18.04.2019 22:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Azərbaycanlı muğam ustası: müharibədən “Royal Albert Hall”a qədər

 
 



Əl-Cəzirə, Qətər
26.06.2018


Müəllif: Şafik Mandhay

Qoçaq Əsgərov yoldaşı deyənədək üzündən qan axdığını hiss etmir. Onlar kənd milisində xidmət edirlər. Kənd milisi Ermənistanla gedən Dağlıq Qarabağ müharibəsində Azərbaycanın Füzuli rayonunun müdafiəsinə köməklik göstərir. 1988-1993-cü illər Dağlıq Qarabağ müharibəsinin şiddətli dövrləri idi...

Əsgərov düz 15 il əvvəl sol gözündən yaralanıb. Güllənin bir hissəsi hələ də gözündə qalmaqdadır.

“Gülləni çıxarmağa çalışdım. Lakin bu zaman gözümü çıxara biləcəyimi anladım. Odur ki, gülləyə toxunmadım”, - deyə o, paytaxt Bakıda yerləşən kafelərdən birində etdiyimiz söhbət zamanı “Əl-Cəzirə”yə bildirib.

Əsgərov yeniyetmə yaşlarında bilmirdi ki, gözünün birini itirməsilə nəticələnmiş hadisə onun ölkənin ən məşhur, ən hörmətli ifaçılarından birinə çevrilməsi yolundakı epizodlardan biri olacaq.

Bu gün Əsgərov Azərbaycanda muğam ustası hesab olunur. Ənənəvi türk və Mərkəzi Asiya folk musiqisi olan muğam poetik lirikası və güclü vokal xüsusiyyətilə seçilir.

“Londonda yerləşən “Royal Albert Hall”da, UNESCO-nun Parisdəki zalında, hətta Yeni Zelandiyada çıxış etmişəm” deyən Əsgərov telefonunda bu konsertlərdən qalmış şəkilləri bizə göstərir. Lakin videolardan birində Əsgərov bir anlıq dayanır. Videoda o, gülümsəyərək çıxış edir. Yunanıstanda keçirilən xalq musiqisi festivalında Pakistan musiqisi olan “kavvali”ni başqa müğənnilərlə birgə oxuyur.

Əsgərov gözünü itirdikdən sonra yüz minlərlə insan kimi, doğma torpağını tərk edib və Bakıda məcburi köçkün kimi yaşamağa başlayıb. Onun doğma Qoçəhmədli kəndi erməni hərbi birləşmələri tərəfindən işğal olunub və indiyədək separatçıların nəzarəti altındadır. 39 yaşlı Əsgərov artıq iki onillikdən çoxdur ki, öz evinə qayıda bilmir.

İlk vaxtlarda o, Bakıdakı qohumlarının yanında yaşayıb. Amma bir müddətdən sonra şəxsi həyatını qurmağa çalışıb və şəhər bazarında özünə iş tapıb. Əsgərov varlı şəxslər üçün avtomobillə müxtəlif məhsullar daşıyırmış. İşin az olduğu vaxtlarda isə darıxmamaq üçün muğam ifa edirmiş. Günlərdən birində onun ifası müştərilərdən birinin diqqətini çəkir...

“O, mənə xüsusi istedadımın olduğunu dedi. Bildirdi ki, bu istedadı heyf olmağa qoymamalıyam”, - deyə Əsgərov vurğulayır.

Bu söhbət Əsgərovun iddialarına “toxum səpməsi” üçün kifayət edib. Bir neçə ay sonra o, Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. Daha sonra təhsilini Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında davam etdirib. Bu akademiya ölkənin musiqi təhsili verən ən aparıcı ali təhsil müəssisəsdir.

Əsgərov təhsilini yüksək qiymətlərlə başa vurub. O, hər zaman vokal diapozunu ilə fərqlənib. Volkan diapozunundan yüksək qiymət almağa çalışan tələbə yoldaşları hər zaman onunla rəqabət aparıb.

İfaçı daha sonra yerli televizya kanallarında çıxış etməyə başlayıb. Bu zaman BBC kanalının prodüserlərinin diqqətini cəlb edib. 2007-ci ildə ondan Londona gələrək “Royal Albert Hall”da çıxış etməsini istəyiblər. Elə o vaxtdan, Əsgərov məşhur beynəlxalq müğənniyə, xalq musiqisi ifa edən yeni müğənnilərin müəlliminə çevrilib.

Musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırovanın sözlərinə görə, Əsgərovun səsi və muğamı unikal şəkildə interpretasiya etməsi onu fərqləndirən cəhətlərdir: “Səslər insan simasına bənzəyir. Bəziləri adidirsə, bəziləri bizi gözəlliyilə, harmoniyası isə cəlb edir. Sanki bizi onlara baxmağa məcbur edir. Bu zaman insan zövq alır”.

S.Bağırovanın sözlərinə görə, Azərbaycanda yaxşı muğam ifaçısı çoxdur: “Lakin səsi Əsgərovun səsi qədər gözəl olan çox deyil. Bu, nadir və gözəl xüsusiyyətdir. Eyni zamanda, onun güclü vokal diapozonu var”.

S.Bağırova deyir ki, qloballaşmanın çağırışlarına və Azərbaycana Qərb musiqi janrlarının daxil olmasına rəğmən, muğam gəncləri bu gün də cəlb edir: “Gənc musiqiçilər caz və ya pop musiqisinə qulaq asa bilər. Lakin onlar muğamı da dinləyir”.

Britaniya televiziyası Bağırovanın dəvətilə film çəkilişi üçün musiqi kollecinə gəlibmiş. Bu zaman prodüserlər muğam dərslərindəki gənc tələbələrin sayını görən zaman şoka düşüb. 

Bağırova kimi, Əsgərov da bu musiqi növünün yox olacağından qorxmur: “Muğamın gələcəkdə də seviləcəyinə inanıram. Çünki onu keçmişdə də seviblər, bu gün də sevirlər. Düşünürəm ki, muğam insanların Allahın varlığını qəbul etmədiyi zaman yox olacaq. Çünki muğam Allah tərəfindən Şərq mədəniyyətinə hədiyyə kimi bəxş olunub”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az