22.09.2018 08:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Sıx əlaqələr

 
 



THE NEWS, Pakistan
10.05.2018


Müəllif: Seymur Məmmədov

Dostluq əlaqələri olan Azərbaycanla Pakistan vacib regional və qlobal məsələlərdə ümumi mövqedən çıxış edir. Hər iki ölkə diplomatik əlaqələrinin dosluq və qardaşlıq münasibətlərinə əsaslandığı qənaətindədir. Hazırda Bakı ilə İslamabad bir çox sahələrdə uğurla əməkdaşlıq edir. İki ölkə arasında imzalanmış çoxsaylı müqavilələr, hökumətlərarası əlaqələr, həmçinin yüksək rütbəli hərbçilərin qarşılıqlı səfərləri də bunu təsdiq edir.

Son illərdə iki ölkə nümayəndələrinin qarşılıqlı səfərləri xeyli artıb. Elə bu yaxınlarda – aprelin 16-da Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkənin Silahlı qüvvələrinin briqada generalı Anjum Riazın rəhbərliyilə Bakıda səfərdə olub. Nümayəndə heyəti Bakıda bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirib. Qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat alıblar.

Bu səfərdən bir neçə gün öncə – aprelin 11-də isə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.

“Pakistanın Hərbi Dəniz Qüvvələri Azərbaycana istənilən yardımı göstərməyə, ona dəstək verməyə hazırdır”, - deyə Z.M.Abbasi görüşdə bildirib.

Ümumiyyətlə, Pakistanın yüksək rütbəli rəsmiləri Azərbaycana diplomatik və hərbi dəstək verməyə hazır olduqlarını hər zaman bəyan ediblər. İki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri Azərbaycan xalqı və dövləti rəsmi İslamabadın bu dəstəyini hiss edib və onu yüksək qiymətləndirib.

Pakistan Ermənistan dövlətini tanımayan yeganə ölkədir. Bunda Benazir Bhuttonun hakimiyyəti illərində (1993-1996-cı illər) Pakistanın xarici işlər naziri olmuş Sardar Asef Ahmad Alinin böyük rolu var. O, Bakı ilə İslamabad arasında iqtisadi, sosial, siyasi sahədə əlaqələr qurmağa və bu münasibətləri gücləndirməyə çalışıb. Bununla yanaşı, iki ölkə arasında birbaşa uçuşların təşkili də sabiq xarici işlər nazirinin xidmətidir.

Sardar Asef Ahmad Ali ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana tam dəstək verməsinə də nail olub. Bundan əlavə, sabiq nazir Bakıda məskunlaşmış məcburi köçkünlər üçün humanitar yardımın böyük hissəsini Azərbaycana şəxsən özü gətirmişdi.

Pakistanın Azərbaycana hərbi-texniki yardım göstərdiyi sirr deyil. Ötən il Azərbaycan bu ölkədən Hərbi hava qüvvələri üçün 10 ədəd “Super Muşşak” təyyarəsi alıb. Bu razılaşma iki ölkə arasında əlaqələri daha da gücləndirib. “Super Muşşak” təyyarələri beynəlxalq bazarda tanınır. Səudiyyə Ərəbistanı, Oman, İran və CAR kimi dövlətlər bu təyyarələrdən istifadə edir. Türkiyə, Nigeriya və Qətər bu təlim təyyarələrinin tədarükü üçün müqavilə imzalayıb.

Xəbərlərə inansaq, 2019-cu ildə Bakı ilə İslamabad arasında “JF-17 Thunder Block III” qırıcılarının alqı-satqısı haqda da müqavilə imzalanacaq. Pakistan Aeronaviqasiya Kompleksinin nümayəndəsi bildirib ki, Azərbaycan bu qırıcıların idxalında maraqlıdır və onları əldə etməyə yaxındır: “Bu qırıcılar üçün AESA radar sistemi seçilib və yaxın gələcəkdə bu sistem sınaqdan keçiriləcək”.

Pakistan Aeronaviqasiya Kompleksinin nümayəndəsinin sözlərinə görə, Bakı ilə İslamabad arasında bu qırıcıların tədarükü haqda müqavilə 2019-cu ildə imzalana bilər. Çox güman ki, müqavilənin imzalanmasından sonra iki ölkə arasında münasibətlər daha da yüksələcək.

İki ölkənin hərbi-texniki münasibətləri təbii ki,  Ermənistanı narahat edir. Azərbaycanın Pakistandan “JF-17 Thunder Block III” qırıcılarını idxal edəcəyi haqda xəbərlərdən sonra Ermənistan xüsusilə təşvişə düşüb. Yerevanda hesab edirlər ki, Bakı İslamabadın texnologiyalarından istifadə edərsə, ermənilər Hindistanın hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanlarını nəzərdən keçirməlidir. Lakin Ermənistanın durumu Hindistan istehsalı olan silahların alınmasına imkan vermir. O, Rusiya silahlarını da Kremlin kreditləri hesabına alır.

Ümumiyyətlə, İslamabad müdafiə sənayesində böyük uğurlar əldə edib. Odur ki, Azərbaycan Pakistanla hərbi əməkdaşlığı genişləndirməyə davam edəcək. Bu ölkədə bir çox böyük şirkətlər xarici ölkələrin lisenziyası əsasında müasir silahlar istehsal edir. Onun bir çox tədqiqat mərkəzi və istehsal müəssisəsi yeni növ silahların, hərbi avadanlıqların hazırlanması üzərində çalışır. Bir sözlə, Pakistan Silahlı Qüvvələri döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığı baxımdan müsəlman aləminin ən güclü ordusudur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE NEWS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az