10.12.2018 07:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
“Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”

 
 



YnetNews.com, İsrail
20.04.2018


Müəllif: Yaniv Pohoriles

Azərbaycanın yəhudi icması dünyanın ən qədim yəhudi icmalarındandır. O, uzun illər nisbətən qapalı olub və digər ölkələrdəki yəhudi icması ilə əlaqə qurmayıb. Lakin bütünlükdə regionda, o cümlədən Azərbaycanda baş vermiş dəyişikliklər yəhudilərə də öz təsirini göstərib.

Azərbaycanın yəhudi icması daha konkret desək, Sovet İttifaqının dağılmasından sonra dəyişməyə başlayıb. “Xabad” və “Bney Akiva” təşkilatlarından olan missionerlərin Azərbaycana gəlişilə isə bəzi yəhudilər ölkəni tərk etmək haqda düşünməyə başlayıb.

“Ləyaqətlə yaşayacağıma ümid edirəm”

45 yaşlı Roman Mişiyev də həyat yoldaşı və 8 övladı ilə birlikdə təxminən yarım il əvvəl İsrailə köçüb. O, bunu “Xristianların və yəhudilərin beynəlxalq qardaşlığı” təşkilatının yardımı ilə edib.

R.Mişiyev Bakıda doğulub və böyüyüb. Ümumiyyətlə, Azərbaycanın yəhudi icmasının əksər üzvü bu şəhərdə yaşayır. Mişiyevin sözlərinə görə, bu gün Azərbaycanın yəhudi icması kifayət qədər güclü və fəaldır. Bu gün Azərbaycanda sinaqoqlarla yanaşı, yəhudi məktəbləri də var. “Ölkədə yəhudilərə xas bir sıra fəaliyyət növü mövcuddur”, - deyə o, qeyd edib.

Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibəti necədir?

“Ümumilikdə, Azərbaycanda yəhudilərə münasibət yaxşıdır. Ölkədə tolerantlıq mühiti var və yəhudilər də normal qəbul olunur. Şəxsən mən küçədə kipa taxmırdım. Amma yəhudilər Azərbaycanda heç nədən çəkinmədən, kipa taxa bilər. Orada bu, təhlükəsizdir”, - deyə R.Mişiyev vurğulayıb.

O, İsrailə sadəcə, maliyyə durumunu yaxşılaşdırmaq, həyat şəraitini daha da yüksəltmək niyyətilə köçüb: “Övladlarımın yəhudilər arasında ləyaqətlə yaşayacağı, daha irəli gedəcəyi, daha çox pul qazanacağı yer axtarırdım”.

Bu ailə hazırda İsrailin şimalında yerləşən Kiryat-Moçkin şəhərində yaşayır. R.Mişiyevin İsraildə çoxlu dostları da var. Onlar buraya Mişiyevdən əvvəl köçüblər. Odur ki, R.Mişiyev buraya asanlıqla uyğunlaşacağını düşünür.

“İsraili sevirəm. Burada hər şeyə yenidən başlamışam. Övladlarım da vəziyyətdən razıdırlar. Burada uğur qazanacağıma və ləyaqətlə yaşayacağıma ümid edirəm”, - deyə o, bildirib.

““Qardaşlıq” son onilliklər ərzində bütün dünyadan onlarla yəhudi icmasına yardım göstərib”, - deyə “Xristianların və yəhudilərin beynəlxalq qardaşlığı” təşkilatının prezidenti, ravin Yexiel Ekştayn bildirib. Onun sözlərinə görə, bu təşkilat Azərbaycanda yaşayan yəhudilərlə də işləməsindən qürur duyur: “Biz Azərbaycandan onlarla yəhudinin İsrailə köçməsinə yardım göstərmişik. Azərbaycandakı yəhudi icması çox kiçikdir. Lakin onlar yəhudi köklərinə və İsrailə çox bağlıdırlar”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: YnetNews.com


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az