23.06.2018 02:30
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Müsəlman ölkələrinə və bütün dünyaya örnək olan Azərbaycan qadınları

 
 



DIPLOMAT MAGAZINE, Niderland
08.03.2018


Müəllif: Covanni Visente Romero

Bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıda ölkədə ilk dəfə olaraq qadınlar üçün “Global Startup Weekend Women” tədbiri keçirilib. Tədbirdə ölkənin sürətlə inkişaf edən startap-ekosisteminin 50 aparıcı qadın sahibkarı iştirak edib. İnsan resursları və iş axtarışı sahəsində “TalentPort” startapını təqdim edən iki qadın yarışın qalibi olub və Parisdə qadınlar üçün təşkil olunmuş “Global Startup” həftəsində Azərbaycanı təmsil edib.

“TalentPort”u tələbələrə və fiziki imkanları məhdud insanlara bacarıqlarını mükəmməlləşdirmək, səmərəli əməklə məşğul olmaq üçün müvəqqəti iş yerləri təqdim edən ilk korporativ sosial məsuliyyətli Azərbaycan şirkəti kimi təsvir etmək olar. Şirkət qadın liderlərin müasir Azərbaycan cəmiyyətində qadınların hüquq və imkanlarının genişləndirilməsi işinə verdikləri dəyərli töhfələrin bariz nümunəsidir.

Bəs Azərbaycanda insan kapitalının inkişafı qonşu ölkələrdən necə fərqlənir? Əhalisinin əksəriyyəti müsəlman olan, Rusiya ilə İran arasında yerləşən Azərbaycan bir zamanlar müsəlman qonşularından fərqlənmirdi. Lakin 1918-1920-ci illərdə qısa müddət ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratdı.

Tanınmış polyak-amerikan tarixçisi Tadeuş Svetoxovski “Rusiya Azərbaycanı (1905-1920)” kitabında yazırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qəbul etdiyi Müəssislər Məclisi haqqında Qanun etnik azlıqların və siyasi qrupların proporsional təmsilçiliyini, ümumi seçki hüququnu nəzərə almaqla, faktiki olaraq Azərbaycanı müsəlman dünyasında qadınlara siyasi hüquqlar verən ilk dövlətə çevirib. Beləliklə, Azərbaycan qadınları Avropanın bir çox inkişaf etmiş ölkələrində və ABŞ-da olan həmcinslərindən daha əvvəl seçki hüququ əldə ediblər. Məsələn, ABŞ qadınlara anoloji hüququ yalnız 1920-ci ildə – Konstitusiyasına 19-cu düzəlişi qəbul etməklə verib.

Beləliklə, 1918-ci ildən etibarən qadınlar Azərbaycanda tərəqqi rəmzinə çevrilib. Bu ənənə XXI əsrdə də davam edir. Qeyd edək ki, 2000-ci ilin martında Azərbaycanın mərhum prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Bu sənəd qadınların hökumətdə, biznes və iqtisadiyyatda proporsional şəkildə, bərabərlik əsasında iştirakının təminini nəzərdə tutur. Bu qanun Azərbaycan cəmiyyətində qadınların rolunun artmasını təmin edib. Qeyd edək ki, hazırda ölkənin Nazirlər Kabinetinin üzvləri arasında zərif cinsin nümayəndəsi var. Bununla yanaşı, 125 deputatdan ibarət olan parlamentin 16%-i qadınlardır.

Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT Komitəsinin Azərbaycana dair hesabatına görə, 2014-cü ildə ölkədə qadınlar arasında yoxsulluğun səviyyəsi əvvəlki illərdəki 49%-dən 5,9%-ə düşüb. Bu, Azərbaycan qadınlarının ölkənin iqtisadi inkişafında bərabərhüquqlu şəkildə iştirak etdiyinin və mənfəət qazandığının göstəricisidir.

Azərbaycan cəmiyyətində təhsilə yüksək qiymət verilir – bu ölkədə qadınların 90%-i orta məktəbi bitirir. 2000-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın nəticəsidir ki, 2015-ci ildə Azərbaycan sahibkarlarının 18%-ni qadınlar təşkil edib.

Qeyd edək ki, Azərbaycan qadınları ölkənin Silahlı Qüvvələrində də xidmət keçir – 1000-ə yaxın qadın kişilərlə birlikdə orduda qulluq edir.

Zərif cinsin nümayəndələri üçün imkanların genişləndirilməsi siyasəti Azərbaycandakı azlıqlara da şamil olunur. Məsələn, Azərbaycan Ali Məhkəməsində vəzifə tutan qadınlardan birinin – Tatyana Aleksandrovna Qoldmanın yəhudi icmasının nümayəndəsi olması dövlət rəhbərliyinin etnik azlıqlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Ola bilər ki, Azərbaycan qadınları üçün ilham mənbəyi böyük nüfuza malik birinci xanım Mehriban Əliyevadır. O, həmçinin UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Onun xeyriyyəçilik fəaliyyəti isə Azərbaycanın hüdudlarını aşıb. Mehriban Əliyevanın 2004-cü ildən, yəni təsis olunduğu vaxtdan rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəni və iqtisadi inkişafın möhkəmlənməsinə, xüsusilə,  gənc qadınların rolunun artırılmasına mühüm töhfələr verib. Fondun səyləri nəticəsində Azərbaycanda və digər ölkələrdə, o cümlədən Misir, Rumıniya, Rusiya, Niderland, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər və məktəblər tikilib. Qeyd edək ki, 2017-ci ildə birinci xanım Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

Azərbaycan nümunəsi qadınlara münasibətdə stereotipləri aradan qaldırmağın, bərabərliyi təmin etməyin yollarını nümayiş etdirir. Bu nümunə dünyada bərabərliyi təmin etməyin yolunu da göstərir.

Qadınlar hakimiyyətin yüksək mövqelərində yer alırlar. Çünki onlar dövlət siyasəti və siyasi diskussiyanın inkişafı üçün zəruri olan bilik və təcrübəyə sahibdirlər. Qadınlar siyasi sistemdən irəli gələn qərarların reprezentativliyinin yaxşılaşdırılması, dünyamızda dərin kök salmış bir çox münaqişələrin həlli prosesinə töhfə verir və bəşəriyyəti gələcəyə aparırlar.

Azərbaycanın gələcəyi xorla yazılıbsa, qadınların səsi bu xorun ayrılmaz hissəsidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DIPLOMAT MAGAZINE


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az