20.10.2018 20:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycan... bir əsr tarixi olan plüralist siyasi sistem

 
 



Şəbəb əl-Nil, Misir
30.05.2018


Müəllif: Dr.Adil Dərviş (Heluan Universitetinin professoru, Azərbaycanda Misir Mədəniyyət Mərkəzinin sabiq direktoru)

Azərbaycan xalqı hər il mayın 28-də Azərbaycan Respublikasının milli bayramını təntənə ilə qeyd edir. Məsələ ondadır ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası 1918-ci ilin məhz bu günündə qurulub. Lakin bu ilk demokratik respublika cəmi 23 ay yaşaya bilib.

Azərbaycan 1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılaraq müstəqil olmuş respublikaların önündə gedir. O, qısa müddət ərzində bir çox nailiyyət əldə edib.

Birinci, ölkədə siyasi plüralizmə əsaslanan demokratik sistem qurulub. İkincisi, iqtisadi sistemdə azad bazar iqtisadiyyatı prinsipləri tətbiq olunub. Üçüncüsü, azadlıq, bərabərlik, demokratiya prinsiplərinə əsaslanan Konstitusiya qəbul edilib.

Bundan başqa, ölkədə fərdi azadlığı təmin edən, ölkənin birliyini və sabitliyini qoruyan bir çox qanun qəbul olunub. Konstitusiya referendum yolu ilə təsdiqlənib. Dördüncü, demokratik parlament seçkiləri keçirilib. Bu gün Azərbaycanda 30-dan çox siyasi partiya var.

Azərbaycan Respublikasının sabiq prezidenti, xalqın ümumilli lideri Heydər Əliyev dünya miqyasında tanınmış siyasətçilərdən olub. O, 1993-cü ildə keçirilmiş seçkidə 5 il müddətinə dövlət başçısı seçilib. 5 ilin yekununda Heydər Əliyev prezident seçkisini bir daha qazanıb.

Bu gün Orta Asiya və Xəzər hövzəsi dövlətlərinin iqtisadiyyatı arasında ən sürətli inkişaf tempinə malik olanı Azərbaycan iqtisadiyyatıdır. Ölkə müxtəlif sahələrdə iqtisadi artımın şahidi olur. İlk dəfə 2003-cü ildə prezident seçilmiş İlham Əliyevin rəhbərliyi altında quruculuq prosesi, inkişaf hər yanda hiss olunur.

Bu gün Azərbaycan müstəqil dövlətə aid bütün xüsusiyyətlərə və atributlara malikdir. Onun müstəqilliyi və suverenliyi dünya birliyi tərəfindən tanınıb. Azərbaycan BMT, İƏT və s. kimi mötəbər beynəlxalq təşkilatların üzvüdür.

Azərbaycan həm də fikir, etiqad azadlıqlarının mövcud olduğu ölkədir. O, milli və dini münaqişələrdən uzaqdır. Bu ölkə dini təəssübkeşliyi rədd edir. Burada dinlər və mədəniyyətlər arasında dialoqa çağıran tolerantlıq şəraiti var.

Azərbaycan müstəqillik qazandıqdan bu yana bir çox dövlətlərlə, o cümlədən islam dünyası ölkələrilə dostluq və əməkdaşlıq əlaqələri qurub. O, digər postsovet ölkələri olan qonşuları ilə də mehriban əlaqələr yaradıb. Həmin dövlətlərin əksəriyyətində Azərbaycan səfirliyi fəaliyyət göstərir. Azərbaycan MDB-nin də üzvüdür.

Azərbaycanın ərəb-islam dövlətlərinin də əksəriyyətində səfirliyi var.

Bu ölkə XIX əsrin sonu və XX əsrin əvvəllərində həm də böyük elmi inkişaf yaşayıb. Şərqdə ilk Qızlar məktəbi məhz Bakı şəhərində təsis edilib. İlk opera və teatr burada yaradılıb. Ümumiyyətlə, teatr sənəti Bakının mədəni həyatının bir hissəsidir. Hazırda şəhərdə çox sayda teatr, həmçinin Opera və Balet Teatrı fəaliyyət göstərir.

Azərbaycanda çoxlu təhsil mərkəzi, tibb müəssisələri, xəstəxanalar inşa edilib, təhsilin inkişafına hər zaman böyük diqqət yetirilib. Ölkədə çox sayda dövlət və özəl universitet var.

Bakı gözəl təbiəti, çoxsaylı qədim abidələrilə çox sayda turist cəlb edən şəhərdir. Şəhərin ən məşhur tarixi məkanı Qız qalasıdır.

Bakıda qədim məscidlər, kilsələr və məbədlər də var. Bütün bunlar Bakını islam dünyasının və Avropanın bir hissəsinə, onlar arasında körpüyə çevirir.

2013-cü il fevralın 8-i Azərbaycanın kosmik fəaliyyət sahəsində tarixi nailiyyət əldə etdiyi gündür. Həmin gün Azərbaycanın ilk süni peykini fəzaya buraxıb. Bu, Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir.

Bütün bunlarla yanaşı, onun Dağlıq Qarabağ regionu Ermənistan tərəfindən işğal olunub və tərəflər arasındakı münaqişə hələ də həllini tapmayıb. Bu torpaqların Azərbaycanın regionlarından biri olduğu hər kəsə bəllidir. Sovet İtifaqı Kommunist Partiyası erməni lobbisinin Sovet rəhbərlərinə təzyiqi nəticəsində onu Azərbaycandan ayıraraq Ermənistan respublikasına qatmaq üçün dəfələrlə cəhd göstərib.

Azərbaycanda bir çox nüfuzlu beynəlxalq tədbirlər də təşkil olunur. Bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanı ekstremizmlə mübarizəyə çağırıb. Azərbaycan prezidenti İlham Əliyev bu forumdakı çıxışında ölkəsinin xalqlar arasında mədəni, dini və milli plüralizmə ehtiram nümunəsi sayıldığını bildirib. O, qeyd edib ki, dünya plüralizm dəyərlərinin inkişafı və dəstəklənməsi üçün açıq müzakirələrə ehtiyac duyur. İlham Əliyev əmindir ki, dünyanın multikulturalizmi qəbul etməkdən başqa yolu yoxdur.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Şəbəb əl-Nil


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az