19.08.2018 12:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
Rusiya ilə İranın arasında yerləşən Azərbaycanın yaxın tarixinə baxış

 
 



NewsBlaze, ABŞ
28.04.2018


Müəllif: Nurit Qrincer

Azərbaycanın keçmişi, gələcəyi, siyasi perspektivləri haqda müstəqil fikirli şəxslə – Milli Məclisinin deputatı, parlamentdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabiq sədr müavini Rövşən Rzayevlə söhbətləşmişik.

Deputat R.Rzayev vəkildir. O, müstəqil deputatdır, yəni heç bir partiyanın üzvü deyil. Rzayevin hədəfi Azərbaycanın azadlığını və müstəqilliyini qorumaq, onun uğrunda mübarizə aparmaqdır.

Cənab Rzayev həqiqi vətənpərvərdir. Onunla söhbətimdən sonra əmin oldum ki, burada hökumət üzvləri həqiqətən də Azərbaycanın qayğısına qalır. R.Rzayev ölkə tarixini yaxşı bilir. O, ədalətin bərqərar olmasını istəyir.

“1993-cü ildə Azərbaycan böhranla üzləşmişdi”, - deyə cənab Rzayev onu narahat edən məsələlər haqda danışmağa başlayır: “O anda Heydər Əliyevi “olum, ya ölüm” dilleması qarşısında qalmış Azərbaycanı xilas etməyə çağırdılar”.

Heydər Əliyev Azərbaycanın üçüncü prezidenti olub. O, 1993-cü ilin oktyabrından 2003-cü ilin oktyabrınadək ölkəyə başçısılıq edib. Azərbaycanda ölkə prezidentinin Konstitusiya çərçivəsində geniş səlahiyyətləri var. Amma Heydər Əliyevin Azərbaycan siyasətinə təsir daha əvvəlki illərədək uzanır. O, hələ gənc olarkən Azərbaycan SSR Xalq Komissarlığı Sovetinə qoşulub və qısa müddət ərzində general-mayor rütbəsinədək yüksəlib.

H.Əliyev 1969-1982-ci illərdə Sovet Azərbaycanının rəhbəri olub. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bununla, H.Əliyev Sovet İttifaqında müsəlmanlar və azərbaycanlılar arasında ən yüksək vəzifə tutan şəxsə çevrilib. Amma 1987-ci ildə Sovet İttifaqı Mərkəzi Komitəsinin baş katibi Mixail Qorboçovla fikir ayrılığı üzündən Sovet hökumətindən öz ərizəsilə istefa verib. Bundan sonra H.Əliyev Azərbaycana qayıdıb və ölkənin Naxçıvan regionunda yaşamağa başlayıb. 1993-cü ildə başlamış siyasi təlatümlərdən sonra Azərbaycanın həmin dövrdəki prezidenti onu Bakıya dəvət edib. Həmin il H.Əliyev Azərbaycanın yeni prezidenti seçilib.

“Prezident Heydər Əliyevin balanslı siyasəti müharibə vəziyyətdə olan ölkəyə sabitlik gətirdi. O, ölkəni düz yola çıxardı”, - deyə R.Rzayev qeyd edir. Rzayevin sözlərinə görə, H.Əliyev Azərbaycanı məhv olmadan qurtarıb, hamar yola çıxarıb. Prezidentliyinin ilk illərində Əliyev hərbi hərc-mərcliklə də mübarizə aparıb: “Heydər Əliyevin güclü müstəqillik, sabitlik yoluna çıxardığı ölkə bu gün xoşbəxtdir”.

Rzayevdən müsahibəni İlham Əliyevin 2018-ci il aprelin 11-də 7 il müddətinə yenidən prezindent seçilməsindən sonra almışam. Millət vəkilinin sözlərinə görə, İ.Əliyevin rəhbərliyi altında Azərbaycanın Ermənistanla ərazi probleminin həllində vacib, müsbət dəyişikliklərə nail olacağı gözlənilir. Cənab Rzayev Azərbaycan ərazisi olan, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayonun azad olunmasını istəyir.

Qeyd: Dağlıq problemi Ermənistanla Azərbaycan arasındakı ərazi münaqişəsidir. Bu münaqişə Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalı ilə nəticələnib. Ermənistan bu əraziləri 1990-cı illərin əvvəllərində işğal edib. Bu torpaqlar beynəlxalq birlik tərəfindən de-yuri Azərbaycan ərazisi kimi tanınır.

Dağlıq Qarabağ münaqişəsi necə başlayıb?

Deputat Rzayev yaxın keçmişdəki hadisələri beıə xatırlayır: “Münaqişə 1988-ci ildə başlayıb. Ermənistan Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyündən istefa etməsindən ilhamlanaraq, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına və bu ərazinin Ermənistana birləşdirilməsi cəhdlərinə start vermişdi. Bu iddiaların əsasında etnik mübahisə dayanırdı. Nəticədə iki ölkə arasında dağıdıcı müharibə başladı. Müharibə zamanı 30 min insan həyatını itirdi. Üstəlik, 1988-1991-ci illərdə tarixən Ermənistanda yaşamış 250 min azərbaycanlı oradan deportasiya edildi. 1988-1994-cü illər ərzində Azərbaycanın suveren torpaqları, yəni ərazisinin 20%-i Ermənistan tərəfindən işğal olundu, 800 min azərbaycanlı işğal edilmiş ərazilərdən qovuldu.

Müqayisə üçün deyim ki, Ermənistanın işğal etdiyi ərazi ABŞ-ın Konnektikut ştatından böyükdür. 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb. Təmas xətti boyu nadir toqquşmalara baxmayaraq, atəşkəs müqaviləsi hələ də qüvvədədir. BMT Təhlükəsizlik Şurası bu işğalı qınayıb. Qurum Dağlıq Qarabağ münaqişəsi haqda 4 qətnamə qəbul edib. Amma bu qətnamələrin tələbləri indiyədək yerinə yetirilmir. Ermənistan ordusu hələ də Azərbaycanın işğal altındakı ərazilərinə nəzarət edir, Dağlıq Qarabağ və ona bitişik 7 rayondan məcburi köçkünə çevrilmiş azərbaycanlılar doğma evlərinə qayıdacaqları günü gözləyir”.

R.Rzayevin sözlərinə görə, hələ 1918-ci ildə Azərbaycandan Ermənistana 9 min kvadrat kilometrlik ərazi verilib: “Hazırda bu ölkənin ərazisi Dağlıq Qarabağ və ona bitişik 7 rayonun 16 min kvadrat kilometrlik ərazisini saymasaq, 29 min kvadrat kilometrdir. Ermənistan kommunizm dönəmində də Sovet İttifaqının icazəsilə Azərbaycan ərazilərini tutub”.

Rövşən Rzayevin vətənpərvərliyinin kökləri

Cənab Rzayev Dağlıq Qarabağın əhalisinin əksəriyyəti azərbaycanlılar olmuş Şuşa rayonunda doğulub. 1992-ci ildə Ermənistan Şuşanı da işğal edib. Nəticədə bu şəhərin əhalisi ya öldürülüb, ya da oradan qovulub. R.Rzayev 2009-cu ildə işğal altındakı Şuşa rayonunu ziyarət edən zaman burada 18-ci əsrə aid Azərbaycan abidələrinin tamamilə dağıdıldığını görüb.

1990-cı illərdəki müharibə zamanı R.Rzayev Bakıda vəkil işləyirdi. Onun sözlərinə görə, Dağlıq Qarabağda prokuror kimi çalışan atası 1991-ci ildə ermənilər tərəfindən həbs edilib və 24 gün girov saxlanılıb. Deputat qeyd edir ki, atası həmin vaxt erməni vəhşiliklərini öz gözlərilə görüb.

“Bu gün dəyişikliklər göz qarşısındadır. Azərbaycanın güclü ordusu var. Ermənistanla Azərbaycan arasında 2016-ci ildə baş vermiş toqquşmalar zamanı Azərbaycan böyük bir ərazini işğaldan azad edib, nəticədə cəbhədə böyük üstünlük qazanıb. Amma bu vəziyyət bizi qane etmir. Ölkənin işğal altında olan bütün əraziləri azad olunmalıdır”, - deyə R.Rzayev bildirir.

Deputat hazırkı dövlət başçısı İlham Əliyevin tərəfdarıdır: “Mən İlham Əliyevin ordunun gücləndirilməsilə bağlı siyasətini, həmçinin münaqişənin sülh yoluyla həlli üçün danışıqları davam etdirməsini dəstəkləyirəm. Münaqişənin sülh yolu ilə həlli Azərbaycanın əsas hədəfidir. Ölkənin güclü lideri var və Azərbaycan güclü dövlət olaraq qalmalıdır”.

R.Rzayev hesab edir ki, bu məsələdə beynəlxalq hüquq tamamilə Azərbaycanın tərəfində olsa da, o, ikili standartlarla qarşı-qarşıya qalıb.

Rusiya-Ermənistan münasibətləri

Rusiyanın hazırkı xarici işlər naziri Serqey Lavrovdur. Onun atası Gürcüstan ermənisi, anası isə rusdur. Münaqişə başlayandan etibarən Moskva Yerevanı dəstəkləyib. Hazırda Ermənistanda 5 minlik rus hərbi birləşməsi də var. Bu, Rusiyanın xaricdəki ən böyük hərbi bazasıdır. Bundan əlavə, Ermənistan Rusiyanın rəhbərlik etdiyi, NATO-nun əleyhinə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəal üzvüdür. Hesab edirəm ki, bütün bunlar Rusiyanın Ermənistana üstünlük verdiyinin göstəricisidir.

“Əgər Azərbaycan daxili problemlərlə üzləşərsə, Rusiya, ABŞ və Fransada böyük lobbiyə malik olan Ermənistan bundan istifadə edəcək. Bu zaman müstəqilliyimiz təhlükə altında qala bilər. Odur ki, Azərbaycan güclü qalmalı və hər zaman müharibəyə hazır olmalıdır”, - deyə R.Rzayev bildirir.

Şəxsən mən onun bu mövqeyini tam anlayıram. Azərbaycanda bir çox insanlar kimi, deputat da bitmək bilməyən sülh danışıqlarından narahatdır. Çünki danışıqlar heç bir konkret nəticə vermir.

“Azərbaycanın güclü rəhbəri olmalıdır. Ölkə yalnız öz gücünə güvənməldir. Fransa, Rusiya və ABŞ-ın həmsədri olduğu ATƏT-in Minsk qrupu bu münaqişənin həllinə vasitəçilik edir, problemin sülh yolu ilə həllinə çalışır. Lakin onlar indiyədək hər hansı irəliləyişə nail olmayıb. Danışıqlar sanki dalana dirənib”, - deyə deputat qey edir.

Cənab Rzayev bu problemin hələ də davam etməsinə görə, ABŞ-ın da məsuliyyət daşıdığını düşünür. Onun fikrincə, ABŞ Minsk qrupunun mövqeyindən asılı olmayaraq, mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan etməlidir: “Bununla yanaşı, rəsmi Vaşinqton passiv diplomatiyanın fəal diplomatiya ilə əvəzlənməsinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsinə çağırmalıdır. Bu qətnamələrdə Azərbaycan ərazilərinin işğalına son qoyulması, erməni qoşunlarının Dağlıq Qarabağ regionundan çıxarması tələb olunur”.

Parlaq gələcəyi olan ölkə

R.Rzayev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycan irəli gedir. Bu gün o, Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyatına və ölkəsinə çevrilib: “Azərbaycan müstəqil ölkə kimi inkişaf edir”.

Maraqlıdır ki, deputatla müsahibəmdən bir neçə gün sonra, yəni 2018-ci il aprelin 21-də Azərbaycan dövlət başçısı İlham Əliyev onu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edib.

İ.Əliyev qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görür. Müharibə başlayandan, yəni 1992-ci ildən 2008-ci ilə qədər minlərlə azərbaycanlı məcburi köçkün bütün ölkə boyu səpələnmiş qaçqın düşərgələrində yaşayırdı. Azərbaycanın neft sənayesindən gəlir əldə etməyə başlaması ilə məcburi köçkünlər üçün müvəqqəti müasir yaşayış məntəqələrinin salınmasına başlanılıb və insanlar bu yaşayış məntəqələrinə köçürülüb. Sonuncu qaçqın düşərgəsi 2008-ci ildə ləğv olunub. Azərbaycan 100 belə şəhərciyin salınması üçün 6 milyard dollar xərcləyib. Ümumilikdə 300 min azərbaycanlı bu yaşayış məntəqələrinə köçürülüb. Nəticədə onların həyat şəraiti kifayət qədər yaxşılaşıb.

Dövlət komitəsinin yeni sədri R.Rzayevlə tanışlıqdan sonra əmin oldum ki, o, qarşısında duran tapşırıqları layiqincə yerinə yetirəcək, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitini yüksəldəcək.

Cənab Rzayevə yeni vəzifəsində və işlərində uğurlar arzu edirəm. Qoy, onun yeni işi ilə çay əvvəlki axarına qayıtsın.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NewsBlaze


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az