10.12.2018 07:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
“Cənub Qaz Dəhlizi”: möhtəşəm layihə formalaşma prosesindədir

 
 



Eurasia Review, ABŞ
09.03.2018


Müəllif: Piter Teyz

“Qış gəlir” sözləri “Taxt-tac oyunları” serialının fanatları üçün böyük həyəcan yaradır. Bu sözlər müasir kino sənayesində ən çox işlədilən ifadələrdən biridir. Avropalı liderlər tərəfindənsə o, tamamilə başqa mənada işlədilir. Onlar qışda ölkələrini isti saxlamağa çalışır.

Rusiyanın qaz ixracında, həmçinin enerji sahəsindəki manipulyasiyaları Avropa ölkələrində qorxu yaradıb. Odur ki, Xəzər dənizindən İtaliyanın cənubuna qədər uzanacaq böyük layihə – “Cənub Qaz Dəhlizi” bir tədarükçünün hökmranlığına son qoya bilər.

Qışda Avropalı istehlakçıların qaza tələbatı təbii olaraq artır. Bu, Kremlə Rusiyanın dövlət şirkəti olan “Qazprom”un vasitəsilə siyasi manevrlər etmək imkanı verir. Xatırladaq ki, hələ 9 il əvvəl Rusiyanın qaz ixracını azaltması nəticəsində Şərqi Avropa ölkələrinə – Bolqarıstan, Yunanıstan, Makedoniya, Xorvatiya, həmçinin Ukraynaya böyük zərbə dəymişdi. 2009-cu ildə son dərəcə soyuq keçən qış fəslində rus qazının Avropaya tədarükünün dayandırılması nəticəsində isə təxminən 12 nəfər həyatını itirmişdi. Odur ki, avropalı liderlər rus qazından asılılığı azaltmaq məqsədilə alternativ enerji mənbələri axtarmağa başlayıb.

“Enerjiyə ac” Avropa ölkələri qazı əsasən Norveç, Şimali Afrika və Rusiyadan alır. Ümumiyyətlə, Moskva Avropanın qaz bazarının üçdə birinə nəzarət edir. Odur ki, Kreml öz enerji resursunu Avropa İttifaqı (Aİ), həmçinin ABŞ ilə münasibətlərdə əsas rıçaq hesab edir.

Bütün bunların nəticəsidir ki, Avropa Komissiyası hələ 10 il əvvəl yeni bir təşəbbüslə – “Enerji təhlükəsizliyi və həmrəylik üzrə fəaliyyət planı” ilə çıxış edib. Sənəddə Avropa ölkələrinə qaz idxalının şaxələndirilməsi prioritet elan edilib. “Cənub Qaz Dəhlizi” də Aİ-nin bir tədarükçüdən asılılığın azaldılması ilə bağlı yürütdüyü siyasətində mühüm elementlərdən biri kimi müəyyən olunub.

Uzunluğu 2175 mil olan “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz boru kəməri, Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərlərini birləşdirən meqalayihədir. Dünyada ən iri enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” 2020-ci ildən etibarən hər il 16 milyard kubmetr Azərbaycan qazını Avropaya nəql edəcək. İlkin mərhələdə bu dəhliz vasitəsilə nəql ediləcək qazın yeganə təchizatçısı Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağıdır.

16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, qalanı Şərqi Avropa ölkələrindəki istehlakçılara göndəriləcək. BP şirkətinin hesablamalarına görə, bu yataqda təqribən 1,2 trilyon kubmetr qaz və təqribən 2,2 milyard barrel kondensat ehtiyatı var. Bununla yanaşı, Aİ Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi bölgələrindəki potensial ixracatçılardan əlavə qaz alışı variantlarını da nəzərdən keçirir.

Bu günə Avropanın 9 ölkəsi “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql ediləcək Azərbaycan qazını idxal etmək öhdəliyi götürüb. Bu meqalayihə tam fəaliyyətə başladıqdan və ona başqa mənbələrdən də qaz vurulmasına start verildikdən sonra Avropa ölkələrinin idxalı kifayət qədər artıracaq. Avropa gələcəkdə bu kəmər vasitəsilə ildə 80-100 milyard kubmetr qaz idxal etmək niyyətindədir.

Ötən ay Avropa İnvestisiya Bankı TAP boru xəttinin tikintisi üçün 1,5 milyard avro kredit ayırmağa razılıq verib. Bununla da, bu möhtəşəm layihənin sonuncu hissəsi də reallığa çevrilib.

Barak Obama administrasiyasının dəstəklədiyi “Cənub Qaz Dəhlizi” layihəsinə Donald Tramp administrasiyası da dəstək verir. Prezident Obama hələ 2016-cı ilin iyununda Bakıda keçirilən illik neft və qaz sərgisi iştirakçılarına ünvanladığı məktubunda “Cənub Qaz Dəhlizi”nin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulamışdı. Dövlət katibi Con Kerri isə, öz növbəsində, 2016-cı ilin martında Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ABŞ hökumətinin “Cənub Qaz Dəhlizi”ni dəstəklədiyini dilə gətirmişdi.

2017-ci ilin mayında prezident Tramp Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisinin iştirakçılarına göndərdiyi məktubunda ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsinə sadiq olduğunu, bu layihənin başa çatdırılması üçün Azərbaycanın və beynəlxalq tərəfdaşlarının səylərini alqışladığını bildirmişdi. ABŞ-ın fəaliyyətdə olan xüsusi elçisi və Dövlət Departamentində beynəlxalq enerji məsələləri üzrə əlaqələndirici vəzifəsini icra edən Syu Saarnio da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısından sonra keçirilən mətbuat konfransında Ağ Evin mövqeyini bir daha təsdiqləmişdi.

Bütün bunlarla yanaşı, Tramp administrasiyası bu layihənin həyata keçirilməsində avropalı tərəfdaşlara dəstəyini nümayiş etdirmək üçün əlavə tədbirlər görməlidir. İlk növbədə ABŞ Dövlət Departamentində 2017-ci ilin yanvarınadək Karlos Paskual və Amos Hokştaynın tutduqları beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndə və koordinator vəzifəsinə təyinat olmalıdır. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan layihınin ABŞ üçün strateji əhəmiyyət kəsb etdiyini təsdiqləyərdi.

İkincisi, dövlət katibi Tillersonun bu il Bakıya səfər etməsi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşmasını təmin etmiş Bill Klinton administrasiyası dövründən bəri ABŞ-ın bu bölgə ilə bağlı strateji maraqlarını bir daha təsdiqləyərdi. Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan Bakını Avropanın paytaxtları ilə birləşdirir və onun vasitəsilə Azərbaycan nefti ABŞ-ın müttəfiqi olan İsrailə də nəql olunur.

Rəsmi Vaşinqtonun atacağı addımlar “Cənub Qaz Dəhlizi” layihənin Moskvanın və ya Tehranın təzyiqlərinin qurbanı olmayacağını təsdiqləyərdi.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eurasia Review


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az