22.09.2018 08:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycanda Novruz

 
 



IRNA, İran
23.03.2018


Azərbaycanda Novruz bayramı böyük təntənə ilə qeyd olunur. Bu ölkənin Novruz adət-ənənələrinin İranda keçirilən Novruz mərasimlərilə oxşarlığı və yaxınlığı digər qonşu ölkələrdən daha çoxdur.

IRNA agentliyinin məlumatına görə, Azərbaycan Nazirlər Kabineti 20-26 mart tarixlərini Novruz bayramı münasibətilə qeyri-iş günü elan edib. Azərbaycan xalqı ölkənin müstəqillik qazanmasından bəri 27 ildir ki, Novruz bayramını rəsmi və təntənəli şəkildə qeyd edir.

Azərbaycanın müstəqillik əldə etməsindən sonra hökumətinin milli-mənəvi dəyərlərin bərpası istiqamətində atdığı ilk addımlarından biri ölkədə Novruz və Qurban bayramlarının rəsmi şəkildə qeyd edilməsi olub. Bir sözlə, 1991-ci ildə Sovet İttifaqının süqutu və Azərbaycanın müstəqillik qazanması ölkə üçün milli-mənəvi dəyərlərin, dini mərasimlərin bərpası üçün imkana çevrilib.

Əslində isə, Azərbaycanda Novruz bayramının keçirilməsi tarixi İranda olduğu kimi, bir neçə min il əvvələ gedib çıxır. Bu bayram xalqın milli adət-ənənələrindən biri sayılır. Sovet hakimiyyəti dövründə Azərbaycanda bu sahədə də xüsusi məhdudiyyətlərin olmasına baxmayaraq, xalq öz milli-mənəvi adət-ənənələrinə, o cümlədən Novruz ayinlərinə bağlı qalıb. Həmin illərdə də xalq bu bayramı müxtəlif formalarda keçirib. Bununla yanaşı, 70 illik Sovet hakimiyyəti dövründə Azərbaycanda Novruz bayramı ilk dəfə 1966-cı ildə rəsmi şəkildə qeyd olunub. Lakin sonrakı illərdə Sovet rejiminin ideoloqları onun keçirilməsinə yenidən mane olublar.

O dövrdə Novruz bayramının mərasimləri və adətləri daha çox Azərbaycan xalqının folklorunda, şifahi xalq ədəbiyyatında qorunub saxlanılıb. Bu, indi də ölkədə geniş yayılıb.

Hazırda Azərbaycanda Novruz bayramına hazırlıq “Kiçik çillə” adlanan gecədən başlayır. Həmin gündən etibarən hər kəs Novruz bayramına hazırlaşır. İlk Novruz mərasimləri bayramdan əvvəlki 4 çərşənbə axşamında qeyd edilir. Xalq Novruz bu 4 çərşənbə axşamını ardıcıllıqla “Od çərşənbəsi”, “Su çərşənbəsi” “Torpaq çərşənbəsi” və “İlaxır çərşənbə”, yaxud “Yel çərşənbəsi” adlandırır. Bu ənənə od, su, torpaq və yel elementlərindən gəlir. Bu, baharın gəlişi və qış fəslinin başa çatması ilə bağlı inanca dayanır. Əvvəlcə od qalanır, külək onu dağlara aparır, nəticədə qar əriyir və yaranan su dağların yamaclarına, çəmənliklərə axaraq torpağa yeni nəfəs verir. Bununla da torpaqdan yeni həyat “cücərməyə” başlayır.

İlaxır çərşənbədə, İranda keçirilən “Suri çərşənbə” mərasimində olduğu kimi, insanlar həyətlərdə, məhəllələrdə tonqal qalayır, insanlar tonqalın üzərindən atılaraq “Qada-bəlam oda tökülsün” deyir. Burada 4 çərşənbə axşamının hər biri xüsusi maraqla keçirilir və həmin gecə Bakının demək olar ki, bütün məhəllələrində, eləcə də digər şəhər və rayonlarında Novruz ayinlərini müşahidə etmək mümkündür.

Bir sözlə, Azərbaycan xalqı çərşənbə axşamı adətlərinə xüsusi dəyər verir və diqqət yetirir. Həmin günlərdə axşam süfrəsinə müxtəlif yeməklər düzülür. Qədim Novruz inanclarına görə, İlaxır çərşənbə və bayram süfrəsində müxtəlif yeməklərlə yanaşı, mütləq balıqdan hazırlanmış yemək olmalıdır. Bayramdan bir neçə gün əvvəl səməni əkmək üçün buğda islatmaq Azərbaycanda əsas Novruz ayinləri və rəmzlərindən sayılır. Səməni Azərbaycanda Novruz bayramının əsas atributlarından biridir. Bu üzdən həmin günlərdə bütün mağazalarda, meyvə dükanlarında səməni satılır. O, adətən İlaxır çərşənbədə və Novruz bayramı günü süfrəyə qoyur. Adətə görə, bayram süfrəsində adı “S” hərfilə başlayan 7 nemət olmalıdır. Amma bu ənənəyə o qədər də riayət olunmur.

Papaq atmaq mərasimi İlaxır çərşənbədə əsasən oğlanların iştirak etdiyi adətlərdəndir. Onlar qonşuların qapısını döyür, ev sahibi onların papağına şəkərbura, paxlava, fındıq, alma, və s. qoyur. Bəzi qızlar isə həmin gecə qulaq falına çıxır. Onlar gizlicə qonşun qapısından evdə danışılanlara qulaq asır və eçitdiklərini yozmağa çalışır.

Novruzdan öncə hər kəs ev-eşiyi silib-süpürür. Sonuncu çərşənbə axşamı dünyadan köçmüş valideynlərin və yaxınların qəbirlərinin ziyarət edilməsi, nişanlı bəyin ailəsi tərəfindən gəlinin evinə xonça göndərilməsi, bəyin, onun valideynlərinin və yaxınlarının nişanlı qızın evinə qonaq getməsi bayram ənənələrindəndir.

Hər il Novruz bayramının ilk günündə Azərbaycan prezidentinin və digər rəsmilərin iştirakı ilə Bakının tarixi hissəsi olan İçərişəhərin girişində və Xəzər dənizinin sahilindəki milli parkda təntənəli mərasim keçirilir. Həmin günlərdə Bakıda və Azərbaycanın digər rayonlarında müxtəlif mədəni-incəsənət festivalları da keçirilir.

Şənlikləri Bakıda daha çox paytaxtın tarixi və görməli yeri sayılan, şəhər sakinləri, eləcə də xarici turistlər üçün olduqca maraqlı məkan hesab olunan İçərişəhərdə müşahidə etmək mümkündür. Azərbaycan xalqının tarix boyu Novruz bayramına yüksək qiymət verməsi bu bayramın milli folklorda geniş əksini tapmasına səbəb olub.

Azərbaycan prezidenti İlham Əliyev əvvəlki illərdə olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində xalqı bayram münasibətilə təbrik edib.

Azərbaycanda Novruz adətləri və mərasimləri İranla eyni olduğundan, bu günlərdə çox sayda İran vətəndaşı Bakıya və Azərbaycanın digər şəhərlərinə bayram səfərinə yollanır. Azərbaycanın müvafiq qurumları Novruz günlərində ölkəyə turist, bayram səyahətlərini təşviq etmək üçün xüsusi tədbirlər görür. Məsələn, Azərbaycanın AZAL aviaşirkəti Novruz bayramı ərəfəsində İranın Təbriz və Urumiyyə şəhərlərinə uçuşlar təşkil edib.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da Bakıda və ölkənin digər bölgələrində iranlı turistlər üçün xüsusi tədbirlərin nəzərdə tutulduğunu bildirib.

Rəsmi statistikaya əsasən, 2017-ci ilin birinci yarısında Azərbaycana 180 mindən çox iranlı turist səfər edib. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 89% çoxdur.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az