21.02.2018 11:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanda prezident seçkisi - 2018
 
20.02.2018
National Courier, Pakistan
 

  Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib
 
19.02.2018
Cath.ch, İsveçrə
 

  Zaman Ermənistanın əleyhinə işləyir
 
19.02.2018
ANAJ, İran
 

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

 
 
“Stalinin yaxtası” Azərbaycana gedə bilər

 
 



Kommersant, Rusiya
16.01.2018


Müəllif: Anastasiya Vedeneyeva

“Kommersant”ın əldə etdiyi məlumata görə, Roman Trotsenkonun AEON korporasiyasına daxil olan Moskva Çay Gəmiçiliyi 1934-cü ildə istehsal edilmiş və “Stalinin yaxtası” kimi tanınan “Maksim Qorki” teploxoduna müştəri tapıb.

İstismar xərcləri yüksək olduğundan, 2014-cü ildən teploxod yalnız restoran kimi istifadə olunur. Odur ki, Gəmiçilik onu 20 milyon rubla (təxminən 600 min manat - WM) satmaq fikrindədir. Potensial alıcılar arasında isə Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyinin adı çəkilir.  

Moskva Çay Gəmiçiliyinin “Maksim Qorki” teploxodunu satması barədə məlumatı “Kommersant” bazardakı mənbələrdən əldə edib. Gəmiçiliyin baş direktoru Konstantin Anisimov məlumatı təsdiqləyib və əlavə edib ki, danışıqlar Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi və Nijni Novqorod şəhərinin rəhbərliyilə aparılır.

Anisimov bildirib ki, Azərbaycan tərəfini bu gəmi əsasən eksponat kimi maraqlandırır – 2018-ci ildə 160 illiyini qeyd edən Gəmiçik teploxodda donanmanın muzeyini yaratmaq istəyir. Bununla yanaşı, o, “Maksim Qorki”nin Nijni Novqorod üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Çünki o, məhz bu şəhərin tərsanəsində istehsal edilib. Üstəlik 2018-ci ildə yazıçı Maksim Qorkinin anadan olmasının 150 illiyi qeyd ediləcək.

Konstantin Anisimov sövdələşmənin dəyərini açıqlamaqdan imtina edib. “Kommersant”ın mənbələri isə söhbətin təxminən 20 milyon rubldan getdiyini iddia edir.

Xatırladaq ki, “Maksim Qorki” teploxodu 1934-cü ildə Nijni Novqorodun “Krasnoe Sormovo” gəmiqayırma zavodunda istehsal edilib. SSRİ Xalq Daxili İşlər Komissarlığı Birləşmiş Dövlət Siyasi İdarəsinin hərbi-texniki şöbəsinin layihəsi əsasında tikilmiş gəminin xüsusi təyinatı var idi – İosif Stalinin şəxsi teploxodu. Gəminin uzunluğu 69 metr, eni 13 metrdir. Teploxod o vaxt üçün rekord sayılan saatda 30 kilometr sürət yığa bilir.

Mətbuat onu “Stalinin yaxtası” adlandırsa da, baş katibin nə vaxtsa bu yaxtada dincəldiyini təsdiqləyən sənədli sübut yoxdur. Elə Maksim Qorkinin özünün də 1935-ci ildə bu gəmilə Volqa çayında gəzintiyə çıxdığını sübut edən dəlil aşkar edilməyib. Məlum olan yalnız odur ki, müxtəlif vaxtlarda teploxodda partiyanın birinci şəxsləri – Lavrenti Beriya, Lazar Kaqanoviç, Anastas Mikoyan, Qriqori Orconikidze, Vyaçeslav Molotov, Nikita Xruşşov, Leonid Brejnev istirahət ediblər. Lakin tezliklə teploxod özünün yüksək təyinatını itirib. 1950-ci illərdə o, nazirlik və qurumların nümayəndə heyətlərinə, fəhlələrə və yaradıcı kollektivlərə xidmət edir, Moskvaətrafı çimərliklərə sərnişin daşıyırdı.

2000-ci illərdə teploxod təmir edilib, mühərrik və naviqasiya sistemi yenilənib. Bundan sonra “Maksim Qorki” banket və gəzinti gəmisi kimi istismar edilib (130 sərnişin və 19 heyət üzvü). Lakin 2014-cü ildən etibarən teploxod sadəcə restoran kimi xidmət göstərir. 

“Şirkətimiz donanmanın yenilənməsinə aktiv sərmayə yönəltdiyi üçün, “Maksim Qorki”nin saxlanılmasına subsidiya ayırmaq çətinləşib”, - deyə Konstantin Anisimov vurğulayıb. Bu səbəbdən də Moskva Çay Gəmiçiliyi teploxodu satmaq qərarına gəlib.

Şirkətdə sövdələşməni artıq ilin birinci rübündə başa çatdıracaqlarına ümid edirlər. Lakin Nijni Novqorod şəhərinin administrasiyasından “Kommersant”ı əmin ediblər ki, onlar teploxodu almağa hazırlaşmır. Onlar gəmini yalnız “Rusiyanı Maksim Qorki ilə gəzək” adlı muzey-turizm layihəsinin bir hissəsi kimi nəzərdən keçirib. Layihə çərçivəsində teploxodun bələdiyyə mülkiyyətinə keçirilməsi deyil, sadəcə Nijni Novqorod sahillərinə gətirilərək orada açıq səma altında muzeyin təşkili imkanları müzakirə edilib.

Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyindən isə “Komersant”ın suallarını cavablandırmayıblar.

“İnfoline Analitika” şirkətinin rəhbəri Mixail Burmistrov qeyd edib ki, “Maksim Qorki”nin modernləşdirilməsi teploxodu istismara qaytarmağa imkan versə də, gəzinti üçün sərfəli qiymət təyin etmək mümkün olmadığından, onun gəzinti gəmisi kimi istifadəsi iqtisadi baxımdan əlverişli deyil. Ekspertin fikrincə, Moskva gəmiçiliyinin əsas məqsədi bu zərərli aktivdən yaxa qurtarmaqdır və bu səbəbdən teploxod 20 milyon rubldan da aşağı qiymətə satıla bilər.

Burmistrov əlavə edib ki, restoran kimi istifadə olunmasına baxmayaraq, hər il bu gəminin istismarına 20 milyon rubldan artıq vəsait xərclənir. “Belə gəmilər yalnız subpremial seqmentdə istifadə ounduqda öz xərclərini qarşılaya bilər. Lakin hazırda Rusiyada bu sinifdən olan gəmilərə tələblər çox yüksəkdir. Onun tarixi dəyəri qiymətini artırmır”, - deyə ekspert bildirib. Onun sözlərinə görə, iqtisadi səmərəsi yüksək olsaydı, teploxodun qiyməti dəfələrlə artıq ola, hətta 100 milyon rubla çata bilərdi.

Ekspert istisna etmir ki, Nijni Novqorod administrasiyasının layihəsi ciddi marketinq tədbirləri kompleksinin həyata keçirilməsini tələb edirdi. Üstəlik onun həyata keçirilməsi üçün özəl tərəfdaşın cəlbi lazım idi ki, onu da görünür tapa bilməyiblər. Azərbaycanın isə biletlərə uyğun qiymət təyin etmək imkanları daha çoxdur.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kommersant


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az