21.07.2018 17:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib

 
 



Cath.ch, İsveçrə
19.02.2018


Müəllif: Jak Berse

Saleziyalı slovak dindar zati-müqəddəsləri Vladimir Feketenin Qafqazda – Azərbaycan Respublikasında ilk katolik yepiskopu vəzifəsinə yüksəlməsilə bağlı əmr verilib. SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış, əhalisinin əksəriyyəti şiə müsəlmanı olan bu keçmiş sovet respublikasında xristianlar əhalinin 5%-ni təşkil edir. Ölkədəki katoliklərin sayı isə cəmi bir neçə yüz nəfərdir.

Kiçik katolik icması buraya əsasən işləmək (neft və diplomatiya sahəsində) üçün gəlmiş ailələrin üzvlərindən ibarətdir. Bu icmanın nümayəndələri yeganə məkanda – Bakıdakı Katolik kilsəsində toplaşır.

Azərbaycanın apostol prefekti ötən il dekabrın 8-də Papa Fransisk tərəfindən yepiskop rütbəsinə layiq görülmüş Vladimir Feketenin yepiskop rütbəsinə yüksəlməsilə əlaqədar mərasim keçirib. Mərasim fevralın 11-də Bakıdakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsində təşkil olunub.

Təqdisetmə mərasimi Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin rəhbərliyilə keçirilib. Mərasimdə Saleziya ailəsinin bir sıra rəhbər şəxsləri, o cümlədən Zalsburqun baş yepiskopu Alois Kotqasser, Lintsin baş yepiskopu Lüdviq Şvarts, Moskva arxiyepiskopu Paolo Petsi, Qafqaz üzrə apostol administrator Cüzeppe Pasotto iştirak ediblər. Slovakiyanın Saleziya əyalətinin rəhbəri Papa Yozef İzold, həmçinin Azərbaycandakı pravoslav kilsəsinin və digər xristian icmalarının nümayəndələri də mərasim iştirakçıları arasında olub.

Zati-müqəddəsləri Gallager mərasimdəki moizəsi zamanı deyib: “Papa bu qərarı verməklə, kilsənin yepiskopun rəhbərliyilə inkişaf etməsini istəyir”. O xatırladıb ki, zati-müqəddəsləri Feketenin həyatı “etiqadın macərası”na bənzəyir. Gələcək saleziyalı öz doğma torpağında – Slovakiyada öz peşəsini müəyyən edərkən artıq azad yaşaya bilmirdi. O, ilk keşişlik illərini gizlin keçirirdi. Beləliklə, bu gün təqdis edilən bu şəxs Don Boskonun əsl Oğlu kimi, xidmətin əsl və təmiz ruhuna çevrilən böyük cəsarət göstərib.

Ermənistanla münaqişə

Saleziyanın ANS informasiya agentliyi xəbər verir ki, Azərbaycan kilsəsinin ilk yepiskopu özünə həvalə olunmuş vəzifəni yerinə yetirmək – ruhların qurtuluşu üçün daim işləmək niyyəti olaraq “Cənab, mənə qəlbləri ver” şüarının birinci hissəsini seçib. Zati-müqəddəsləri Fekete 2011-ci ildən bu Mərkəzi Asiya ölkəsinin apostol prefektidir.

Azərbaycana səfəri zamanı zati-müqəddəsləri Gallager ölkənin xarici işlər nazirilə, birinci xanımı və birinci vitse-prezident Mehriban Əliyeva ilə də görüşüb. Görüşlər zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üzündən onilliklərdən bəri münaqişə vəziyyətində olduğu Ermənistanla bağlı vəziyyət də müzakirə edilib. Xatırladaq ki, 2016-cı il oktyabrın 2-də Azərbaycana pastoral səfəri zamanı Papa Fransisk iki qonşu ölkə arasındakı Dağlıq Qarabağ bölgəsində sülhün bərqərar olunması üçün yolların tapılmasını arzulamışdı.

Katoliklik Azərbaycana XIV əsrdə gəlib

Katolik inancı Azərbaycanda Domenik, Fransua d’Assiz, Karmelit və Aqustin cərəyanlarına məxsus missionerlərinin gəlişi ilə yaranıb. Müsəlmanların və erməni apostol kilsəsinin şiddətli müqavimətinə baxmayaraq, bu qol burada yezuitlərin sayəsində XIV əsrdə geniş yayılmağa başlayıb. O vaxt Katolik kilsəsinin Bakıda və bir sıra şəhərlərdə kilsələri, məktəbləri və monastırları var idi. XX əsrin əvvəllərində Bakıda polyak, rus və alman katolik icmaları da yaşayırdı.

Rus kommunistlərin gəlişilə Azərbaycanda katoliklərin təqib dövrü başlayıb. 1930-cu illərdə Bakı Katolik kilsəsi dağıdılıb və onun yeganə keşişi öldürülüb. Həmin vaxtdan 60 il ərzində heç bir katolik keşiş Azərbaycana ayaq basa bilməyib. Bununla yanaşı, katolik möminlər pravoslavların həmrəyliyinə arxalanırdılar.

Katolik kilsəsi Azərbaycanda dirçəliş dövrünə yalnız 1991-ci ildə – SSRİ-nin süqutundan sonra qədəm qoyub. O vaxt kilsəyə cəmi 30-a yaxın dindar gəlirdi. Bakıya gələn ilk keşiş buraya 1997-ci ildə təşrif buyurmuş polyak olub. O, buraya Bakı möminlərinin dəvətilə gəlmişdi.

Kommunizm dövründə dağıdılmış kilsənin yenidən qurulması

1998-ci ildə Azərbaycanın Katolik kilsəsi bütün Qafqaz üzrə Apostol İdarəsi vasitəsilə Vatikanda xalqlar arasında İncili təbliğ edən İdarənin birbaşa səlahiyyətinə verilib. 2002-ci ildə Papa İohann Pavelin Azərbaycana səfəri zamanı prezident Heydər Əliyev kilsənin tikintisi üçün ərazi ayırıb. O vaxt Vatikanın dövlət katibi olan kardinal Tarçisio Bertone tərəfindən 2007-ci ildə xidmətə alınmış yeni kilsədə müqəddəs Bartolomeyin, Don Boskonun və digər saleziyalı müqəddəs Dominik Savionun qalıqları var. Orada, həmçinin kommunizmin şəhidi olmuş Nikolas Çarneçkyinin qalıqları saxlanılır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Cath.ch


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az