19.08.2018 12:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
Azərbaycana səfər etmək üçün 5 əsas səbəb

 
 



The Washington Times, ABŞ
22.01.2018


Qafqaz dağları ilə Xəzər dənizinin arasında yerləşən Azərbaycan “Odlar yurdu” adlandırılır. Sirlərlə dolu bu gözoxşayan ölkə səyahətçiləri ekzotik və incə gözəlliyilə cəlb edir.

Dünyanın çox az ölkəsi Azərbaycan kimi, Şərqlə Qərbin, qədimliklə müasirliyin qovuşduğu məkandır. Ölkənin paytaxtı Bakı “Şərqin Parisi” kimi tanınır. Paytaxtın müasir göydələnləri İçərişəhrdə yerləşən, 12-ci əsrə aid Qız qalası üzərindən sanki şüşə yelkənlər kimi səmaya doğru uzanır. Gündüzləri füsünkar, gecələri valehedici olan bu göydələnlər şəhərin peyzajını formalaşdırır. Tarix Azərbaycanda sanki yenidən canlanır. Ölkənin ləl-cavahiratla bəzədilmiş keçmişi saraylarda, muzeylərdə və dükanlarda əks olunur. İl ərzində bu yerləri təxminən 3 milyon turist ziyarət edir.

Bu 5 səbəbə görə siz növbəti səfər istiqamətiniz kimi Bakını seçə bilərsiniz:

1. Azərbaycana səfər etmək heç vaxt indiki qədər asan olmayıb

Postsovet ölkələrinə səfər etmək istəyən turistlər çox vaxt viza məsələsinə çatdıqda dərindən nəfəs almalı olur. Lakin ötən ilin iyunundan etibarən Azərbaycana viza almaq çox asanlaşıb. İndi, ASAN viza” vasitəsilə viza əldə etmək əvvəlkitək 3 günə yox, 3 saata tamamlanır! Buna özünüz şahid ola bilərsiniz.

2. Bakı mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkandır

Uzun müddətdir Xəzər dənizinin mirvarisi hesab edilən, su ilə əhatə olunmuş yarımadada yerləşən Bakı əsl arzular şəhəridir. Bu şəhərdə orta əsrlərə aid memarlıq inciləri məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş və dünyada tanınan Heydər Əliyev Mərkəzi kimi ultramüasir binalarla yanaşı dayanır. İrland pop qrupu olan “U2”nun üzvləri “neft mədənlərinə günəşin ilk işığında baxın” misralarını yazarkən çox güman ki, Xəzər dənizi sahilində yerləşən qlamur kafelərdən birində oturmuşdular.

3. Valehedici məkanlar və təbiət

Azərbaycanda Bakıdan kənarda da görməli və gəzməli əsrarəngiz məkanlar çoxdur. Məsələn, yaşından asılı olmayaraq, Azərbaycana səfər edən bütün insanlar Qobustan Milli Parkında qədim mağara sənətini, buranın yaxınlığında yerləşən palçıq vulkanlarını görməkdən böyük zövq alacaq. Bu ölkəyə səfər edərkən Bakının Suraxanı qəsəbəsində yerləşən, Hindistandan və bütün dünyadan zəvvarları özünə cəlb edən zərdüşt məbədini – “Atəşgah”ı ziyarət etməyi unutmayın. Qədim dövrlərdən torpaq səthinə çox yaxın yerləşən qaz yataqları torpaq çatlarından üzə çıxır və beləliklə, torpaq üzərində alov dalğalanır. Bu məbədi ziyarət edən hər kəs Azərbaycanın niyə “Odlar yurdu” adlandırıldığını çox yaxşı başa düşəcək.

Əgər söhbət istirahətdən gedirsə, Azərbaycanda qar yağır və demək, sörfinq üçün şərait var. Doğrudur, bu ölkə öz çimərlikləri tanınır. Lakin artıq Azərbaycanda xizəkçilər və snobordçular üçün Tufandağda və Şahdağda iki yeni dağ kurortu da var.

Ərazinin kiçik olmasına baxmayaraq, 12 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur! Bu ölkənin Quba və Qusar rayonlarında yerləşən, zirvəsi qarla örtülmüş dağları, eyni zamanda, suptropik iqlimə malik Talış vadisi var. Gözəl təbiətə malik Talış vadisi vəhşi heyvanların məskənidir. Quşları sevən turistlər isə su quşlarının Avropada ən böyük köçünü izləmək üçün Qızılqaya qoruğuna baş çəkir.

İlisu qoruğunda 50-dən çox nadir, nəsli kəsilməkdə olan bitki var.

Aramızda olan “İndiana Cons”lar üçün deyək ki, Şirvan qoruğu da qədim məkanları ilə tanınır. Dünyadakı palçıq vulkanlarının yarısı bu qoruğun yaxınlığında yerləşir.

4. İdmanı sevən xalq

Bütün dünyadan olan atletlər idmanda öz istedadlarını nümayiş etdirmək üçün dünya səviyyəli idman obyektlərinin olduğu Azərbaycanı çox əlverişli məkan hesab edir.

Təkcə son bir neçə il ərzində Azərbaycan böyük idman yarışlarına, o cümlədən 2015-ci ildə şahmat üzrə Dünya Çempionatına və birinci Avropa Oyunlarına, 2016-cı ildə gənclər arasında futbol üzrə Avropa Çempionatına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına və atıcılıq üzrə Avropa Çempionatına, Batut, Ritmik və İdman gimnastikaları üzrə Dünya kuboklarına və “Tour d’Azerbaidjan” yarışına ev sahibliyi edib.

Artıq iki ildir ki, Formula 1 yarışlarının Qran prilərindən biri Azərbaycanda keçirilir. O, qarşıdakı 10 ildə də Azərbaycanda baş tutacaq. Bakıda keçirilən yarışı unikal edən pilotların əvvəlcədən hazırlanmış yollarda deyil, Bakının küçələrində yarışmasıdır. Tamaşaçılar və pilotlar hesab edir ki, Azərbaycan Qran-Prisi avtomobil yarışları arasında görə biləcəkləri ən sürətli və heyranedici mərhələdir.

Bu yaxınlarda Bakı şəhəri qadınlar arasında voleybol üzrə Avropa Çempionatına, Batut üzrə Avropa Çempionatına, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının 4 oyununa, Kapoeyra idmanı üzrə Dünya Kubokuna və bir çox tədbirlərə ev sahibliyi edəcək.

5. Xəzinələr torpağında “tax-free”li alış-veriş

Bakıda ildə iki dəfə yerli və beynəlxalq brendləri bir araya gətirən Şopinq Festivalı təşkil olunur. 2017-ci ilin yaz və payız aylarında bir ay davam edən Şopinq Festivalında alıcılara endirimlər təklif edilib. Azərbaycana səfər edən insanlar ilin bütün aylarında “tax free”li alış-veriş sisteminin üstünlüklərindən faydalana bilər. Üzərində “tax free” yazılmış məhsulları alan turistlərə məhsullara ödədikləri məbləğin bir hissəsi ölkələrinə qayıdarkən qaytarılır.

Beləliklə, Azərbaycana səfər etmək üçün bir çox səbəb var: ləziz mətbəx, UNESCO tərəfindən şifahi şedevrlərdən biri elan olunmuş, qurumun Qeyri-maddi mədəni irsinə daxil edilmiş muğam, dağa çıxmaq və Qızılqaya, Şahdağ, Yarıdağ dağlarının zirvəsinə çatmaq, yaxud sadəcə olaraq Azərbaycanda əsrlər boyu davam edən unikal, rahat qonaqpərvərlik ab-havasından zövq almaq.

Hər bir şəxs Azərbaycana yenidən qayıtmaq üçün çox səbəb tapa bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az