10.12.2018 07:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
“Leyli və Məcnun”: Azərbaycanın əsrlərə uzanan operası

 
 



The Washington Post, ABŞ
28.03.2018


Müəllif: Sara L.Kaufman

Klassik Azərbaycan əsəri olan “Leyli və Məcnun” bir-birini sevən gənclərin sevgisi və bu sevgiyə müdaxilə edən valideynləri haqdadır. Əsər “Romeo və Cülyetta” ilə müqayisə edilir. Martın 22-də Kennedi Mərkəzinin “Opera Evi”ndə Mark Morrisin rəqs qrupu bu əsəri canlandırıb. “İpək Yolu” ansamblının incə musiqisi, iki məşhur Azərbaycan müğənnisinin ifası və Morrisin möhtəşəm rəqs qrupunun enerjisi “Leyli və Məcnun”a böyük estetiklik verib.

Bu operada dərin mənalı səmimiyyət və kədər var. “Leyli və Məcnun”un maraqlı məqamlarından biri də sevgililərin demək olar ki, bir-birinə toxuna bilməməsidir. Onların əməllərinin əsasında cismani istək dayanır. Lakin görünür, Morrisi insana təsəlli verən sevginin daha çox mənəvi gücü maraqlandırır. O, bizə obrazların cavabsız qalan istəklərini, sükutla ifadə etdikləri razılıqları təqdim edir.

Morrisin bu bir saatlıq işi onun əvvəlki tamaşalarına, yaddaşlarda qalmış digər rəqs performansına bənzəmir. Burada musiqiçilər səhnədə oturub. Səhnənin mərkəzində isə ata ilə qızı – Alim Qasımov ilə Fərqanə Qasımova sanki kral və kraliça kimi əyləşiblər. Rəqqaslar solistlərin ətrafında – həm arxasında, həm önlərində hərəkət edir. Bəzənsə onlar musiqiçilərin arasından sərbəst dolaşır.

Belə tamaşanın idarə edilməsi üçün qüsursuz hissiyata ehtiyac var. Bu isə Morris üçün heç zaman problem olmayıb. O, qeyri-adi, sərbəst və dəyişkən üsluba malikdir.

Sevgililərin bir-birinə qovuşmasına maneələr tamaşanın lap əvvəllində göstərilir. Biz qadağan olunmuş sevgi hekayələrinin necə cərəyan etdiyini bilirik. Bu üzdən bu tamaşanın da necə cərəyan edəcəyini əvvəldən təxmin edə bilərsiniz. Amma “Leyli və Məcnun” sadəcə sürgün və ya ayrılıqdan bəhs etmir. Əsər cəmiyyətdə mövcud olan ən ciddi şəxsi problemləri ortaya qoyur. Bunlar həyat axınının bir hissəsidir və insanlarda ruh düşkünlüyü yaradır.

Bəs Morris bunları göstərmək üçün nələr edib? Birincisi, o, insanı hipnoz edən musiqidən çox ustalıqla yararlanıb. Qeyd edək ki, Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını cəmi 23 yaşında olarkən yazıb.

Opera 3 saat davam edir. Amma “İpək Yolu” ansamblı əsəri 1 saatadək azaldıb. Nəticədə sakit, musiqiçilərin yanğılı ifası ilə gözəl ahəngə malik ton yaranıb. Bu əsərdə təkrarlanan rəqs növlərindən biri baletdir. Həmin baletlərdə Aaron Koplanda məxsus zərif və keyfiyyətli xüsusiyyələr hiss olunur.

“Leyli və Məcnun” operasında həm harmoniya, həm də dram var. Səhnəni şamlar işıqlandırır. Rəssam Qovard Hodjkinin tamaşa üçün işıqlı bir fon hazırlayıb. O, səhnənin arxa hissəsini qırmızı və yaşıl rənglərlə bəzəyib. Qadın rəqqaslar səhnəyə tünd qırmızı geyimdə, kişilərsə mavi köynək və ağ şalvarda çıxır.

Əsər 5 pərdədən ibarətdir və onun hamısına hazırlıq yüksək səviyyədədir: “Sevgi və ayrılıq”dan tutmuş, “Valideynlərin qınağı”na və “Leylinin istəmədiyi halda, evlənməsi”nədək.

Rəqqaslar müxtəlif pərdələrdə sevən şəxsləri təsvir edir. Ansambl üzvlərindən seçilmələri üçün uzun şərflər də taxıblar. Rəqs bitdikdən sonra onlar səlis şəkildə çəkilir və əvəzlərinə səhnəyə digər rəqqaslar çıxır.

Bir sözlə, “Leyli və Məcnun” operası universal əsərdir: insanın ruhu daim öz sevgisini axtarır, ali qüvvəyə can atır və ya sadəcə olaraq, ruh qəlbin köməkçisidir.

Ansambl rəqqasları izləyir. Bəzən elə görünür ki, musiqiçilər sanki öz aralarında pıçıldaşır, rəqqasların “arxasınca” danışır. Bir-birini sevən şəxslərsə izləndiklərini anlamır və ya sadəcə, bunu qəbul edirlər...

Morris bu əsər üçün sanki yeni dil yaradıb. Bu, onun üçün tipik haldır. Morris baletə xas yüksək qamət və ayaq hərəkətlərini müasir rəqs azadlığına xas bədən hərəkətləri və ağırlıq hissi, əsrlərlə tarixə malik olan sufi ənənələrinin təsir göstərdiyi Yaxın Şərq rəqsilə birləşdirib.

Rəqqasların musiqi duyumu möhtəşəmdir. Morrisin rəqqaslarından əslində elə bu gözlənilir. Bəzən insana elə gəlir ki, rəqqasların əlində musiqi aləti də var. Hərəkətlərin son dərəcə incə olması, rəqslə musiqi arasındakı vəhdət bizə Azərbaycan dilində oxunan bu əsərdəki emosiyanı hiss etdirir.

Əsər bir-birini dəlicəsinə sevən sevgililər haqda olsa da (“məcnun” “divanə” deməkdir), məndə 2 məqam daha böyük təəssürat yaradıb: dürüstlük və ləyaqət.

Bəs Leyli ilə Məcnundan bizə nə qalacaq? Heç nə və əslində, çox şey. Tamaşanın sonundakı tüstü, kölgə və sakitlik bizi dərin düşüncələrimizlə baş-başa buraxır...

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Post


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az