20.07.2018 18:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
“Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”

 
 



AKŞAM, Türkiyə
17.05.2018


Ankarada Azərbaycan Demokratik Respublikasının və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə hər olunmuş tədbir keçirilib.

Batıkentdə yerləşən Heydər Əliyev parkında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin ev sahibliyilə keçirilən qəbul iki ölkə himnlərinin oxunması ilə başlayıb. Qəbulda, Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəman, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin vəkili, general Ümid Dündar, Quru Qoşunları komandanı Yaşar Gülər, Jandarma Ümumi Komandanı general Arif Çətin və prezidentin baş müşaviri Yalçın Topçu iştirak ediblər.

Tədbirə Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya və İranın Türkiyədəki səfirləri, həmçinin bir çox xarici diplomatik missiya nümayəndələri, rəsmi və hərbi şəxslər də qatılıblar.

Azərbaycanlı səfir Xəzər İbrahim çıxışında bu il Azərbaycan Respublikasının və Silahlı qüvvələrinin yaranmasının 100 illiyini qeyd etdiklərini xatırladıb. “Belə bir tədbiri qardaş Türkiyədə qeyd etmək bizə sonsuz şərəf hissi verir”, - deyə o, vurğulayıb.

Türkiyə parlamentinin sədri Qəhrəman isə Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, bu münasibətlərin tarixinin çox qədim dövrlərə gedib çıxdığını bildirib: “Dərin tarixi, mədəni, humanitar, dini və dil bağlılığı ilə inkişaf edən əlaqələr strateji tərəfdaşlıq müstəvisinə keçib. Bununla da dostluğumuz, qardaşlığımız daha da inkişaf edib”.

“İkitərəfli münasibətlərimiz hər sahədə yüksəlməkdədir. Prezident cənab İlham Əliyevin Azərbaycanda keçirilmiş prezident seçkisindən sonra, 24-25 aprel 2018-ci ildə ilk xarici səfərini Türkiyəyə etməsi hamımızda məmnunluq yaradıb. Şəxsən mən Azərbaycanda bir neçə dəfə olmuşam. Oraya hər getdiyimdə böyük inkişaf görmüşəm. Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlayacaq”, - deyə spiker qeyd edib.

Türkiyə-Azərbaycan dostluğunun bundan onra da davam edəcəyini deyən Qəhrəman çıxışını belə davam etdirib: “Azərbaycan bizim canımızdır! Hər şeyimiz birdir! Dərdlərimiz də, gələcəyimiz də! Əməkdaşlığımız regionda və dünyada sülhün bərqərar olması baxımında da çox əhəmiyyətlidir. Biz birlikdə inkişaf edirik. Bü gün ölkələrimizin inkişafına mane olmağa çalışan güclərə qarşı da bir və həmrəy olmamız çox vacibdir”.

“Dəf edirik və edəcəyik”

Heydər Əliyevin büyük bir dövlət adamı kimi, Azərbaycanı sağlam təməl üzərində qurduğunu deyən spiker bildirib ki, “dəyərli dövlət adamı olan İlham Əliyev də  onun yolunu davam etdirir”. “Bu yola davam edərkən əlbəttə ki, maneələrlə qarşılaşa bilərik və qarşılarıq. Amma bütün bu maneələri dəf edirik və edəcəyik!”, - deyə İsmayıl Qəhrəman qeyd edib.

O, başda Nuru Paşa olmaqla, Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərini rəhmət və minnətdarlıqla yad etdiklərini söyləyib: “Şəhidlərimizi anırıq. Bu günün özündə də Fələstində yenə şəhidlərimiz var. Bütün şəhidlərimiz bayrağımızın dalğalanması, dövlətlərimizin daha uca zirvələrə qalxması üçün əllərindən gələni edənlərdir. Şəhidlik ən yüksək rütbə, Peyğəmbər Əfəndimizə qonşu olmaq deməkdir. Şəhidlərimizə sonsuz minnətdarıq. Allah hamısına rəhmət etsin”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 1993-cü ildə Heydər Əliyevin xilaskarlıq missiyası ilə ayağa qalxmış Azərbaycanın 100 il bundan əvvəl qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu söyləyib: “Heydər Əliyevin yolunu bu gün prezident İlham Əliyev davam etdirir. Azərbaycanın güclü ordusu Türkiyə Silahlı Qüvvələrinin dəyərli  komandanlarının dəstəyilə  bölgənin və Avrasiyanın ən güclü ordularından birinə çevrilib”.

Həm Azərbaycan, həm Türkiyə torpaqlarının təhdidlərə məruz qaldığını qeyd edən Həsənov fikrini belə davam etdirib: “Torpaqlarımıza göz dikirlər. Türkiyə ordusu da, Azərbaycan ordusu da öz ölkəsini, torpaqlarını, hüquqlarını müdafiə etməkdədir”.

Əli Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixində iki ulu öndərin əhəmiyyətindən söz açıb: “Onlardan biri Atatürk, digəri Heydər Əliyevdir. Bu gün onların ruhu bizimlədir. Böyük Atatürkün 1920-ci ildə işlətdiyi bir kəlamı var: “Təəsüf ki, biz bu dəfə Azərbaycan Xalq Cümhuriyyəti üçün müstəqil Azərbaycan dövləti uğrunda nəsə edə bilmədik. Amma vaxt gələcək, biz bu xalqa, bu dövlətə sahib çıxacağıq, onlar yenidən müstəqillik əldə edəcəklər”. Böyük Atatürkün fikirləri bu gün reallığa çevrilib.

Bu gün isə cənab Rəcəb Tayyib Ərdoğan ilə cənab İlham Əliyev başda olmaqla, ölkələrimiz bütün gücünü səfərbər edir, regionda və dünyada sülh siyasəti yürüdür. Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun quruluşunun 100-cü ildönümü sevincini bizimlə paylaşdığınız üçün hər birinizə təşəkkür edirəm”.

Baş nazir Yıldırımın məktubu

Baş nazirin müavini Hakan Çavuşoğlu tədbirdə iştirak etməkdən məmnunluğunu dilə gətirməklə yanaşı, Türkiyənin baş naziri Binəli Yıldırımın mərasim iştirakçılarına ünvanladığı məktubu oxuyub. Məktubda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ən səmimi diləklərimlə təbrik edirəm. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər sahədə böyük nailiyyətlər, uğurlar qazanıb. Qardaş Azərbaycanın bu nailiyyətlərində əsası 100 il əvvəl qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin payı böyükdür.

Azərbaycanın gələcəkdə də dünayanın qabaqcıl ölkələrindən biri olacağına şübhəmiz yoxdur. Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq anlayışı ilə davam edir. Biz mərhum president, cənab Heydər Əliyevin aydın şəkildə ifadə etdiyi kimi, bir millət, iki dövlətik! Tarixi bağlılığımız, müştərək mədəniyyətimiz, dilimiz münasibətlərimizin əsasının təşkil edir. Prezidentlərimiz və baş nazirlərimiz vəzifəyə gəldikdən sonra ilk xarici səfərlərini qardaş Azərbaycana ediblər. Bu, xarici siyasətimizdə Azərbaycanın nə qədər əhəmiyyətli mövqeyə sahib olduğunun göstəricisidir.

Hörmətli prezident Əliyev də dövlət başçısı seçildikdən dərhal sonra ölkəmizə səfərə gəlməklə, bizi olduqca məmnun edib. Dostluq və qardaşlıqla yoğrulmuş bu münasibətlərin heç zaman pozulmamasını arzu edirəm.

Qafqaz İslam Ordusunun, Azərbaycan Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin qurulmasının 100 illik yübileyi münasibətilə hər kəsi təbrik edir, baş nazir Novruz Məmmədova salam və sevgilərimi göndərir, qardaş Azərbaycan xalqının sülh və əmin-amanlıq arzulayıram”.

Tədbirdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasından millət vəkili Necdət Ünüvar da çıxış edib. Azərbaycanın da Türkiyə kimi, mürəkkəb coğrafi məkanda yerləşdiyini xatırladan parlamentari deyib: “Azərbaycanın 100 illik tarixinə nəzər saldıqda qarşımıza həqiqətən də dünyanın parlayan ulduzu ola biləcək dövlət çıxır. Bu uğurların qazanılmaında Türkiyə xalqının da istər faktiki köməyi, istərsə də səmimi dualarının çox böyük rol oynadığına şübhə yoxdur”.

Tədbirdə Qazi Universiteti Qazi Gənclik Kamera Orkestri dünya klassiklərinin əsərlərini, həmçinin Azərbaycan musiqilərini səsləndirib. Azərbaycanın görkəmli sənətçiləri Alim Qasımov və qızı Fərqanə Qasımova da öz ifaları ilə gecəyə rəng qatıblar.

Sonda atəşfəşanlıq olub.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AKŞAM


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az