə Şimali Avropaya və əksinə yüklərin daşınmasını nəzərdə tutan “Şimal-Cənub” nəqliyyat dəhlizinin tamamlanması istiqamətində İran və Rusiya ilə birgə fəaliyyəti də davam etdirir. 2017-ci ildə bu layihəsnin icrası çərçivəsində Azərbaycan, Rusiya və İran dəmir yolları idarələrinin rəhbərləri, nümayəndə heyətləri arasında müntəzəm görüşlər keçirilib. Layihəyə digər ölkələr, o cümlədən Belarus və Ukrayna, Latviya, Litva və Estoniya da cəlb olunublar.

2017-ci ildə Azərbaycanın qonşu ölkələrlə, o cümlədən İranla nəqliyyat sahəsində əməkdaşlığının mühüm aspektlərindən biri də yeni “Cənub-Qərb” nəqliyyat marşrutunun yaradılması cəhdləri olub. Bu marşrut yüklərin Fars körfəzi, İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşadan keçməklə daşınmasını nəzərdə tutur. Sözügedən ölkələrin dəmir yolu rəhbərləri bu layihənin müzakirəsi məqsədilə bir neçə görüş keçirib. Belə görüşlər Bakıda da təşkil olunub. Azərbaycan tərəfi “Cənub-Qərb” marşrutunu “Şimal-Cənub” dəhlizilə birlikdə, yüklərin bölgədən Avropaya daşınması üçün ən əlverişli marşrut hesab edir. Bakı bu marşrutun həmçinin Rumıniya, Bolqarıstan, eləcə də Türkiyə və Avstriyadan keçməklə, Londonadək uzana biləcəyinə inanır. Ötən ilin iyununda Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa dəmir yolu idarələrinin rəhbərləri arasında Bakıda keçirilmiş görüşdə “Cənub-Qərb” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı beştərəfli əməkdaşlıq sənədi də imzalanıb.

Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları

Azərbaycan 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu turnir Azərbaycanın paytaxtı Bakı şəhərində 54 ölkə nümayəndələrinin iştirakı ilə 22 idman növü üzrə 12-22 may tarixlərində keçirilib. Yarışa İran 280 nəfərlik heyətlə (127 idmançı kişi və 31 idmançı qadın) qatılıb. 20 idman növü üzrə yarışan iranlı idmançılar ümumilikdə 98 medal, o cümlədən 39 qızıl, 26 gümüş və 33 bürünc medal qazanıb. Bununla da onlar yarışda Azərbaycan və Türkiyədən sonra, üçüncü yeri tutub.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər

Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylər 2017-ci ildə də davam etdirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1992-ci ildə o, hərbi toqquşmalara çevrilib. Münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1994-cü ilin mayında tərəfərlər arasında atəşkəs sazişi imzalanıb. Münqaişənin dinc yolla nizamlanması üçün ATƏT-in Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu beynəlxalq vasitəçik edir. Lakin bu səylər indiyədək heç bir nəticə verməyib.

2016-cı ilin aprelində münqaişə bölgəsi olan Dağlıq Qarabağda gərginlik yenidən artıb və Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar baş verib. Nəticədə hər iki tərəfdən insan tələfatı olub. Bununla yanaşı, toqquşmalar zamanı Azərbaycan Ermənistan silahlı qüvvələrinin bir neçə strateji nöqtədən geri çəkilməsinə nail olub.

Həmin hadisələr zamanı yaranmış gərginlik hələ də davam edir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı gündəlik məlumatlarda cəbhə xəttində atəşkəs rejiminin hər gün 100 dəfədən çox pozulduğu bildirilir.

Beynəlxalq vasitəçilər, xüsusilə münqaişə nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu Dağlıq Qarabağda davam edən gərginliyin arzuolunmaz nəticələr verə biləcəyini anlayır. Ekspertlər də hesab edir ki, hazırkı gərgin şəraitdə hər an genişmiqyaslı toqquşmalar başlaya bilər. Odur ki, münaqişə tərəfləri arasında “dondurulmuş” danışıqların bərpası istiqamətində səylər 2017-ci ildə də davam etdirilib. Nəticədə, Minsk qrupu sentyabrın 24-də iki ölkənin XİN başçılarını Nyu-Yorkda bir araya gətirə bilib. Danışıqlar zamanı iki ölkə prezidentlərinin növbəti görüşünə hazırlıq məsələsinə baxılıb.

Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev ilə Serj Sarqsyanın 16 oktyabr 2017-ci ildə Cenevrədə bir araya gəliblər. Bu, Dağlıq Qarabağ münqaişəsinin həlli yollarının tapılması üçün iki ölkə başçıları arasında keçirilən sayca 53-cü görüş olub. Onların son görüşü 2016-cı ilin iyununda Rusiya prezidentinin iştirakı ilə Sankt-Peterburqda keçirilmişdi.

Münqişə tərəfləri olan Ermənistanla Azərbaycanın mövqeyindəki dərin ziddiyyətlər problemin nizamlanmasına mane olur. Dağlıq Qarabağ münaqişəsinin həllini öz xarici siyasətinin prioriteti elan etmiş Azərbaycan onun ölkələrin ərazi bütövlüyü prinsipi əsasında nizamlanmasını tələb edir. Bakı bunun beynəlxalq hüququn normalarına uyğun olduğunu deyir. Ermənistan isə problemi xalqların öz müqəddəratını təyin etməsi hüququ əsasında çözmək istəyir. Bu, ölkələrin ərazi bütövlüyü prinsipilə tam ziddiyyət təkil edir. Məhz bu fərqli yanaşma bölgənin əsas probleminin aradan qaldırılacağına ümidləri azaldır. Ekspertlər hesab edir ki, tərəflər arasında inamın olmaması, eləcə də hər iki ölkədə qarşılıqlı nifrətin aşılanması münaqişənin həllinə əsas maneələrdəndir.

Ermənistan öz qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa hazır deyil, Azərbaycan isə öz torpaqlarının bir hissəsinin Ermənistan ordusu tərəfindən işğalı ilə heç zaman barışmayacağını deyir. Minsk qrupunun həmsədrlərisə bəyanatlarında münaqişəyənin həllinə görə məsuliyyətin Azərbaycan və Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirir.

Hər halda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması üçün səylər 2017-ci ildə də davam etdirilib. Son olaraq, iki ölkənin xarici işlər nazirləri Minsk qrupunun vasitəçiliyilə dekabrın 7-də Vyanada bir araya gəlib. Onlar danışıqların növbəti ildə də davam etdirilməsilə bağlı razılıq əldə edib. 

Terrorçuluqla mübarizə

Region ölkələri, xüsusilə də İranla Rusiyanın Yaxın Şərq regionunda beynəlxalq terrorçuluqla mübarizə, Suriya və İraqda İŞİD, “Cəbhət ən-Nusra” və s. terror qruplaşmalarının məhv edilməsi sahəsində sıx əməkdaşlıq edir. Ötən il Azərbaycan da beynəlxalq terrorçuluqla mübarizəyə töhfə vermək üçün mühüm addımlar atıb. Məsələn, 2017-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) müxtəlif dövrlərdə İŞİD və digər terror qruplaşmalarına qoşularaq Suriya və İraqda hərbi döyüşlərdə iştirak etmiş, sonradan ölkələrinə qayıtmış Azərbaycan vətəndaşlarına qarşı bir neçə xüsusi əməliyyat keçirib. Bu əməliyyatlar nəticəsində bir neçə terrorçü məhv edilib, xeyli sayda adam yaxalanaraq uzun müddətli həbsə atılıb.

DTX-nin 2017-ci ilin yekunlarına dair hesabatında bildirilir ki, son illərdə Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror qruplaşmasının 86 üzvü cinayət məsuliyyətinə cəlb olunub. “16 terrorçu isə təhlükəsizlik qüvvələrinə müqavimət göstərdiklərinə görə məhv edilib”, - deyə hesabatda qeyd olunur. Bununla yanaşı, DTX-nin təqdim etdiyi faktlar əsasında 258 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

Qurumun rəhbəri Mədət Quliyevin sözlərinə görə, Suriya və İraqda 900-dan çox Azərbaycan vətəndaşı müxtəlif terror qruplaşmalarının tərkibində döyüşüb. Onların əksəriyyəti elə həmin hərbi əməliyyatlar zamanı ölüb.

Sonda qeyd edək ki, 2018-ci il də Azərbaycanda mühüm hadisələrlə yadda qalacaq. Ölkə prezident seçkisinə hazırlaşır. Respublikanın rəhbərliyi ümid edir ki, 2017-ci ildə siyasi, iqtisadi və regional əməkdaşlıq kimi sahələrdə görülmüş işlər 2018-ci ildə müsbət nəticələrini verəcək.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az