23.06.2018 02:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Səfir: “Azərbaycan İsraillə müsəlman ölkələrinin əlaqələrində pionerdir”

 
 



Jns.org, ABŞ
12.03.2018


Müəllif: Şon Sevic

Elin Süleymanov 2011-ci ildən etibarən Azərbaycanın ABŞ-dakı əsas diplomatı, səfiri kimi fəaliyyət göstərir. O, 2005-2011-ci illərdə ölkəsinin Los-Ancelesdəki baş konsulu kimi çalışıb.

Uzun illərdir ABŞ-da fəaliyyət göstərən E.Süleymanov yəhudi icması ilə çox sayda görüşlər keçirib. 2015-ci ildə o, Amerika Yəhudi Komitəsinin sponsorluğu ilə həyata keçirilən proqram çərçivəsində İsrailə səfər edib. Bu yaxınlarda isə Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) illik siyasi konfransı çərçivəsində Qafqaz regionu ilə bağlı müzakirələrə qatılıb. Konfrans Vaşinqton şəhərində təşkil olunmuşdu.

Səfir İsrailin müsəlman dünyasında ən güclü və ən köhnə müttəfiqlərindən olan Azərbaycanın nümayəndəsi kimi, “JNS” nəşrinə müsahibəsində ölkəsinin yeganə yəhudi dövləti olan İsraillə nadir əlaqələri, həmçinin regionun və dünyanın müxtəlif hissələrindəki problemlər haqda danışıb.

- İsraillə Azərbaycan arasındakı əlaqələri necə qiymətləndirirsiniz?

- İki ölkə arasında güclü əlaqələr var və bu münasibətlər getdikcə genişlənir. Şəxsən mən Azərbaycanla İsrail arasında əlaqələrin daha da genişlənməsini istərdim. Bu, həm Azərbaycan, həm İsrail, həm də bütün region üçün yaxşı olardı.

İki ölkə arasında enerji və təhlükəsizlik kimi sahələrdə münasibətlər həmişə güclü olub. Lakin kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində də əlaqələrin genişləndiyini görürük. Ölkəmizdə quraq ərazilər var və İsrailin damcı suvarma sistemi kimi texnologiyaları bu problemin həllində bizə çox kömək edir. Müasir texnologiyalar və kənd təsərrüfatı ölkəmiz üçün böyük əhəmiyyətə nalikdir. Buna görə biz israilli tərəfdaşlarımıza minnətdarıq.

Əlbəttə ki, yüksək texnologiyalar sahəsi də çox önəmlidir.. Bilirik ki, İsrail “startup” ölkəsidir. Ölkəmiz “startup mədəniyyəti”ni inkişaf etdirməyə çalışır. Hesab edirəm ki, İsrailin ərazisinin ölçüsünə, yerləşdiyi regiona və mədəniyyətinə görə, onun təcrübəsi bizim üçün daha uyğundur.

- Son illərdə İsraillə ərəb-müsəlman qonşuları arasında isti münasibətlər yaranıb. Bu ölkənin Azərbaycanla münasibətləri onun müsəlman dünyası ilə əlaqələri üçün model ola bilərmi?

- Müəyyən mənada, iki ölkə arasında əlaqələr İsrailin digər müsəlman ölkələrilə münasibətlərindən fərqlənir. Ölkəmizdə 1500 illik tarixi olan yəhudi icması yaşayır. O, Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Bununla yanaşı, ölkəmiz müxtəlif dinlər üçün tolerant məkan kimi tanınır.

Siz Azərbaycana səfər edə və dini inancınızdan asılı olmayaraq, müzakirələr apara bilərsiniz. Ölkəmizdə islam həmrəyliyi anlayışı digər dinlərə də aiddir. Bu, müstəsna hal deyil və hər sahəni əhatə edir.

Bir müddət əvvələdək İsrailin digər müsəlman ölkələrilə əlaqələr qurması bir arzu idi. Hazırda isə İsraillə müsəlman dünyası arasında daha sıx münasibətlərin olduğunu görürük. Azərbaycan bu sahədə qabaqcıl dövlətdir. Müəyyən mənada, ölkəmiz bu sahədə sanki qapıları açıb. Lakin hazırda bu əlaqələr o qədər geniş və arzulandığı qədər dərin deyil. Azərbaycan bu sahədə daha çox iş görə bilər. İsrailin müsəlman dünyası ilə əlaqələrinə nümunə olduğumuz üçün şadıq.

- Ölkənizin Netanyahunun, ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasını dəyişmək, yaxud ləğv etməklə bağlı çağırışlarına münasibəti necədir?

- Ölkəmiz həm İran, həm də ki Rusiya ilə həmsərhəd olan yeganə dövlətdir. Azərbaycan hər zaman qonşuları, o cümlədən bu iki ölkə ilə yaxşı əlaqələr qurmağa çalışıb. Nüvə razılaşması ilə bağlı səylərə görə də çox şad idik. Hesab edirəm ki, bu istiqamətdə yaxşı səylər göstərilib. Hazırda müqavilə də mövcuddur. Bu, həll edilmiş məsələdir. Bu müqavilə beynəlxalq birliyin əsas üzvləri tərəfindən razılaşdırılıb və imzalanıb.

Bununla yanaşı, hesab edirəm ki, həmin müqavilə hazırlanan zaman ABŞ-ın müttəfiqləri və region ölkələri ona daha çox töhfə verə bilərdi. Odur ki, əgər Obama administrasiyası nüvə razılaşması ilə bağlı müzakirələrə daha çox tərəfdaşlarını və müttəfiqlərini cəlb etsəydi, bu gün bu məsələ ilə bağlı tənqidlər daha az olardı.

Çox güman ki, bu sahədə irəli getmək üçün konsensus yolunu tapmalıyıq. Nüvə silahının yayılması çox təhlükəlidir. Ölkəmiz bu silahın yayılmasının qarşısının alınması üşün səylərin göstərilməsindən məmnundur. Əgər bu razılaşma nüvə və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alacaqsa, demək o, müsbət sənəddir.

- İsrailin Bakıda səfirliyi var. Bəs, Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı nə deyə bilərsiniz?

- Uzun illərdir bu məsələni israilli həmkarlarımızla müzakirə edirik. Düzdür, bu, mənim səlahiyyətimə aid deyil. Lakin ölkəmizin İsraildə səfirlik açacağına ümid edirəm.

Yerusəlimlə bağlı beynəlxalq birliyin mövqeyi var. Bir çox beynəlxalq təşkilatlar kimi, Azərbaycan da bölgədəki problemin həllində iki dövlət prinsipini dəstəkləyir. Problemin iki dövlət prinsipi ilə həlli o deməkdir ki, hər iki paytaxtın statusu danışıqlar çərçivəsində israillilərlə fələstinlilər tərəfindən müəyyən olunacaq. Mövcud vəziyyət beynəlxalq münasibətlərdə müəyyən qeyri-müəyyənlik yaradır.

Əlbəttə hamı bilir ki, yəhudi xalqının İsrail və Yerusəlimlə güclü əlaqələri var. Bu şəhər həmişə yəhudi xalqının rəmzi olub. Hesab edirəm ki, buna hörmətlə yanaşılmalıdır.

Eyni zamanda, məsələ Fələstinlə siyasi danışıqlar yolu ilə həll edilməlidir. Əlbəttə, danışıqlar çərçivəsində Fələstin tərəfinin istək və tələbləri nəzərə alınmalıdır. Bu problemin həllində irəli getməyin yollarını deyə bilmərəm. Amma ümid edirəm ki, ABŞ-ın İsraildəki səfirliyini Yerusəlimə köçürməklə bağlı qərarı israillilərlə fələstinlilər arasındakı danışıqlarla üst-üstə düşəcək. Onlar bir medalın iki üzüdür. Problemi onlardan biri olmadan həll etmək mümkün deyil.

- Azərbaycanla İsrail arasında əlaqələrin gələcəyini necə görürsünüz?

- İki ölkə arasındakı əlaqələrin mahiyyətinə görə Azərbaycan İsrail üçün unikal tərəfdaşdır. Bu münasibətlər heç bir dövlətə qarşı yönəlməyib. Çünki yəhudilərlə azərbaycanlılar əsrlər boyu birgə yaşayıb, güclü dostluq və tərəfdaşlıq münasibətləri qurub. Nəticədə hazırda həm iki xalq, həm də iki dövlət arasında bu cür əlaqələr mövcuddur.

Biz bu nümunədən istifadə etməliyik. Hesab edirəm ki, həm İsrailin nailiyyətlərini, həm də müsəlman ölkələri üçün nümunə olan, tolerant və açıq cəmiyyətə malik Azərbaycanın uğurlarını qeyd etməliyik. İsraillə əlaqələr qurarakən bir məsələni başa düşmək lazımdır: müsəlman olmaq antiisrail mövqeyində olmaq anlamına gəlmir. Müsəlmanlarla yəhudilər şanlı birgəyaşayış tarixinə malikdir. Müsəlmanlar orta əsrlərdə yüzilliklər boyu yəhudiləri müdafiə edib. Bunu unutmamalıyıq və bu ənənəni inkişaf etdirməliyik.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Jns.org


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az