21.07.2018 17:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
İnsanlıq əleyhinə cinayət olan Xocalı qətliamı təkrarlanmasın!

 
 



THE FORTRESS, Pakistan
26.04.2018


Müəllif: Zaman Bacva

Fevralda qış sona çatır, yazın qapısı açılır. İnsanlar yeni çiçəklərin açmasını gözləyir. Yaz fəsli yeni başlanğıc, müsbət əhval-ruhiyyə deməkdir. Xocalı əhalisisə 1992-ci ilin fevralında dəhşətli qətliama məruz qalıb.

Dağlıq Qarabağ regionunun ikinci böyük şəhəri olan Xocalının ərazisi 7,5 kvadrat kilometrdir. Dağlıq Qarabağ regionunda yeganə aeroport da burada yerləşirdi. Xocalı qətliamı milyonlarla insanın öldürüldüyü Holokost, Lidiçe, Oradur-sür-Qlan, Ruanda, Srebrenitsa faciələri qədər dəhşətlidir. Bu faciələr tarixdə soyqırım və insanlığa qarşı cinayət aktı kimi qalıb...

Xocalı qətliamının azərbaycanlı şahidi Elxan Hüseynov hər yaz fəsli gələndə sanki həyat yoldaşı və 3 övladından xəbər alacağına ümidlənir. Amma o, artıq 26 ildir gözləyir.

“Erməni hərbi birləşmələrinin törətdiyi Xocalı qətliamı ailəmi əlimdən aldı. Şəhərə hücum başladıqda insanlar Qarqar çayını keçərək meşəyə doğru qaçırdı. Qışda bu çayı keçmək çox çətindir. Onlar hücumdan canlarını qurtarmağa çalışsalar da, ermənilər onları gizləndikləri yerdə də tapdı. Həmin gecə yüzlərlə günahsız mülki şəxs, xüsusilə, qadınlar, uşaqlar, qocalar vəhşicəsinə öldürüldü. Dəhşətli gecəni heç vaxt unutmayacağam. Həmin gün ailəmdən ayrı düşdüm. İndiyədək onlardan xəbərim yoxdur...”, - deyə E.Hüseynov bildirib.

Bu dəhşətli qətliam 1992-ci il fevralın 26-na keçən gecə baş verib. Erməni hərbi birləşmələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı batalyonunun köməyilə silahsız, müdafiəsiz Xocalı şəhərinə hücum edib. Şəhər işğala qədər blokadada olub. 1991-ci ilin oktyabrında o, erməni hərbi birləşmələri tərəfindən mühasirəyə alınmış, ermənilər bütün kommunikasiya vasitələrini ələ keçirmişdi. 1992-ci il fevralın 25-də isə erməni hərbi birləşmələri şəhərə artilleriya və ağır silahlarla hücuma keçərək, onu işğal edib. Bununla da Xocalı qətliamın törədildiyi şəhərə çevrilib. İşğal zamanı evlər yandırılıb, dağıdılıb, xilas ola bilməyən mülki əhali girov götürülüb.

Bir gecədə qədim Xocalı şəhəri tamamilə məhv edilib. O vaxtadək yeni tikililərin, müasir binaların olduğu şəhər kimi tanınan bu şəhər qədim mədəniyyətilə də məşhur idi. Xocalı eramızdan əvvəl 14-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Burada son tunc dövrü və erkən dəmir dövrünə aid dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılıb. İşğalçılar bu qədim mədəniyyət nümunələrini də məhv edib. Bu, təkcə Azərbaycan üçün deyil, həm də bütün bəşəriyyət üçün böyük itkidir.

Dəhşətli qətliam zamanı 613 azərbaycanlı öldürülüb, 487 nəfər əlil olub, 1275 nəfər girov götürülüb. Bununla yanaşı, bəzi azərbaycanlılar şəhərdən qaça bilib. Onlar yaxınlıqdakı dağlarda və Kətik meşəsində gizlənməklə, ölümdən qurtulublar.

Xocalı qətliamının şahidi olan Səadət Zeynalovanın sözlərinə görə, mülki əhali hücumdan canını qurtarmaq üçün meşəyə qaçırmış. Bu zaman insanlar kiçik qruplar halında hərəkət edir, hələ Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə yol tapacaqlarına ümid edirlərmiş: “Bizdən qabaqda gedən bir çox insanlar erməni hərbi birləşmələri tərəfindən öldürüldü, bəziləri girov götürüldü, bəzilərisə meşədə donaraq dünyasını dəyişdi. Mən və balaca qardaşım bir neçə gün ərzində meşədə gizləndik. Allahın yardımı ilə yol tapdıq və Ağdama çatdıq. Qohumlarımız öldüyümüzü fikirləşirmiş. Amma biz dəhşətli gündən xilas ola bildik. Ermənilərin Xocalı sakinlərinin başına gətirdiklərini heç vaxt unutmayacağıq”.

Xocalı qətliamı beynəlxalq medianın da gündəmini zəbt etmişdi. Dünya KİV-i bu qətliamı müxtəlif cür təsvir edib. Lakin qətliama görə hər kəs Ermənistanı günahlandırıb, dəhşətli hadisələrə görə Yerevanın məsuliyyət daşıdığını bəyan edib.

“The Sunday Times” (1992-ci il, 1 mart) yazırdı ki, erməni əsgərləri şəhərdən qaçan yüzlərlə ailəni qırıb: “Ağdam xəstəxanasında qətliam və terrorun nəticələri görünürdü. Həkimlərin sözlərinə görə, qətliamdan xilas ola bilmiş 140 nəfər müalicə olunur. Onların əksəriyyətində güllə və bıçaq yaraları var”.

“The Washington Times”ın (1992-ci il, 2 mart) xəbərində deyilirdi ki, azərbaycanlılar ermənilər tərəfindən qətlə yetirilib və ya evlərindən qaçmağa məcbur olub: “Azərbaycan televiziyası Xocalı şəhərindən daşınan cəsədlərlə dolu vaqonları göstərir”.

“The Times” (1992-ci il, 1 mart) yazırdı ki, Qarabağın təpələri meyitlərlə doludur: “İnsanlar xilas olmaq üçün qaçdan zaman belə, atəşə tutulublar”.

“The New York Times” (1992-ci il, 3 mart) nəşri də ermənilərin qətliam törətdiyi haqda xəbər verirdi: “Helikopterlə bölgəyə yollanmış Azərbaycan rəsmiləri və jurnalistlər 3 ölmüş və baş dərisi soyulmuş uşaq cəsədini gətiriblər”.

“The Times” (1992-ci il, 3 mart) xəbər verirdi ki, “Dağlıq Qarabağdakı təpələrdə qadın və uşaqlar daxil olmaqla, 60-dan çox cəsəd aşkar olunub. Yüzlərlə insan itkin düşüb”.

“News Week” (1992-ci il, 16 mart) nəşrində isə “Qətliamın üzü” başlıqlı məqalə dərc olunmuşdu: “Qaçmaq istəyən bir çox insan öldürülüb. Onların bəziləri tanınmaz hala salınıb, bəzilərinin baş dərisi soyulub”.

“Human Rights Watch” təşkilatı da qətliamı pisləmişdi. Təşkilat Ermənistanın izahatının inandırıcı olmadığını bildirmişdi.

Rusiyanın bir sıra insan haqları təşkilatları da “Xocalıda mülki əhalinin kütləvi qətliamına heç bir bəraətin olmadığıni” bəyan etmişdi: “Erməni hərbçilərinin əməlləri insan haqları ilə bağlı beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır”.

Müstəqil araşdırmalara əsasən, hadisə zamanı 50-dən çox erməni zabiti Ermənistanın həmin dövrdəki müdafiə naziri, 366-cı alayın 2-ci batalyonunun komandiri Yevgeni Nabokixinin komandanlığı ilə hərəkət edib.

İllər sonra Ermənistan prezidenti Serj Sarqsyan britaniyalı jurnalistin Xocalı qətliamı haqda sualını cavablandırarkən erməni hərbi birləşmələrinin cinayətini açıq şəkildə etiraf edib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi qıra bildik”. Yüksək rütbəli şəxsin bu bəyanatından sonra başqa sözə ehtiyac varmı?

O günlərdə beynəlxalaq media Xocalı qətliamı haqda ard-arda xəbərlər versə də, Qərb ölkələri diqqəti Balkanlarda və Ruandadakı münaqişə zonalarına yönəltmişdi. Nəticədə dünyanın əksər ölkələrində erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı qətliamının dəhşətli miqyası haqda məlumat yox idi.

Xocalı qətliamı yalnız Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra dünyanın gündəminə çıxıb, Milli Məclis Xocalı soyqırımına siyasi və hüquqi qiymət verib.

2002-ci il fevralın 25-də, yəni Xocalı qətliamının 10-cu ildönümündə ümumilli lider Heydər Əliyev Xocalı qətliamına siyasi qiymət verib: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Pakistan, Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Çexiya, İordaniya, İsrail, Sudan, Honduras, Cibuti, Paraqvay və ABŞ-ın 20 ştatı Xocalı qətliamını soyqırım kimi tanıyıb.

Elxan Hüseynov bu qətliamın şahidi olmuş Xocalı sakinlərindən biridir. Xocalı qətliamından 26 il keçməsinə baxmayaraq, o, hələ də həyat yoldaşını və 3 övladını tapa bilmir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE FORTRESS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az