10.12.2018 07:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Azərbaycana epikür bələdçi: Bakının ən yaxşı 6 restoranı - FOTOREPORTAJ

 
 



Forbes, ABŞ
28.02.2018


Müəllif: Stefan Rabimov

Kulinariya sahəsi Aralıq dənizi ölkələrindəki kafelərdən Kaliforniyadakı gözəl məkanlara – açıq havada yerləşən kafelərədək, həm ölkə daxilində, həm də xaricdə səfər üçün əsas səbəblərdən birinə çevrilib. Epikür tətil istiqamətlərindən biri də hər addımda ac turistlərə rast gəlinməyən Azərbaycandır. Avropa ilə Asiyanın kəsişdiyi məkanda, Qafqaz regionunda yerləşən bu gözəl ölkə əsrlər boyu turistlər üçün cəzbedici istiqamət olub.

Bu ölkənin paytaxtı olan Bakıda yerləşən, tarixi orta əsrlərə qədər uzanan Şivanşahlar sarayı ilə Bizans dövrünə aid Qız qalası, memarı Zaha Hadid olan Heydər Əliyev Mərkəzi ilə LED lampalarının quraşdırıldığı, gecələr işıq saçan “Alov qüllələri” kimi müasir binalarla yanaşı dayanır. Burada əcnəbi turistlər paytaxtın kənarında yerləşən ucqar kəndlərdən, hündür dağlardan və dünyanın ən böyük gölü olan Xəzər dənizindən zövq ala bilər.

İran, Şərqi Avropa və Yaxın Şərq mətbəxinin unikal qarışığı olan Azərbaycan mətbəxi isə ən təcrübəli turistləri belə, heyrətləndirir. Türkiyə, İran və Rusiya mədəniyyət sahəsində Azərbaycana yaxın ölkələrdir və ona öz təsirini göstəriblər. Azərbaycan mətbəxində müxtəlif ənənəvi yeməklər var: dadlı plov düyüdən, quzu və ya toyuq ətindən, qurudulmuş meyvələr və qoz-fındıqdan hazırlanır. Ona tərxun və zəfəran da əlavə olunur. Bundan başqa, təndirdə bişirilmiş ətirli çörək, buğda bişirilmiş ət, qozla doldurulmuş toyuq ləvəngisi, ləzzətli quzu kababı...

Bakıda kreativ aşpazlar az deyil. Postsovet məkanının qonaqpərvər şəhəri olan Bakıda gözəl restoranlar da çoxdur. Əgər bu şəhərdə yaşayan dostunuz sizi yeməyə dəvət etsə, mütləq “hə” deyin! Bakıdakı bu 6 restorana getmək fürsətini əldən verməyin:

“Sumakh” (ünvan: Xocalı prospekti, 20/22)

Bu yaxınlarda bərpa olunmuş “Sumakh” qədim dövrləri sevən yerli əhalinin və xarici turistlərin ən sevimli restoranıdır. Gözəl müasir interyeri, işıqlı divarları olan, taxta dizayn elementləri, dekorativ döşəklər, yəni kilimlə bəzədilmiş bu restoran gözəl ab-havası, həmçinin dadlı mətbəxi ilə tanınır. Restoranın açıq mətbəxinə görə siz buradakı yeməklərin necə hazırlandığını görə bilərsiniz. Buradakı yeməklər innovativ anlayışla hazırlanır. “Sumakh”ın baş aşpazı Elmin Şərifovun menyusunda Azərbaycan mətbəxi tam əhatə olunub. Burada hazırlanan manqal salatından (qızardılmış tərəvəzlər), təndirdə bişirilmiş çörəkdən tutmuş, qutablara (göy qutabı və boranı qutabı), quzu kababına, plova, toyuq qovurmasına qədər bütün yeməklər dadlıdır. Çay dəsgahı, paxlava, şəkərbura kimi şirniyyatlar da insana böyük zövq verir. Bahalı qidaları xoşlayan turistlər bu restoranda dünyada məşhur olan Xəzər dənizinin qara kürüsünü dada bilər.  

“Nakhchivan” (ünvan: Parlament prospekti, 8A)

Bu restoran “Beat Group”un növbəti layihələrindən biridir. Azərbaycanın ən romantik bölgələrindən biri olan qədim Naxçıvan güclü, müstəqil ziyalıları ilə, həmçinin gözəl məhsulları və dadlı desertilə tanınır. Naxçıvanlılar İtaliya və Yunanıstanın bölgələrində olduğu kimi, mədəni kimliklərinin bir hissəsi sayılan mətbəxlərini qoruyur. Naxçıvana səfər edənə qədər (və ya ora səfər üçün vaxtınız yoxdusa) Bakının mərkəzində yerləşən “Naxchivan” restoranına baş çəkə və bu regionun yeməklərini orada dada bilərsiniz.

Restoranın dekoru sizi XIX əsrin sonlarına, Azərbaycanda neft bumunun yaşandığı dövrə aparacaq. Qeyd edək ki, həmin vaxt Nobel ailəsinin rəhbərliyilə Bakı şəhəri neft ticarətinin mərkəzinə çevrilmişdi. Bununla, bu şəhər Avropanın iqtisadi inkişafına öz təsirini göstərib.

“Naxchivan” restoranı iki hissəyə bölünür: böyük pəncərələrin yanında yerləşən divanlar və gözəl şəkildə, qədim üslubda hazırlanmış hissə. Bununla yanaşı, burada dəbdəbəli VIP otaqlar da var. Bu otaqların divarları qiymətli şəkillər və azərbaycanlı rəssamların əl işlərilə bəzədilib. Bu restoran müxtəlif növ dadlı Naxçıvan kababları, Ordubad regionunun desertləri və çərəzləri, həmçinin 50 növ ləzzətli plov ilə məşhurdur. Qeyd edək ki, plov Azərbaycan mətbəxinin əsas yeməyi hesab olunur. Yerli əhali bu restoranda xəngəl, manqal salatı, qutab və lülə kababı yeməyi məsləhət görür.

“Sky Grill” and “360 Bar” (ünvan: Azadlıq prospekti, 1B)

“Sky Grill” “Hilton” otelinin 24-cü mərtəbəsində yerləşir və buradan Bakının gözəl mənzərəsini görmək mümkündür. Bu restoranı heç kəs narazı tərk etmir. “Sky Grill”in zərif interyeri var. O, qızılı rəngdə olan müxtəlif klassik elementlərlə bəzədilib. Bununla yanaşı, buranın işıqlı dekoru insanın əhval-ruhiyyəsini yüksəldir. “Sky Grill” restoranının menyusu qısadır. Burada əsasən qızardılmış ətlərə və dəniz məhsullarına üstünlük verilir. Bu yeməklər böyük məharətlə seçilmiş şərab növləri ilə vəhdət təşkil edir. “Sky Grill”də müştərilərə xidmət və diqqət xüsusi olaraq qeyd edilir. Bu restoranda bütün müştərilərə xüsusi diqqət ayrılır. Həqiqətən də, bu restoran Azərbaycan qonaqpərvərliyini növbəti mərhələyə çıxarıb.

Axşam yeməyindən sonra isə siz buradan bir neçə addım irəlidə yerləşən “360 Bar”da bir bokal həzmi asanlaşdıran içki, yaxud kokteyl içə bilərsiniz. Bu zaman siz ətrafında dövr edən barda Xəzər dənizinin ezaskar mənzərəsini seyr etmək imkanı da əldə edəcəksiniz. Günəşin batmasını izləmək və ya romantik görüşdən həzz almaq üçün buradan yaxşı məkan yoxdur. “Sky Grill” and “360 Bar” digər tədbirlər üçün də əla seçimdir. Bu iki məkan Bakının ən məşhur yerlərindəndir. Lakin burada qiymətlər Bakı restoranlarındakı orta qiymətlərdən bir qədər yüksəkdir.

“Sirvansah Musey Restaurant” (ünvan: Salatın Əsgərova küçəsi, 86)

Bu restoran demək olar ki bütün turistlərin qəlbinə yol tapıb! O, ənənəvi muzey interyerilə sevilir. Bununla yanaşı, restorandakı xidmət və dadlı Azərbaycan yeməkləri xarici qonaqların rəğbətini qazanıb. Bu restoran turistik məkanlardan bir qədər kənarda, ikimərtəbəli binada yerləşir. Bina bir zamanlar karvansaray olub və qədim zamanlarda otel kimi fəaliyyət göstərib. Xarici qonaqlar burada dincələ və yorucu səfərdən sonra güclərini bərpa edə bilərdi. Bu restoranın çox dərin təsir bağışlayan dekoru var: buradakı otaqların kiçik detalları tarixi anlam kəsb edir. “Sirvansah Musey Restaurant”dakı əsərləri və tarixi əşyaları öyrənməyə rahatlıqla bir saat sərf edə bilərsiniz. Buraya qədim teatr afişaları, qəzetlər, şəkillər, dolçalar, saxsı qablar, xalçalar və musiqi alətləri daxildir. Hər iki mərtəbədə müxtəlif növ oturacaqlar var: böyük zalda yerləşən oturacaqlar və ayrı-ayrı otaqlar. Bu otaqlarda kiçik qrup halında əyləşirlər. Burada ənənəvi muğam musiqisinin sədaları altında yemək yeyə bilərsiniz. Bu, sizin gününüzü sehirli edəcək. Möhtəşəm dada malik şah plovunu yerli şərab və pivə ilə dadmaq mümkündür. Qazmaq ilə əhatə olunmuş bu plov düyü, quzu əti və ərikdən hazırlanır. Bu yeməyi əvvəlcədən sifariş verməyi məsləhət görürəm.

“Sehirli Təndir” (ünvan: Kiçik Qala 19, İçərişəhər)

Əgər dadlı səhər yeməyi yemək istəyirsinizsə, bu məkana baş çəkin. Bu, kiçik, rahat restoran İçərişəhərin divarlarına bitişikdir. Nar mürəbbəsi, xama və ya pomidor-yumurta ilə (yumurta və pomidordan hazırlanan ənənəvi Azərbaycan səhər yeməyi) isti, təzə çörək yeməmişdən əvvəl, çox isti təndirdə bişirilən çörəyin necə hazırlanıldığını görə bilərsiniz. Burada təklif olunan yeməklərin porsiyası böyükdür və qiymətlər də münasibdir. Buna görə restoranın müştəriləri çoxdur. Çox güman ki, oturacaqlar boşalana qədər gözləyəcəksiniz.

“Derya Fish House” (ünvan: Namiq Quliyev küçəsi, Bibiheybət)

Əfsanəvi Xəzər dənizinin yaxınlığında olduğunuz zaman dəniz məhsullarından hazırlanan Azərbaycan yeməklərinin dadına baxmalısınız. “Derya Fish House” Bakı ətrafında, sahildə yerləşir. Lakin burada qiymətlər çox bahadır! Buradakı balıqlar və dəniz məhsulları çox vaxt yeməyin hazırlandığı gün tutulur. Buna görə dadlı və ətirli yeməklərin siyahısı məhduddur. Menyu tez-tez dəyişir. Aşpazın qızartması və ya bişirməsi üçün balıq növünü seçirsiniz. Yemək hazırlanarkən ofisiant müxtəlif növ qarnirlər təklif edəcək: təzə xiyar və pomidor, pendir və qızardılmış badımcan. Bura həm də ailəvi restorandır.

“Derya Fish House”da uşaqlar üçün açıq və qapalı meydança da var. Yayda restoranın çölündə otura, möcüzəli dəniz mənzərəsini izləyərək sakit küləkdən zövq ala bilərsiniz. Ehtiyatlı olun: Xəzər dənizinin küləyi çox güclü olur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Forbes


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az