26.04.2018 02:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Azərbaycan rəhbərliyi “Cənub Qaz Dəhlizi” layihəsini əzmlə həyata keçirir

 
 



VOCAL EUROPE, Aİ
31.03.2018


Müəllif: İlqar Qurbanov

Avropa İnvestisiya Bankı bu il fevralın 6-da Transadriatik qaz kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro, martın 15-də isə Transanadolu qaz kəmərinin (TANAP) çəkilişinə 932 milyon avro kredit ayırıb. Bu iki kəmər “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentləridir.

Bankın vitse-prezidenti Endryu MakDouvel bildirib ki, TAP Avropaya qaz tədarükünün azalmasına imkan verməyəcək, qaz mənbələrinin şaxələndirilməsini təmin edəcək, Mərkəzi və Cənub-Şərqi Avropada kömürlə işləyən elektrik enerjisi stansiyalarının ləgvinə imnak verəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankı da TAP layihəsinə 1,2 milyard avro kredit ayırmağı planlaşdırır. Bu bank ötən ilin oktyabrında TANAP kəmərinin tikintisinə 500 milyon avro kredit ayırıb. Bundan başqa, Dünya Bankı, Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və Asiya İnfrastruktur İnvestisiya Bankı da TANAP-ın tikintisi üçün, müvafiq olaraq, 800 milyon, 750 milyon və 600 milyon dollar kredit verib. Asiya İnkişaf Bankı isə “Şahdəniz” qaz yatağının işlənməsinin 2-ci fazası üçün 1 milyard dollar kredit ayırıb.

“Şahdəniz-2” çərçivəsində hasil olunacaq Azərbaycan qazı məhz “Cənub Qaz Dəhlizi”lə nəql ediləcək. O, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürüstana, TANAP-la Türkiyəyə, TAP vasitəsilə isə Yunanıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Avrasiyanın ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması hazırda son mərhələsindədir.

Bu gün Avropada müxtəlif QHT-lər, partiyalar bu layihə ilə bağlı davamlı ləkələmə kampaniyası aparır, onu əngəlləmək üçün Avropa institutlarına təzyiq göstərir. Buna baxmayaraq, “Cənub Qaz Dəhlizi”nin başa çatdırılması üçün sadaladığımız ciddi addımlar artıq atılıb. Bununla yanaşı, bəzi təbliğat qrupları bu layihənin beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilməsinin qarşısını almaq, Azərbaycan hökumətinə təzyiq göstərmək məqsədilə hələ də kampaniyalar aparır. Amma bu, Azərbaycan rəhbərliyinin “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi əzmini qıra bilməyib. TANAP-ın açılış mərasimindən (iyun) və Azərbaycanda keçiriləcək prezident seçkisindən (aprel) əvvəl “Cənub Qaz Dəhlizi” üçün böyük həcmdə kreditin ayrılması Avropa İttifaqının (Aİ) prezident İlham Əliyev tərəfindən idarə olunan Azərbaycandakı iqtisadi sistemə və ölkədəki siyasi sabitliyə etibarının göstəricisidir.

Ölkənin neft siyasətindəki uğurları mərhum eks-prezident Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın hazırkı uğurlu qaz siyasəti isə indiki dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilir. Vaxtilə SOCAR-ın vitse-prezidenti olmuş İ.Əliyev ölkənin qaz siyasətinin həyata keçirilməsində o zamandan iştirak edib və “Cənub Qaz Dəhlizi”nin tikintisinə də böyük töhfə verir.

Prezident Əliyevin 2013-cü ilin oktyabrında verdiyi sərəncamla yaradılmış Dövlət komissiyası Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına yardım göstərmək, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ın tikintisini və “Şahdəniz-2” layihəsinin həyata keçirmək, ümumiyyətlə, bu layihələrə dəstək vermək, onlara dövlət nəzarətini təmin etmək üçün yaradılıb. Dövlət başçısının 2014-cü il fevralın 25-də imzaladığı sərəncamla isə “Cənub Qaz Dəhlizi” QSC yaradılıb. Sərəncamın məqsədi “Cənub Qaz Dəhlizi”nə daxil olan seqmentlərin həyata keçirilməsi, maliyyələşdirilməsi və idarə edilməsi zamanı Azərbaycanın milli maraqlarının qorunmasıdır.

TANAP-ın reallaşdırılması İ.Əliyevin “Cənub Qaz Dəhlizi”nə ən böyük töhfəsidir. Məlum olduğu kimi, vaxtilə “Nabucco” layihəsinə siyasi dəstəyin verilməməsi, prosesə cəlb olunmuş enerji şirkətləri arasında koordinasiyanın olmaması sözügedən boru xəttinin çəkilişinə imkan verməyib. TANAP-ın tikintisi isə “Cənub Qaz Dəhlizi”ni sanki xilas edib. TANAP-dan sonra “Nabucco” “Nabucco-West” layihəsinə qədər qısaldılsa da, o da reallaşmayıb. TANAP isə “Şahdəniz-2” ilə bağlı investisiya qərarlarının qəbuluna, “Cənub Qaz Dəhlizi”nin növbəti seqmenti kimi, TAP kəmərinin seçilməsinə töhfə verib.

2015-ci ildə Azərbaycanın dövlət başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Məşvərət Şurası “Cənub Qaz Dəhlizi”ndə iştirak edən xarici ölkələr və şirkətlər arasında ən yüksək səviyyədə koordinasiya yaradılması məqsədilə təsis olunacaqdı. Avropa Komissiyası da İ.Əliyevin təşəbbüsünü, eyni zamanda, Məşvərət Şurasının iclaslarının Azərbaycanda keçirilməsi ilə bağlı təklifini dəstəkləyib. Nəticədə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çox önəmli fəaliyyət göstərən mexanizimdir. Artıq o, özünü doğruldub. “Cənub Qaz Dəhlizi”ndə iştirak edən xarici ölkələr və şirkətlər ilkin mərhələdə ortaya çıxan problemləri həll etmək məqsədilə müzakirələr aparır.

Prezident Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 2018-ci ilin fevralında keçirilmiş iclasında bəyan edib ki, ““Cənub Qaz Dəhlizi” enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir”. O, vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəyə cəlb olunmuş bütün ölkələr üçün bir neçə milyardlıq investisiyalara yol açır: “Bu, minlərlə yeni iş yeri deməkdir”.

İ.Əliyevin sözlərinə görə, bu layihə marşrut boyunca yerləşən, “Cənub Qaz Dəhlizi”nə qoşulacaq ölkələrin bir çox hissəsinin qazlaşdırılmasına, yeni nəqliyyat infrastrukturunun yaradılmasına aparıb çıxaracaq. O, milyonlarla istehlakçıya xidmət edəcək.

Layihə Türkiyə və Gürcüstanın iqtisadiyyatının inkişafına da yardım göstərəcək. Çünki “Cənub Qaz Dəhlizi” hər iki ölkədən keçir və onlar tranzitdən böyük gəlir əldə edəcəklər. Ümumilikdə layihədə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya daxil olmaqla, 7 ölkə iştirak edir. Gələcəkdə 3 Balkan ölkəsi də layihəyə qoşula bilər.

Aİ-nin ali nümayəndəsi Federika Moqerini bildirib ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının enerji təhlükəsizliyinin təmini, onun enerji mənbələrinin şaxələndirilməsindən daha böyük məna kəsb edir: “Çünki söhbət həm də geniş regionda bir sıra tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələrin genişlənməsindən və dərinləşməsindən gedir”.

Azərbaycanın Aİ-dəki səfiri Fuad İsgəndərov isə bəyan edib ki, bu layihə ölkəsilə Avropa İttifaqı arasında xüsusi siyasi dialoq üçün böyük təməl rolunu oynayır.

Azərbaycanın yeni qaz yataqlarının işlənməsilə “Cənub Qaz Dəhlizi”nin dəyəri və dayanıqlığı daha da artacaq. İ.Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının sonuncu iclasından sonra “Twitter” hesabında yazıb ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları “Şahdəniz” yatağındakı qaz ehtiyatından iki dəfə çoxdur və 2,6 trilyon kubmetr təşkil edir. O, ölkəsinin Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən yeni qaz yataqlarının işlənilməsilə bağlı beynəlxalaq tərəfdaşlarla fəal şəkildə çalışdığını da qeyd edib.

Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin seqmentlərində işlərin əsas hissəsi görülüb: TANAP - 95%, TAP - 67%, “Şahdəniz-2” - 99%, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi - 95%.

Bu layihə Aİ-nin enerji təhlükəsizliyinin təmini baxımdan böyük əhəmiyyətə malikdir. “Cənub Qaz Dəhlizi”nin vaxtında başa çatdırılması Aİ-nin qaz tədarükü marşurutlarının şaxələndirilməsinə böyük töhfə verəcək, Avropanın qaza olan təlabatının ödənməsinə yardım göstərəcək, xüsusilə qitənin ən həssas bölgələrində yerləşən ölkələrin digər qaz tədarükçülərindən asılılığını azaldacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: VOCAL EUROPE


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az