19.08.2018 12:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
Ermənistanda gedən proseslər; reaksiyalar və Bakının gözləntiləri

 
 



IRNA, İran
01.05.2018


Ermənistanda baş nazir Serj Sarqsyanın vəzifədəsindən uzaqlaşdırılması ilə nəticələnmiş proseslər bölgənin həssaslığı üzündən istər beynəlxalq ictimaiyyət, istərsə də region ölkələri, xüsusilə Azərbaycan tərəfindən diqqətlə izlənilir.

IRNA agentliyinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan Yerevandakı hadisələri daha diqqətlə və həssaslıqla izləyir. Çünki onun bu proseslərdən xüsusi gözləntiləri var.

Azərbaycanın Ermənistanla heç bir siyasi, iqtisadi və humanitar əlaqələri olmasa da, Bakıda siyasi və ictimai dairələr Ermənistanda yaşananların Dağlıq Qarabağ münaqişəsinin gələcəyinə necə təsir edə biləcəyi haqda düşünür. Bəziləri indiki proseslərin Qarabağ probleminin həllinə yol aça biləcəyi fikrindədir.

Bu məqalədə də Azərbaycanın siyasi dairələrinin Ermənistanda gedən proseslərlə bağlı fikirləri, müxtəlif proqnozlar Dağlıq Qarabağ münaqişəsi prizmasından təhlil olunub.

İlk olaraq o qeyd edilməlidir ki, Azərbaycanın ictimai-siyasi dairələri Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın siyasi baxışları, xüsusilə də Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi haqqında müxtəlif səbəblərdən dəqiq təsəvvürə malik deyil. Məhz bu üzdən bir çox ekspert Ermənistanda onun rəhbərliyilə başladılmış hərəkatı dəyərləndirərkən ehtiyatlı davranır. Bununla yanaşı, ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqların nəticə vermədiyi bir şəraitdə, Ermənistanda hakimiyyət dəyişikliyilə bu problemin sülh yolu ilə həllinə az da olsa ümid yaranıb.

Azərbaycan XİN-nin reaksiyası

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarqsyanı hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutmaqda günahlandıran Bakı Yerevanda yaşananların və Sarqsyanın vəzifədən getməsindən dərhal sonra Ermənistanın sağlam siyasi qüvvələrilə münaqişənin nizamlanması istiqamətində müzakirələri davam etdirməyə hazır olduğunu bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Hikmət Hacıyev deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində məhz Sarqsyan rejiminin siyasəti nəticəsində indiyədək heç bir irəliləyiş olmayıb”.

“Sarqsyan rejiminə bağlı bəzi ünsürlərin guya Azərbaycan tərəfdən cəbhə xəttinə əlavə qüvvə və hərbi texnikanın toplandığına dair iddialarının heç bir əsası yoxdur. Belə iddiaların ortaya atılmasında məqsəd ictimaiyyəti aldatmaqdır”, - deyə H.Hacıyev bildirib: “Reallıq budur ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda olması bölgədə sülhə və təhlükəsizliyə əsas təhdiddir. Gərginliyə son qoyulması üçün onların bu torpaqlardan çıxarılması lazımdır”.

H.Hacıyev bildirib ki, “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mümkün qədər tez və dinc yolla nizama salınması üçün Ermənistanın sağlam siyasi qüvvələri ilə danışıqları davam etdirməyə hazırdır”.

“Dağlıq Qarabağ münaqişəsinin dərhal və sülh yolu ilə həlli bölgədə sülh və sabitliyi bərqərar edəcək, hərtərəfli regional əməkdaşlıq üçün imkanlar açacaq”, - deyə o, qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı

Bəzi Ermənistan rəsmilərinin Azərbaycanın cəbhə xəttinə əlavə qüvvələr topladığına dair iddialarını Azərbaycan Müdafiə Nazirliyi də təkzib edib. Qurumdan bildiriblər ki, Azərbaycan Ordusunun birləşmələri atəşkəs rejiminə ciddi əməl edir və Bakı Dağlıq Qarabağ regionunda vəziyyətin daha da gərginləşməsini istəmir.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1992-ci ildə problem tərəflər arasında hərbi toqquşmalara çevrilib. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs razılaşması əldə edilib. Lakin münaqişənin sülh yolu ilə həllinə vasitəçilik edən, Rusiya, Fransa və ABŞ-ın həmsədri olduğu ATƏT-in Minsk qrupunun səyləri bu günədək heç bir nəticə verməyib.

Azərbaycan və Ermənistan prezidentləri ilə ötən 17 ildə, yəni 1998-2017-ci illər ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyilə 53 görüş keçiriblər. Lakin bu müzakirələr nəticəsində heç bir irəliləyiş olmayıb. Dağlıq Qarabağ münaqişəsinin həllini xarici siyasətinin prioriteti elan etmiş Azərbaycan problemin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həllini tələb edir. Ermənistan isə bu zaman xalqların öz müqəddəratını təyin etməsi prinsipinin əsas götürülməsini istəyir. Bu, dövlətlərin ərazi bütövlüyü prinsipilə tam ziddiyyət təşkil edir. Problemin aradan qaldırılmasına ümidləri də məhz bu ziddiyyət azaldır. Ekspertlərin fikrincə, problemin həllinə daha bir maneə tərəflər arasında inamın olmamasıdır.

Hər halda, Ermənistan öz qüvvələrini Dağlıq Qarabağ bölgəsindən çıxarmağa hazır deyil. Azərbaycan isə ərazilərinin Ermənistan tərəfindən işğalı ilə heç zaman barışmayacağını deyir.

Beləliklə, beynəlxalq vasitəçilərin köməyilə aparılan danışıqlarda irəliləyişin olmaması, Bakı ilə Yerevan arasında davamlı qarşılıqlı ittihamlar zaman-zaman yeni gərginliklər yaradır. Belə gərginliklərdən biri 2016-cı ilin aprelində hərbi toqquşmalarla nəticələnib. Nəticədə hər iki tərəf xeyli itki verib.

İndi, Ermənistanda yaşanan son siyasi hadisələr 20 illik nəticəsiz danışıqlar fonunda Azərbaycan tərəfində az da olsa, ümid yaradıb. Bakı ümid edir ki, Ermənistanda vəziyyətin normal məcraya düşməsindən, hökumətin fəaliyyətini bərpa etməsindən sonra Dağlıq Qarabağ probleminin həlli Ermənistan rəhbərliyi üçün də prioritetə çevriləcək.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az