23.06.2018 02:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Bakı Naxçıvanda 11 min hektar ərazini nəzarətə götürdü
 
12.06.2018
IRNA, İran
 

 
 
Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO

 
 



Mir TV, Rusiya
12.06.2018


Müəllif: Arzu Yunus

Şəmkir şəhəri Bakıdan 450 kilometr şimal-qərbdə yerləşir. Bu şəhər başqalarına bənzəmir. Küçələr o qədər də səs-küylü deyil, hər yanda səliqə-sahman, təmizlik var. Hələ çar Rusiyasının vaxtında burada almanlar məskən salıbmış. Burada onlar öz icmalarını yaradıblarmış. Qotik üslubda tikilmiş evlər və lövhələr də bundan xəbər verir. Küçələrdən birində lütteran kilsəsi belə, qalmaqdadır.

Bu köhnə məktəbi də almanlar tikib. Burada dərslər Azərbaycan, rus və alman dillərində keçilir. Bu məktəbdə elə onun özünü bitirmiş böyük təcrübəyə malik müəllimlər dərs keçir. Bu yay 130 yaşı tamam olmuş binanın tam yenidən qurulması nəzərdə tutulur.

Məcid Şıxlinski (Şəmkir şəhər Təhsil Şöbəsinin müdiri): “Əvvəlcə bu məktəb ibtidai, sonra yeddiillik, sonra isə tam orta məktəb olub. Bu minvalla burada rus sektoru da yaranıb və indiyədək fəaliyyət göstərir. Bu sektorda çox dahi şəxsiyyətlər yetişib. Onlar təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda, o cümlədən MDB ölkələrində və uzaq xaricdə məşhurdurlar”.

Burada almanların əsas məşğuliyyəti şərabçılıq olub. Onlar bu sənəti yerli insanlara da öyrədib. Şəmkirdən keçərkən yol boyu uzanan üzüm sahələrini görmək olar. 92 yaşlı Yunus baba etnik azlığın son nümayəndələrindəndir. Onun anası alman qızı olub. Yunus kişinin şərabını bütün dünyada tanıyırlar: “Mənim şərabım heç vaxt xarab olmur. Bu sənət bizdə irsidir. Mən bunları uşaqlıqdan görmüşəm. Şərabı almanlarla hazırlayırdıq. Sonra onlar buradan köçdülər, ancaq mən öz işimi davam etdirdim”.

Şəmkirdə aqrar sahibkarlıq inkişaf edib. Ölkədəki istixanaların yarısı məhz bu bölgədə yerləşir. Bu istixanalardan xeyli şəmkirli ailəsi dolanır. Burada yetişdirilən tərəvəz və giləmeyvələr daha çox Rusiyaya və başqa ölkələrə ixrac olunur.

Arzu Yunus (müxbir): “Bu bölgədə müxtəlif pomidor sortları yetişdirilir. Bu sortun adı “Ralli”dir. O, gözəl dadı və böyük ölçüsü ilə fərqlənir”.

Əli Qurbanov (istixana təsərrüfatının baş aqronomu): “Bizim bölgə özünün əlverişli iqlimi və gözəl suyu ilə məşhurdur. Bu, seçmə, dadlı meyvə və tərəvəz yetişdirməyə imkan verir. Bizim bölgədə əsasən 10 sort pomidor yetişdirilir: “Ralli”, “Mahitos”, “Arletto” kimi sortlar və bir neçə sort çəhrayı və ətli poidor”.

Bu istixanada holland qızılgülü yetişdirilir. Respublikada cəmi iki belə unikal qurğu var. Bura əsl qızılgül cənnətidir. İncə və nazlı gülləri torpaqda deyil, xüsusi mineral substratlarda yetişdirirlər.

Əli Qurbanov (istixana təsərrüfatının baş aqronomu): “Bizim qara-qırmızı qızılgül sortumuz var. O, “Red Naomi” adlanır. Bu sort əsasən daxili bazarda satılır. Böyük hissəsi paytaxt Bakıya göndərilir. Həmçinin xarici bazarlara, o cümlədən Gürcüstan və Rusiyaya da çıxışımız var”.

Şəmkir rayonunun Muxtarlı kəndində il boyu çiyələk yığılır. Fermerlər deyir ki, bu il məhsul boldur. Çiyələk yığanların işi səhər saat 8-də başlayır. Hərənin öz ləki var. Gün ərzində 100 kiloqramadək çiyələk yığmaq mümkündür. Aqronomlar ildə 2 min tondan çox giləmeyvə yığmağı düşünürlər”.

Arzu Yunus (müxbir): “Qadınlara məhsulu toplamaqda yardım etmək qərarına gəldim. Bu bölgədə məhsul bütün il boyu yetişdirilir. Ən əsas sort “Viktoriya” sayılır. Bu, çox şirin, qırmızı və uzunsov çiyələkdir”.

Gülnarə Bayramova (çiyələk yığan): “Burada ilin hər fəslində çiyələk yığılır. Çiyələk qızarmış olmalıdır. Onu düzgün toplamağı bacarmaq lazımdır. Saplağı qoparsanız və ya göy çiyələyi dərsəniz hesab edin ki, zəhmətiniz hədər gedib”.

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Şəmkirdə ölkənin ən böyük aqroparkı tikilib. İlk dəfə olaraq bir məkanda anbarlar, soyuducular, meyvə və tərəvəz emalı zavodu və kənd təsərrüfatı məhsullarının qablaşdırılması kopleksi yaradılıb. Bu müəssisələr məhsulu “Made in Azerbaijan” brendi altında satır və ölkənin ixrac potensialını artırır. Bu il Rusiya bazarına da meyvə-tərəvəz ixracını bir neçə dəfə artırmaq planlaşdırılır.

Fuad İsgəndərov (Aqroparkın istehsalat şöbəsinin müdiri): “Bizim aqroparkda istehsalat bir neçə mərhələyə bölünür. Hazırda biz birinci mərhələdən ikinciyə keçməkdəyik. Birinci mərhələ RQS tipli soyuducu kameraların, meyvə və tərəvəzləri sortlaşdırma və kalibrləmə xətlərinin mövcudluğunu, ikinci mərhələ yumşaq və bərk qablaşdırmanın istehsalını, üçüncü mərhələ isə məhsulun termik və qeyri-termik emalını nəzərdə tutur”.

Aqroparkın laboratoriyası da ən son texnologiyalar əsasında çalışır. Burada meyvə- tərəvəzin keyfiyyəti və toksikliyi yoxlanılır.

Yusif Hacıyev (laboratoriya şöbəsinin müdiri): “Meyvə-tərəvəzin saxlanılması zamanı əsas göstərici şəkər və turşuluq indeksidir. Məsələn, xurma. Bu il biz 20 tondan artıq xurma saxlamışıq. Onun 12 min tonunu 3-4 aydan artıq saxlanılıb. Bu əsasən “Xiakumi” sortudur”.

Laboratoriya analizlərindən sonra məhsul xüsusi hidroşok qurğusundan keçirilir. Əgər məhsul sortlaşdırma, qablaşdırma və ya dondurulma zamanı zədələnibsə, o istifadəyə yaramır.

Bu mövsüm aqroparkın ərazisində çox sayda meyvə ağacı və tərəvəz əkilib. Əvvəllər soyuducu kameralarda saxlamaq üçün məhsulu Şəmkirin müxtəlif kəndlərindən qəbul edirdilərsə, bu il öz məhsullarını istifadə edəcəklər.

Gülnarə Quliyeva (Aqroparkın əməkdaşı): «Bundan sonra artıq öz sahələrimizdə ağaclarımız olacaq. Müxtəlif meyvə ağacları və tərəvəz əkmişik. Məsələn, armud, albalı, gilas, çiyələk. Məhsulumuz yetişəndə onu da öz istehsalımıza verəcəyik. Buradan böyük məhsul götürmək fikrindəyik.

Bu gün Azərbaycanın bütün bölgədərində məktəb, xəstəxana, uşaq bağçası, əyləncə və ticarət mərkəzləri tikilir, yollar çəkilir. Əgər 10-15 il əvvəl hər bir yeniyetmə böyüyüb şəhərə köçməyi xəyal edirdisə, indi onların sayı xeyli azalıb. Tezliklə isə əlverişli iqlim şəraiti səbəbindən Şəmkir həm də turizm mərkəzinə çevriləcək. İndi paytaxt gəncləri qısa müddətə də olsa, Şəmkirə yollanmağa can atacaq. İstirahətə.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mir TV


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az