10.12.2018 07:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Müqəddəs məscidləri dağıtmış təcavüzkar Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz

 
 



Daily Times, Pakistan
08.01.2018


Müəllif: Mehmud Ul Hasan Xan

Pakistan, Azərbaycan və Türkiyə strateji tərəfdaşlardır. Bu üç ölkə arasında diplomatik münasibətlər qarşılıqlı hörmətə, eyni zamanda ortaq tarixi, dini və siyasi cəhətlərə əsaslanır. Onların arasında diplomatik münasibətlərin qurulmasından bu yana bu ölkələrin hökumətləri, siyasi rəhbərləri mövcud dostluq və qardaşlıq bağlarının daha da inkişafına, möhkəmləndirilməsinə çalışıb.

Azərbaycan və Mərkəzi Asiya regionu üzrə ekspert olduğumdan, 2017-ci il dekabrın 25-də “Daily Times” nəşrində Sarmad İqbalın “Harisa (yemək adıdır – WM) Pakistanla Ermənistan arasında buzları əridə bilərmi?” başlıqlı yazısını oxudum. Görünür bu məqalənin müəllifi yaxşı məlumatlandırılmayıb, obyektiv deyil və Ermənistan yönümlüdür.

Azərbaycan sivil ölkədir. Ermənistan isə həmişə təxribatçı dövlət olub. Azərbaycan sülhpərvər, Ermənistan isə insanlığa qarşı olan ölkə kimi tanınır. Bununla yanaşı, rəsmi Yerevan iqtisadi inkişafın düşməni kimi də qəbul olunur. Ermənistan dövləti etnik təmizləmə siyasəti, yanlış fikirləri, fanatizmi və törətdiyi terrorlarla da tanınır.

Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün sağalmaz yaradır. Bu münaqişə bütünlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdiddir. Azərbaycan liderləri və xalqı Ermənistanla yaşanmaqda olan Dağlıq Qarabağ münaqişəsinin həllinə çox səy göstərib. Bu zaman onlar diplomatiya və dialoqa bağlı olduqlarını nümayiş etdirirlər.

Ermənistansa Azərbaycan ərazisinin 20%-dən çoxunu işğal edib. Halbuki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi ərazisidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal altında saxlaması Cənubi Qafqaz regionunda bu gün də sülhə və təhlükəsizliyə təhdiddir. Bu, Cənubi Qafqazda ciddi gərginlik mənbəyidir.

Azərbaycanın Dağlıq Qarabağ üzərində hüququ BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiq olunub. Bu haqda 4 qətnamə qəbul edilib: 822, 853, 874 və 884. Bu qətnamələrdə Azərbaycana güc tətbiqi, onun ərazilərinin işğalı qınanır. Sənədlərdə bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi də vurğulanır, Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz ərazisi olduğu bir daha qeyd edilir. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələrdə işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb olunur.

Azərbaycan Ermənistana qarşı heç vaxt təcavüzkar siyasət yürütməyib. Əksinə, Ermənistan silahlı qüvvələri Xocalı şəhərində köməksiz azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, soyqırım törədib.

Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazla yanaşı, Avropa İttifaqının (Aİ) təhlükəsizliyinə də potensial təhdiddir. Bununla yanaşı, Ermənistanın vaxtı keçmiş və hazırda dünyada ən təhlükəli sənaye obyektlərindən olan “Metsamor” Atom Elektrik Stansiyası da Cənubi Qafqaz və Aİ üçün təhlükə olaraq qalır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE), ABŞ və digər Qərb dövlətləri “Metsamor” AES-in yenidən işə salınmasına etirazlarını bildiriblər. Aİ bu atom elektrik stansiyasını bütün region üçün ciddi təhlükə hesab edir. Region ölkələri olan Azərbaycan, Türkiyə və Gürcüstan da öz əhalisini qorumaq üçün dəfələrlə Ermənistanı vaxtı keçmiş “Metsamor” AES-i dərhal bağlamağa çağırıblar. Bütün bunlara baxmayaraq, Yerevan nüvə təhlükəsizliyi məsələsinə ciddi əhəmiyyət vermir. Bu, eyni zamanda, MAQATE-nin protokollarının tələblərinin aşkar pozulması da sayıla bilər.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dialoqa hər zaman hazır olsa da, Ermənistan işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək, qəbuledilməz və davamlı olmayan status-kvonu qoruyub saxlamaq üçün ardıcıl tədbirlər həyata keçirir. Onun Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı həyata keçirdiyi birbaşa və düşünülmüş hücumlar isə beynəlxalq humanitar hüququn və insan hüquqlarının, xüsusən də 1949-cu il Cenevrə Konvensiyası və ona 1 saylı Əlavə Protokolun, Uşaq Hüquqları Konvensiyasının, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Ermənistan qeyri-qanuni işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişir. İşğal olunmuş ərazilərdə hərbi təlimlərin, siyahıyaalmanın keçirilməsi, suriyalı ermənilərin həmin ərazilərdə məskunlaşdırılması, referendum və seçkilərin keçirilməsi beynəlxalq hüququn, eyni zamanda tərəflər arasındakı atəşkəs sazişinin tələblərinin ciddi şəkildə pozulması deməkdir.

Ermənistanın mədəni dəyərlərə və irsə qarşı terrorçu fəaliyyəti hər kəsə məlumdur. Dağlıq Qarabağ münaqişəsi başladıqdan və Azərbaycan əraziləri işğal olunduqdan bəri ermənilər Azərbaycanın zəngin mədəni sərvətlərini talayıb. Ermənilər Azərbaycanın mədəni irsini, müqəddəs və tarixi yerlərini, islam aləminə aid abidələrini məqsədyönlü şəkildə məhv edir.

Pakistan Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanı bu səbəbdən hələ də müstəqil dövlət kimi tanımır. Pakistan parlamenti, Senatı və xarici məsələlər üzrə daimi komitəsi Azərbaycan xalqı və hökumətilə həmrəy olduğunu dəfələrlə nümayiş etdirib. Pakistan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, həmçinin Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımı qınayıb. Türkiyə, Səudiyyə Ərəbistanı və bəzi digər müsəlman ölkələri də məhz Azərbaycan ərazilərini işğal etdiyi üçün təcavüzkar Ermənistanla diplomatik əlaqələr qurmur.

Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam dəstəkləyir. O, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərini dərhal, tamamilə və qeyd-şərtsiz tərk etməsilə bağlı qətnamələrinin yerinə yetirilməsini tələb edir. İslamabad beynəlxalq ictimaiyyəti və təşkilatları da Ermənistanı bu qətnamələrin icrasına vadar etməyə çağırır. Bu ölkə həmçinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyir.

Təəssüf ki, pakistanlı yazar S.İqbal “Daily Times” nəşrində dərc olunan, real faktlara əsaslanmayan məqaləsilə Pakistanın Azərbaycan və Türkiyə kimi strateji tərəfdaşları ilə ikitərəfli əlaqələrini pozmağa çalışır. O, əsassız şəkildə iddia edir ki, harisa erməni mətbəxinə məxsusdur və bu yemək Pakistanla Ermənistan arasında buzları əridə bilər. İlk öncə qeyd edək ki, harisa erməni mətbəxinə məxsus deyil. Bu yemək ərəblərə aiddir və onun böyük tarixi var. Digər tərəfdən, S.İqbal başa düşmür ki, yalnız harisa Pakistanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasına yardım göstərə bilməz. Çünki Ermənistan insanlığa və köməksiz azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədib. Bu məsələ yeməklə deyil, insan qanı ilə bağlıdır. Burada söhbət təamdan deyil, inamdan, ənənələrdən və insanların öldürülməsindən gedir. Azərbaycanlılar böyük dəyərə malik həyatlarını sevimli vətənləri uğrunda qurban veriblər.

S.İqbalın fərziyyəsi “liqvistik doktrina”ya əsaslanır. Bu fərziyyə Pakistanla Ermənistan arasındakı əlaqələrə aid deyil. Məsələn, Pakistanla Hindistan iki müxtəlif ölkə olsa da, ümumi dəyərləri bölüşür. Lakin Hindistanın Kəşmirdə uzun müddətdir həyata keçirdiyi dövlət terroruna, vəhşiliklərə və cinayətlərə məhəl qoymamaq mümkün deyil. Pakistanla Hindistan iki müxtəlif ölkə olsa da, biz ümumi tarixi, mədəniyyəti, irsi və ənənələri bölüşürük. Lakin milli suverenlik və ərazi bütövlüyünə hörmət məsələsində kompromis mümkün deyil.

Azərbaycan mədəniyyəti kifayət qədər zəngindir və onun Ermənistan kimi başqa ərazilərə ehtiyacı yoxdur. Ermənilər başqa xalqların yeməklərini, musiqisini, həyatını, yaxud sağ qalmaq konsepsiyasını oğurlayıb. Azərbaycan isə həyatla, müxtəlif rənglərlə, enerji və insanlıqla zəngindir. O, multikultiralizm nümunəsi, Ermənistan isə etnik təmizləmə həyata keçirən ölkə kimi tanınır. Azərbaycan məftunedici ölkədir. Ermənistan isə əksinə, fanatik dövlətdir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ulu öndərləri Heydər Əliyevin və prezident İlham Əliyevin rəhbərliyi altında böyük sosial-iqtisadi inkişaf, geosiyasi sabitlik və geostrateji əhəmiyyət əldə edib. Ermənistanın makroiqtisadi inkişafı isə ölkədən kütləvi beyin axını ilə səciyyələnir. Azərbaycan hazırda Cənubi Qafqazın iqtisadi lideri və Xəzər hövzəsi regionunda nüfuzlu iqtisadi oyunçudur. Azərbaycanın inkişafı və nailiyyətləri bütün müsəlman ölkələri üçün qürur mənbəyidir və eyni zamanda, o, bir çox ölkələr üçün yaxşı idarəçilik nümunəsidir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olub. Onun əsas nailiyyətlərindən biri də qadınlara seçki hüququnun verilməsi idi. O dövrdə bir çox Avropa ölkələrində belə, bu hüquq yox idi. Ermənistan isə müasir dövrdə də öz vətəndaşlarının bir çox əsas insan hüquqlarını inkar edir. Nəticədə ölkə səfalət içərisindədir, işsizlik, inflyasiya və borclanma yüksək səviyyədədir.

Bu günlərdə Pakistan, Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr daha da güclənib. Bu ölkələr birgə bəyannamə imzalayaraq mövcud dinamik əlaqələrin daha da genişləndirilməsi və şaxələndirilməsi əzmində olduqlarını qeyd göstəriblər. Yeni Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının əsası 2017-ci il noyabrın 30-da Bakıda keçirilmiş xarici işlər nazirlərinin birinci görüşündə qoyulub. Bu üçtərəfli format ölkələrin ümumi mənfəətinə xidmət edəcək ortaq strategiyaların işlənib hazırlanması, layihələrin irəli sürülməsi üçün innovativ və əhəmiyyətli platforma rolunu oynayacaq.

Ermənistan yeni yaradılmış Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığından xeyli qəzəblənib. O, imkanları çərçivəsində bu əməkdaşlığı pozmağa çalışır. Bunun üçün bəzən Pakistan mediasının S.İqbal kimi təcrübəsiz nümayəndələrindən də istifadə edirlər. Bu yazar iddia edir ki, Pakistan, Azərbaycan və Türkiyə üzündən Ermənistanla münasibətlərə mənfi yanaşır. Onun fikrincə, bu, əsassız və yanlışdır. Halbuki, Pakistan, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bu üç ölkə arasında tarixi əlaqələri, onların regional sülh və sabitliyin təminindəki rolunu nəzərə alsaq, bu 3 dövlət arasında gizli heç bir məsələnin olmadığını söyləyə bilərik.

Bu yazar öz məqaləsində Ağrı dağını qəsdlə “Ararat” kimi təqdim edir. Qeyd edək ki, Ağrı dağı Türkiyənin tarixi ərazisində yerləşir. Lakin Yerevan buralara “Böyük Ermənistan” ərazisi kimi iddia edir. Ermənistan heç bir dəlilə əsaslanmadan Türkiyənin başqa ərazilərini də Konstitusiyasında öz ərazisi kimi göstərib. Bu, beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan və Türkiyə xalqı vətənpərvərdir. Onlar öz coğrafiyasına, torpaqlarına, dənizlərinə və dağlarına emosional olaraq bağlıdırlar.

Pakistan, Azərbaycan və Türkiyə arasında əlaqələr “ümumi çiçəklənmə” konsepsiyasına, ciddi maliyyə diplomatiyasına əsaslanır. Bu ölkələr arasında münasibətlər sosial-iqtisadi əlaqələr, daha yaxşı siyasi münasibətlər və hərbi əməkdaşlığın gücləndirilməsi nəticəsində möhkəmlənib. İslamabad Bakını və Ankarını geosiyasətin və geostrategiyanın dəyişkən olduğu dünyada təhlükəsizlik sahəsində etibarlı tərəfdaş hesab edir. Bu ölkələr arasında üçtərəfli əməkdaşlıq regional sülh və harmoniya, təhlükəsizlik baxımından böyük addımdır. Bu əməkdaşlıq hər üç ölkə üçün “strateji yastıq” rolunu oynayacaq.

Diplomatiya mürəkkəb məsələdir. Diplomatiya mükəmməllik, geostrateji, geosiyasi və sosial-iqtisadi məsələlərdə böyük siyasi anlaşma tələb edir. Bununla yanaşı, diplomatiya əlaqələrə həssaslıq verir, ikitərəfli münasibətlərə böyük qayğı göstərir, mənfi rəydən qaçmağa yardım göstərir. Odur ki, S.İqbal yalnız öz maraqlarını düşünməməlidir. O, Pakistanın Azərbaycan və Türkiyə ilə ikitərəfli münasibətlərinin inkişafına kömək etməlidir. Biz ümumi tarixi, mədəniyyəti, adət-ənənələri və sivilizasiyanı bölüşən strateji tərəfdaşlarıq. Ölkələrimiz arasında ticarət və maliyyə sahəsində sıx əlaqələr var. Odur ki, bu üç ölkə arasında əməkdaşlıq faktiki olaraq heç bir təsiri olmayan, yanlış faktlar əsasında yazılmış məqalə üzündən pozula bilməz. Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatı mövcuddur. Bu formatın gələcəkdə daha da möhkəmləndirilməsinə, bütün iştirakçıların mənfəət əldə etməsi üçün daha da səmərəli olmasına ehtiyac var.  

Müqəddəs məscidləri dağıtmış təcavüzkar Ermənistan isə heç bir müsəlman ölkəsinin dostu ola bilməz.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Daily Times


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az