25.04.2018 18:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycan – pakistanlı tələbələr üçün gözəl istiqamət

 
 



THE NEWS, Pakistan
31.01.2018


Müəllif: Obeyd Abrar Xan

Yüzlərlə pakistanlı tələbə Azərbaycan universitetlərində tibb, diplomatiya, energetika, informasiya, texnologiya və digər ixtisaslar üzrə təhsil alır. Azərbaycanlı tələbələr isə Bakı Dövlət Universitetində urdu dili öyrənir. Pakistanlı tələbələr üçün bu ölkədə təhsil almaq üçün böyük imkanlar var.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyir ki, hər il bir çox azərbaycanlı və pakistanlı tələbə, alim hər iki ölkədə təşkil olunan seminarlarda, konfranslarda, proqramlarda birgə iştirak edir. Onun sözlərinə görə, Bakı Dövlət Universitetində Urdu departamenti fəaliyyət göstərir və azərbaycanlı tələbələr burada urdu dilini öyrənir: “Pakistan universitetlərində 10 ildən artıqdır ki, müzahirə deyən azərbaycanlı professorlar var. Hər il Heydər Əliyev Fondu tərəfindən Pakistanın təhsil sistemilə bağlı çox sayda humanitar və sosial layihələr həyata keçirilir”.

Azərbaycan səfiri “The News” nəşrinə müsahibəsində bildirib ki, “biz təhsil sahəsinin inkişafı ilə yanaşı, iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artıra, iki qardaş müsəlman ölkəsində istehsal olunan məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirə, birgə müəssisələr yarada, hər iki ölkədə yaradılan nəqliyyat dəhlizlərindən istifadə edərək müxtəlif layihələrdə birgə iştirak edə bilərik. Bizi birləşdirən digər sahə isə hərbi sahədir. İki ölkə arasında hərbi sahədə də sıx əlaqələr var”.

Ə.Əlizadə Pakistanda tekstil, əczaçılıq sənayesinin inkişaf etdiyini xatırladıb, bu ölkədə cərrahi alətlərin istehsal olunduğunu, idman mallarının ixrac edildiyini xatırladıb: “Digər önəmli sahə kənd təsərrüfatıdır. Pakistan düyüsü və kartofuna, həmçinin Azərbaycan meyvələrinə hər iki ölkənin bazarında böyük tələbat var. Bununla yanaşı, Pakistanda Azərbaycanın neft məhsullarına da böyük tələbatın olduğunu deyə bilərik. Hər iki ölkəyə investisiyaların cəlb edilməsi üçün böyük imkanlar var”.

Azərbaycan səfiri pakistanlı iş adamlarını bu imkanlardan faydalanmağa çağırıb: “Hesab edirəm ki, biznesmenlərə yardım edilməsi vacibdir. Azərbaycanlı və pakistanlı iş adamları ölkələrimizdə onlar üçün yaradılmış imkanlar haqda məlumatlandırılmalıdır”.

Ə.Əlizadə vurğulayıb ki, Azərbaycan çox yaxşı turizm infrastrukturuna malikdir və ölkəsinin zəngin tarixi, mədəniyyəti, təbiəti dünyanın hər yerindən buraya turistlərin cəlbinə səbəb olur: “Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan turizm gündən-günə daha da inkişaf edir. Pakistandan ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan hökuməti pakistanlı bacı və qardaşlarımız üçün viza rejimini sadələşdirib”.

Səfirin sözlərinə görə, hazırda Pakistan vətəndaşları vizanı onlayn ala bilir: “Pakistanlılar Azərbaycan səfirliyinə gəlmədən viza müraciəti edə, 20 dollar rüsum ödəməklə vizanı internet vasitəsilə əldə edə bilər. İki dövlət və xalq arasında isti, qardaş münasibətləri olduğundan, həmçinin turizm və xidmət sahəsi inkişaf etdiyindən, 2017-ci ildə Pakistandan Azərbaycana səfər edən turistlərin sayı ilə bağlı yaxşı nəticələr əldə etmişik. Burada sabitlik və viza rejiminin sadələşdirilməsinin də rolu var. Ötən il 2016-cı illə müqayisədə bu sahədə 5 dəfə artım qeydə alınıb. 2017-ci ildə ölkəmizə 16 mindən çox pakistanlı səfər edib və bu göstərici hər ay artır”.

Diplomat deyib ki, Azərbaycan tarix boyu İpək yolunun üzərində, Şərqi Avropa ilə Qərbi Asiya arasında yerləşib və İpək yolunun bir hissəsi olub: “Azərbaycan hazırda da Avropa ilə Asiya arasında əsas körpülərdən biridir. O, regional nəqliyyat dəhlizi və müasir infrastruktur layihələri həyata keçirir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və 2017-ci ildə başa çatması tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırıb. Yeni infrastrukturun yaradılması, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin həyata keçirilməsi davam etdirilir. Bütün bu layihələr məhsulların daşınmasının qiymətini və vaxtını azaldır. Bu layihələrdə iştirak edən bütün ölkələr mənfəət əldə edəcək. Biz Pakistanı da bu layihələrə qoşulmağa dəvət etmişik. Pakistan isə bizi Çin-Pakistan İqtisadi Dəhlizi layihəsinə qoşulmağa çağırır. Bütün bu layihələr Böyük İpək yolunun üzərində yerləşir və ölkələrimiz gələcəkdə bu layihələrə qoşula bilər. Hazırda müvafiq qurumlar bu təklifləri dəyərləndirir”.

Ə.Əlizadə vurğulayıb ki, media iki ölkə arasında münasibətlərin əsas hissəsini təşkil edir: “Bu sahədə də əməkdaşlıq üçün daha böyük imkanlar var. Pakistanla Azərbaycan arasında strateji tərəfdaşlığı nəzərə alsaq, hər iki xalq, hər iki ölkənin qeyri-hökumət təşkilatları və mətbuatı arasında münasibətlər böyük əhəmiyyətə malikdir. Mətbuat iki ölkə arasındakı əlaqələrdə potensialın və imkanların olduğu bütün sahələri işıqlandıra, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətlərini gücləndirə bilər”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE NEWS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az