19.08.2018 12:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
İran, Azərbaycan və Rusiya Astara-Moskva sərnişin qatarının istismara verilməsi üçün danışıqlar aparır

 
 



ISNA, İran
06.02.2018


İran İslam Respublikası Dəmir Yolları İdarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Abbas Nəzəri İran, Azərbaycan və Rusiya arasında Astara-Moskva marşrutu üzrə sərnişin qatarının istismara verilməsi üçün üçtərəfli danışıqların getdiyini bildirib.

ISNA agentliyinin məlumatına görə, İran və Azərbaycanın sərhəd qoşunları və dəmir yolları idarələri rəsmiləri arasında Astara (İran) şəhərində beynəlxalq “Spinas” mehmanxanasında keçirilmiş görüşündən sonra KİV-ə açıqlama verən Abbas Nəzəri deyib: “İran və Azərbaycanın Dəmir yolları idarələrinin rəhbərliyi arasında çox yaxşı, səmərəli əməkdaşlıq var”.

Son bir ildə iki ölkənin Dəmir Yolları idarələri rəhbərləri tərəfindən strateji layihələrin razılaşdırıldığını xatırladan Nəzəri deyib: “Bu layihələrdən biri də “Şimal-Cənub” dəhlizidir. Onun müəyyən hissəsində dəmir yolu yox idi. Bununla əlaqədar, iki ölkənin Astara şəhərləri arasında dəmir yolu kommunikasiyasının yaradılması haqda razılıq əldə edildi və bu gün Astara terminalına ilk yük qatarının daxil olması üçün memorandum imzalanmasının şahidi oluruq. Bu, yaxın gələcəkdə reallaşacaq”.

Sözügedən dəmir yolu xəttinin bu ilin aprelində iki ölkə prezidentlərinin iştirakı ilə istismara veriləcəyini söyləyən İran rəsmisi fikrini belə davam etdirib: “Bu hədəfin reallaşması iki ölkənin bir çox orqanları və qurumlarının davamlı səylərinin, eləcə də dövlət başçıları və birgə əməkdaşlıq komissiyasına sədrlik edən nazirlər arasında olduqca müsbət əlaqələrin, qarşılıqlı fəaliyyətin nəticəsidir”.

Abbas Nəzəri ölkəsinin həyata keçirdiyi digər böyük dəmir yolu layihələrindən də danışıb: “Digər nəhəng layihələrdən biri “Cənub-Qərb” dəhlizinin yaradılmasını və Qara dənizin Fars körfəzinə birləşdirilməsini nəzərdə tutur. Bununla, Avropa ölkələrindən yüklər Polşa-Ukrayna-Gürcüstan-Azərbaycan-İran marşrutu ilə Fars körfəzinə, Hindistana və digər Körfəz dövlətlərinə çatdırılacaq. Bu layihə üzrə bütün ticari və texniki müzakirələr aparılıb”.

2018-ci ilin aprelində Astara-Rəşt dəmir yolunun təməli qoyulacaq

Abbas Nəzərinin sözlərinə görə, tərtib edilmiş plana əsasən, iki ölkənin dövlət başçıları tərəfindən Astara-Astara beynəlxalq dəmir yolu xəttinin açılışı ilə eyni vaxtda Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə də start veriləcək: “Açılacaq dəmir yolu marşrutu ilə əlaqədar, bir çox qurumlar fəaliyyətə başlayacaq. Terminal rəsmi şəkildə istismara verilənədək sınaq rejimində işləyəcək”.

O, Avropanı Astara ilə birləşdirən dəmir yolu xəttinin sərnişin daşınmaları ilə bağlı necə fəaliyyət göstərəcəyini də söyləyib: “Sərnişin qatarlarının fəaliyyətə başlaması üçün­­­ İran, Azərbaycan və Rusiya arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılır. Müzakirələr davam edir. 3 ölkənin ekspertləri səviyyəsində konkret texniki və ticari məsələlərinin öz həllini tapması lazımdır. İlkin mərhələdə, sərnişin qatarlarının İran ərazisindəki Astara terminalından Moskvayadək hərəkətilə bağlı müzakirələr aparılıb. Yük qatarlarının isə Moskvadan Fars körfəzinə, oradan Hindistana və Körfəzin digər dövlətlərinə doğru hərəkət etməsi nəzərdə tutulub”.

Azərbaycan Astara terminalının inşasına 60 milyon dollar investisiya qoyur

Sözügedən marşrutla ildə ən azı 2 milyon ton, gələcəkdə isə 5 milyon tonadək tranzit yüklərin daşına biləcəyini vurğulayan İran rəsmisi deyib: “Beynəlxalq Astara-Astara dəmir yolu xətti olduqca qədim layihələrdən biridir. Rusiyanın, şimal və cənub ölkələrin siyasətçiləri, iqtisadçıları tarix boyu “Şimal-Cənub” dəhlizi haqda ciddi düşünüb. Lakin indiyədək bununla bağlı hər hansı ciddi addım atılmamışdı”.

Nəzəri hesab edir ki, Avropa ölkələrinin də öz yüklərini bu dəhlizlə daşımaqda maraqlı olması İranla nüvə razılaşmasının səmərəsidir: “Azərbaycan İranın Astara şəhərindəki terminal tikintisinə 60 milyon dollaradək, Astara-Rəşt dəmir yolu xəttinin inşasına isə 500 milyon dollar investisiya yatıracaq”.

Sonda o, Rusiyanın Sankt-Peterburq şəhərindən hərəkətə başlamış və hazırda Bakıda olan taxta daşıyan yük qatarının yaxın günlərdə İran ərazisinə daxil olacağını söyləyib: “Bu, sınaq qatarıdır. Onun Astara terminalına daxil olması qeyd olunan marşrutun texniki-təhlükəsizlik parametrlərinin yoxlanılması məqsədini daşıyır”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az