22.09.2018 08:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Naftalan: qonaqların xam neftdə çimdiyi Azərbaycan kurortu - FOTOREPORTAJ

 
 



CNN, ABŞ
29.06.2018


Müəllif: Kamilla Rzayeva

Neft quyusu mexaniki üsulla dünyada ilk dəfə 1847-ci ildə Azərbaycanda qazılıb. O vaxtdan bu ölkə zəngin “qara qızıl” ehtiyatından istifadə edir. Həmin dövrdən 170 ildən çox keçsə də, “Azeri Light” nefti bu ölkənin ən dəyərli resursu olaraq qalır.

Amma Bakıdan 320 kilometr qərbdə, Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Naftalan şəhərində qeyri-adi neft də var. “Naftalan nefti” adlandırılan bu xam mal 100 ildir ki, bu şəhərciyə gələnləri özünə cəlb edir.

Bu xam neft çox qatı olduğundan, satılmır. Üstəlik, o, yanacaq kimi istifadəyə uyğun deyil. Amma onun başqa xüsusiyyəti var – “Naftalan nefti” müalicəvidir. Bu üzdən insanlar ta qədimdən bu neftlə vanna qəbul edir. Son illərdə bu ənənə yenidən dirçəlib.

“Yerin qatı qanı”

“Naftalan” otelinin əsası 1926-cı ildə, yəni Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu dövrdə qoyulub. Həmin dövrdə insanlar arasında fiziki cəhətdən formada olmaq çox populyar idi.

Yaz və payız fəsilləri üçün otel nömrələri dünyanın bütün tərəflərindən səfər edəcək qonaqlar tərəfindən bron olunur. Səbəb çox sadədir: bu fəsillərdə bütün kurort boyu qızılgüllər çiçək açır, kəpənəklər təmiz dağ havası ilə pəncərələrdən otaqlara axışır.

İldə isti neft vannası qəbul etmək üçün Naftalana təxminən 15 min insan gəlir. Yerli əhali Naftalan neftini “yerin qatı qanı” adlandırır. Bu neftin 70 növ dəri xəstəliyini, həmçinin oynaq və sümük xəstəliklərini sağaltdığı məlumdur. Bununla yanaşı, Naftalan nefti dezinfeksiya vasitəsi, o cümlədən iltihaba qarşı, hətta keyləşdirici vasitə kimi istifadə edilir.

“Naftalan neftinin sümük-əzələ sistemi ilə bağlı xəstəliklərin, həmçinin ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində effektli olduğu sübuta yetirilib. Xüsusilə, revmatizm xəstəliyinin müalicəsində yaxşı nəticələr əldə edilib”, - deyə “Qarabagh Spa-Hotel”in baş həkimi Azər Vaqifov “CNN Travel”ə bildirib.

Yerli əhali Naftalan neftinin terapevtik üstünlüklərindən çoxdan məlumatlıdır. XII əsr Azərbaycan şairi Nizami Gəncəvi belə, Naftalan nefti haqda yazıb. Bu, Naftalan nefti haqda ilk məlumat idi. Nizami Gəncəvi bu neftin karvanlar vasitəsilə qonşu ölkələrə ixrac olunduğunu yazırdı.

Naftalan neftinin müalicəvi xüsusiyyəti haqda əfsanələr var. Əfsanələrdən birinə görə, tacirin dəvəsi yolda xəstələnir, karvandan geri qalır və neftlə dolu çuxura düşür. Tacir bir neçə həftə sonra həmin yolla qayıdan zaman onun çobanı dəvəni tapır. Dəvə tam sağlam imiş...

XIII əsrdə yaşamış italiyalı səyyah Marko Polo öz kitabında Naftalan nefti haqda da məlumat verib. Onun sözlərinə görə, bu nefti dəri xəstəliyi olan dəvələrə sürtürlərmiş. Səyyah bu məhluldan başqa məqsədlər üçün də istifadə edildiyini, bu üzdən də insanların uzaq ellərdən buraya üz tutduqlarını qeyd edib.

Elmi izah

Bəs Naftalan neftini xüsusi edən cəhət nədir?

Onun tərkibində naften karbohidrogenləri qeyri-adi miqdardadır (təxminən 50%). Məhz bu üzdən o, müalicəvi xüsusiyyətə malikdir.Qeyd edək ki, naften karbohidrogenləri daş kömür qatranından hazırlanan sabunların əsas tərkib hissəsini təşkil edir. Bu sabunlar pullu dəmrov və ekzema kimi dəri xəstəliklərinin müalicəsində istifadə edilir.

Qonaqlar Naftalan kurortunda ilk növbədə tam tibbi müayinədən keçirilir. Ürək, sinir xəstəliyi olanların, həmçinin xərçəng xəstəliyindən müalicə alan şəxslərin burada müalicə olunması məsləhət görülmür.

İnsanlar ilkin qan analizindən sonra ultrasəs müayinəsi və inhalasiya testindən keçirilir. Müalicə üçün heç bir problem üzə çıxmırsa, pasiyent ilk neft vannasına göndərilir. Neftlə müalicə müxtəlif cür edilə bilər. Bu, pasiyentin vəziyyətindən və həkimin qərarından asılıdır.

Burada pasiyentlərin orta yaş həddi 40-dır. Lakin 6 yaşlı uşaqlara da müalicə üçün icazə verilir.

Bu neft vannasının xərçəng xəstəliyinə səbəb ola biləcəyi sübut edilməsə də, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanında Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agentlik, həmçinin ABŞ və Avropa İttifaqı naften karbohidrogenini insanda xərçəng xəstəliyinin meydana gəlməsində potensial amil kimi qəbul edir. Naftalan kurortunun həkimlərisə bu neftdə müalicənin zərərsiz olduğunu deyir. Onların sözlərinə görə, bu, sahəyə aid 1500 elmi araşdırma layihəsi və 270 dissertasiya işi ilə sübuta yetirilib.

İsti və qoxulu

Xam neftlə dolu vannada oturmağı təsəvvür edə bilərsiniz?. Bu, isti şokoladla dolu vannada oturmaqdan demək olar ki, fərqlənmir. Nəzərə alın ki, çəlləkdəki neftin hərarəti müsbət 39 dərəcədir. Bu isti neft həm də çox qoxuludur. Bəziləri bundan şikayət etsə də, başqa yol yoxdur.

Naftalana Sankt-Peterburqdan oğlu ilə gəlmiş qonaq “CNN Travel”ə açıqlamasında kükürd iyinə dözməyə hazır olduğunu bildirib: “Çünki buraya pullu dəmrov xəstəliyilə gəlir, sağalaraq geri dönürsünüz”.

Bir vanna qəbulu 10 dəqiqə çəkir. Müalicə prosesi 3 gündən 3 həftəyədək davam edə bilər.

Vannanı yarıyadək və ya tam doldururlar. Bu, həkimin qərarından asılıdır. Əgər neft vannası bütün bədən üçün məsləhət deyilsə, qol və ayaqların müalicəsi üçün xüsusi avadanlıqlar var. Burada həkimin qərarı olmadan nəsə etmək qadağandır. Açığı, bu, mümkünsüzdür. Çünki böyük, yapışqan neft vannasında hərəkət etmək çox çətindir.

Müalicə proseduru bitdikdən sonra həkimin köməkçisi sizi şotka ilə neftdən təmizləyir. Daha sonra duş qəbul edirsiniz. Neftin bədəndən tam təmizlənməsi uzun çəkir. Bədəninizdə bir müddən onun qoxusu qalır.

39 dərəcədə isti neftlə vannadan sonra yorğunluq hiss edəcəksiniz. Buna görə həkim ən azı 40 dəqiqə dincəlməyinizi məsləhət görür.

Kompleks müalicə

Naftalan kurortunda neft vannasından başqa da müalicə növləri var. Qonaqlar burada müalicə planından asılı olaraq, fizoterapiya, hidromasaj, parafin müalicəsi, aromaterapiya üçün hidrovannalar da qəbul edə bilər. Kurortda sidr ağacından hazırlanmış çəlləyin olduğu sauna da var. Deyilənə görə, bu sauna neft vannasından sonra yaxşılaşmış metobalizmi gücləndirir.

Bununla yanaşı, Naftalan kurortunda trenajor zalı, yoqa və “Pilates” mərkəzi, açıq hovuz, açıq havada masaj əraziləri və çay evi fəaliyyət göstərir. Bu prosedurların nəticəsi özünü 1 aya göstərir. Bəzi pasientlər isə hətta 3 vanna qəbul etdikdən sonra belə, müalicələrinin müsbət nəticəsini hiss edir.

Bel və ayaq oynaqlarındakı ağrılardan şikayət edən bir qonaq deyir ki, o, səhətinin yaxşılaşmasından sonra ilhama gələrək, dostları ilə Naftalan çayında balıq tutmaq üçün 1 kilometr yolu piyada gedib.

Alenanın sözlərinə görə, o, son 2 ildə 4-cü dəfədir ki, buraya üz tutub. Pasiyentin sözlərinə görə, neft vannası ona ağrısız yaşamaq imkanı verir.

Bəs neft vannasının qəbulundan sonra həmin neftin aqibəti necə olur? O, yenidən istifadə edilir. Neft gələcək qonaqlar üçün ümumi çənə göndərilir. Axı, “qara qızıl” qiymətli məhsuldur.

Kurort və “Spa” haqda məlumat üçün “NaftalanBooking.com” saytına daxil ola bilərsiniz. Qiymətlər seçəcəyiniz oteldən, müalicə növündən asılıdır. Məsələn, “Qarabagh Spa-Hotel”də 7 günlük istirahət 1 nəfər üçün 189 manatdan (111 dollar), 2 nəfər üçün isə 229 manatdan (134 dolar) başlayır. Buraya yemək, tibbi müayinə, neft vannası, fizioterapiya və “Spa” daxildir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az