25.09.2018 19:55
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Vankuver Bakıdan nə öyrənə bilər? - FOTO
 
25.09.2018
VANCOUVER COURIER, Kanada
 

  Bakı ilə Kointrin arasında hava əlaqəsi yaradılır
 
25.09.2018
Tribune de Genève, İsveçrə
 

  Bakı: 100 il öncə gerçəkləşmiş arzunun hekayəsi
 
24.09.2018
Əl-Əhram, Misir
 

  Azərbaycan dünyaya Bakının 1918-ci ildə azad edildiyini xatırladır
 
24.09.2018
The London Post, Böyük Britaniya
 

  “Azərbaycan Hava Yolları” şəbəkəsini genişləndirir
 
24.09.2018
Air Journal, Fransa
 

 
 
Milyonlarla azərbaycanlının iştirak etdiyi demokratiya bayramı

 
 



Əl-Fəcr, BƏƏ
16.04.2018


Müəllif: Şərif Basil

Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasətdəki uğurlarına ümumxalq səsverməsi kimi baxır.

Azərbaycanda milyonlarla insanın sərbəst, şəffaflıq şəraitində iştirak etdiyi demokratiya bayramı keçirilib. Növbəti mərhələdə ölkəni idarə etməyə 8 namizəd arasından ən layiqlisini seçmək üçün seçki məntəqələrinə axışan xalq istəyini ifadə edib. Çünki onlar bu mərhələ ölkənin gələcəyinin qurulması üçün hər kəsin prosesdə iştirakının vacibliyinə inanırdılar.

Bir sözlə, Azərbaycanda təşkil olunmuş növbədənkənar prezident seçkisində əvvəllər görünməmiş seçici fəallığı müşahidə olunub. Həmin gün müxtəlif yaş qrupundan olan qadınlar, kişilər, gənclər ümidlərini, arzularını reallaşdıracaq, ölkələrini inkişaf etdirəcək, onu dünya birliyində layiq olduğu yerə qaldıracaq namizədin seçilməsi üçün səsvermə hüququndan istifadə edib.

Seçkiləri müşahidə etmək üçün Azərbaycana yollanmış “əl-Fəcr” nümayəndəsi də bir sıra seçki məntəqəsində monitorinq aparıb və bu zaman seçki üçün şəffaf şəraitin yaradıldığının şahidi olub.

Seçki prosesini izləyərkən bizə aydın oldu ki, Azərbaycan xalqının prezident İlham Əliyevin siyasətinə, qarşıdakı çağırışlara cavab vermək, müxtəlif sahələri əhatə edən islahatlarla bəzi böhranlardan yayınmaq bacarığına inamı seçici fəallığının əsas səbəbidir. Bir sözlə, hakim partiyanın (Yeni Azərbaycan Partiyası) namizədi olan prezident İlham Əliyev Azərbaycan xalqının etimadını qazanmağa ən şanslı namizəd idi. Xalq növbəti 7 il üçün də onun dəstəkləyir, məhz özünün əsasını qoyduğu nailiyyətlərin, yürütdüyü kursun davam etdirilməsini, inkişaf, quruculuq və bütün sahələrdə köklü islahatların dayanmamasını, sabitliyin daha da güclənməsini istəyirdi.

Bakı Azərbaycan Milli Məclisinin 2 üzvü ilə də görüşdük, bir neçə seçicilə söhbətləşdik. Onlar seçkinin çox mühüm tədbir olduğuna əmindirlər.

Beynəlxalq normalara uyğun keçirilmiş seçki

Milli Məclisinin deputatı Hadı Rəcəbli hakim partiyanı təmsil edir və prezident İlham Əliyevi dəstəkləyir. O, Əliyevin seçki kampaniyasında da iştirak edib. Bu məqsədlə 20 gün ərzində paytaxt Bakıdan uzaqda yerləşən bir çox rayonlarda olub. H.Rəcəbli hesab edir ki, hakim partiya ölkənin 1 nömrəli partiyasıdır. “Azərbaycanın 10 milyona yaxın əhalisi var. Onun 700 mini YAP-ın üzvüdür”, - deyə deputat bildirib: “Prezident İlham Əliyev ölkə əhalisinin əksəriyyətinin inamını və dəstəyini qazanıbsa, bunun səbəbi ötən 15 il ərzində əldə etdiyi uğurlar, bu dövrdə Azərbaycanın inkişafı və çiçəklənməsidir. Hamı bunun şahididir”.

H.Rəcəblinin sözlərinə görə, İlham Əliyevin seçki kampaniyası qəbul edilmiş qayda-qanunlara uyğun keçirilib. Səsvermə prosesi də beynəlxalq qaydalar çərçivəsində təşkil olunub. Seçki komissiyalarının tərkibində bütün partiyalardan müşahidəçilər yer alıb. Prosesi yüzlərlə beynəlxalq müşahidəçi də izləyib.

Qalib gələn xalqdır

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə seçnikin nəticəsinin xalqın qələbəsi olduğunu söyləyib. Çünki qərar sahibi məhz xalqdır: “Əldə edilmiş sabitliyi, əmin-amanlığı, böyük inkişaf tempini qorumaqda o, öz rolunu oynayır”.

S.Seyidov cəmi 25 il əvvəl ölkədə sabitlikdən əsər-əlamətin olmadığını, zorakılıq, müharibə və gərginliyin hökm sürdüyünü xatırladıb. “Şübhəsiz ki, ölkənin hazırkı durumu İlham Əliyevin müdrik idarəetmə qabiliyyəti, yüksək bacarığı sayəsində mümkün olub. Odur ki, nailiyyətlərin qorunması məsuliyyəti xalqın üzərinə düşür. Bu işi ən mükəmməl şəkildə məhz o görə bilər”, - deyə deputat qeyd edib.

S.Seyidov səsvermə məntəqələrinin yerləşdiyi bu qədər çoxsaylı məktəbin də əvvəllər olmadığını bildirib: “Olanlar da bu vəziyyətdə deyildi. Bu günsə hamımız daha yaxşı gələcəyə inanırıq. Biz arzularımızı prezidentimizlə bərabər gerçəkləşdirəcəyik. Onun adı xalqının həyatını daha asan və mütərəqqi edən, onu inkişaf etdirən qərarlarla, siyasətlə bir çəkilir”.

Demokratik şəraitdə keçən seçki

Müstəqil müşahidəçilərdən olan Nazim Həsənovun sözlərinə görə, onun müşahidə apardığı məntəqədə seçkiyə kölgə sala biləcək heç nə baş verməyib – nə seçki qanunvericiliyinin tələblərinin pozulması, nə seçicilərə təzyiq və s. Bu, həqiqətən də şəffaf və azad seçki nümunəsidir. Azərbaycanda hər bir vətəndaşın tam sərbəst səs verməsinə şərait yaradılıb.

“İlham Əliyevin rəhbərlik etdiyi ölkənin gələcəyinə inanıram”

70 yaşlı Heydər İsmayılov səsini İlham Əliyevə verib. Onun fikrincə, seçkidə qələbəyə layiq olan yeganə namizəd məhz İlham Əliyevdir. Ölkədə sabitliyi qoruyub saxlaya biləcək yeganə şəxs də odur. H.İsmayılovun sözlərinə görə, xalq İ.Əliyevi sevir, ona hörmət edir, nailiyyətlərini yüksək qiymətləndirir: “Buna görə də biz ölkənin gələcəyini onun rəhbərliyi altında görürük. Bütün rəqəmlər göstərir ki, biz düz yolla irəliləyirik. İlham Əliyev olmasaydı, bu nailiyyətlərin çoxunu qazana bilməzdik. O, Azərbaycanda gələcəyə aparan mühərrik kimidir”.

Seçici də, namizəd də dövlətin maraqlarından çıxış edir

Azərbaycan Milli QHT Forumunun prezidenti olan 58 yaşlı Rauf Zeyni bildirib ki, xalqın əksəriyyəti prezident İlham Əliyevin yenidən bu posta seçiləcəyini gözləyirdi. Onlar nəticənin elan olunması ilə, daha parlaq yeni gələcəyi bayram etməyi düşünürdü. Xalq inanır ki, prezident qarşıdakı dövrdə onların bütün arzularını gerçəkləşdirəcək.

R.Zeyni seçki prosesinin şəffaf, demokratik ab-havada keçdiyini də söyləyib: “Bu, nikbinliyə əsasdır. Demək, gələn dövr daha da yaxşı olacaq. Seçici də, namizəd də  dövlətin marağından çıxış edir”.

Vətənin inkişafı üçün hər kəs çalışmalıdır

36 yaşlı Səbinə də İlham Əliyevə səs verib. O da ölkənin gələcəyini Əliyevin rəhbərliyi altında görür. Hazırkı prezidentin son 15 il ərzində əldə etdiyi nailiyyətlər sübut edir ki, İ.Əliyev ölkə vətəndaşlarını da vətənin inkişafı naminə çalışmağa sövq etməyi bacarır. Hər halda, vətənin inkişafı və tərəqqisi, inkişaf etmiş dövlətlərin sırasına çatması, bütün beynəlxalq təşkilatlarda bayrağını qaldırması üçün hər kəs – rəhbərlik və xalq bir komanda kimi çalışmalıdır.

“İlham Əliyevin xarici dövlətlərlə qurduğu əməkdaşlıq, dostluq, anlaşma fonunda gələcəyə daha böyük ümidlərlə baxıram. Məhz bu əlaqələr sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində öncül mövqe tutur”, - deyə o, bildirib.

İlham Əliyev – ümumilli fəaliyyətin rəmzi

Elçin Əhmədov hesab edir ki, İlham Əliyev ümumilli fəaliyyətin rəmzidir: “O, qısa vaxt ərzində Azərbaycanı Orta Asiya regionunda inkişaf etmiş dövlətə çevirib, əhalinin rifahının yaxşılaşdırılması üçün proqramlar qəbul edib. Bunun faydasını hər kəs görür. Hətta ölkəmizə gələn xarici qonaqlar belə, 15 il ərzində şahid olduqları sürətli dəyişikliklərdən sözün yaxşı mənasında heyrətlənirlər. Ümumiyyətlə, xalqın öz oğluna, prezidentinə inamının göstəricisi seçki qutularından çıxan nəticədir”.

E.Əhmədov deyib ki, o özü idmançı gənc kimi, İlham Əliyevi dəstəkləyir. Çünki prezident daim gəncləri himayə edir, idmanı dəstəkləyir.

Vətənin qorunması və inkişafı üçün müdrik insana ehtiyac var

İradə Mahmudova Dağlıq Qarabağ müharibəsi zamanı vətənini müdafiə edərkən şəhid olmuş Ramiz Əhmədovun ailəsindəndir. Mahmudova da səsini prezident İlham Əliyevə verib. O inanır ki, İ.Əliyev prezidentliyə ən yaxşı namizəddir və Ermənistan tərəfindən işğal edilmiş torpaqları yalnız o geri qaytara bilər: “İnanıram ki, şəhidlərimizin qanı hədər getməyəcək. İlham Əliyev müdrik siyiasəti və uzaqgörənliyilə seçilir. O, daim xalqın təhsil ehtiyaclarını təmin etməyə çalışır, onların gələcəyi ilə maraqlanır. Məhz onun sayəsində ölkə ildən-ilə çiçəklənlənir. Qısa zaman ərzində biz hədəflərimizin çoxuna nail olmuş, özünəməxsus yeri olan inkişaf etmiş dövlətlərdən birinə çevrilmişik”.

İlham Əliyev başqalarının nail ola bilmədiklərinə nail olub

H.Səlimovanı ən çox maraqlandıran gənclərin gələcəyi, təhsilin inkişafı, eləcə də tibbi xidmətlərin yaxşılaşdırılması, yazıçıların, şairlərin və ziyalıların dəstəklənməsi və sairdir. “Şübhəsiz ki, bütün bu nailiyyətləri yalnız İlham Əliyev kimi rəhbərin sayəsində əldə etmək olar. O, hər addımını planlaşdıran, təsadüflərə yer qoymayan iddialı insandır. Məhz buna görə də o, başqasının edə bilmədiklərini edə bilir”, - deyə Səlimova bildirib: “O, həm də açıq və aydın fikirli insandır. Onu görərkən çəkinmirsən, əksinə, hörmət edir, fikirlərinə qulaq asmağa, onlardan yararlanmağa çalışırsan. İlham Əliyev bizim üçün təkcə prezident deyil, həmçinin, ilk növbədə övladlarının qayğısına qalan, onların faydalanması üçün durmadan çalışan atadır. Buna görə də xalq onun sevgisinə sevgilə cavab verir. Bu, rəhbərlə xalq arasında unikal əlaqədir. Bu seçkinin nəticəsi də bu qarşılıqlı sevgini əks etdirəcək”.

“Onu yeni nəsillərin gələcəyi üçün dəstəkləyirəm”

Evdar xanım Nərminə Əliyeva: “Mən İlham Əliyev siyasətinin qatı tərəfdarlarındanam. Buna görə də səsimi ona verdim. Onun əsas hədəfi ölkənin sabitliyini qorumaqdır. Prezidentin iqtisadi və siyasi planları uğurla yerinə yetirilir. İqtisadi sahədə şahidi olduğumuz hərtərəfli tərəqqi, dayanıqlı və davamlı inkişaf heç nədən yaranmayıb. İlham Əliyev iqtisadiyyata böyük diqqət yetirən, Azərbaycan insanının həyat səviyyəsinin inkişafı üçün planlar quran prezidentdir. Siyasi müstəvidəki nailiyyətlərə gəldikdə, dövlətimiz onun hakimiyyəti dövründə bir neçə beynəlxalq təşkilata sədrlik edib. Bu gün Azərbaycan dünyada mühüm rol oynayan ölkələrdəndir. Buna görə də mən onunla fəxr edirəm”.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Fəcr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az