22.09.2018 08:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ

 
 



CNN, ABŞ
24.04.2018


Müəllif: Tom Marsden

Azərbaycan dağlar, palçıq vulkanları, multikulturalizm və muğam ölkəsidir. Şərqlə Qərbin kəsişməsində yerləşən bu ölkədə müxtəlif xalqlar və mədəniyyətlər bir-birinə qarışıb. Azərbaycanın Türkiyə, İran və Rusiyanın arasında yerləşməsi bunun izahıdır.

Son illərə qədər Cənubi Qafqazda səyahət üçün əsas istiqamət Azərbaycanın qonşusu Gürcüstan idi. Başqa sözlə, Azərbaycan “səyahət radarları”ndan kənarda qalmışdı. Bu gün isə o, yeni, asan əldə oluna bilən 3 günlük viza xidməti, həmçinin münasib qiymətləri, möhtəşəm qonaqpərvərliyilə turistlər müsbət mənada təəcüblənir.

Bu gözəl istiqamətdə ən yaxşı məşğuliyyətlərin siyahısı:

Bakıda “Qədim şəhər”i gəzin

Bakının ərazisi şəhərin neft sənayesinin inkişafı nəticəsində Rusiya imperiyasının sənaye mərkəzinə çevrilməsinədək, “Qədim şəhər”dən çox da kənara çıxmırdı. Bu gün isə İçərişəhər Bakının mədəni mərkəzidir. “Qədim şəhər”in daş döşənmiş küçələri labirintə bənzəyir. Burada az qala hər addımda rəssam emalatxanalarına, kafe və muzeylərə rast gəlinir.

Bakıda ilk növbədə Qız qalası, Şirvanşahlar sarayı, qədim məscidlər və hamamlar ətrafına ekskursiya edin. Bu zaman çoxsaylı möhtəşəm restoranlarda Azərbaycan mətbəxini dadmağı da unutmayın. Məsələn, “Sehirli təndir” Qoşa qala qapısının yaxınlığında yerləşir. O, kifayət qədər məşhur kafedir. Burada xüsusilə, isti təndiq çörəyilə Azərbaycan milli mətbəxinə aid səhər yeməyi verilir.

Məsləhət: “Baku Original Walking Free Tour” Bakının mərkəzinə gözəl turlar təklif edir. Bu zaman neft bumu nəticəsində meydana gəlmiş memarlıq nümunələri, ölkənin ədəbi klassikləri, həmçinin pop mədəniyyəti haqda məlumat əldə edə bilərsiniz.

Bakıdakı muzeylərə baş çəkin

Azərbaycan zəngin tarixə və mədəniyyətə malikdir. Doğrudur, Bakını dünyanın ən böyük muzeylərinin olduğu şəhər kimi xarakterizə etmək olmaz. Lakin buradakı muzeylərə baş çəkməyə dəyər.

Mərhum Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzinin girintili-çıxıntılı, futurikstik forması onu müxtəlif sərgilərin keçirilə biləcəyi qeyri-adi məkana çevirib. Bu gün mərkəz müntəzəm olaraq dünya miqyaslı sərgilərə ev sahibliyi edir.

Bakı bulvarında yerləşən Azərbaycan Xalça Muzeyi də cəlbedici muzeydir. Buradakı 6 min xalça ölkənin 7 xalça məktəbini təmsil edir. Muzeydəki nümunələr təkcə vizual baxımdan cəlbedici deyil. Onlar həm də, bu xalçaları toxuyanların etiqadlarının, ənənələrinin təcəssümüdür.

Ölkənin maraqlı keçmişini öyrənmək üçün Milli Azərbaycan Tarix Muzeyinə baş çəkə bilərsiz. Burada bir neçə saat ərzində Azərbaycanın önəmli tarixi hadisələri, yəni neft bumu, kommunizm, Qarabağ münaqişəsi və s. haqda məlumat əldə etmək mümkündür. Muzey ölkədə əfsanəyə çevrilmiş, XX əsrin neft maqnatı olmuş Hacı Zeynalabdin Tağıyevin keçmiş malikanəsində yerləşir.

Qobustana bir günlük səfər

Bakının mərkəzindən 40 kilometr məsafədə yerləşən Qobustan dövət tarixi-bədii qoruğunda UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş 6 min qayaüstü rəsm var. Bu rəsmlər insana Xəzər-Qafqaz regionundakı insanların qədim həyat tərzi haqda unikal məlumatlar verir. 15 min illik tarixi olan bu qayaüstü rəsmlərdə ovçuluq ənənələri, insanların rəqsi, nəqliyyat və heyvanlar haqda rəmzlər təsvir edilib. Qayaların birində isə eramızdan əvvəl 1-ci əsrə aid, Romanın “İldırımla silahlanmış legion”unda xidmət etmiş əsgərin yazısı belə, həkk olunub. Bu yazıları başa düşməyə çalışan turistlər üçün Qobustanda yerləşən müasir muzey bir çox bələdçilik proqramları təklif edir.

Qobustanda olarkən Azərbaycanın ən gözəl məkanlarından birinə, ölkədəki 350 palçıq vulkanından bəzilərinin yerləşdiyi məkana da baş çəkə bilərsiniz (müxtəlif mənbələrə görə, dünyadakı palçıq vulkanlarının 30-50%-i Azərbaycanda yerləşir).

Palçıq vulkanları gözlənilmədən püskürür. Bu üzdən də onların əksəriyyəti qoruqla əhatələnib. Qobustanda isə palçıq vulkanlarının yerləşdiyi ərazilərə gedə, buradakı vulkanların qəribə səsini dinləyə bilərsiniz.

Məsləhət: Qobustana və oradakı palçıq vulkanlarına ekskursiyanı Bakıda gündən-günə artan hostellər, otellər və turizm agentliklərinin əksəriyyəti təşkil edə bilir.

Abşerondakı çimərliklərə baş çəkin

Bakıda yay isti keçir. Odur ki, bu şəhərə mayın sonunda səfər edin. Yayda Bakı sakinlərinin bir hissəsi qartal dimdiyinə bənzəyən Abşeron yarımadasındakı bağ evlərinə köçür. Yerli sakinlər kimi, turistlər də yayın istisindən qaçmaq üçün taksi, avtobus və ya şəxsi avtomobililə Abşerondakı çimərliklərdən birinə yollana bilərlər.

Bakı çimərliklərindəki mədəniyyət unikal fenomendir: sahildə saxlanmış köhnə sovet maşınları, piknikə gəlmiş ailələr, samovarlar və qarpızlar. Bəzi çimərliklərdə at çapan yerli oğlanları, bəzilərində isə tərk edilmiş neft qurğularından suya atılan gəncləri görə bilərsiniz.

Dincəlmək üçün Mərdəkan, yaxud Buzovnada yerləşən ictimai çimərliklərə getmək olar. Daha dəbdəbəli çimərliklər arzusunda olanlar isə “Amburan Beach Resort”, “Crescent Beach Hotel & Leisure Resort”, “Dalgha Beach Aquapark Resort” kimi məkanlara baş çəksin.

İsmayıllıda bal və şərab nümunəsi

İvanovka kəndi Qafqazın bir zamanlar çiçəklənən xristian icmasının mirasıdır. Azərbaycanda yaşayan xristianlar keçmişdə, yəni çar dövründə Rusiyanın mərkəzi hissələrindən bu ölkəyə qovulmuşdu. Sovet İttifaqı dağıldıqdan sonra isə bir çox xristian şimala qayıdıb. Lakin İvanovka hələ də Azərbaycanda rus mədəniyyətinin mərkəzi hesab olunur.

Burada hər yanda Rusiya memarlığına xas xüsusiyyətdə tikilmiş evləri görə bilərsiniz. Bununla yanaşı, Qafqazın ən yaxşı bal növlərindən biri burada hazırlanır. Azərbaycanın sonuncu kolxozu da buradadır. Bu kolxozda üzümdən məşhur “İvanovka” şərabı da hazırlanır.

Amma əsl “şərab ekskursiyası” istəyirsinizsə, İvanovkadan 15 kilometr məsafədə yerləşən Hacıhətəmli kəndindəki “Shato Monolit” otelinə baş çəkin. Bu dəbdəbəli otelin ərazisində şərab zavodu var. Orada şərab zavoduna ekskursiya və dequstasiya təklif olunur.

Məsləhət: “Ivanovka Guest House” oteli, ailəvi istirahət üçün rahat və ucuz otaqlar təklif edir. “EasyAZ” turizm agentliyi isə İsmayıllıya və ölkənin digər bölgələrinə sifarişlə turlar təşkil edə bilər.

Şəkinin İpək yolu mirasını kəşf edin

Qədim İpək yolu Azərbaycanın şimal-qərbində, Qafqaz dağlarının ətəyində yerləşən Şəkidən də keçirmiş. Bu gün Şəki Azərbaycan ipəyinin, müxtəlif əl işlərinin hazırlandığı mərkəzdir. Mirzə Fətəli Axundov küçəsində gəzinti Şəkinin yerli sənət növlərilə tanışlıq üçün yaxşı vasitədir. Buraya ənənəvi papaqların, halvanın, son dərəcə dadlı paxlavanın hazırlanması, təkəlduz tikmə növü və şəbəkə sənəti daxildir. Şəbəkələrdə taxta parçaları rəngli şüşələrə birləşdirilir. Bu zaman yapışqan və ya mismardan istifadə olunmur.

Şəki xan sarayında əsl şəbəkə sənəti nümunəsilə tanış ola bilərsiniz. Bu saraya Axundov küçəsi ilə bir neçə dəqiqə ərzində piyada çatmaq mümkündür. Burada 18-ci əsrin sonunda tikilmiş gözəl Şəki xan sarayının interyerini işıqlandıran şəbəkə pəncərələrinin möcüzəli, müxtəlif rəngli işıq oyununun şahidi olacaqsınız.

Məsləhət: Şəki turistlər üçün uyğun şəhərdir. Burada çox sayda restoran, suvenir dükanı və otel var. Əgər lap möhtəşəm məkanda qalmaq istəyirsinizsə, “Sheki Karvansaray Hotel”ə üz tutun.

Qubanın ucqar kəndlərində gəzinti

Azərbaycanda möhtəşəm mənzərəsi olan məkanlar çoxdur. Onların biri də Qafqaz dağlarında yerləşən Quba regionudur.

Bu region çoxsaylı etnik azlıqlarının vətənidir. Onlar ucqar dağ kəndlərində yaşayır və öz dillərində danışır. Bu kəndlərdən xüsusilə ikisi – Xınalıq və Qrız məşhur ekoturizm məkanıdır. Oralara son illərədək ya piyada, ya da atla gedilirdi. Lakin 2011-ci ildə hər iki kəndə yol çəkilib. Nəticədə, bu gün istər Xınalığa, istərsə də Qrız kəndinə asanlıqla getmək olur. Yeni yol Xınalıq və Qrızda gəzinti, ekoturizm üçün yeni imkanlar yaradıb. Amma oralara səfər yenə də bir sərgüzəştdir. Çünki buranın təhlükəli dağ yollarını yalnız möhkəm, köhnə Sovet “Cip”lərilə gedirlər. Zirvədəki möhtəşəm mənzərə isə...

Məsləhət: “Camping Azerbaijan” bu kəndlərə böyük gəzinti və ekoturlar təşkil edir.

Formula 1 təcrübəsi yaşayın

Formula1 yarışı Bakı üçün bir yenilikdir. O, Bakıda ilk dəfə 2016-cı ildə keçirilib. Monako və Sinqapurda olduğu kimi, Azərbaycan Qran-Prisi də küçə yarışıdır. Amma Bakı şəhər halqası onların ən sürətlisidir.

Bakı Şəhər Halqasının layihəsini alman mühəndis Herman Tilke hazırlayıb. Layihədə şəhərin əsas görməli yerlərini əhatə edir: trek qədim qala divarlarından tutmuş, tarixi İstiqlaliyyət küçəsinə, Bulvarla paralel yerləşən finiş xəttinədək uzanır.

2016-cı ildə, yəni yarışın ilk ilində elə də ciddi hadisələr baş verməmişdi. Ötən ilki yarışda isə tamaşaçılar çoxlu qəzalara, mübahisələrə, həyəcanlı finişə şahid olub.

Bu il Azərbaycan Qran-Prisi apreldə keçiriləcək. Bu, Bakıya səfər üçün ideal vaxtdır. Çünki apreldə Bakıda hava o qədər də isti olmur.

Naxçıvanda həftəsonu

Əfsanəyə görə, Naxçıvanda yerləşən İlandağın dişə bənzəyən zirvəsi Nuhun gəmisi tərəfindən yarılıb. Guya daşqından sonra Nuhun gəmisi Ağrı dağdan geri çəkilərək İlandağa yan alıb. Yəqin ki, Azərbaycanın Türkiyə, Ermənistan və İran arasında yerləşən bu anklavının mənəvi dəyərə malik mənzərəsini təsvir etmək üçün ən yaxşı vasitə Bibliya əfsanəsidir.

Naxçıvana Bakıdan təyyarə ilə getmək lazımdır. Bu region sizə çox maraqlı və fərqli təcrübə yaşadacaq. Buradakı taksi sürücüləri xüsusi forma geyir. Küçələr möhtəşəmdir. Buradakı qədim abidələrdən, dadlı limondan, İranın şimalından keçən Araz çayı boyun açılan mənzərədən böyük zövq alacaqsınız.

Sovet dövründə duz mədəni olmuş, hazırda sanatoriya kimi fəaliyyət göstərən məkanı, Batabat gölündə üzən adaları Naxçıvandan başqa harada görə bilərsiniz? Azərbaycanın Maçu-Pikçusu sayılan Əlincə qalasına da məhz burada qalxa bilərsiniz.

Göygöldə möcüzə

Kəpəz dağının ətəyində, Göygöl Dövlət Təbiət Qoruğunda yerləşən eyniadlı göl ölkənin qərbində əzəmətli mənzərəyə malik ən gözəl məkandır. Bu göl 1139-cu ildə baş vermiş güclü zəlzələdən sonra yaranıb. Məhz zəlzələ nəticəsində Kəpəz dağının zirvəsindəki qayalar Ağsuçayın qarşısını kəsib və nəticədə göl yaranıb.

Azərbaycanın bu bölgəsində məhz Göygöl mərkəzi məkan sayılır. Onun ətrafında bir neçə otel, çay evi və restoran var. Göygölün yaxınlığında ondan kiçik olan Maralgöl də yerləşir. Lakin o, sanki bir qədər unudulub və diqqətdən kənarda qalıb. Maralgöl Göygöldən 7 kilometr aralıdır. Oraya istər piyada, istərsə də mikroavtobusla getmək olar.

Göygöl Dövlət Təbiət Qoruğu Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədən avtomobillə təxminən 1 saatlıq məsafədə yerləşir. Bu qoruğun böyük hissəsinə toxunulmayıb. O üzdən qoruq zəngin vəhşi təbiətə malikdir. Burada canavarlar, çaqqallar, ayılar belə, var.

Gəncə yolu boyunca ənəvəvi çay evlərinin, kəndlərin yerləşdiyi möhtəşəm mənzərə sizi heyran edəcək.

Məsləhət: Göygöl Dövlət Təbiət Qoruğundakı otellərin qiyməti baha olduğundan, Gəncədə qalmanız məsləhətdir. Bu şəhərin zəngin tarixi var. Orada sanki gənclik ab-havası hökm sürür. Mərkəzi hissədə qırmızı kərpicdən tikilmi qədim binaları da görməyə dəyər.

Dağ yamacında yerləşən otellər

Ölkədə 2 balaca, lakin inkişaf etmiş qış kurortu var. Onlar 5-6 il əvvəl istismara verilib. Qafqaz dağının ətəyində yerləşən hər iki kurort xizək trasına malikdir.

“Shahdag Mountain Resort” Qusardan təxminən 30 kilometrlik məsafədə yerləşir. Dağ yamacında yerləşən bu oteldə elit nömrələr və restoranlar var. Buradan qərbdə isə “Tufandag Mountain Resort” fəaliyyət göstərir. Otel Qəbələ şəhərinin zirvəsində tikilib. Bura xizək sürməyə yeni başlamış insanlar üçün o qədər də uyğun məkan deyil. Amma o, daha cəlbedici və münasib kafelərə, restoranlara və otellərə malikdir.

Bu kurortlarda qış dekabrın ortalarından başlayır və fevralın sonunadək davam edir. Mövsüm qısa olduğundan hər iki kurort yay turizmilə bağlı variantlar üzərində çalışır. Onların hər ikisinə Bakıdan avtobusla, taksi ilə getmək, ən yaxşı halda isə avtomobil sifariş etmək olar.

Qonaqpərvərlik və çay mədəniyyəti

Sadə və möhtəşəm Azərbaycanın təcrübəsilə dünya ölkələrində yalnız təsadüfən rastlaşa bilərsiniz. Azərbaycanlılar (xüsusilə regionlarda) çox qonapvərpərdirlər. Odur ki, bu insanlarla tanış olmalısınız. Onlar sizi evlərinə qonaq çağıracaq, süfrəyə dolma, xəngəl, plov və durmadan çay gətirəcəklər.

Ölkənin milli içkisi olan çay Azərbaycan təcrübəsinin ayrılmaz hissəsidir. Bu, hər yerdə belədir: istər dağ kəndlərində, istər Xəzər dənizinin sahilində, istərsə də ölkə boyu uzanan yol kənarlarında.

Azərbaycan çayı balaca armudu stəkanda verilir. Kəndlərdə onun yanında yerli meyvələrdən hazırlanmış mürəbbə də təklif olunur. Bakının mərkəzində yerləşən kafelərdə təklif olunan çay dəstgahında isə paxlava və digər Azərbaycan şirniyyatları verilir.

Məsləhət: “The Shirvanshah Musey Restaurant” Bakıda çay mədəniyyətilə, eyni zamanda, şəhərin qədim tarixilə tanış olmaq üçün gözəl məkandır. Buradakı 12-dən çox otaq müxtəlif tarixi dövrləri əks etdirir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az