23.06.2018 02:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Postsovet Azərbaycanında islamın tədricən dirçəlməsi

 
 



Əl-Cəzirə, Qətər
09.01.2018


Müəllif: Aysəba Umudlu

Fərqanə Qasımovanın Sovet İttifaqı Azərbaycanındakı islam haqda xatirələri belədir: “Öz inancını gizlətməli idin”.

Onun nənəsi ilə babası namaz qılır, orucu gizlin tuturlarmış. Səbəb həmin dövrdə insanları izləyən Sovet orqanlarının dini etiqadı anlamaması idi.

“SSRİ dövründə Azərbaycanda bizə namaz qılmağa, yaxud hicab geyməyə icazə vermirdilər”, - deyə F.Qasımova “Əl-Cəzirə”yə bildirib. O, Sovet Sosialist Respublikaları İttifaqı, yaxud Sovet İttifaqı sözünü işlətmək üçün SSRİ abbreviaturasından istifadə edir. Qasımovanın sözlərinə görə, Azərbaycan daxil olmaqla, Sovet İttifaqında yalnız ateizm təbliğ olunurdu.

Azərbaycanda islamın tarixi 7-ci əsrə gedib çıxsa da, Sovet İttifaqı dövründə burada dini qadağalar olub və məsələyə ciddi nəzarət edilib. Sovet İttifaqı dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu qadağalar xeyli yumşalıb. Bununla da islam təlimi insanların gündəlik həyatında yer almağa başlayıb.

“1991-ci ildə müstəqillik əldə etdikdən sonra biz bir çox imkanlar əldə etdik, dini azadlıq qazandıq”, - deyə F.Qasımova bildirir: “Mən televiziya kanallarına, yaxud konsertlərə rahatlıqla hicabla gedə bilirəm”.

Qeyd edək ki, F.Qasımova muğam ifaçısıdır. Muğam Azərbaycanın xalq musiqisi növüdür. Onun atası Alim Qasımov isə ölkənin ən tanınmış sənətkarlarından biridir.

F.Qasımova 20 yaşınan islam təlimilə məşğul olmağa başlayıb. 4 il sonra başını hicabla örtüb. “Ölkəmdə heç bir qadağa ilə üzləşmirəm”, -  deyə F.Qasımova bildirir.

İslam dini Azərbaycan mədəniyyətinin formalaşmasında böyük rol oynayıb. Azərbaycan əhalisinin 93-99%-i müsəlman, onların əksəriyyətisə şiədir. Burada sünnilər azlıqdadır.

Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan 1918-ci ildə Rusiyadan müstəqillik əldə edib. Həmin dünyəvi respublikada da dini azadlıq var idi. Yeni yaranmış ölkədə milliyyətindən, məzhəbindən, sinfindən, peşəsindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara siyasi və vətəndaşlıq hüququ verilirdi. Lakin 1920-ci ildə Qırmızı ordu bu ölkəyə soxulub. Nəticədə Azərbaycan 70 il Sovet İttifaqının tərkibində qalıb. Bu dövrdə azərbaycanlı müsəlmanlar Sovet vətəndaşı olan digər müsəlmanlar, xristianlar və yəhudilər kimi, dini təlimlərlə bağlı ciddi qadağalarla üzləşib.

“O dövrdə insanlara dini təhsil almağa icazə verilmirdi”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirir. Onun sözlərinə görə, bütün SSRİ boyu yalnız islam dininin tədris olunduğu iki məktəb var idi və onların hər ikisi Özbəkistanda yerləşirdi.

Musayev deyir ki, o, Özbəkistanın Buxara şəhərində yerləşən Mir-Ərəb mədrəsəsində təhsil alarkən dövlətin ciddi nəzarətində olublar. Bu qadağalar Sovet İttifaqında dinin boğulması istiqamətində həyata keçirilən boyük tədbirlərdən biri idi. Sovet İttifaqının dinlə bağlı siyasəti onilliklər ərzində davam etsə də, bu, azərbaycanlıların həyatından dini tam silə bilməyib. “Biz Sovet İttifaqı dövründə 1, yaxud 2 nəfəri böyük çətinliklə Həcc ziyarətinə göndərə bilirdik... İndi isə bu məsələdə heç bir məhdudiyyət yoxdur”, - deyə Musayev vurğulayır.

Dini qaydalara riayət

Azərbaycanda Sovet hakimiyyəti dövründə 18 məscid fəaliyyət göstərib. Sovet İttifaqı dağıldıqdan sonra onların sayı 2 minədək artıb. Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra hökumət ölkədə dini azadlıqların təmin edilməsini Konstitusiya ilə gücləndirib. Bundan başqa, Azərbaycan hökuməti yüzlərlə məscidin təmiri və bərpası üçün proqram həyata keçirib.

“Sovet İttifaqı dağıldıqdan sonra bəzi insanlar sanki bir boşluq hiss edirdi. Onlar bu boşluğu dinlə doldurmağa başladılar”, - deyə Mərmərə Universitetinin professoru Aqil Şirinov Azərbaycanın müstəqillik əldə etməsindən sonra insanların dinə meyillənməsinin səbəbini izah edərkən bildirib. Lakin bu tendensiya universallıqdan uzaq olub. “Dindarların artması bəzi insanları qorxudur” deyən professor hesab edir ki, bu, insanların bu halda mədəni ideyaların dəyişə biləcəyindən narahat olması ilə bağlıdır: “Bəzi ailələr qorxur ki, övladları radikal qruplara qoşulacaq... Hətta bəzən ailələr övladlarına namaz qılmağa icazə vermir. Bu insanlar da özlərini müsəlman hesab edir. Lakin onlar namaz qılmır”, - deyə A.Şirinov vurğulayıb.

Azərbaycan Sovet İttifaqından onilliklər öncə müstəqillik qazansa da, ölkədə islam dininin qaydalarına riayət edilməsi faizi əhalisinin əksəriyyəti müsəlman olan digər ölkələrdən aşağıdır. “Qafqaz Barometri” təşkilatının araşdırmalarına əsasən, azərbaycanlıların 20%-i dini ayinlərini mütəmadi həyata keçirir, 40%-dən az hissəsi isə yalnız dini bayramları qeyd etməklə kifayətlənir.

Fərqanə Qasımovanı isə insanların hansı dərəcədə dindar olduğu deyil, inancı baxımından vacib olanları azad şəkildə həyata keçirə bilməsi maraqlandırır. Ölkəsində kifayət qədər məşhur olan F.Qasımova sanki öz inancının səfiri kimi çıxış etdiyi, gənc həmvətənlərinə nümunə olduğu üçün qürur duyur: “Bəzi insanlar islamın adını ləkələməyə və bu dini terrorla əlaqələndirərək, mənfi obraz yaratmağa çalışır. Xarici ölkələrdə təşkil olunan konsertlərdə insanlar məni görür. Həmin vaxt onların fikirinin dəyişdiyini hiss edirəm. Onlar övladları ilə mənə yaxınlaşır, “biz uşaqlarımızı buraya əsl sənəti, əsl islamı görmələri üçün gətirmişik” deyirlər”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az