22.09.2018 08:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycanın geoiqtisadi perspektivləri: ənənəvi, yoxsa yeni bazarlar?

 
 



Moderndiplomacy, Aİ
29.03.2018


Müəllif: Azər Həsənli

Dövlətlər qlobal geoiqtisadi dəyişikliklər fonunda lazım olan mövqeni tutmaqda ciddi problemlərlə üzləşir. Azərbaycana gəlincə, bu problemlər dahan çox regional geosiyasi disbalansla, həmçinin ölkə iqtisadiyyatındakı struktur problemlərilə bağlıdır.

Azərbaycan müstəqillik əldə etdiyi andan xarici iqtisadi əlaqələr qurmaq istiqamətində bir çox addımlar atıb. Bu, ölkənin milli maraqlarına uyğun, maksimum iqtisadi mənfəət əldə etmək məqsədilə edilib. Həqiqətən də ölkə ötən illər ərzində neft bumu sayəsində iqtisadiyyatını gücləndirib, coğrafi üstünlük əldə edib. Bir sözlə, neft bumu Azərbaycanın regional geoiqtisadiyyatda əsas mərkəzə çevrilməsinə imkan verib.

Azərbaycan coğrafi mövqeyini daha da gücləndirmək, qlobal iqtisadiyyatda müşahidə olunan böyük yenidənqurma prosesində daha yaxşı mövqe tutmaq məqsədilə, hazırda çoxşaxəli geoiqtisadi inkişaf strategiyasını həyata keçirir. Ölkənin orta və uzunmüddətli iqtisadi hədəfləri əhatə edən siyasətinə nəzər yetirən zaman açıq-aydın görünür ki, o, geoiqtisadi dəyişikliklər zamanı yaranan “yeni oyun qaydaları”na uyğunlaşa bilir.  

Bununla yanaşı, Azərbaycanın coğrafi mövqeyi ona heç də hər zaman üstünlük vermir, əksinə, mane olur. “Məkan” anlayışına istinad edən zaman görürük ki, Azərbaycan geoiqtisadi dayanıqlılığını təmin edəcək bölgələrinin sayı o qədər də çox deyil. Lakin coğrafi hövzələrdə hökmranlığa əsaslanan geosiyasətdən özündə maliyyə və ticarət axınına nəzarəti ehtiva edən geoiqtisadiyyata keçid, ölkəyə bu problemi həll etmək üçün gözəl imkanlar yaradır. Azərbaycan son illərdə enerji resusrlarının nəqli və ticarət-logistika ilə bağlı layihələri uğurla həyata keçirməklə, iqtisadi inkişafın yeni mərhələsində böyük iş görüb. Bütün bunların fonunda ortaya belə bir sual çıxır: Azərbaycan üçün əsas hədəf hansı bazarlar, hansı “geoiqtisadi məkanlar” olmalıdır?

Azərbaycanın təşəbbüsü və ya dəstəyilə son 2 onillikdə həyata keçirilmiş transregional layihələrin qiymətləndirilməsi zamanı məlum olur ki, bu layihələr Avropa İttifaqının (Aİ) bir neçə marşrutdan asılılığını azaltmağa, Aİ üzvlərilə Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi üçün lazımi infrastrukturun yaradılmasına yönəlib. Bu, Azərbaycan üçün istər strateji, istərsə də iqtisadi baxımdan sərfəlidir. Çünki bu halda o, Avropa bazarlarına daha asan çıxış əldə edəcək, eyni zamanda, infrastruktur sahəsində Sovet İttifaqı dönəmindən qalmış problemləri aradan qaldıracaq. Amma artıq qeyd etdiyim kimi, hazırkı geoiqtisadi yenidənqurma prosesi Azərbaycanın geoiqtisadi genişlənmə strategiyasına yeni istiqamətlər, keyfiyyətli xüsusiyyətlər əlavə etməsi zərurətini də yaradır.

Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2016-ci ilin sonunda qəbul edilmiş, ölkə iqtisadiyyatının perspektivlərilə bağlı olan Strateji Yol Xəritəsi yuxarıda verdiyim suala cavab tapmaq üçün yaxşı bələdçi sayıla bilər. Sirr deyil ki, son illərdə Avroatlantik regiondan Asiya-Sakit okean regionuna doğru geoiqtisadi dəyişikliklər baş verir. Tədricən baş verən bu dəyişikliklər uzunmüddətli prosesdir. O, Çinin iqtisadi genişlənməsi və ya Cənubi Koreyanın uğur hekayəsilə məhdudlaşa bilməz.

Dünya Bankının hesabatına əsasən, 75 trilyon dollarlıq qlobal iqtisadiyyat gələcək 3 ildə 6,5 trilyon dollar artacaq. Proqnozlara görə, 2018-2020-ci illərdə Çinlə Hindistan real ümumdaxili məhsulun artımına görə dünyada ilk üçlükdə olacaqlar. Bununla yanaşı, Türkiyə, İndoneziya, Cənubi Koreya və Yaponiyada da real ümumdaxili məhsulun artacağı proqnozlaşdırılır. Görünən odur ki, inkişaf etməkdə olan Asiya ölkələri Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə əsasən, 1980-2020-ci illərdə qlobal ümumdaxili məhsuldakı paylarını 4 dəfə artıracaqlar.

Bu rəqəmləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycan inkişaf etməkdə olan Asiya bazarlarına çıxış yollarını asanlaşdırmaqla, böyük üstünlük əldə edə bilər. Bundan əlavə, ölkənin orta və uzunmüddətli iqtisadi perspektivdə qlobal istehsal-satış zəncirlərinə qoşulmanı sürətləndirilməsi də strateji hədəflərdən biri kimi qeyd edilir. Bu bazarlara inteqrasiya nəticəsində Azərbaycan daha çox mənfəət əldə edəcək. Üstəlik, bu mənfəət valyuta, yaxud maliyyə gəlirlərilə məhdudlaşmayacaq. Daha böyük perspektivli nəqliyyat layihələri olan “Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizlərinin reallaşdırılması sahəsində artıq böyük uğurlar əldə olunub və bu yolların tikintisinin yaxın gələcəkdə başa çatdırılacağı gözlənilir. Bu layihələrin həyata keçirilməsi də Azərbaycanın geoiqtisadi əhəmiyyətini artıracaq.

Ölkənin son iki onillikdə bu istiqamıətdə davamlı səylər göstərdiyini deyə bilərik. İlham Əliyevin də dediyi kimi, Avropa ilə Asiyanın arasında yerləşən Azərbaycan Avrasiyada qabaqcıl nəqliyyat qovşaqlarından biri olmaq üçün coğrafi mövqeyindən ağıllı şəkildə istifadəni davam etdirəcək. Dövlət başçısının sözlərinə əsaslanaraq deyə bilərik ki, ölkə geoiqtisadi genişlənməni davam etdirəcək.

Dövlətlərin milli maraqlarında əsas prioritet regional inteqrasiyada effektiv mövqe tuta bilməkdir. Azərbaycanın geoiqtisadi genişlənmə strategiyasında da bu, əsas istiqamətlərindəndir. Bu baxımdan, inteqrasiya prosesində müstəqilliyin qorunması ölkənin xarici iqtisadi və ticari əlaqələrində zəruri məsələrdəndir.

Bakı regionun digər ölkələrindən fərqli olaraq, inteqrasiya ilə bağlı qərarları müstəqil qəbul edir. Onun hazırkı mövqeyinə əsasən deyə bilərik ki, Azərbaycanın xarici və daxili strateji iqtisadi hədəfləri onun belə inteqrasiya hərəkatlarına qoşulmasını zəruri edir. Bakının belə inteqrasiya proseslərində sadəcə nominal üzv kimi iştirakı onun iqtisadi hədəflərinə cavab vermir.

Azərbaycanın makroiqtisadi və xarici ticarət perspektivlərinə gəlincə, ölkə 2004-2014-cü illərdə bu sahədə də böyük uğurlar əldə edib. 2014-cü ildən sonra neftin qiymətinin düşməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Lakin hökumət ölkə iqtisadiyyatında balans yaratmaq üçün lazımi addımları atır. Bu, yalnız makroiqtisadi göstəriciləri inkişaf etdirməklə yox, həm də ölkənin xarici ticarət əlaqələrinin coğrafi istiqamətinin dəyişdirilməsilə həyata keçirilir. Rəsmi rəqəmlərə əsasən, Asiya bazarlarının 38%-ni ixrac, 39%-ni isə idxal məhsulları təşkil edir. Ticarət dövriyyəsindəki məhsulların çeşidilə bağlı təhlillər isə göstərir ki, aşağı dəyərə malik məhsullar ixrac, orta və yuxarı dəyərə malik məhsullar isə idxal edilir. Asiya ölkələrindəki bu vəziyyət öz növbəsində, ixracın şaxələndirilməsi və bu inkişaf etməkdə olan iqtisadiyyatlarla dövriyyənin artırılması baxımından bəzi çətinliklər yaradır. Odur ki, Azərbaycan geoiqtisadi genişlənmə çərçivəsində Asiya bazarlarında yaranmış qlobal istehsal-satış zəncirlərinə qoşulmağa daha çox diqqət ayırmalıdır. Bundan başqa, bu ölkə artıq başa çatmış, yaxud perspektivli ticarət-logistika və nəqliyyat layihələri sayəsində  ticarət sahəsinin yeni reallıqlardan da mənfəət əldə edə bilər. Yeni reallıqda iqtisadiyyatın şaxələndirilməsi sürətlənəcək. Bununla da, Azərbaycan kimi kiçik iqtisadiyyata malik ölkələrdəki ənənəvi maneələrdən yan keçmək mümkün olacaq.

Görünən odur ki, Azərbaycan regionun əsas geoiqtisadi mərkəzinə çevrilmək üçün əlindən gələni edir və edəcək. Bu işdə o, hərtərəfli və davamlı inkişaf strategiyasına və son illərdə beynəlxalq iqtisadiyyatda getdikcə artan rəqabət qabiliyyətinə arxalanır.

Bir sözlə, Azərbaycan qanunauyğunluq sayıla biləcək bu mövqeyini bundan sonra da qoruyub saxlayacaq. O, çoxqütblü qlobal düzənin formalaşdığı indiki dövrdə məhz bu mövqeyi sayəsində geoiqtisadi genişlənmənin hüdudlarından kənara belə,  çıxacaq. Sadəcə, ölkənin geoiqtisadi inkişaf strategiyasının coğrafi genişlənmə postulatlarına yenidən baxmaq lazımdır. Onun xüsusiyyətlərisə qlobal iqtisadiyyatda sistemli şəkildə baş verən yenidənqurma ilə müəyyənləşəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az