20.07.2018 18:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Azərbaycanın milli müdafiə sənayesi potensialının qiymətləndirilməsi

 
 



The Defence Post, ABŞ
10.05.2018


Müəllif: Ayaz Rzayev

Son iki onillikdə Azərbaycan hərbi sahənin modernləşdirilməsi və yüksək standartlara cavab verməsi üçün böyük səy göstərib. Separatçı Dağlıq Qarabağ regionu uğrunda Ermənistanla müharibə rəsmi Bakını hərbi xərclərini radikal şəkildə artırmağa və müxtəlif hərbi texnologiyalara investisiya qoymağa vadar edib.

Böyük miqdarda neft gəlirlərindən həvəslənən Azərbaycan son iki onillikdə hərbi xərclərini 20 dəfə artırıb. O, yeni və güclü Silahlı Qüvvələr yaradıb. Eyni zamanda ölkənin özünün hərbi sənayesini yaratmaq istiqamətində də xeyli iş görülüb. Son illərdə hərbi xərclərin artması sayəsində, Azərbaycan hökuməti müdafiə sənayesini inkişaf etdirib və gücləndirib.

2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra ölkədə silah istehsal edən müəssisələrin sayı çoxalıb. Müdafiə sənayesi naziri Yavər Camalovun sözlərinə görə, 2007-2016-cı illərdə Azərbaycanda hərbi sahədə istehsal 40 dəfə artıb.

Müdafiə sənayesində yeniliklər ölkəyə qlobal silah bazarında nüfuzunu artırmağa imkan yaradıb. Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, yerli silahların ixracı 2016-cı illə müqayisədə 2017-ci ildə iki dəfədən çox artıb. Hazırda Azərbaycan Türkiyə, Gürcüstan, İraq, Pakistan və İordaniya daxil olmaqla, 10-dan artıq ölkəyə müdafiə sənayesi ilə bağlı silahlar tədarük edir.

Müdafiə sənayesi ilə bağlı birgə müəssisələrin yaradılması və istehsala keçid

Azərbaycan hərbi sahədə böyük tikinti layihələri həyata keçirdikdən, Silahlı Qüvvələrindəki köhnə sovet texnikasını dəyişdikdən və bu sahəni şaxələndirdikdən sonra o, son illərdə “alıcı-satıcı” münasibətlərindən uzaqlaşmağa başlayıb. Son illərdə rəsmi Bakı müdafiə sənayesi ilə bağlı əməkdaşlıq etdiyi ölkələrlə birgə müəssisələrin yaradılmasına və inkişafına üstünlük verir. Bu məqsədlə müdafiə sənayesi ilə məşğul olan müxtəlif xarici şirkətlərlə birgə müəssisələr yaradılıb.

2009-cu ildə Türkiyənin müdafiə sənayesi üzrə şirkəti olan “Rokestan” ilə Azərbaycanın “İqlim” Elmi-İstehsalat müəssisəsi arasında raket-buraxıcı sisteminin birgə istehsalı ilə bağlı müqavilə imzalanıb.

Azərbaycan müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov ötən il “Defence Industry Bulletin”ə müsahibəsində bildirib ki, hazırda onun departamenti 2020-ci ilə qədər uzun mənzilli raket sisteminin yaradılması üzərində çalışır.

2017-ci ilin oktyabrında Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsi ilə bağlı razılaşma imzalanıb. Hər iki ölkə bu razılaşmanı müdafiə sənayesinin daha böyük institusional strukturunun təməl elementi kimi qəbul edib.

2009-cu ildə Cənubi Afrika Respublikasının müdafiə və aerokosmik sənayesi üzrə şirkəti olan “Paramount Group” ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi zirehli maşınların, yəni “Matador” və “Marauder” maşınlarının istehsalı ilə bağlı birgə müəssisə yaradıb.

2017-ci ildə isə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilk yerli minaya qarşı qorumalı nəqliyyat vasitəsini, yəni “Tufan”ı nümayiş etdirib. 2018-ci ildə bu nəqliyyat vasitəsinin çoxlu sayda istehsalı planlaşdırılır.

İsrail – vacib tərəfdaş

Yerli müdafiə sənayesinin inkişafının danılmaz üstünlükləri var. Düzdür, Azərbaycan kimi kiçik ölkələr üçün özünü müdafiə sənayesinə aid məhsullarla tam təmin etmək əlçatmaz görünür. Belə ölkələr tələbatını yalnız yerli müdafiə sənayesi hesabına ödəyə bilməz. Lakin belə ölkələr üçün məhdud sayda olsa belə müdafiə sənayesi məhsulları istehsal etməsi strateji əhəmiyyətə malikdir. Çünki hətta kiçik müəssisələr belə silahlı qüvvələrə böyük hərbi üstünlüklər qazandıra, ordunun şəraitin daima dəyişdiyi döyüş məkanına adaptasiyasına yardım göstərə bilər.

Yerli mühəndislər və texnoloqlar ordunun döyüş meydanında qarşılaşa biləcəyi problemləri daha yaxşı başa düşür. Buna görə yerli şirkətlər hərbçilərin qarşılaşdığı problemlərə daha uyğun həll yolları tapa bilər.

Sözsüz ki, Azərbaycanın bu sahədə bütün səyləri öz bəhrəsini verib. Nəticədə daha yaxşı və daha güclü ordu yaradılıb. Azərbaycan müdafiə naziri Zakir Həsənov 2017-ci ilin iyulunda RİA “Novosti”yə bildirib ki, “son illər ərzində ordunun modernləşdirilməsi ilə bağlı keyfiyyətcə yeni mərhələyə keçmişik”.

Bu konteksdə İsraillə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. 2012-ci ildə iki ölkə arasında silah ticarəti ilə bağlı 1,6 milyard dollar dəyərində müqavilə imzalanıb. Bu müqavilədə əsasən dronların və raket əleyhinə müdafiə sistemlərinin Azərbaycana satılması nəzərdə tutulmuşdu. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2012-2016-cı illərdə Azərbaycan Hindistandan sonra İsraildən ən çox silah tədarük edən ikinci ölkə olub.

2016-cı ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyev İsrail baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında qeyd edib ki,

Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır.   

Bu gün Azərbaycan müdafiə sənayesinin vacib və strateji istiqamətlərindən biri də dron istehsalıdır. 2010-2014-cü illərdə o, dron idxal edən ölkələr arasında 4-cü olub. Həmin dövrdə dünyada tədarük edilən dronların 7,8%-ni məhz Azərbaycan alıb.

2016-cı ilin aprelində Ermənistanla Azərbaycan arasında “4 günlük müharibə” baş verib. Faktiki olaraq, bu müharibənin fərqləndirici xüsusiyyəti təkcə dronlardan kəşfiyyat üçün geniş miqyasda istifadə edilməsi olmayıb. Bu müharibə zamanı həm də tarixdə ilk dəfə artilleriya sistemlərinə və hərbi obyektlərə hücum məqsədilə “kamikadze” dronlardan istifadə edilib.

Hədəflərin müəyyən edilməsi və uğurlu hücumların həyata keçirilməsi üçün dronlara böyük tələbat var. Buna görə belə sistemlərin ölkədə istehsalı üçün müasir texnologiyalarla təchiz olunmuş müəssisələrə ehtiyac duyulur. Azərbaycanlı mühəndislərin dronlarla bağlı müasir İsrail texnologiyalarına çıxış əldə etməsi və texniki ekspertiza ilə təmin edilməsi nəticəsində onlar öz şəxsi layihələrini inkişaf etdirmək və istehsal qabiliyyətini yüksəltmək imkanı əldə ediblər.

2009-cu ildə iki ölkə arasında dronların Azərbaycanda istehsalı üçün müəssisənin yaradılması ilə bağlı müqavilə imzalanıb. 2011-ci ildə isə bu müqaviləyə əsasən, Azərbaycan Müdafiə Sənayesi ilə İsrailin üçüncü ən böyük dron istehsal edən şirkəti olan “Aeronautics Defense Systems”in birgə müəssisəsi olan “AZAD Systems” “Orbiter 2M” və “Aerostar” dronlarının istehsalına başlayıb. 2016-ci ildə “Aeronautics Defense Systems” şirkətinin lisenziyası ilə “AZAD Systems” “Zərbə” dronunun istehsalına start verib. Bu, İsrail istehsalı olan “Orbiter 1K” dronunun Azərbaycan versiyasıdır. Bu dron növü döyüş sursatları daşımaq qabiliyyətinə malikdir.

Azərbaycan Sahil Mühafizəsini raket sistemi ilə təchiz olunmuş gəmi və qayıqlarla təmin edən az saylı ölkələrdən biridir. Bu yaxınlarda Dövlət Sərhəd Xidmətinin hazırladığı videoda digər silahlarla bərabər “Saar 62” gözətçi gəmiləri və “Shaldag Mk V” gözətçi qayıqları nümayiş etdirilib. Xatırladaq ki, bu gəmilər və qayıqlar İsrailin “Israel Shipyards” şirkəti tərəfindən Bakının Türkan qəsəbəsində yerləşən gəmiqayırma zavodunda yığılıb.

“Saar 62” gözətçi gəmisi “Typhoon MLS-NLOS” raket sistemi ilə təchiz olunub. Bu raket sistemində “Spike NLOS” raket-buraxıcısı, “Toplite” elektro-optik sistemi, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən 1 ədəd 23 millimetr çaplı “2A14” topuyla silahlandırılmış “Typhoon”, 2 ədəd 12,7 millimetr çaplı “M2HB” pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu, 7,62 millimetr çaplı 2 ədəd yüngül “Neqev” pulemyotu, “Elta EL/M-2228X” kombinə olunmuş radarı, “Furuno” naviqasiya radarı, uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün ən müasir sonar sistemi var. “Shaldag Mk V” gözətçi qayığı da “Spike NLOS” raket-buraxıcı sistemi ilə təchiz olunub.

2017-ci ildə Azərbaycan Dövlət Sərhəd Xidməti İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan 120 millimetrlik “Spear Mk 2” avtomatik minaatanları və modernləşdirilmiş “BTR-70” zirehli döyüş texnikasını nümayiş etdirib. Bununla yanaşı, Dövlət Sərhəd Xidməti Türkiyənin “Otokar” şirkətindən 13 nəfərlik heyətin daşınması üçün nəzərdə tutulmuş, 4×4 təkər formuluna malik olan “Cobra” zirehli döyüş maşınları alıb. Bu zirehli döyüş maşını “Israel Aerospace Industries” şirkətinin istehsalı olan tank əleyhinə “LAHAT” raketləri ilə təchiz olunub. Bu raket sistemi həmçinin “Mi-17” helikopterlərində də quraşdırılıb.

Çoxfunksiyalı silahlara keçid

Azərbaycan hazırda xarici hərbi avadanlıqların idxalından asılı olmasına rəğmən, rəsmi Bakı gələcək qeyri-müəyyənliyə qarşı geniş strategiyası çərçivəsində müdafiə sənayesinin inkişafına böyük diqqət ayırır. Düzdür, hazırda Azərbaycan üçün silah idxalı çox mühümdür. Və tədarükçünün etibarlı olması çox vacibdir.  

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Azərbaycana silah tədarükünün 65%-i Rusiyanın payına düşür. İki ölkə arasında hərbi texnikanın və silahların tədarükü haqda 2010-cu ildə imzalanmış müqavilənin başa çatmasına baxmayaraq, İlham Əliyev bəyan edib ki, Moskva ilə müdafiə sahəsində əməkdaşlıq gələcəkdə də davam edəcək. Eyni zamanda Azərbaycanın Rusiyadan bu sahədə ciddi asılılığın azaldılması - və ya hətta xərclər qəbuledilməz səviyyədə artdığı təqdirdə bu əməkdaşlıqdan uzaqlaşmaq – haqda fikirlər rəsmi Bakının öz şəxsi müdafiə sənayesini inkişaf etdirmək niyyətində vacib rol oynayır.

Bundan əlavə, Azərbaycanda hazırda ənənəvi silahlar kifayət qədər çoxdur, hətta artıqdır. Buna görə azərbaycanlı hərbçilər ənənəvi silahlarla təchiz olunub. Nəticədə Bakını hazırda Moskvanın təklif etdiyi ənənəvi silahların əvəzinə, effektli şəkildə uzun məsafələr qət edə bilən, müasir çoxfunksiyalı silahlar maraqlandırır.

Bununla yanaşı, son zamanlar Rusiya ilə Qərb arasında münasibətlərin pisləşdiyinə görə rəsmi Bakının hərbi texnikanın və silahların tədarükü məqsədilə yeni variantlar axtarmağa ehtiyacı var.

ABŞ-ın “CAATSA” qanun layihəsini qəbul etdikdən sonra, Rusiyadan silah idxal edən ölkələrə qarşı sanksiyaların tətbiqindən imtina etməsinə baxmayaraq, Vaşinqton ilə Moskva arasındakı hazırkı dəyişkən münasibətlər rəsmi Bakının yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı niyyətinə də təsir göstərir.

Ümumiyyətlə, Azərbaycanın müdafiə sənayesinin potensialı ilə bağlı dəyişikliklərin tempi və miqyası Azərbaycan ordusunun gələcək istiqamətinin qiymətləndirilməsi üçün vacib etolondur.

Azərbaycan son onilliklərdə müdafiə xərclərini artırmaqla daha güclü və bacarıqlı ordu yarada bilib. Müdafiə sahəsinin modernlənşdirilməsi isə sürətlə davam edir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Defence Post


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az