26.04.2018 02:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycana, Bakıya bələdçi - FOTOREPORTAJ

 
 



The National, BƏƏ
30.03.2018


Müəllif: Rosmari Behan

Dubay, Paris, Mərakeş və Moskvaya bənzəyən Bakıya Əbu-Dabidən təyyarə ilə 2,5 saatlıq yol var. Bu yaxınlarda viza rejiminin sadələşdirilməsindən sonra (https://evisa.com.az/en/ saytı vasitəsilə onlayn viza müraciəti edə bilərsiniz) bu şəhərdə asanlıqla möhtəşəm həftəsonu keçirə bilərsiniz.

Bir zamanlar Bakı qədim İpək yolunun keçdiyi şəhər olub. Hazırda isə burada “Alov qülləri”, Zaha Hadidin memarı olduğu möhtəşəm Heydər Əliyev Mərkəzi daxil olmaqla, müasir memarlıq nümunələri “Qədim şəhər”lə (İçərişəhər) vəhdət təşkil edir. Qeyd edək ki, UNESCO-nun siyahısına daxil edilmiş “Qədim şəhər” orijinal, lakin bərpa olunmuş qala divarlarından ibarətdir. Orada çox sayda maraqlı binalara da rast gəlmək mümkündür.

Bakı şəhəri sayı onlarla olan muzeylərilə öyünə bilər. Buraya sadə muzeylərdən tutmuş, qeyri-adi muzeylər, tarixi muzeylərdən tutmuş, ultramüasir muzeylər daxildir. Bu şəhər yarımadada, dünyanın ən böyük gölü olan, insanda möhtəşəm və qeyri-adi duyğular yaradan Xəzər dənizinin sahilində yerləşir. Azərbaycanın islami irsi, halal yeməkləri və coğrafi mövqeyi Fars körfəzi ölkələrindən səfər edən turistlərdə böyük maraq yaradacaq. Qeyd edək ki, Azərbaycan da Fars körfəzi ölkələri kimi, neft və qazla zəngindir. Yayda onun iqlimi və çimərlikləri çox cəlbedici olur.

Bu ölkədə əlçatan, təhlükəsiz və ucuz taksilər, yüksək səviyyəli və güman ki, Qafqaz regionundakı ən gözəl otellər, mağazalar və restoranlar buranı maraqlı edən səbəblərdəndir. Xatırladaq ki, Xəzər dənizinin sahilində yerləşən yeni ticarət və əyləncə mərkəzi – “Caspian Waterfront” hələ bu il açılacaq. Mərkəz gül şəklində inşa edilir.

Abşeron yarımadasının gözəl məkanlarına baş çəkmək üçün şəhərdə 4 gecə qalmağınız kifayətdir. Bu müddətdə Suraxanıda yerləşən Atəşgah məbədi və Yanardağa yollanın. Atəşgah məbədinin hazırkı strukturu 18-ci əsrə aid olsa da, o, əslində zərdüştlər tərəfindən tikilib. Yanardağ isə ətəyində qazın çıxması nəticəsində dünyanın öz-özünə alovlanan nadir bölgələrindən biridir. Bura yerin alt qatından sızan qaz nəticəsində fasiləsiz olaraq alovlanır.

Abşeron yarımadasında Pir Həsən ziyarətgahı var. Xürafatçı yerli əhali sinir xəstəliklərini müalicə etmək məqsədilə bu ziyarətgahda butulka sındırır.

Bu yarımadada parlayan şüşə interyerə malik Mir Mövsüm Ağa ziyarətgahı və tarixi 1225-ci ilədək uzanan, insana dərin təsir bağışlayan Mərdəkan qalası da yerləşir.

Rahat çarpayı

Bakı şəhərinin ən gözəl oteli “Four Seasons”dur. “Qədim şəhər”lə sahil arasında yerləşən bu otel gözəl məkanda tikilib. Bu neoklassik otelin 171 nömrəsi var. Zövqlə dizayn edilmiş oteldə 1 gecə qalmaq vergilər daxil olmaqla, 593 manatdır (1291 dirhəm).

Təpənin zirvəsində yerləşən “Alov qüllələri”ndə (buradan şəhərə gözəl mənzərə açılır) isə “Fairmont Baku” oteli yerləşir. O, 28 mərtəbədən və 300 nömrədən ibarətdir. Vergilər daxil olmaqla, otel nömrələrinin 1 gecəlik qiyməti 305 manatdan (664 dirhəm) başlayır.

Piyada gəzin

“Lonely planet”in nəşr etdiyi “Gürcüstan, Ermənistan və Azərbaycana səyahət bələdçisi” kitabında Bakı şəhərində 3 saat müddətində piyada gəzmək üçün 4 kilometrlik yol göstərilib. Bu gəzinti 29 metr hündürlüyə malik, sahildə yerləşən, 12-ci əsrdə tikilmiş Qız qalasından başlayır. Şəhərin mənzərəsini seyr etmək üçün bilet alaraq bu qalanın ən yuxarı hissəsinə qalxmaq mümkündür.

Qız qalasından şimala doğru gedin və İçərişəhəri gəzin. Miniatür Kitab Muzeyinin qarşısında dayanmazdan qabaq məscidlərə, qədim hamamlara, “Qədim şəhər”in divarlarına, kafelərə və Şirvanşahlar sarayına nəzər yetirin. Yeri gəlmişkən, Miniatür Kitab Muzeyinə giriş pulsuzdur. Burada dünyanın ən kiçik Quran kolleksiyası var. Bu kitabların eni cəmi bir neçə santimetrdir.

Daha sonra “Qədim şəhər”dən şərqdə yerləşən, fransız üslubunda tikilmiş binaları nəzərdən keçirin. Bu binalar Fəvvarələr meydanına gedən yolda yerləşir. Daha sonra isə buradan qərbə, yəni funikulyora tərəf yollanın. Amma əvvəlcə şəhərdə insanların ən çox toplaşdığı Fəvvarələr meydanını dolaşın. Sonda funikulyor vasitəsilə “Alov qüllələri”ndən əks tərəfdə yerləşən Şəhidlər Xiyabına qalxa bilərsiniz.

Yerli əhalilə tanış olun

Sahilyani ərazi olan, tarixi 1909-cu ilə uzanan Bulvarda gəzişin. Buranın uzunluğu bir neçə kilometrdir. Bulvar keçmiş dövrün memarlıq nümunəsidir. Xatırladaq ki, Bakı şəhərinə keçmişdə dünyanın ən varlı neft baronları toplaşmışdı. Onların sərvəti şəhərə axırdı.

İndi, bulvarda ailələr, sevgililər gəzir, insanlar qaçır, velisoped sürür və şaxmat oynayır. Bu, Bakı bulvarının çox populyar məkan olduğunu göstərir.

Masa sifariş edin

Siz tarixi 16-ci əsrə uzanan, “Qədim şəhər”də yerləşən Karvansaraydan daha gözəl yerdə nahar edə bilməyəcəksiniz. Karvansaray iki hissədən ibarətdir: çay evi və restoran. Hər iki məkanda orijinal kiçik otaqlar var. Qədim İpək yolu ilə səyahət edən insanlar və tacirlər burada dincəlirmiş. Otaqlardakı sobalar qazla işləyir. Onlar otaqlarda xüsusi ab-hava yaradır. Sadə, lakin dadlı düşbərə və ya əriştə 4 manatdır (9 dirhəm). Boranı qutabının və ya ətlə doldurulmuş blinlərin də dadına baxmaq məsləhətdir. Təndirdə bişirilmiş çörəyin möhtəşəm dadı isə öz yerində...

Klassik ab-havanın az olduğu məkanlara üstünlük verən insanlara Fəvvarlər meydanında yerləşən “Firuzə” restoranına getməyi məsləhət görürəm. Burada qiymətlər də münasibdir.

Bulvarla Fəvvarələr meydanı arasında “Paris Bistro” restoranı yerləşir. Gözəl məkanda yerləşən bu restoran münasib qiymətə fransız yeməkləri təklif edir. Suşisevərlər isə “Paris Bistro”nun yaxınlığında yerləşən “Zakura” restoranına baş çəkə bilər. Burada çzyaoçzi, tuna saşimi və Tokio roll yeməkləri təklif olunur. Onların qiyməti 6 manatdan (13 dirhəm) başlayır. Burada eyni qiymətə digər Asiya ölkələrinin yeməklərini də dada bilərsiniz.

“Port Baku Mall”un yaxınlığında bir neçə yüksək səviyyəli restoran var. Buraya dəniz məhsulların təklif olunduğu “Harbour”, yapon yeməklərinin verildiyi “Masu” və gözəl italyan mətbəxinin təklif olunduğu “Scalini” də daxildir.

Şopinqsevərlər üçün cənnət

Nizami küçəsində Fəvvarələr meydanından cənuba – Bulvara qədər uzanan ərazi Avropa üslubunda şopinq küçəsinə çevrilib. Burada “Bulgari”, “Dior”, “Dolce&Gabbana” və “Tiffany” daxil olmaqla, dünya səviyyəli brendlərin mağazaları yerləşir. Əgər ticarət mərkəzlərinə üstünlük verirsinizsə, 32 min kvadratmetr ərazisi olan 3 mərtəbli “Port Baku Mall”a baş çəkə bilərsiniz. Bu, yeganə eksklüziv variantdır.

“Qədim şəhər” və Bakının mərkəzi həm də ənənəvi mis məmulatlar, armudu stəkanda, yanında şirniyyatla verilən Azərbaycan çayı (çay dəstgahı 20 manatdır (44 dirhəm)), ipək şarflar və xalçalarla məşhurdur. Azərbaycan kürüsü isə Avropadakından təxminən 30% ucuzdur. 113 qram kürü 120 manatdır (261 dirhəm).

Nələrdən uzaq durmaq lazımdır?

2018-ci il aprelin 29-da Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi keçiriləcək. Əgər siz Formula 1 azarkeşi deyilsinizsə, həmin həftə bu şəhərə səfər etməyin. Çünki o günlərdə ən yaxşı otellər dolu və baha olacaq. Bununla yanaşı, Formula 1 zamanı şəhərdə gəzmək çətindir. Çünki küçələrə beton bloklar qoyulub və hündür məftil çəpərlər çəkilib.  

Bakıda rəsmi binaların şəklini çəkmək olmaz. Maşın yolunu keçərkənsə diqqətli olun.

Bu məkanlara baş çəkməyi unutmayın

Ərazisi 57 min kvadmetr olan Heydər Əliyev Mərkəzini ziyarət etməyə çalışın. Bu mərkəz düz xətlərdən istifadə olunmadan tikilib. Heydər Əliyev Mərkəzi hər tərəfdən vizual gözəlliyə malikdir. Maraqlıdır ki, mərkəzdə arxeoloji tapıntılar və qədim əlyazmalarla yanaşı, 1960-cı illərə aid olan moda kolleksiyaları və müasir incəsənət nümunələri də nümayiş olunur. Mərkəzin restoranı da gözəldir. Standart bilet 15 manatdır (32 dirhəm).

Bu ölkəyə necə getmək olar?

“Etihad” aviaşirkəti həftədə 3 dəfə Bakıya birbaşa uçuşlar təklif edir. İki başa bilet vergilər daxil olmaqla, 1250 dirhəmdir.

Turla ekskursiya

“Qədim şəhər”ə bir günlük ekskursiya adambaşı 98 dollardan (360 dirhəm), “Voyage Tours Azerbaijan” şirkətilə Abşeron yarımadasına ekskursiya isə 118 dollardan (433 dirhəm) başlayır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The National


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az