21.02.2018 11:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanda prezident seçkisi - 2018
 
20.02.2018
National Courier, Pakistan
 

  Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib
 
19.02.2018
Cath.ch, İsveçrə
 

  Zaman Ermənistanın əleyhinə işləyir
 
19.02.2018
ANAJ, İran
 

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

 
 
Azərbaycan öz mədəniyyətlərarası-multikultural düşüncə tərzini paylaşır

 
 



NewsBlaze, ABŞ
10.02.2018


Müəllif: Nurit Qrincer

Azərbaycan uzun illər Sovet İttifaqının tərkib hissəsi olub. 1991-ci il avqustun 30-da o, sovet əsarətindən qurtulduğunu bəyan edib. Əslində, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini ilk dəfə hələ 1918-ci ildə elan etmişdi. O, ilk demokratik müsəlman dövlət idi. Lakin 2 il sonra, yəni 1920-ci ildə müstəqilliyini itirən ölkə 1922-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası adı ilə Sovet İttifaqının tərkibinə daxil edilib.

Müasir Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin Dövlət Müstəqilliyi haqqında Bəyannaməsilə elan edib. Elə həmin ay keçirilmiş ümumxalq referendumunda bu Bəyannamə hələ SSRİ rəsmən süqut etmədən təsdiqlənib.

Azərbaycanlılar suveren respublikada yaşamaq haqda qərarı qəbul edər-etməz – 1991-ci ilin sentyabrında Dağlıq Qarabağ müharibəsi başlayıb. Müharibə zamanı Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini və suverenliyini pozub, onun Dağlıq Qarabağ regionu və bu regiona bitişik 7 rayonunu təcavüzkar hərbi əməliyyatlar vasitəsilə ələ keçirib. Bu ərazilər indi də beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır.

Azərbaycanlılar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsaslanaraq, problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyilə həll olunacağını ümidlə gözləyir. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının həmin qətnamələrində erməni qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılması tələb olunur.

Lakin nəticəsiz diplomatik səylərə, öz evlərini tərk etməyə məcbur edilmiş və Azərbaycan hökuməti tərəfindən respublikanın digər regionlarında yerləşdirilmiş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, o cümlədən bu ədalətsizlikdən əziyyət çəkən əhalinin ağrı-acısına baxmayaraq, Azərbaycan öz yolu ilə getməkdədir: tolerantlıq, dinc, yanaşı yaşama və bütün vətəndaşlara bərabər qayğı.

Bu, Azərbaycanda multikulturalizm adlanır, mən isə bunu interkulturalizm adlandırıram. Doğrudur, insanlar müasir sosial termin olan multikulturalizmlə daha çox tanışdır. Multikulturalizm cəmiyyətdə bir çox mədəni və etnik qrupların varlığı və ya varlığının dəstəklənməsi deməkdir. Əgər bir millət milli kimliyini qorumaq istəyirsə, hesab edirəm ki, multikulturalizm bölücü amildir. Lakin Azərbaycanda olarkən, bu ölkədə interkulturalizmin birləşdirici rolunu aydın şəkildə görürəm; interkulturalizm mədəniyyətlərarası dialoqun dəstəklənməsi, mədəniyyətlərdə seqresiya meyillərinə çağırışdır. Bu, cəmiyyətdə uğurla birgə yaşayan mədəniyyətlərin rəngarəngliyinə dair multikultural faktın passiv qəbul edilməsi çərçivəsini aşmaq, dialoqu gücləndirmək və mədəniyyətlərin qarşılıqlı fəaliyyətini təmin etməyi ehtiva edir.

İslam haqqında düşünürkən...

İnsan müsəlman ölkəsi haqqında düşündükdə təsəvvüründə mütləqiyyət, insan haqları və azadlıqlarının pozulması, sosial narazılıq və zorakılıq, daxili mübarizə və həyat üçün təhlükə canlandırır. Lakin bu, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycana qətiyyən aid deyil. Azərbaycan problemli dövlətlərlə – şiəliyi yaymağa çalışan hegemon İranla, antoqonist Rusiya ilə və düşmən Ermənistanla qonşu olan kiçik ölkədir. Lakin o, harmoniya şəraitində birgəyaşayış həyat tərzini təbliğ edir.  

Mən, yəhudi qadın olaraq Azərbaycana səfər edərkən, müsəlmanların arasında narahat olacağımı gözləyirdim. Lakin düşündüyüm kimi olmadı. Əvəzinə səbirli, tərbiyəli, açıq və qonaqpərvər insanlarla qarşılaşdım. Gənc ölkə köhnə nəslin alışdığı kommunist düşüncə tərzindən qurtulmaq, liderlik estafetini ölkəni bütün aspektlər üzrə böyük zirvələrə aparan yüksək təhsilli, mütərəqqi düşüncəli gənclərə vermək üçün əlindən gələni edir.

Azərbaycan – nikbinliklə dolu ölkə

Nikbinlik Azərbaycanda özünü insanların yaxınlarına həssas münasibətində büruzə verir.

Neftlə zəngin ölkə olmasına baxmayaraq, “qara qızıl” Azərbaycanın əsas sərvəti deyil. Ölkənin başlıca sərvəti mənim təkidlə interkulturalizm adlandırmağa çağırdığım, gündəlik həyat tərzi olan multikulturalizmdir.

Azərbaycan paytaxtına səfərim zamanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi baş çəkdiyim əsas yerdir. Bu mərkəzin dünyanın bir çox ölkəsində filialları fəaliyyət göstərir. Növbəti filial bu ay Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda Qarşılıqlı Anlaşma Memorandumunun rəsmi imzalanması mərasimindən sonra fəaliyyətə başlayıb.

Azərbaycanda 28 etnik qrup harmoniya şəraitində yaşayır, üç monoteist din – islam, iudaizm, xristianlıq qeyd-şərtsiz olaraq bir-birinə hörmətlə yanaşır. Əslində, dinc, yanaşı yaşamaq, bir-birini qəbul etmək və hərtərəfli vəhdət Azərbaycanın bütün dünyaya yaydığı yeni dindir. Ölkə tolerantlıq məsələlərinə dair ardıcıl dialoqu nəzərdə tutan mədəniyyətlərarası platformasının, konfessiyalararası etimad və harmoniyanın daşıyıcısı, missioneridir. Azərbaycanda hesab edirlər ki, bu, əmin-aman dünyaya aparan yoldur.

Hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində ümumi seçki hüququ tətbiq olunub. Bu, Azərbaycanı qadınların azad olduğu və onlara seçki hüququ verildiyi ilk müsəlman ölkəsinə çevirib.

Amerika Birləşmiş Ştatlarında qadınlara səsvermə hüququ verən və “Qadınların Seçki Hüququ” adı ilə tanınan Konstitusiyaya 19-cu Əlavə 1920-ci il avqustun 18-də ratifikasiya olunub. Əgər Azərbaycanda qadınlara seçki hüququ dünyanın ən azad ölkəsi kimi tanınan ABŞ-dan tez verilibsə, təsəvvür edirsinizmi ki, bu açıq cəmiyyəti gələcəkdə nələr gözləyir?

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NewsBlaze


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az