10.12.2018 07:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Azərbaycan İpək yolu kontekstində

 
 



INTERNATIONAL POLICY DIGEST, ABŞ
07.04.2018


Müəllif: Mahir Hümbətov

Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin üzərində yerləşir. İpək yolu ilə səfər edən karvanlar tarixən bu ölkənin ərazisindən keçib. Odur ki, Azərbaycan İpək yolunun bərpası ilə bağlı təşəbbüslərdən kənarda qalmayacaq. Əksinə, o, Asiyadan Avropaya və əksinə yüklərin daşınmasında əsas halqalardan birinə çevrilmək üçün özünün tranzit imkanlarından və enerji resurslarından istifadə edəcək.

Bu ölkə öz imkanlarından yararlanmağa, həmçinin bunu qonşuları ilə paylaşmağa çalışır. Azərbaycan hökuməti İpək yoluna sadəcə marşrut və ya tranzit imkanı kimi baxmır. Bakı İpək yolunun ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verəcəyinə inanır. O, İpək yoluna məhz bu nöqteyi-nəzərdən yanaşır. Azərbaycan prezidenti İlham Əliyev bu sahədə bir sıra sərəncamlar da imzalayıb. O, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ölkənin əsas dəniz limanının Ələtə köçürülməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və burada azad ticarət zonasının, ölkənin müxtəlif bölgələrində sənaye zonalarının, həmçinin Yüksək Texnologiyalar parklarının yaradılması haqda tapşırıqlar verib.

Hazırda Azərbaycanın nəqliyyat infrastrukturu ilə bağlı 3 böyük layihəsi var: ötən ilin sonunda istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, tikintisi davam edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və artıq moderləşdirmə işlərinin tamamlandığı Heydər Əliyev Beynəlxalq Aeroportu. Bundan əlavə, ölkədəki avtomagistralların və yolların vəziyyəti qonşu dövlətlərlə müqayisədə daha yaxşıdır.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ideyası 1993-cü ildə yaranıb. Həmin vaxt Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik rayonlarını işğal etdiyindən, Türkiyə Qarsdan Gümrüyə uzanan dəmir yolunu bağlamışdı. Məhz bunun fonunda Bakı-Tbilisi-Qars xəttinin yaradılması fikri meydana çıxmışdı. 2005-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri bu dəmir yolunun tikintisilə bağlı birgə bəyanatla çıxış etmiş, 2007-ci ildə isə onun tikintisinə başlanılmışdı.  

Bu layihənin həyata keçirilməsində ən böyük problem maliyyə məsələsi idi. Gürcüstan dəmir yolunun onun ərazisindən keçəcək hissəsinin tikintisini maliyyələşdirmək iqtidarında deyildi. Bu üzdən iştirakçı ölkələr, xüsusilə Gürcüstan ABŞ, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlara başlamışdı. Lakin onların hamısı layihəyə maliyyə ayırmaqdan imtina edirdi. Konkret olaraq Aİ layihəni Qars-Gümrü-Tbilisi dəmir yolunun bərpasını dəstəklədiyi üçün maliyyələşdirmirdi. ABŞ Konqresisə erməni lobbisinin təzyiqləri qarşısında Amerika İxrac-İdxal Bankının bu layihəyə maliyyə ayrılmasına “yox” demişdi. Nəticədə Azərbaycan dəmir yolunun Gürcüstandan keçən hissəsinin maliyyələşdirilməsini də öz üzərinə götürmüşdü.

Lakin dəmir yolunun tikintisinə başlar-başlamaz bir çox başqa maneələr də ortaya çıxmışdı. Bakı-Tbilisi-Qarsın tikintisi yalnız Azərbaycan hökumətinin və onun lideri İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində mümkün olub.

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu təkcə layihədə iştirak edən 3 ölkə üçün dəyərli deyil. Artıq başqa ölkələr də layihəyə qoşula bilər. Hətta Ermənistanın belə, Azərbaycanın işğal altındakı ərazilərini qaytardıqdan sonra bu yoldan gəlir əldə etməsi mümkündür.

Layihə istər siyasi, istərsə də iqtisadi baxımdan Çin üçün də faydalıdır. Pekin məhsullarının Avropaya nəqlində Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər. Çindən Avropaya məhsullar dəniz yolu ilə adətən 36 günə, Transsibir marşrutu ilə 20 günə, Çunçin-Sinçzyan-Avropa yolu ilə isə 16 günə çatdırılır. “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan Bakı-Tbilisi-Qars isə bunu 12 günə reallaşdırmağa imkan verir.

Bu layihənin başqa bir önəmli aspekti tariflərlə bağlıdır. Hazırda iştirakçı ölkələr bununla bağlı danışıqlar aparır. Hesab olunur ki, onlar standart və hər kəsə sərf edəcək tariflərlə bağlı razılığa gələcəklər.

Məsələnin siyasi tərəfinə gəlincə, Azərbaycandan keçən marşrut digər yollarla müqayisədə həm də daha təhlükəsizdir. Çünki Azərbaycanın təhlükəsizlik sahəsində və coğrafi baxımdan bir sıra üstünlükləri var. Söhbət konkret Bakı-Tbilisi-Qars dəmir yolundan gedirsə, bu layihədə iştirak edən 3 ölkə onun inkişafında, təhlükəsizliyinin təmin edilməsində maraqlıdır.

Ümumiyyətlə, Bakı-Tbilisi-Qars yalnız tranzit nöqteyi-nəzərdən əhəmiyyət daşımır. Bu dəmir yolunun quru, hava, dəniz nəqliyyatı ilə, həmçinin ölkə boyu tikilmiş logistik və sənaye müəsissələri ilə bağlılığı da var. Hesab olunur ki, bu sahələrin inkişafında birbaşa xarici investisiyalar da böyük rol oynayacaq. Çünki neftin qiymətinin tez-tez dəyişdiyi dövrdə Azərbaycan hökuməti digər xərclərlə yanaşı, bu böyük maliyyə yükünü də təkcə öz üzərinə götürə bilməz. Birbaşa xarici investisiyaların bu işə cəlbi üçün qeyri-neft sektoru ilə bağlı lazımi normativ hüquqi baza yaradılmalıdır. Azərbaycan bir zamanlar bunu neft sahəsində etmişdi. Amma məhsulun bölgüsü haqda razılaşma yalnız neft sektoruna aid edilsə də, o, bir sıra dəyişikliklər sayəsində qeyri-neft sektoruna da aid edilə bilər.

Bu gün Azərbaycanda bunun əlamətlərini görmək mümkündür. Prezident İlham Əliyev 2016-ci il noyabrın 30-da elektron ödəniş sistemi haqqında qanunun qüvvəyə minməsilə bağlı fərman imzalayıb. Fərmana əsasən, elektron ödəniş sistemindən istifadə edən investorlar dövlət rüsumlarından azad olunur. Bununla yanaşı, dövlət başçısının özəlləşdirmə ilə bağlı bir sıra fərmanları da ölkənin doğru yolda olduğunu göstərir. Lakin islahatların sürəti artırılmalıdır.

Digər tərəfdən, ölkənin bir qədər ehtiyatlı davranmasını da başa düşmək olar. Hər halda, Böyük Britaniyanın dəmir yolu sahəsində özəlləşdirmə vasitəsilə apardığı islahatların bu sahənin inkişafına yardım göstərmədiyini hər kəs görüb.

Ötən illərin hesabatlarında Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılı olduğu dəfələrlə vurğulanıb. Lakin ölkə son illərdə neftdən asılılığını uğurla azalda bilib. İ.Əliyev çıxışların birində bəyan edib ki, “bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. Bizim “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var. Bu sənəd gələcəyimizin əsas bələdçisi kimi qəbul edilib... Eyni zamanda, iqtisadiyyatın inkişafı üçün onun şaxələndirilməsinə ehtiyac var”.

Prezident vurğulayıb ki, neft sənayesindən əldə olunan gəlirlər lazımi maliyyə şəraitinin yaradılmasına üçün yol açıb və bununla da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə daha çox diqqət ayrılacaq.

Neftin ucuzlaşması ilə, Azərbaycan prezidentinin təşəbbüsü ilə ölkə iqtisadiyyatının perspektivlərinin müəyyənləşdirən Strateji Yol Xəritəsi də qəbul olunub. O, inkişafla bağlı gələcək planlar üçün təməl rolunu oynayır. Görünən odur ki, Azərbaycan biznes mühitini yaxşılaşdırmaq niyyətindədir. O, bunu müvafiq qanunlar qəbul etməklə, sahibkarların xeyrinə olan siyasət yürütməklə edir. Bununla yanaşı, artıq vergilər də biznesə yük deyil. Əksinə, o, şəffaf təşəbbüslərin həyata keçirilməsində müsbət rol oynayır.

Bəzi problemlərin qalmasına baxmayaraq, ümumilikdə, ölkə bu istiqamətə doğru uğurla addımlayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 4 əsas sahə əksini tapıb: nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında quru əlaqəsi olmadığından, yüklərin Xəzər dənizi vasitəsilə nəqli ölkə üçün strateji əhəmiyyət daşıyır. 2015-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da istismara verilib. Hazırda orada müasir bərə terminalı fəaliyyət göstərir. Azərbaycan prezidentinin sözlərinə görə, birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteyner olacaq. Yaxın vaxtlarda bu limanın üçüncü fazasının tikintisi yekunlaşacaq və nəticədə onun yükaşırma qabiliyyəti ildə 25 milyon ton yük və 1 milyon konteynerə çatacaq.

Azərbaycanın Mərkəzi Asiya ölkələrilə əlaqələrdə bütün potensialdan istifadə etməsi üçün hərtərəfli, perspektivli regional strategiyaya ehtiyac var. Dövlət başçısı İlham Əliyev bunu da uğurla həyata keçirir. Məhz onun səyləri nəticəsində Qazaxıstan, Özbəkistan və Türkmənistanla ikitərəfli münasibətlər inkişaf edir. Bundan başqa, Azərbaycan hökuməti İranla da əlaqələri inkişaf etdirir. Nəticədə Çin və Hindistan məhsullarının İran və Azərbaycan vasitəsilə nəqlinə imkan yaranır.

Bütün bunlar göstərir ki, hökumət Azərbaycanı nəqliyyat qovşağına çevirməyə çalışır. Bütün nəqliyyat dəhlizləri məhz burada kəsişə bilər. Bu, həm ölkənin, həm də Azərbaycanla bu sahədə əməkdaşlıq edən dövlətlərin əlavə mənfəət əldə etməsilə nəticələnəcək.   

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: INTERNATIONAL POLICY DIGEST


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az