10.12.2018 07:26
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Azərbaycanın İrandakı səfiri: “İran vasitəsilə tranzit daşımaları daha rentabellidir”

 
 



IRNA, İran
09.04.2018


Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov: “İranın tranzit imkanlarından istifadə digər marşrutlarla müqayisədə vaxt baxımından 60, qiymət cəhətdən 40% daha sərfəlidir”.

Hüseynov IRNA agentliyinə açıqlamasında son illərdə Tehran-Bakı əməkdaşlığının inkişaf etdiyini xatırladıb: “Son 25 ildə İranla Azərbaycan arasında 170-dən çox sənəd imzalanıb. Bu sazişlərin 50-si iqtisadi sahələrə aiddir. Xüsusilə son 5 ildə iki ölkə arasında güclü iqtisadi əlaqələr qurulub. Məhz bu 5 ildə iki ölkə prezidentləri 11 dəfə görüşüb. Bu görüşlərin 7-si iki ölkənin paytaxtlarında, digər görüşlər beynəlxalq təşkilatlar çərçivəsində baş tutub”.

İranla Azərbaycanın tranzit daşımaları sahəsindəki əməkdaşlığına toxunan diplomat deyib: “Prezidentlərin qərarı ilə Azərbaycanla İranın dəmir yolları birləşdirilib. Bunun üçün Azərbaycan ərazisində 6,5 kilometr uzunluğunda dəmir yolu, Araz çayı üzərində körpü, eləcə də İran ərazisində 1300 metrlik dəmir yolu inşa olunub. Bundan əlavə, İran ərazisində Azərbaycan Dəmir Yolları İdarəsi üçün 35 hektarlıq torpaq sahəsi ayrılıb və bu ərazidə terminal tikiləcək”.

Rəşt-Astara dəmir yolu xətti 3 ilə istismara veriləcək

Qəzvin-Rəşt dəmir yolunun tikintisinin tamamlanmaq üzrə olduğunu deyən səfirin sözlərinə görə, Azərbaycan bu yolun tikintisinə 500 milyon dollar ayırıb. “Bu istiqamətdə yaxşı nəticələr əldə olunub”, - deyə B.Hüseynov bildirib.

Dəmir yolunun istismara veriləcəyi vaxtı da açıqlayan səfir deyib ki, “Rəşt-Astara dəmir yolu əslində hazır layihədir və hesab edirəm ki, o, 3 ilə istifadəyə verilə bilər”.

Hüseynov hesab edir ki, iki ölkənin dəmir yollarının birləşməsi Bəndər Abbas limanında yüklənəcək qatarların Rusiyadan keçməklə Helsinkiyədək – Avropanın ən şimal nöqtəsinədək daşınmasına imkan verəcək.

Hüseynov Azərbaycanın öz tranzit imkanlarını inkişaf etdirdiyini də vurğulayıb: “Bu yaxınlarda Azərbaycanın maliyyə dəstəyilə Bakı-Tiflis-Qars dəmir yolu xətti istifadəyə verilib. Bununla yanaşı, Azərbaycan hökuməti Bakıdan Astarayadək avtoban inşa etməyi planlaşdırır. Biz bu işdə də İran şirkətlərilə əməkdaşlıq edəcəyik”.

Diplomat fikrini belə davam etdirib: “Tərəflər “İran Xodro” və “Azərmaş” şirkətlərinin müştərək zavodunda “Xəzər” markalı avtomobillərin istehsalında da əməkdaşlıq edir. Zavod İran prezidenti cənab Ruhaninin Bakıya səfəri istifadəyə verilib”.

Hüseynov iki ölkənin Bakının Pirallahı rayonunda yerləşən sənaye zonasında dərman istehsalı sahəsindəki əməkdaşlığına da toxunub: “Ümumiyyətlə, iki ölkə arasında tranzit və birgə məhsulların istehsalı sahəsində əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional xarakter daşıyır”.

Yük daşımalarındakı əməkdaşlıqdan söz açan səfir xatırladıb ki, hazırda mallar Hindistanın Mumbai limanından gəmilərlə Bəndər Abbas limanına, oradan qatarlarla Qəzvinə, Qəzvindən yük maşınları ilə Azərbaycanın Astara şəhərinə, Astaradan isə yenidən qatarla Rusiyaya daşınır. “Bu, digər marşrutlara nisbətən vaxt baxımından 60, qiymət cəhətdən 40% daha sərfəlidir”, - deyə o, qeyd edib.

Son illərdə davamlı olaraq keçirilən üçtərəfli görüşlərdən də danışan Hüseynov deyib: “Üçtərəfli görüşlərlə yanaşı, bu il martın 15-də Bakıda İran, Azərbaycan, Türkiyə və Gürcüstanın xarişi işlər nazirləri arasında da görüş olub. Bu görüş artıq xüsusilə tranzit, ticarət və turizm sahələrində nəticələr verməkdədir. Bununla yanaşı, gələcəkdə İran-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Rusiya üçtərəfli formatda enerji sahəsinə dair də görüşlər keçiriləcək”.

Elektrik enerjisinin tranziti sahəsində üçtərəfli əməkdaşlıq

Səfir Tehranla Bakının enerji sahəsindəki əməkdaşlığı haqda da danışıb. “İranla Azərbaycan elektrik enerjisi mübadiləsi həyata keçirir. Azərbaycanın daha çox elektrik enerjisi istehsal etməsi, onun ticarətini həyata keçirməsi, İranınsa öz növbəsində, geniş coğrafiyasından və imkanlarından yararlanaraq, həmin elektrik enerjisini başqa ölkələrə ixrac etməsi mümkündür”, - deyə diplomat vurğulayıb: “Elektrik enerjisinin tranziti və ticarəti sahəsində Gürcüstan-Azərbaycan-İran və Rusiya-Azərbaycan-İran arasında üçtərəfli əməkdaşlıq imkanları ekspertlər səviyyəsində müzakirə olunur”.

Azərbaycan vizasını “Asan Viza” sistemilə əldə etmək olar

Diplomat İran vətəndaşları üçün vizanın verilməsi proseduru haqda danışarkən deyib: “İran vətəndaşları üçün Azərbaycana viza 30 gün müddətinə 20 dollara verilir. İran vətəndaşları vizanı Azərbaycanın Tehrandakı səfirliyinə və ya Təbrizdəki Baş konsulluğa müraciət etməklə ala bilər. Bununla yanaşı, vizaların verilməsinin sadələşdirilməsi məqsədilə “Asan Viza” sistemi yaradılıb. Hazırda bu sistemlə ən çox viza alanlar məhz İran vətəndaşlarıdır”.

Bununla yanaşı, Bünyad Hüseynov İran vətəndaşlarının vizanı 15 mart 2018-ci il tarixdən Azərbaycanın beynəlxalq hava limanlarında da ala bildiklərini söyləyib: “Azərbaycan Respublikasına gələn hər bir xarici vətəndaş 10 gündən sonra Miqrasiya İdarəsinə müraciət edərək yaşadığı ünvanı bildirməli və qeydiyyata düşməlidir”. Hüseynovun sözlərinə görə, mehmanxanalarda qalan xarici vətəndaşların qaldıqları yer kimi, həmin ünvan onlayn qeydiyyata alınır. Şəxsi mənzillərdə yaşayan şəxslərsə bəzən müəyyən problemlərlə üzləşir: “Biz Səfirliyin internet imkanları vasitəsilə, eləcə də gömrük-keçid məntəqələrində insanları məlumatlandırırıq. Şəxsi mənzillərdə yaşayan insanlar Miqrasiya İdarəsinə müraciət edərək yaşayış yerlərini qeydiyyata salmalıdırlar. Onlar 10 gün ərzində yaşadıqları yer haqda məlumat vermədikdə 300 manat məbləğində cərimə olunurlar”.

Hüseynov İranın Azərbaycan vətəndaşları üçün viza rejimini 2010-cu ilin fevralında ləğv etdiyini xatırladıb: “İndi, hər il 1 milyona yaxın Azərbaycan vətəndaşı İrana səfər edir”.

Diplomatın sözlərinə görə, 2017-ci ildə 350 mindən artıq İran vətəndaşı Azərbaycana səfər edib. “Biz hər iki ölkənin vətəndaşlarının qarşılıqlı səfərlərini təşviq edirik, - deyə diplomat bildirib.

Azərbaycanda “İran mədəniyyəti həftəsi” keçiriləcək

Səfir Hüseynov İranla Azərbaycan arasında mədəni sahədə əməkdaşlıqdan da danışıb. “2017-ci ilin yayında İsfahanda “Azərbaycan mədəniyyəti həftəsi” keçirilib. Bu tədbir çərçivəsində fotosərgi, Azərbaycan musiqisi və filmləri nümayiş etdirilib”.

Azərbaycan səfirinin sözlərinə görə, bu ilin fevralında isə Azərbaycanda “İran filmləri həftəsi” keçirilb. “Tezliklə Azərbaycanda “İran mədəniyyəti həftəsi”nin keçirilməsi nəzərdə tutulur”, - deyə o, bildirib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az