21.05.2018 18:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
Qarabağ münaqişəsində yeni dövr başlayır

 
 



VATAN, Türkiyə
17.04.2018


Müəllif: Kürşad Zorlu

Bu günlərdə yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyev qarşıdakı 7 ildə əsas gündəminin Qarabağ probleminin həlli olacağını gizlətmir. İndi, Azərbaycan dövləti xalqın yüksələn ruhu və dəstəyilə Qarabağ probleminin həlli istiqamətində daha ciddi tədbirlər görməyə hazırlaşır. Qarabağa gedən yolda söhbətləşdiyimiz insan Türkiyəyə salam göndərir və türk millətinə çox inanır.

Azərbaycanda keçirilmiş prezident seçkisinlə bağlı müşahidələrimizi sizinlə bölüşmüşdük. Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçicilər seçkinin sonunda küçələrə axışmışdı...

Ölkənin paytaxtı olan Bakı şəhərini həqiqətən də görmək lazımdır. Bura geniş və təmiz küçələri, tarixi memarlığı, iqlimilə ciddi turizm mərkəzinə çevrilməkdədir. Dolların bahalaşması və regionda baş verənlər əlbəttə ki, onları da narahat edir. Hər bir azərbaycanlı ölkəsində sabitliyin davam etməsini istəyir.

Benzinin 1 litri 2 TL-dirsə, avtomobil sürmək çox da çətin deyil. Üstəlik, burada yollar yenidən salınır. Hava qaralar-qaralmaz şəhərin hər yerindən ölkə bayrağını əks etdirilən “Alov qüllələri” görünür. Mətbəxə gəlincə, Azərbaycan xüsusilə bənzərsiz kababları ilə olduqca iddialıdır. Paytaxtın İçərişəhər adlanan ərazisi, Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Prezident İlham Əliyev isə turistlərin hava limanında əvvəllər yaşadığı narahatlıqların təkrarlanmaması üçün şəxsən göstərişlər verib.

Xidmət sektorunun səviyyəsi hələ qənaətbəxş olmasa da, bu sahə də gündən-günə inkişaf edir.

Bu günlərdə Bakı küçələri aprelin 27-29-da keçiriləcək Formula 1 yarışına hazırlanır. Bu idmanı sevənlər yarışı Azadlıq meydanı başda olmaqla, bir çox yerdə quraşdırılmış tribunalardan izləyə biləcək. Bu tədbir ölkəyə turist axınını bir neçə dəfə artırıb.

Ankaradan Bakıya birbaşa təyyarə reysi var. Əgər bileti vaxtında ala bilsəniz, Bakı və ətrafı sizin üçün maraqlı səyahət vəd edir.

İşğal altındakı torpaqlar

Prezident seçkisini müşahidə etdikdən sonra avtomobillə uzun bir yol qət edərək, ölkənin işğal altındakı torpaqlarına – Qarabağa yollanırıq. Azərbaycan ərazisinin 20%-i 1993-cü ildən Ermənistanın işğalı altındadır. Bu üzdən 1 milyondan çox insan ev-eşiyindən didərgin düşüb. Bu, yalnız Azərbaycanın deyil, qlobal siyasətin Türkiyə, Rusiya, Fransa, ABŞ kimi əsas oyunçularının siyasətinə də öz təsirini göstərir. Odur ki, İlham Əliyev xalqdan yeni mandat aldığı 7 illik prezidentliyi dövründə əsas gündəminin Qarabağ probleminin həlli olacağını gizlətmir. Onun sözlərinə görə, problemin sülh yolu ilə həlli səyləri davam etdiriləcək. Lakin indi, hər kəs daha güclü, daha qətiyyətli Azərbaycan görəcək.

Bu arada ABŞ ilə Rusiya arasında getdikcə qızışan mübarizə Qarabağ münaqişəsinin gedişatına da təsir edə bilər. Qarabağ probleminin əsl mahiyyətini anlamaq üçün isə buranı şəxsən görmək lazımdır. Bunun üçün əlbəttə ki, Azərbaycanın səlahiyyətli qurumlarından icazə alınmalıdır. Xatırlayırsınızsa, bir müddət əvvəl Azərbaycanın işğal altındakı torpaqlarına icazəsiz gedərək orada görüşlər keçirmək istəyən bəzi türk jurnalistlər Bakı tərəfindən persona non-qrata elan edilmişdilər.

Azərbaycanın Prezident Administrasiyasında görüşdüyümüz şəxslərin bu məsələdə çox həssas olduqlarını hiss edirik. Onlar hesab edir ki, Bakının nəzarətlərindən kənar belə addımıarln atılmasıhəmin bölgənin Ermənistan ərazisi kimi tanınması anlamına gəlir.

Qarabağa gedərkən yolda söhbətləşdiyimiz bir çox insan Türkiyəyə salam göndərir, türk millətinə çox inandığını deyir. Onlar xüsusilə Afrin əməliyyatından sonra Türkiyənin mövqeyinin gücləndiyini qeyd edirlər. “Bir gecə qəflətən gələ bilərik” sözü burada çox məşhurdur.

Dağlıq Qaraba münaqişəsilə bağlı Türkiyənin rəsmi siyasəti də dəqiqdir. Ankara eynilə Azərbaycan kimi, buranı “işğal edilmiş torpaqlar” sayır.

Nəhayət, tarixə şahidlik etmək üçün Cocuqmərcanlı kəndinə çatırıq.

Strateji yüksəkliyin hekayəsi

Bu kənd Ermənistanın 1993-ci ildə işğal etdiyi ərazilərdəndir. 1994-cü ildə o, işğaldan azad olunub. O zaman kəndə əhali qayıtsa da, orada yaşamaq istəyənlər hər gün ölüm təhlükəsilə qarşı-qarşıya qalıb. Çünki kəndə və ətrafına Lələtəpə adlı tyüksəklikdən ermənilər nəzarət edirdi. Bu təpə 2016-cı ilin aprelinədək Ermənistanın əlində olub. Həmin vaxt baş vermiş “Dörd günlük müharibə” zamanı isə bu ərazi işğaldan azad edilib. Təəssüf ki, bu zaman 22 şəhid də verilib. Onların bir çoxunun həmin döyüşə getməzdən əvvəl yazdığı məktublar sözün əsl mənasında ürək yandırır.

Kəndin girişində onların xatirəsinə abidə ucaldılıb. Lələtəpənin işğaldan azad edilməsindən sonra ermənilər təxminən 700 metr solda özlərinə yeni yüksəklik yaradıb. Hazırda onlar orada mövqe tutub. Biz həmin ərazini lentə almaq istəyirik. Lakin düşmənin atəş aça biləcəyini deyirlər və bizə çəkiliş aparmağa icazə vermirlər.

Lələtəpə 3 kilometr aşağıda yerləşən yaşayış məntəqələri üçün sanki nəzarət nöqtəsidir. Cocuqmərcanlı kəndinin sakinləri illərlə məhz bu yüksəklikdən açılan atəş üzündən evlərini tərk etmişdi. O zaman kənddə yalnız Hacıyevlər ailəsi qalmışdı. Onlar evləri hər gün atəşə tutulmasına rəğmən, kəndi tərk etməmişdilər.

İstiqlal marşını bilirlər

Yüksəkliyin azad olunmasında  sonra ilkin mərhələdə kənddə 51 ev tikilib. Artıq onların hamısına ailələr yerləşdirilib. İndi, tikintisi başa çatmış daha 100 ev öz sahibləri gözləyir. Artıq kənddə uşaq bağçası, iclas zalı və möhtəşəm bir məscid də inşa edilib. Məscid prezident İlham Əliyevin şəxsi tapşırığı ilə tikilib.

Kəndin muzeyi xatırladan məktəbində 60 uşaq təhsil alır. Onların demək olar ki, hər biri Türkiyə seriallarını izləyir. Xüsusilə Kamal Sunalın çəkildiyi filmlər burada yaxşı tanınır.

“Beşiktaş” tərəfdarının sayı daha çoxdur. Burada İstiqlal marşını əzbər oxuyan 1-ci sinif şagirdinə belə, rast gəlmək olar. Bu arada qeyd edək ki, Türkiyənin bir neçə bələdiyyəsi Cocuqmərcanlı kəndinə televizor hədiyyə edib. Burada türkiyəli biznesmenlərin heyvandarlığı ilə bir müəssisənin açılması da mümkündür. Bütün bunlar evlərinə qayıtmaq istəyənlərin həvəsini daha da artırır.

Bu il Cocuqmərcanlıda bir ilk də yaşanıb. Burada son dəfə səsvermə 1992-ci ildə keçirilmişdi. 26 il sonra kənd sakinləri prezident seçkisində səs vermək üçün seçki məntəqəsinə üz tutub. İndi, Azərbaycan dövləti xalqın yüksələn ruhu və dəstəyilə Qarabağ probleminin həlli istiqamətində daha ciddi tədbirlər görməyə hazırlaşır. Bunun ən böyük səbəbi isə BMT-nin birmənalı qərarlarına rəğmən, sülh danışıqlarının nəticə verməməsidir.

“Türkiyə tək deyil

Qarabağ veteranlarından biri də 27 yaşlı Kamil Musəvidir. Sosial şəbəkələrdə Afrin hərəkatına dəstək videosu ilə milyonların rəğbətini qazanmış Musəvinin bu çıxışını da ilk dəfə elə biz paylaşmışdıq. O, 2015-ci ilin oktyabrında kəşfiyyat tapşırığını yerinə yetirən zaman, dostuna kömək etməyə gedərkən minaya düşüb. Nəticədə sol gözünü və sağ ayağını itirib. Kamil evlidir. 2 övladı var. Küçədə insanlar “milli qəhrəmanımız” deyərək, onunla şəkil çəkdirir.

Ondan Türkiyə ilə bağlı hazırladığı video haqda soruşuram. Cavabı belə olur: “Türkiyə tək deyil. Terrorçular bilsin ki, onun burada da qardaşları var. Biz də bilirik Türkiyədə Qarabağ uğrunda mübarizə aparacaq çox insan var”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: VATAN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az