10.12.2018 07:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Saakaşvili, Tbilisi və mən... bir də əsrarəngiz Bakı

 
 



Əl-Əhram, Misir
13.03.2018


Müəllif: Osman Fikri

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, hörmətli dostum Adil İbrahimin etimadnaməsini təqdim etməsi, bununla bağlı təşkil edilən mərasimin səviyyəsi, onun fəxri qarovulun önündən keçməsi barədə xəbərləri oxuduqca çox sevinirdim. O, Misir diplomatiyasının aslanı, bacarığı və mədəniyyəti ilə seçilən Samih Şükrinin rəhbərlik etdiyi qədim Misir diplomatiyasının xadimlərindən biridir.

Adil İbrahim bir neçə dost ölkədə uğurla işləmiş təcrübəli diplomatdır. Ona gözəl Azərbaycan dövlətindəki fəaliyyətində uğurlar arzulayırıq. Azərbaycanla Misiri inkişaf edən sıx, getdikcə daha da güclənən əlaqələr və əməkdaşlıq münasibətləri bağlayır.

Bu sevinc anında 2012-ci il martın 11-də gözəl paytaxt Bakıda keçirdiyim bir neçə saatı xatırladım. O zaman Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidən müsahibə almaq üçün oraya getmişdim. İki gün davam edən səfərdən vətənimə qayıdarkən yolüstü Bakıda idim.

Bu səfər mənim üçün maraqlı təcrübə idi. Məni Saakaşvilidən müsahibə almağa Gürcüstan təcrübəsi və inqilabı ilə 2011-ci il inqilabından sonrakı Misir təcrübəsi arasındakı oxşarlıq sövq etmişdi. Saakaşvilinin keçmiş Sovet İttifaqı respublikalarından birində baş vermiş inqilabın lideri olduğunu təsəvvür etsəm də, əslində bu şəxsə rəğbət bəsləmirdim.

Bilməyənlər üçün deyim ki, Saakaşvili Sovet İttifaqının dağılmasından sonra ölkəsinin üçüncü prezidenti seçilməmişdən əvvəl xalq etirazı hərəkatının önündə olub. Məhz bu hərəkat tezliklə, “Ərəb baharı” inqilabları kimi, “Qızılgül inqilabı”na çevrilib. Nəticədə Eduard Şevardnadzenin dövründə ədliyyə naziri olmuş Saakaşvili ona qarşı çıxaraq, hakimiyyəti korrupsiyada, saxtakarlıqda ittiham edib.

Nəhayət, 2004-cü ildə Saakaşvili Gürcüstan prezidenti seçilib. O, ingilis dilində səlis danışır. ABŞ universitetlərini bitirib. Onun dövründə Gürcüstan Qərbə və ABŞ-a meyl etməsilə yadda qalıb. Bu, əlbəttə ki, Rusiyanın xoşuna gəlmirdi.

2008-ci ildə Saakaşvili seçicilərin 53%-nin səsini toplayaraq, ikinci dəfə Gürcüstan prezidenti seçilib. Demək, o, populyarlığını itirməmişdi.

Sonralar onun ölkəsi Rusiya ilə dağıdıcı müharibəyə cəlb olunub. Daha sonra o, vətəndaşı olduğu Ukraynaya qaçıb. Orada müxalifət partiyası yaratmağa çalışsa da, həbs olunub. Beləliklə, Saakaşvili haqqında həm Gürcüstanda, həm də Ukraynada cinayət işi açılıb...

Əslində, məqaləmin mövzusu Saakaşvili deyil. Mövzu budur: Gürcüstanın paytaxtı Tbilisidə olduğum 2 gün ərzində dərin məyusluq yaşamışdımsa, Azərbaycanın paytaxtı Bakıda qaldığım cəmi 3 saatda bunun tamam əksini yaşadım. Qahirəyə qayıdacağım reysə gecikməmək üçün aeroporta yaxın meydanlarda gəzirdim. Təəssüf ki, Bakıdan Qahirəyə birbaşa uçuşlar yoxdur.

Yuxusuzluqdan doğan böyük yorğunluq və gərginliyə baxmayaraq, Azərbaycanın əsrarəngiz paytaxtı Bakı məni başqa şəhərlərdə, Avropa paytaxtlarında şahidi olmadığım qəribə bir rahatlıq hissinə bürümüşdü. Bura sanki hər şeyi qoynuna almış sehrli şəhərdir. Sanki burada şəfa tapmaq üçün lazım olan sehrli bir mühit var. Bakı müasir, gözəl, təmiz, səliqəli Avropa şəhəridir. Orada Parisdən, Berlindən, Qahirədən də nəsə var, Beyrutun, İskəndəriyyənin, Afinanın ruhundan da. Bir sözlə, Azərbaycanın sehirli paytaxtı Bakıda keçirdiyim 3 saat məyusluğumu tam aradan qaldırmışdı...

Yorğunluğuma baxmayaraq, özümdə daxili ahəngimi bərpa edən qəribə bir dinclik hiss edirdim. Etiraf edim ki, əsrarəngiz Bakıda şahidi olduqlarımın bəzisini – nizam-intizamı, təmizliyi, inkişafı, sakitliyi, yol keçənlərin, vətəndaşların üzlərindəki təbəssümü Qahirədə də görmək istərdim...

Bizim Qahirədə və ya İskəndəriyyədə onları dünyanın ən gözəl şəhərlərindən birinə çevirən görməli yerlər, tarixi və arxeoloji abidələr var. Paytaxt Bakıya görə isə Azərbaycana afərin! Biz də Misirdə, heç olmasa, bir Bakı görməyi arzu edirik!! Misirin Azərbaycanla, eləcə də Orta Asiyanın qalan respublikaları ilə əlaqələrinin bütün sahələrdə inkişaf etməsini arzulayırıq. Allah yardımçıdır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Əhram


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az