20.10.2018 20:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycandakı dağ yəhudiləri – dünyada dini tolerantlığın nümunəsi

 
 



Diario Judio, Meksika
11.06.2018


Müəllif: İsaak Qliksberq

2016-cı ilin oktyabrında Azərbaycan Respublikasının paytaxtı, Xəzər dənizi sahilindəki Bakı şəhərində keçirilən 5-ci Beynəlxalq Humanitar Foruma dəvət almışdım. Səfərə Uruqvayın o zamankı vitse-kansleri, Nümayəndələr Palatasının sədri, bir neçə deputat və alimdən ibarət nümayəndə heyətilə getdim.

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkil etdiyi bu vacib tədbirə bütün dünyadan yəhidi icmalarının liderləri, İsrail dövlətinin nümayəndələri, o cümlədən 4 Nobel mükafatçısı da daxil olmaqla, bütün böyük dinlərin nümayəndələri qatılmışdı. Forumda ümumilikdə 400-dən çox nümayəndə iştirak edirdi.

Azərbaycan prezidenti İlham Əliyev çoxsaylı və geniş spektrlı auditoriya qarşısındakı çıxışında digər çox vacib məqamlarla yanaşı, həm də bu fikri səsləndirmişdi: “Biz humanitar sahədə dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsi istiqamətində çalışırıq. Bu səylərimizi davam etdirəcəyik. Çünki bu bizim siyasi xəttimizdir. Bizim tariximiz multikulturalizm üzərində qurulub. Multikulturalizm yeni konsepsiya sayılsa da, Azərbaycanda hər zaman mövcud olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan hər zaman sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma məkanı olub. Biz bu ənəni qorumaq üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, bütün millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh və qardaşlıq mühitində, bir ailə kimi yaşayır. Bizim torpağımızda heç zaman dini və ya etnik xarakterli münaqişə, fikir ayrılığı olmayıb. Bu, bizim ən böyük dəyərimizdir. Azərbaycanda bütün dinlərə aid tarixi abidələr dövlət tərəfindən qorunur. Dövlət bu abidələrin bərpası üçün maliyyə ayırır. Azərbaycanda dövlət vəsaiti hesabına məscidlər, kilsələr və sinaqoqlar tikilir və bərpa edilir. Biz öz dini bayramlarımızı bərabər qeyd edirik. Bütün dini icmalar bu bayramları bir yerdə qeyd edir. Biz öz tariximiz və mədəniyyətimizlə qürur duyuruq. Yəqin ki, burada yaşayan müxtəlif mədəniyyətə və dinə sahib insanlar Azərbaycanı təsadüfən seçməyib. Bu tendensiya ölkəmizdə hər zaman mövcud olub. Bu gün bu, dövlət siyasəti olaraq tərəfimizdən davam etdirilir”.

Azərbaycan coğrafi baxımdan o qədər də böyük ərazi deyil. Uruqvayın yarısı boyda olan bu ölkə Avropanın qapısı sayılan bir yerdə, Yaxın Şərqlə Asiyanın sərhədində, Xəzərin sahilində yerləşir. Azərbaycan qədimliyin müasirliklə qarışdığı, coğrafi mövqeyindən doğan və əsrlərlə davam edən demoqrafik və mədəni inteqrasiyanın mövcud olduğu, müasir Avropa elementlərilə Yaxın Şərq əlamətlərinin birgə olduğu ölkədir. Bunun səbəblərindən biri də hazırda əhalsi 9 milyon olan Azərbaycanın tarixi boyu, əsrlərlə müxtəlif imperiyaların işğalına məruz qalmasıdır.

Azərbaycan əhalisinin 94%-i müsəlman olsa da, o, dünyəvi dövlətdir. Dünyada dini zəmində, xüsusən islam dinilə bağlı münaqişələrin, hətta müharibələrin qızışdığı bir zamanda bu, xüsusi diqqət cəlb edir. Məsələn, Azərbaycanda konkret olaraq yəhudilərlə müsəlmanlar arasında heç bir problem yoxdur.

Bir sıra nüfuzlu tarixçilərin fikrincə, yəhudilər Azərbaycanda 2500 ildir yaşayır. Onlar burada böyük icmaya sahib olublar. Azərbaycanın şəhərlərilə yanaşı, dağ rayonlarında da aşkenazilərə və sefardlara aid sinaqoqların mövcudluğu, bu ölkədə heç vaxt dini zəmində münaqişənin olmadığını söyləməyə əsas verir.

Bəs bu gün Azərbaycanda nə qədər yəhudi yaşayır? Bunu dəqiq deyə bilməsək də, bir neçə min dağ yəhudisi və ya Azərbaycan yəhudisinin yaşadığı məlumdur. Prezident İlham Əliyev də şəxsi təhsilində yəhudi müəllimlərinin rolunu tez-tez vurğulayır.

4 il əvvəl Bakıdakı sinaqoqda Tövratın yeni nüsxəsinin təqdimatına müsəlmanlar, pravoslav xristianlar, alban xristianları, Udi xristianları (qafqazlı) və katoliklər də qatılmışdı. Yəni, Azərbaycanın yəhudi icmasının bayram tədbirində ölkədəki bütün dinlərin nümayəndələri iştirak edirdi.

Azərbaycan yəhudilərinin ümumi yəhudi dünyasından coğrafi baxımdan uzaq olmalarına, Yaxın Şərq ölkələrində müsəlmanların yəhudilərlə düşmən münasibətdə olmasına rəğmən, müsəlmanların yaşadığı bu məkanda öz dinini, mədəniyyətini qoruyub saxlaması olduqca təəccüblüdür. Bu, şübhəsiz ki, Azərbaycandakı müxtəlif siyasi hakimiyyətlərin və Azərbaycan xalqının sayəsində mümkün olub.

Xəzər və Qara dənizlər arasında, Qafqaz dağlarında hələ də dağ yəhudiləri yaşamaqdadır. Onlar məhz Azərbaycan Respublikasının vətəndaşlarıdır. Yəhudilər burada 3-cü əsrdən, xristianlıq dövründən, o zamankı təqiblərdən qaçaraq gəldikləri dövrdən yaşayır. Bu insanlar əsrlərdir ümumi yəhudi dünyasından uzaqda olsalar da, öz ənənələrinə sadiq qalıb, onları nəsildən-nəslə ötürüblər. Burada yəhudi ailələrinin struktur konformasiyası da rol oynayıb və yeri gəlmişkən, onları tez-tez “Yuxur” adlandırırlar. Onlar özlərini İsrailin sağ qalmış 12 tayfasından biri sayırlar. Amma bunu sübut edəcək heç bir fakt yoxdur.

Uca Qafqaz dağlaında yaşayan yəhudilər, birqayda olaraq, əsrlər boyu kənd təsərrüfatı ilə məşğul olublar. Eyni zamanda onlar gümüşdən hazırlanan əl işləri, xalçaçılıq qabiliyyətlərilə də ad çıxarıb. Onlar bunu yerli əhalidən öyrənib.

1948-ci ildən sonra, xüsusilə 1967-ci ildən bəri bir çox dağ yəhudisi Azərbaycandan İsrailə kцзsə də, hələ də burada yaşayanlar var. Bəzi demoqrafların fikrincə, hazırda Azərbaycan ərazisindəki Qafqaz dağlarında 5000-dək yəhudi yaşamaqdadır. Aşkenazilər Azərbaycanın şəhərlərində, xüsusilə Bakıda və yenə də sülh, müsəlmanlar və xristianlarla harmoniya şəraitində yaşayır.

Azərbaycanda 7 yəhudi dini icması qeydiyyatdadır. Onlar Bakıda və respublikanın digər ərazilərində yaşayır. Oğuzda və Qubadakı 3 sinaqoqun da buraya aid olub-olmadığını bilmirəm.

Beynəlxalq Forumda iştirakımız zamanı aldığmız məlumata görə, 2003-cü ildə Azərbaycan paytaxtında yeni sinaqoq açılıb. Həmin ilin sentyabrında isə “Xabad Lyubavic” fondunun maliyyə dəstəyilə “Birinci yəhudi orta məktəbi” fəaliyyətə başlayıb. Onun açılışında Azərbaycan prezidenti İlham Əliyev, hökumət üzvləri, İsrailin bu məqsədlə Azərbaycana gəlmiş İsrail nümayəndələri və ravinlər də iştirak ediblər.

Azərbaycan hökumətinin 2006-cı il 5 oktyabr tarixli 222 nömrəli sərəncamına əsasən, Quba rayonunun Qırmızı qəsəsbəsində yerləşən 1 saylı orta məktəbə yəhudi vətəndaş İsaak Abramoviç Yanukovun adı verilib. Burada bazar günləri ivrit dili, yəhudi mədəniyyəti və dininin öyrədilməsi üçün məşğələlər təşkil olunur və bu, Azərbaycan hökuməti tərəfindən dəstəklənir.

2006-cı il fevralın 9-14-də Azərbaycanda müxtəlif ölkələrdən olan yəhudi təşkilatları və icmaları rəhbərlərinin konfransı da təşkil edilmişdi. Onun iştirakçıları arasında Avrasiya yəhudi icmalarının prezidenti cənab A.Maikeviç də var idi.

İsrailin 2016-cı ildə vəfat etmiş prezidenti Şimon Peres 2009-cu ildə Azərbaycanda səfərdə olub. 2016-cı ilin dekabrında isə İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycanı ziyarət edib. Bundan əvvəl isə onlar Azərbaycan prezidenti ilə Davos İqtisadi Forumunda da görüşüblər.

Netanyahu Azərbaycanı ilk dəfə 1997-ci ildə, Heydər Əliyevin prezidentliyi dövründə ziyarət edib. 2018-ci ilin yanvarın 24-də isə İsrailin baş naziri Davos forumunda indiki prezident İlham Əliyevlə görüşmüşdü.

Azərbaycan yəhudiləri bir çox sahədə uğur qazanıb: incəsənətdə, elmdə, mədəniyyət, texnologiyalar sahəsi və s. Onların arasında 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmuş Lev Davidoviç Landaunu qeyd etmək olar. Bakıda doğulmuş Landau Moskvada vəfat edib.

Əgər öz fəaliyyətilə seçilmiş Azərbaycan yəhudiləri haqda geniş məlumat vermək istəsəm, buna çox vaxt gedəcək.

Bir sözlə, mən Azərbaycana səfərim zamanı yəhudilər, xristianlar və müsəlmanların, eləcə də başqa din nümayəndələrinin necə bərabər, sülh və əmin-amanlıq şəraitində yaşaya bildiklərinin şahidi olmuşam.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Diario Judio


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az