18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Avropanın qonşusu olan Cənubi Qafqaz Milli Assambleyada

 
 



Mediapart, Fransa
22.01.2018


Müəllif: Anri Furkadi

2018-ci il yanvarın 17-də Fransa Milli Assambleyasında Qafqazın Avropa tərəfindən anlaşılması məsələsinə həsr olunmuş konfrans keçirilib. Xarici Siyasət Təhlil Mərkəzinin (CAPE) təşəbbüsü ilə təşkil olunmuş konfransın məqsədi bölgəni yaxından tanımayan və həmin axşam bu regionla maraqlanmağa gələn deputatlara, siyasətçilərə, tədqiqatçılara və jurnalistlərə ətraflı məlumat vermək idi.

CAPE-nin nəşr direktoru və bölgə üzrə ixtisaslaşmış tədqiqatçı Didye Şode çıxışında Donald Tramp administrasiyasının demək olar ki, unutduğu Cənubi Qafqazın Avropa üçün əhəmiyyətindən söz açıb. O deyib ki, bu, həm Avropa İttifaqına üzv ölkələr, həm Fransa, həmçinin də Gürcüstan və Azərbaycan kimi ölkələr üçün yaxınlaşmaq baxımından nadir imkandır. Şode Rusiyanın təsir dairəsini genişləndirmək, hazırda dünyanın ən strateji qovşaqlarından birinə çevrilmiş bu bölgəni də təsir dairəsinə qatmaq niyyətində olduğunu vurğulayıb. O, həmçinin Qafqazın enerji yolları, quru, dəmir və dəniz marşrutları üçün çox əhəmiyyətli olduğunu xatırladıb.

Daha sonra çıxış edən Brüssel Azad Universitetinin müstəqil tədqiqatçısı Sebatyen Bussua Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında energetika sahəsində davam etdirilməli olan əlaqələrin əhəmiyyətinə toxunub. Onun fikrincə, qaz və neft təchizatı baxımından Rusiyadan tamamilə asılı olan Avropa qeyri-sabit və dəyişən beynəlxalq münasibətlər kontekstində öz təhlükəsizliyini təmin etmək üçün təchizatçılarını şaxələndirməlidir. Bussua Rusiya, İran, Qazaxıstan və Türkmənistan kimi güclü rəqib və bəzən də qısqanc qonşuların əhatəsində yerləşən Azərbaycanın 1991-ci ildən bəri sözügedən sahədə əsl gücə çevrildiyini qeyd edib. O, dünyada iqtisadiyyatın və neft hasilatının inkişafında Bakının tarixi rolunu da xatırladıb, bu ölkənin Rusiyadan yan keçməklə inşa etdiyi müxtəlif boru kəmərləri vasitəsilə təchizatçı kimi böyük alternativ olduğunu diqqətə çatdırıb.

Bussua daha sonra Azərbaycanın ən böyük qaz yatağı olan “Şahdəniz”dən hasil edilən qazı Xəzər dənizindən Avropaya daşıyacaq Transadriatik qaz kəmərinin (TAP) tikintisi üzrə işlərin gedişi haqda məlumat verib. O, hesab edir ki, bu qaz kəməri Avropanın Moskva qarşısında müstəqilliyini artırmaq üçün nadir imkandır.

Tarixçi və jurnalist Jil Mihaeli çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, Azərbaycanla Ermənistan arasında təxminən bir əsrdən bəri davam edən münasibətlərdən, xüsusilə 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edib. O, tərəfləri münaqişənin beynəlxalq hüququn normaları əsasında, sülh yolu ilə həllinə çağırıb. Tarixçi həm bölgəni, həm də buradakı aktorları onilliklərdən bəri dəyişən iki əsas amili diqqətə çatdırıb: neft və milli məfkurə. Müstəqillik əldə etdikdən sonra Bakı regional gücə çevrilib. Bu, özünü hərbi sahədə də göstərir. Münaqişə tərəfləri arasında 2016-cı ildə yaşananlar Azərbaycanın Ermənistan qarşısında hərbi baxımdan daha güclü olduğunu sübut edib. Məhz bu amil Azərbaycana öz siyasi maraqlarına hörmət tələb etmək imkan yaradacaq.

Sonda Fransaya dəvət olunmuş siyasi elmlər üzrə azərbaycanlı tədqiqatçı, Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın nümayəndəsi Səid Musayev Azərbaycandakı multikulturalizmin nümunəvi tarixinə nəzər salıb. Əsasən şiələrin yaşadığı dünyəvi və liberal ölkə olan Azərbaycan ənənəvi olaraq mötədil islam çərçivəsində öz milli azlıqlarına, o cümlədən yəhudilərə daim hörmətlə yanaşıb və onları müdafiə edib.

Bir çox ərəb-müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycanda qadın hüquqları daha ciddi qorunur. Bəlkə də Avropa bundan sonra öz milli azlıqlarının daha çox inteqrasiya etməsi üçün bu modeldən faydalanmalı, marjinallaşmaya, cinayətkarlığa və radikallaşmaya aparıb çıxaran gərginliklərin qarşısını almalıdır.

Musayev hələ 1918-ci ildən Şərqdə ilk parlamentli respublikanın qurulduğu Azərbaycanın dünyəvi dövlət modelinə diqqət çəkib, sabiq prezident Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu dünyəvi modeli qoruyub saxlamasının önəmini vurğulayıb.

Deputat Jülyen Borovczik Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın Ermənistan qarşısında hüquqlarının müdafiəsinin vacibliyini söyləyib. O, hesab edir ki, beynəlxalq hüquqa əsasən haqlı tərəfin Bakı olduğunu insanlara çatdırmaq üçün Fransanın əyalətlərində də təbliğat tədbirləri təşkil edilməlidir.

Tədbirdə Fransanın və Azərbaycanın xarici işlər nazirləri Jan-İv Lö Drian ilə Elmar Məmmədyarovun bu yaxınlarda bir araya gəldikləri xatırladılıb.

Didye Şode bildirib ki, real siyasət aparan, qüvvələr nisbətini anlayan, bir sıra münaqişələrə məhəl qoymamaqdansa, onların həlli naminə hər kəslə danışıqlar aparmağın vacibliyini anlayan prezident Makronun məlumatlandırmasında deputatların rolu böyük əhəmiyyət daşıyır. İki saat davam edən konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mediapart


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az