21.07.2018 17:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Müsəlmanlarla yəhudilərin birgə azadlıq mübarizəsi haqda bilinməyən hekayə

 
 



JEWISH JOURNAL, ABŞ
01.04.2018


Müəllif: Milix Yevdayev

Azərbaycanın paytaxtı Bakıda yerləşən, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş “Qədim şəhər”in küçələrində mümkün qədər çox gəzməyə çalışıram. Bura gəzinti, ölkəmizin tarixinə nəzər yetirmək, eyni zamanda “Qədim şəhər”in möhtəşəm ab-havasını, Xəzər dənizinin havasını hiss etmək üçün əla məkandır.

İçərişəhərdə çox gəzmişəm. Hər dəfə onun küçələrində dolaşarkən, xüsusilə, Şirvanşahlar sarayının girişindən keçərkən bəzi tarixi hadisələri yada salır, təşvişə düşürəm. Bu sarayın qədimdən qalma girişində adamı narahat edən bəzi məqamlar gözdən qaçmır... Bunlar çox qədim güllə izləridir. Bu güllə izləri bizə çox da uzaq olmayan keçmişdə baş vermiş hadisələri xatırladır.

Bu güllə izlərinə baxarkən 1918-ci ilin martında baş vermiş faciəvi günləri yada salırıq. Həmin vaxt Bakıda və Azərbaycanın digər şəhərlərində yaşayan əhali presendenti olmayan vəhşiliyə məruz qalıb. Həmin hadisələr Mart soyqırımı kimi tanınır. O, ölkəmizin tarixində daha bir qanlı səhifəsidir. 1918-ci ilin martında azadlığımızdan qorxuya düşmüş erməni daşnakları, bolşeviklərin köməyilə minlərlə azərbaycanlı müsəlmanı, həmçinin Qubada yaşayan çox sayda dağ yəhudisini qətlə yetirib.  

1917-ci ilin oktyabrında Rusiyada baş vermiş inqilabdan sonra bolşeviklər Bakını və onun zəngin neft ehtiyatlarını itirmək istəmirdi. Onların lideri Vladimir Lenin hətta Sovet Rusiyasının Bakı nefti olmadan yaşaya bilməyəcəyini belə, bəyan etmişdi. Məhz Bakını və onun neftini tam nəzarətdə saxlamaq məqsədilə, bolşeviklərin erməni lideri Stepan Şaumyan erməni daşnakları ilə şəhərin azərbaycanlı müsəlman əhalisinə qarşı ittifaq yaratmışdı. O zaman azərbaycanlılar ölkənin bolşeviklərlə daşnakların nəzarətində olmasına qarşı idilər.

Bakının azərbaycanlı əhalisinə qarşı vəhşiliklər öz kulminasiya nöqtəsinə 1918-ci il martın sonunda çatıb. Bu, artıq soyqırım idi. Bir neçə gün davam etmiş soyqırım nəticəsində 12 min azərbaycanlı müsəlman qətlə yetirilib. Onların əksəriyyəti qadınlar və uşaqlardır. O zaman Bakıda yaşayan hər 5 azərbaycanlıdan biri bolşeviklərin dəstək verdiyi erməni daşnakları tərəfindən öldürülüb. Silahsız azərbaycanlıların 10 minlik daşnak-bolşevik qüvvələrinə qarşı müqavimət göstərmək şansı əlbəttə ki, yox idi.

Bir sözlə, o günlərdə çox dəhşətli hadisələr baş verib. Erməni millətçiləri azərbaycanlı ailələrin bütün üzvlərini qətlə yetirib, evləri yandırıb, çox sayda qadınları və uşaqları öldürüb. Öldürülmüş insanlar elə vəziyyətə salınıb ki, onların bir çoxunun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Bəzi insanların başı kəsilmiş, bir gənc qadın isə dir-diri divara mismarlanmışdı. Bu zaman yaşlılara da rəhm edilməyib və onlar da dəhşətli işgəncələrlə qətlə yetirilib. İnsanları yanmaqda olan evlərin içərisinə belə, atıblar, analarla uşaqlar cərgəyə düzərək güllələyiblər.

Şirvanşahlar sarayının girişində də güllələnənlər olub. Divardakı güllə izləri də o vaxtdan qalıb.

Bütün bunlarla kifayətlənməyən canilər insanların meyitlərini su quyularına, Xəzər dənizinə atıb. Göründüyü kimi, erməni daşnakları ilə nasistlərin törətdikləri arasında oxşarlıq ortadadır.

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) araşdırmaları zamanı məlum olub ki, Bakı yəhudiləri azərbaycanlıları bu qətliamdan xilas etmək üçün mümkün olan hər şeyi edib. Müsəlmanlarla yəhudilər arasında olan güclü həmrəylik və dostluq isə işğalçıları daha da qəzəbləndirib. Odur ki, azərbaycanlılara qarşı talanlar ölkənin digər bölgələrinə yayılan zaman – həmin vaxt 50 min azərbaycanlı öldürülmüşdü – mənim doğma rayonum olan Quba əhalisinə və burada yaşayan dağ yəhudilərinə qarşı da soyqırım həyata keçirilib. Quba, soyqırımın törədildiyi əsas bölgələrdən biri olub. O zaman burada müsəlmanlarla yəhudilər düşmənəqarşı birgə mübarizə aparıb. Buna baxmayaraq, Qubada təxminən 3 min yəhudi erməni daşnakları tərəfindən qətlə yetirilib. Onlar müsəlman bacı və qardaşlarını, doğma vətənləri olan Azərbaycanı müdafiə etdikləri üçün öldürülüb.

Yəhudilər Azərbaycanda tarix boyu nifrətdən, təhlükədən qorunub. 2007-ci ildə Qubada həmin hadisələr zamanı öldürülmüş minlərlə müsəlman və yəhudinin sümüklərinin olduğu kütləvi məzarlıq tapılıb. Onlar azadlıq sevgisinə, sülhə şəraitində yaşamaq istəyinə görə öldürülüblər...

Bəli, insanlığa qarşı olan bu dəhşətli hadisədən 100 il keçir. Lakin mən hələ də “Qədim şəhər”in bu divarının qarşısından keçən zaman təşvişə düşürəm. Bəlkə də məndə belə hissin yaranması ermənilərin azərbaycanlılara qarşı qətliam və etnik təmizləmə siyasətinin müasir dövrədək davam etməsilə əlaqədardır. Məlum olduğu kimi, 1992-ci ildə Xocalıda da azərbaycanlılara qarşı qətliam olub. Təhlükə isə hələ də davam edir. Çünki Azərbaycanın suveren ərazisinin 20%-i hələ də Ermənistanın işğalı altındadır.

Bu gün evim saydığım Bakı şəhərinin küçələrində gəzərkən başa düşürəm ki, bizə qarşı törədilmiş bu cinayətlərə baxmayaraq, bu gün biz böyük cəsarət və mərdliklə sülh şəraitində yaşayır, 100 ildir Azərbaycanda tolerantlığı və multikulturalizmi müdafiə edirik. Əslində isə ölkəmizin tolerantlıq tarixi 100 ildən daha uzağa gedib çıxır. Əminəm ki, bu ənənə yüzilliklər ərzində davam edəcək. Biz sanki sarılmaz özül üzərindəyik. Keçmişdə düşmənlərim bu xüsusiyyətimizi dağıtmağa çalışıb. Lakin bu xüsusiyyətimiz bizi bu gün də işıqlı və ümidverici gələcəyə aparır.

Mart soyqırımının 100-cü ildönümündə ölkəmizdə sülhün, tolerantlığın bundan sonra da davam etməsi üçün dua edirəm. Azərbaycanın bu güclü keyfiyyətləri hər birimizi qoruyur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az