21.05.2018 18:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
Azərbaycan – “Odlar yurdu” - FOTOREPORTAJ

 
 



The Times Kuwait, Küveyt
07.03.2018


Azərbaycan Qafqaz regionunda, Şərqi Avropa ilə Qərbi Asiyanın arasında yerləşir. Odur ki, buarada Şərqlə Qərb sanki toqquşur. Bu ölkəyə səfərdən zövq alacaqsınız.

Xəzər dənizinin sahilində yerləşən Azərbaycanda möcüzəli subtropik dəniz kurortları var. Siz “Odlar yurdu” adından ilhamlanaraq Yanardağın və ya palçıq vulkanlarının yerləşdiyi bölgələrə səyahət edə bilərsiniz. Bu ölkədə təpələrin üzərində yerləşən şəhərlər də var. Buralar qədim məscidlərin, minarələrin məskənidir. Bununla yanaşı, Bakıda dərin təəssürat doğuran müasir memarlıq nümunələri də az deyil. Məsələn, “Alov qüllələri”. Beləliklə, səfər müddətindən, sizin daha çox nəyə maraq göstərmənizdən asılı olmayaraq, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın turistlərə təklif edəcəyi çox şey var.

Bakı

Azərbaycanın paytaxtı olan Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Burada qədim divarlara sahib İçərişəhərlə müasir binalar yanaşıdır. Ümumiyyətlə, son dövrlərdə Bakıda çox sayda hündürmərtəbili binalar tikilib. “Alov qüllələri”ni ziyarət etməyi unutmayın. Alovu xatırladan bu üç qüllə gecə saatlarında şəhərə işıq saçır.

Qəbələ

Zəngin tarixə malik Qəbələ şəhəri təxminən 600 il Qafqaz Albaniyasının paytaxtı olub. Bu şəhərdən 20 kilometr cənub-qərbdə qədim paytaxtın arxeloji qalıqları tapılıb. Qəbələdə müxtəlif dövrlərə aid tarixi və mədəni abidələr var. Möhtəşəm təbiəti, istirahət üçün möcüzəli məkanları, yaxşı inkişaf etmiş infrastrukturu olan Qəbələ hər il minlərlə turisti özünə cəlb edir.

Astara

Astara şəhəri Azərbaycanın eyniadlı rayonunun mərkəzidir. Bura İranla sərhəddə yerləşir. Ölkənin ən gözəl rayonlarından biri hesab olunan Astara meşələr və dağlarla əhatə olunub. Şəhərdə gözəl kafelər, restoranlar, həmçinin regionun arxeloji tapıntılarının sərgiləndiyi muzey var.

Şəki

Qafqaz regionunun ən qədim yaşayış məskənlərinə Bakıdan qərbdə yerləşən Şəki şəhərində rast gəlinir. Bu yaşayış məskənlərinin 2500 yaşı var. Qədim İpək Yolunun üzərində yerləşən Şəki şəhəri burada istehsal olunan ipəyi və digər tekstil məmulatları ilə məşhur olub. Bu ənənə indi də davam edir. Şəkiyə səfər edən turistlər gözəl naxışlarla bəzdilmiş parçalar və əl işi olan digər məmulatlar tapa bilər. Bununla yanaşı, burada qalalar, məscidlər, qədim hamamlar, həmçinin Şəki Xan Sarayı kimi görməli məkanlar var. Sarayın tarixi 18-ci əsrədək uzanır.

Nabran

Bakıdan təxminən 3 saatlıq məsafədə yerləşən Nabran kəndi əsl istirahət mərkəzinə çevrilib. Xəzər dənizinin sahilində yerləşən bu kəndin əsas üstünlüyü iqlimidir. Bura yay aylarında çox isti olur. Məhz bu üzdən kənddə “Aqua park”ların, hovuzların sayı-hesabı yoxdur.

İçərişəhər

Bakının mərkəzində yerləşən İçərişəhər “Qədim şəhər” və ya “Qala” adaları ilə də tanınır. Qeyd edək ki, İçərişəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Burada Qız qalası, Şirvanşahlar sarayı daxil olmaqla, gözəl arxeoloji abidələrlə tanış ola bilərsiniz. Bir zamanlar Bakının qədim divarları arasında yerləşən Qız qalasının tarixi 12-ci əsrədək uzanır. Şirvanşahlar sarayı isə 13-cü əsrdə tikilib.

İçərişəhərdə arxeoloji abidələrlə yanaşı, əl işi olan məmulatların satıldığı dükanlar da var. Orada dulusçuluq məhsulları, həmçinin Azərbaycanın milli geyimləri və xalça kimi tekstil məmulatlar satılır.

Xəzər dənizi

Xəzərə dəniz demək əslində düzgün deyil. Çünki o, dünyanın ən böyük gölüdür. Xəzərin sahəsi 371 min kvadrat kilometrdir. Bu dəniz çimərlik, həmçinin qayıqla gəzinti, suya dalma və balıqçılıq kimi əyləncələr üçün ideal yerdir.

Qarasu vulkanı

Azərbaycan dünyada ən çox palçıq vulkanının olduğu ölkədir. Lakin buraya səfər edən bir çox turist bunu bilmir. Ölkədə 350 palçıq vulkanı var. Onlardan ən məşhuru Qarasu palçıq vulkanıdır. O püskürən zaman hündürlüyü 1000 metrə çatır. Hesab olunur ki, burada ilk vulkan püskürməsi 25 milyon il əvvəl baş verib. Qarasunu ziyarət edən qonaqlar onun Ayın səthinə oxşadığını deyir.

Yanardağ

Özbaşına alovlanan yer görmək istəyirsinizsə, Yanardağı ziyarət edin. Buradakı təpələr qazın yer üzərinə çıxması nəticəsində daim alovlanır. Qonaqlar bu təbiət fenomenini görmək üçün buaraya çox vaxt gecə, yəni alovun daha aydın göründüyü vaxt gəlir. Yanardağın yaxınlığında gözəl çay evləri də var. Bu məkanlarda rahat şəkildə otura, çayın dadına baxaraq möhtəşəm mənzərəni seyr edə bilərsiniz.

Qobustan

Qobustan çox vaxt Böyük Britaniyada yerləşən Stounhencin Azərbaycan versiyası kimi təqdim olunur. Burada qədim tarixə malik olan dolmenlər (daşların şaquli şəkildə yerə basdırılması) var. Qoruq kimi fəaliyyət göstərən Qobustanda başqa arxeoloji tapıntılar da mövcuddur. Bakıdan cənubda yerləşən bu qoruqda qədim sivilizasiyalara aid 6 min qayaüstü rəsm aşkar edilib. Onun ərazisi 537 hektardan çoxdur. Qobustanda aşkar edilmiş arxeoloji abidələr burada ta qədimdən yaşayış məskənlərinin olduğunu göstərir. Mağaralarda və qayalardakı rəsmlərdən əlavə, burada yaşayış məskənlərinin olduğunu sübuta yetirən digər dəlillər, həmçinin qəbir daşları var.

Şirvan Milli Parkı

2003-cü ildə rəsmi olaraq qoruq statusu verilmiş Şirvan Milli Parkı əvvəllər yalnız Xəzər dənizinin sahilindəki əraziləri əhatə edirdi. İndi, onun ərazisi təxminən 54 min hektara qədər genişləndirilib. Bu qoruq Bakıdan cənubda yerləşir. Şirvan Milli Parkı əsasən yarımsəhra landşafta malikdir. Burada möhtəşəm qum təpələrini görə bilərsiniz. Onlar ceyranların gizlənməsi üçün gözəl şərait yaradır.

Təbiəti sevən turistlər burada çox sayda heyvan növləri görə bilər. Məsələn, tısbağalar, kirpilər, çöl pişikləri, çaqqallar və s. Quşların həyatı ilə maraqlanan qonaqlar isə Şirvan Milli Parkında qu quşları və flaminqoları seyr etmək imkanı əldə edəcək. Bununla yanaşı, bu qoruqda palçıq vulkanlarına da tez-tez rast gəlinir. Onlar arasında ən məşhuru Bəndovan palçıq vulkanıdır.

Abşeron Milli Parkı

Bakı şəhərinin Əzizbəyov rayon inzibati ərazisində 783 hektar ərazini əhatə edən Abşeron Milli Parkı yaradılıb. Bura Azərbaycanın möhtəşəm flora və faunasını görmək istəyən turistlər üçün ideal məkandır. Abşeron Milli Parkı quşların, həmçinin ceyranlar, çaqqallar, porsuqlar və Xəzər suitililərinin məskənidir. Quru çöl iqlimi bu qoruğun əksər hissəsini əhatə edir. Burada qum təpələri və qamışlıqlar çoxdur. Küləkli havada qamışlar sanki ot kimi yellənir, qum dənələri isə hər tərəfə diyirlənir. Bu zaman romantik mənzərə yaranır.

Bununla yanaşı, Abşeron Milli Parkı büllür kimi təmiz suyu ilə məşhurdur. Qoruğun suyu vəhşi təbiətlə vəhdət təşkil edir. Burada bəzən su ilanlarına belə, rast gəlinir.  

Bakı bulvarı

Azərbaycanın paytaxtına səfər edən turistlər Bakı bulvarına baş çəkməlidir. Burada çox sayda əyləncə növləri var. Bakı bulvarında qədim üslubda dizayn edilmiş çay evləri və kafelərə də rast gələcəksiniz. Saatlarla istirahət etmək, yerli dondurmadan dadmaqla dincəlmək üçün bura ideal məkandır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Times Kuwait


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az