10.12.2018 07:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Azərbaycanın sabitlik və təhlükəsizliklə bağlı kiçik, lakin hesablanmış addımları

 
 



NewsBlaze, ABŞ
08.05.2018


Müəllif: Nurit Qrincer

Ərazisi Avstriya qədər, əhalisi 10 milyon olan bu kiçik Qafqaz ölkəsinin özünəməxsus xüsusiyyətləri var. Azərbaycan heç bir beynəlxalq qüvvənin tərəfini tutmur. Bununla yanaşı, o, hər kəslə əməkdaşlıq edir. Azərbaycan bu üzdən suverenliyini qoruyur və gündən-günə çiçəklənir.

Doğrudur, Azərbaycanın təhlükəsizliklə bağlı ciddi problemləri var. Lakin o, bulanıq suda manevr etməyi bacarır. Çünki beynəlxalq əlaqələrini ikitərəfli münasibətlər əsasında qurur.

Bu, Azərbaycana üçüncü səfərim idi. Hər dəfə buraya səyahət edərkən, əhalisinin əksəriyyəti müsəlman olan bu ölkənin maraqlı xüsusiyyətlərilə tanış oluram.

Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 27 il əvvəl, yəni 1991-ci il oktyabrın 18-də qəbul edib. Bununla o, ikinci dəfə müstəqillik qazanıb. Müstəqilliyinin ilk illərində Azərbaycan çox zəif idi və sanki, “olum, ya ölüm” dillemması qarşısında qalmışdı. Lakin qətiyyəti sayəsində, o, beynəlxalq birliyin üzvünə çevrilərək, gündən-günə gücləndi.

Rusiya, Türkiyə, Gürcüstan, İran və düşmən Ermənistanla həmsərhəd olan Azərbaycan haqda, burada diqqətimi çəkən gündəlik hadisələr haqda geniş məqalələr yazmışam

Qısa məlumat

Azərbaycan neftlə zəngin ölkədir. O, iqtisadiyyatını məzh neft gəlirləri sayəsində inkişaf etdirib. Bununla yanaşı, Bakı neft gəlirlərinin azalmasına istər psixoloji, istər mənəvi, istərsə də fiziki cəhətdən hazırdır. Çünki ölkədə turizm, kənd təsərrüfatı kimi sahələrin, həmçinin azad ticarət zonalarının, dəniz limanlarının inkişafı üçün ciddi addımlar atılır.

Digər tərəfdən, Bakı hərbi gücünü durmadan artıran Azərbaycan heç bir hərbi bloka qoşulmur. O, Qoşulmama hərəkatının üzvüdür. Söhbət dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatdan gedir. 2019-2022-ci illərdə isə Bakı bu hərəkata sədrlik də edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikməy Hacıyev “Trend” agentliyinə açıqlamasında ölkəsinin Qoşulmama hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu söyləyib: “Azərbaycan bütün dövlətlərlə əməkdaşlığın inkişafına yönəlmiş balanslı siyasət yürüdür və heç bir hərbi bloka qoşulmamağa üstünlük verir. Bu üzdən ölkəmiz 2011-ci ildə vaxtilə müşahidəçi statusuna malik olduğu Qoşulmama hərəkatının tamhüquqlu üzvü olmaq qərarına gəlib”.

Suverenlik, müstəqillik Azərbaycana baha başa gəlib. Odur ki, Bakı suverenliyini və müstəqilliyini əbədi olaraq qorumağa, bu iki dəyəri gələcək nəslə zədələnmədən ötürməyə çalışır.

İqtisadiyyat

Azərbaycanın ərazisi kiçik olsa da, ölkə böyük iqtisadi potensiala malikdir. Son dövrlərdə ölkə iqtisadiyyatında 2-3,5%-lik artım qeydə alınıb. Qeyri-neft sektorunda bu göstərici 7%-dir.

Azərbaycan geosiyasi mövqeyinə görə Avropa ölkələrinin tərəfdaşıdır. Məsələn, İtaliyanın ən böyük ticari tərəfdaşlarından biridir.

Ərzaq təhlükəsizliyi Azərbaycanın yaxın gələcəkdə təmin edilə biləcək hədəfidir. Bununla yanaşı, o, qonşu ölkələrə də ərzaq ixracını hədəfləyir. Kənd təsərrüfatı sahəsində yeni nəsil peşəkarların hazırlanması, ölkənin vüqar mənbəyi olan dadlı meyvə-tərəvəz məhsuldarlığının daha da artırılması, Azərbaycan Dövlət Aqrar Universitetinin genişləndirilməsi gündəmdə olan məsələlərdəndir.

Bu gün 103 min əhalisi olan, ermənilərlə təmas xəttindən 4 kilometr məsafədə yerləşən Tərtər rayonunda təxminən 13 min məcburi köçkün yaşayır. Lakin bütün çətinliklərə rəğmən, bu regionda təxminən 60 milyon dollarlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Bununla, rayon gəlirləri artır.

Hərbi sahə

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirdiyim görüş zamanı eşitdim ki, bu ölkə hərbi sahədə Qafqazın aparıcı dövlətidir. Azərbaycan sabitliyini və təhlükəsizliyini təmin etmək məqsədilə bu sahəyə böyük investisiyalar qoyur.

Mətbuat

Azərbaycan hökuməti şəxsi azadlıq prinsiplərini əsas tutaraq, əhalinin əksəriyyətinin internetə çıxışını təmin edib. Hazırda əhalinin 80%-i internetə çıxış imkanına malikdir. Hökumət bu göstəricini 100%-ə çatdırmaq niyyətindədir.

Azərbaycanda hökumət mətbuatın fəaliyyətinə qarışmır. 1995-ci ildə təsis edilmiş “Trend” İnformasiya Agentliyi Qafqaz regionu, həmçinin Xəzər və Mərkəzi Asiya regionlarından xəbərlərin əsas tədarükçüsü və internet-aqreqatordur. Bu agentlik Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və Türkiyədən son xəbərləri dərc edir. Onun xəbərləri və hesabatları internet jurnalları, iri korporasiyalar, konsaltinq şirkətlər və banklar tərəfindən alınır. Beləliklə, bu agentlik informasiya bazarında öz iştirakını beynəlxalq miqyasda genişləndirir.

Azərbaycan öz daxili siyasətində şəffaflığın təmin edilməsinə çalışır. Bu yaxınlarda, yəni 2018-ci ilin aprelində keçirilmiş prezient seçkisini 7 telekanal, 15 qəzet və 10 informasiya agentliyi işıqlandırmışdı.

Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə birgəyaşayış və tolerantlıq

Quba rayonuna səfərim və oraya Azərbaycan prezidentinin təyin etdiyi icra başçısı ilə görüşüm zamanı burada böyük tolerantlığa şahid oldum. Bu rayon gözəlliyilə məşhurdur. Bu gün əsas hədəf Qubanın turizm mərkəzinə və qış kurortuna çevrilməsidir.

Mənə məlumat verilib ki, 170 min əhalisi olan bu rayonda 20 etnik azlıq birgə yaşayır. Onlar icra hakimiyyəti tərəfindən dəstəklənir, hər bir qrupun etnik kimliyi, dialekti qorunur.

Qubada yerləşən Qırmızı qəsəbədə isə unikal icma – dağ yəhudiləri yaşayır. Qırmızı qəsəbə bununla məşhurdur. Bu icmanın köklərinin İran yəhudilərinə gedib çıxdığı deyilir. Bura İsraildən kənarda yəhudilərin ən sıx yaşadığı yerdir. Dağ yəhudiləri özlərilə yanaşı, müsəlmanların, xristianların və digər etnik xalqların bütün bayramlarını qeyd edir.

Qafqaz regionunda ilk yəhudi muzeyi də məhz Qubada tikilir. Bakıda isə bu yaxınlarda kaşrut yeməklərin hazırlanacağı restoran açılacaq.

Bir sözlə, Azərbaycanda dini azadlıqlar da təmin edilib. Bu gün ölkəsinin bu xüsusiyyətilə hər bir azərbaycanlı qürur duyur.

Turizm

Azərbaycanda turizm sahəsində hələ çox iş görülməlidir. Bununla yanaşı, 2012-ci ildə açılmış “Shahdag Mountain Resort” oteli ölkənin ən gözəl dağlıq ərazilərindən birində – Şahdağ Milli Parkında yerləşir. Bu ərazi korlanmamış eko sistemi ilə, həmçinin toxunulmamış flora və faunası ilə məşhurdur.

Azərbaycanın şimal-şərq hissəsi əsrlər boyu Avropa ilə Yaxın Şərq arasında qapı rolunu oynayıb. Əzəmətli Qafqaz dağlarının kölgəsi sözlə təsvir edilə bilməyən təbii gözəlliyi, toxunulmamış buzlaqları, dərin dərələri, heyranedici dağ gölləri, bitki və heyvanları ilə məşhirdir. Bura Şahdağdır.

Dağ kurortu olan “Shahdag Mountain Resort” dəniz səviyyəsindən 4243 metr yüksəklikdə yerləşir. Buranı ildə 1 milyon turist ziyarət edir. Bakı-Quba-Şahdağ magistralının daim daha da yaxşılaşdırılması sayəsində mənzil başına daha tez çatmaq mümkün olacaq. Bununla da turizm sahəsi daha da inkişaf edəcək.

Regional əməkdaşlıq

Regionda bötük təsirə malik Bakı regional əməkdaşlıqla bağlı bir çox təşəbbüslər irəli sürüb və sürür. Məhz bunun sayəsində Azərbaycanda bir çox beynəlxalq konfrans, qurultay, ən müxtəlif tədbirlər və əlbəttə ki, beynəlxalq idman yarışları keçirilir.

Bütün bunlarla yanaşı, Ermənistanla münaqişəsi olan Bakı bu problemin vurduğu yaralarını sağaltmağa çalışıb. Münaqişə Dağlıq Qarabağ müharibəsi adı ilə tanınır. 1980-ci illərin sonlarından 1994-cü ilin mayınadək davam etmiş müharibə ərazi münaqişəsidir. Müharibə nəticəsində çox sayda günahsız insan həyatını itirib, təxminın 1 milyon azərbaycanlı məcburi köçkünə çevrilib. Azərbaycan dövləti bu gün də münaqişə nəticəsində doğma evlərindən qovulmuş, həyatları məhv olmuş qaçqın və məcburi köçkünlərin problemlərinin həllilə məşğuldur. Bununla yanaşı, Azərbaycan dövləti ümumilikdə iqtisadiyyatın daha da inkişaf etdirilməsi, demokratiyanın təmini üçün də qətiyyətlə çalışır.

Bu gün şəxsən mən bu ölkənin “sadəlövh” mərhələdən çıxdığını görürəm. Azərbaycan dünyada öz istiqamətini tapıb və özü üçün yeni yol açıb. Bu, çox böyük ümidlər vəd edən yoldur.

Qərbə lazımi diqqət ayıran, lakin Şərqi də gözdən qoymayan Azərbaycan dünya üçün mərkəzi ölkəyə çevrilir. Odur ki, Azərbaycanı sözün bütün mənalarında daha ciddi qəbul etmək lazımdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NewsBlaze


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az