22.09.2018 08:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Şəki xanının yay sarayı - Azərbaycan - FOTOREPORTAJ

 
 



LaCroix, Fransa
10.01.2018


Qafqaz dağlarının qoynunda yerləşən Şəkinin 200 min nəfər əhalisi var. Landşaftının gözəlliyinə, Şərq şirniyyatlarının keyfiyyətinə, öz sənətkarlığına və memarlığına görə Şəki Azərbaycanda bayram tətili keçirmək üçün məşhur məkanlardan biridir. Bu keçmiş SSRİ respublikasının imkanlı şəxsləri yayda ailəliklə dincəlmək üçün məhz buraya üz tutur.

Şəkidə bir məqam diqqətimizdən qaçmır: Mirzə Fətəli Axundovun adını daşıyan uzun küçədə lüks brendlər bir neçə onillik əvvəl sənətkarlıq emalatxanaları kimi fəaliyyət göstərmiş butiklərə investisiya yatırıb.

Bu əsrarəngiz böyük kənd əvvəllər İpək Yolu üzərində bir halqa olub. Bunu şəhərdə yerləşən iki karvansara kompleksi də təsdiqləyir. XV-XVIII əsrlərdə şəhərdə azı 5 karvansara olub! Yuxarı Karvansarada 300 otaq var imiş. İndi, o, otelə çevrilib.

Karvansaranın giriş qapısı ağır yüklənmiş dəvələrin içəri rahat girə bilməsi üçün kifayət qədər böyük tikilib. Qapının giriş hissəsinin üstündə böyük qübbə var. Bu qapı tacirlərin karvansara otaqlarında iş məsələlərini müzakirə etdikləri zaman heyvanlara su vermək üçün hovuzu olan həyətə keçidi təmin edir.

Yaxınlıqda Aşağı Karvansara yerləşir. Bu kompleks XVII əsrə aiddir. Burada 242 otaq və 4500 kvadratmetr sahəyə malik həyət var. Bu, ölçüsünə görə Qafqazda ən böyük karvansaradır.

Bu karvansaralar insana “Min bir gecə”ni, bu rayonun vaxilə İpək Yolunun üzərində yerləşdiyini xatırladır, yeni dəniz yollarının yaranmasınadək Şərq-Qərb ticarəti üçün strateji rola malik olduğunu göstərir.

Lakin Şəkinin ən diqqətçəkən abidəsi, şübhəsiz ki, xanların sarayıdır. Bu, XVIII əsrin ləl-cəvahiratıdır. Sarayın tikilməsinə 2, bəzədilməsinə isə 8 il lazım olub. Bura Şəki xanlığının banisi Çələbi xanın yay iqamətgahı imiş. 1703-cü ildə anadan olan Çələbi xan 1743-cü ildən vəfat etdiyi 1755-ci ilədək Azərbaycana rəhbərlik edib. Həm də şair olan Çələbi xan dövründə Müştaq təxəllüsü ilə də tanınıb.

Sarayın fasadı rəngli həndəsi naxışlarla bəzədilib. Onun 2 giriş qapısı var. Qapılardan biri xan, digəri isə onun qonaqları üçün nəzərdə tutulubmuş. Hər bir qapının üzərində balkon var. Tavan tamamilə güzgülərlə bəzədilib. İnanılmaz bir dəbdəbə.

Bu saray öz şöhrətinə görə 1950-ci ildə bərpa edilmiş şəbəkə tipli pəncərələrinə borcludur. Əslində, pəncərələr rəngli şüşələrdən və bir-birinə keçirilmiş qoz ağacından ibarətdir. Onlar rəngarəng həndəsi naxışları formalaşdırır. Bu pəncərələrin hazırlanmasında nə mismardan, nə də ki, yapışqandan istifadə olunub.

Ən mürəkkəb naxışların yaradılması üçün hər kvadrat metrə 14 min taxta və şüşə parçası lazım gəlib. Bu xüsusi texnika hələ də qorunub saxlanır. Bu gün Şəkidə bu ənənəni sənətkar Hüseyn Hacı Mustafazadə yaşadır. O, dünyanın hər yerindən sifarişlər alır.

Mustafazadənin atelyesinə baş çəkir, onun işinin zərifliyinə, ağac parçalarını kəsən, içərisində oyuqlar açan və əllə zərifcəsinə kəsilmiş şüşə parçalarını həmin oyuqlara yerləşdirən işçilərin bacarıqlarına heyran qalırıq.

Sarayın interyeri, xüsusilə qəbul zalı çoxrəngli vitrajların parlaq rənglərilə işıqlandırılır. Lakin divar rəsmləri də xüsusi qeyd edilməlidir. Divarın ən kiçik hissəsi belə, bitki örtüyü naxışlarının üstünlük təşkil etdiyi freskalarla bəzədilib. Həmin freskalar vitrajların rəngləri ilə ahəng təşkil edir. Divarlardakı taxçalar da eyni naxışlarla bəzədilib.

Digər mərtəbədə yerləşən xanın xanımının otağında çox zərif divar şəkilləri var. Burada parlaq rəngli gül və quş şəkilləri üstünlük təşkil edir. Tavandakı rəsm xanın otağın döşəməsi üçün seçdiyi xalçanın naxışlarını əks etdirir.

Xanın otağının divarında bir rəssamın çəkdiyi döyüş səhnəsi təsvir olunub. Bu rəsm əsərində 2 min personaj var. Görünür, bu rəsmi çəkərkən rəssam əsasən fars miniatürlərindən ilhamlanıb. Personajların heç birinin üzü digərinkinə bənzəmir.

Biz atlı və piyada, nizə, yay və bayraqlarla silahlanmış bu əmmaməli personajlara uzun müddət heyranlıqla baxırıq… Bəzi səhnələr elə canlı görünür ki, hətta insan təsvir olunan hadisənin içərisində itib-batır. Oradan uzaqlaşırıq. Amma maraq o qədər güclüdür ki, biz onlara yenidən baxmaq, yeni personajlar və məqamlar tapmaq üçün yenidən qayıdırıq.

Çiçək naxışları içərisində xanlığın emblemi olan süsənə və hündürlüyü xanın nəcibliyini simvolizə edən sidr ağaclarına geniş yer verilib. Bura əsl möcüzədir!

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LaCroix


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az