17.11.2018 17:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan... Şərq qədimliyi, Qərb sehri və dinlərarası tolerantlıq - FOTOREPORTAJ

 
 



Akkanet.net, İsrail
05.07.2018


Müəllif: Ziyad Şalyut

Bəzi dostlarıma və ailə üzvlərimə Azərbaycana səfər edəcəyimi dedikdə onların üzünü sanki dəhşət bürüdü, gözlərində heyrət göründü. Onların bəziləri bu ölkənin adının tələffüz etməkdə çətinlik çəkir, bəzilərisə onun adını ilk dəfə eşidirdi. Aralarında bu “naməlum” məkana səfər etmək fikrimi bəyənməyənlər də var idi. Sanki özümü sonu yaxşı olmayacaq riskə atırdım...

Onlar öz prizmalarından haqlı ola bilərdilər. Çünki “Azərbaycan” və onun paytaxtı olan “Bakı” bizim insanlar arasında tez-tez eşidilən sözlər deyil. Onlar İstanbul, Antalya, Rodos və bu kimi turizm mərkəzlərini, istirahət məkanlarını tanıyır. Üstəlik, bizdə belə bir məsəl də var: insan bilmədiyinin düşmənidir. Bəs görəsən, Bakı həqiqətən də belə narahatlığa layiq istiqamətdirmi?

Turistik-media qrupunun daxilində Azərbaycana ötən həftə etdiyim səfər məndə tam fərqli fikir yaratdı. Bu vaxtadək mən də Azərbaycan haqda çox şey bilmirdim. Bu ölkə ilə bağlı sadəcə, keçmişdən qalma fikirlərim var idi. Lakin oraya səfər ideyası yaranan zaman axtarış, öyrənmək həvəsim yaranmışdı. Bu, Azərbaycanı yaxından tanımaq üçün bir fürsət idi.

“Google” axtarış sistemi məndə bu ölkə haqda ilkin fikirlərin yaranmasına yardım etdi. Lakin ata-babalarımızdan qalma hikmət deyir ki, “eşitmək, görmək deyil”. İndiki halda bu, ən düzgün ifadədir.

Bakı: sivil plüralizm, təmizlik və əmin-amanlıq şəhəri

Nabələd insan hər hansı ölkəyə ilk dəfə gedən zaman, onu qarışıq fikirlər, hətta təlaş bürüyür. Amma Bakıya ayaq basar-basmaz, bu təlaş, qayğı yaddan çıxır. Burada qonağın diqqətini çəkən ilk məqam şəhərin küçələrində, restoranlarında, məhəllələrində və otellərindəki fövqəladə təmizlikdir. Burada nə ətrafa səpələnmiş butulkalara, nə kağız-kuğuza, nə yemək qalıqlarına, nə də digər tör-töküntüyə rast gəlirsən.

İnsanda arxayınlıq yaradan ikinci amil polis gözə dəymədən mövcud olan əmin-amanlıqdır. Bakı küçələrində, dalanlarında, İçərişəhərdə, bulvarda, hətta izdihamlı bazarlarda və müasir ticarət komplekslərində belə, sağ-soluna baxmağa, hansısa avara gəncin oğurlamaması üçün çantandan bərk yapışmana ehtiyac yoxdur. Avropanın bir çox guşəsində rast gəlinən bu hallar Bakıya aid deyil. Burada insan heç bir sıxıntı hiss etmir: gənc oğlan rəfiqəsi, ana qızı, yaşlı ər xanımı ilə gəzir. Nə sıxıntı var, nə təcavüz, nə müdaxilə. Kimdənsə nəsə soruşursansa, kömək etməyə çalışır.

Azərbaycanın əhalisinin əksəriyyəti müsəlmanlardır (2/3-si şiə, 1/3-i sünni). Lakin dövlətdə rəsmi din yoxdur (“Azərbaycan: 100 sual-cavab” kitabına əsasən). Burada xristian azlıqlar da var. Ölkədə məscidlərlə yanaşı, kilsələr, yəhudi, bəhai və hindus məbədləri fəaliyyət göstərir. Bu, ölədəki tolerantlıqdan, plüralizmdən xəbər verir.

Bir sözlə, Azırbaycan sadə və birinci səviyyəli sivil həyat yaşayır. Burada hicablı, niqablı qadın görmək çətindir (belələri Körfəz ölkələrindən gəlmiş qadınlardır). İnsanlar hər bir dinə ehtiram göstərir. Lakin dini ayinlər demək olar ki, yerinə yetirilmir. Burada kimsə başqasına dini yaşamı məcbur edə bilməz. Bunu otellərdən birində söhbət zaman bir məmur xanımdan eşitdim.

Dünyanın bir çox şəhərində olduğu kimi, Bakının mərkəzində də gözəl qədim divarla əhatələnmiş qədim şəhər var. Daxildə qədim tikililər və evlər yerləşir. Onları UNESCO mühafizə edir. İçərişəhər adlanan bu ərazidə bir neçə mühüm abidə də yer alır: vaxtilə ölkəyə hökmranlıq etmiş və Bakını XII əsrdə paytaxt seçmiş Şirvan şahlarının saray kompleksi, Bakının görməli yerlərindən biri olan, onun və ümumiyyətlə Azərbaycanın rəmzi sayılan Qız qalası və s. Təəssüf olsun ki, bu qala, onun tarixi haqda kifayət qədər məlumat yoxdur. Hesab edilir ki, o, e.ə VI-VII əsrlərdə tikilib. Versiyalardan birinə görə, miladın 71-ci ilində həvari Varfolemey qalanın yaxınlığında çarmıxa çəkilib. Hindistanda və Kiçik Asiyada xristian dininin yayılması məhz onun adı ilə bağlıdır.

Bibiheybət məscidi ölkənin ən məşhur tarixi məscidlərdən hesab edilir. Bu, İmam Musa Kazımın qızı Fatimə məscidi kimi də tanınır. Fatimə burada dəfn edilib. Bu üzdən məscid həm də ziyarətgaha çevrilib.

Bakının müasir görməli yerləri içərisində muzeylər də qeyd edilməlidir. Onlardan ən məşhuru Heydər Əliyev Mərkəzidir. Onu dünya şöhrətli iraqlı memar xanım Zaha Hadid tikib.

Xalça Muzeyi isə elə xalça formasında inşa olunub. Onun yaxınlığındakı kiçik Venesiya şəhərciyi ailələrə ucuz qiymətə qayıqla gəzinti kefi yaşadır.

Bakıda xüsusilə hecə saatlarında Nizami küçəsində gəzişmək məzləhətdir. Orada çox sayda kafe və restoran da var. Xəzərin sahilində yerləşən gözəl və geniş bulvar da insanlara gecə-gündüz sakit, rahat, romantik gəzinti bəxş edir.

“Alov qüllələri” 3 qüllədən ibarət bina kompleksidir. Onlardan birində dəbdəbəli “Fairmount” oteli yerləşir. Digər qüllədə ofislər və yaşayış mənzilləri yer alır, 3-cü qüllədə isə ticarət kompleksi fəaliyyət göstərir.

Binanın hündürlüyü 140-190 metrdir. Onları şəhərin istənilən yerindən görmək olur. Bu qüllələri gecə saatlarında müşahidə etmək xüsusi zövqdür. Binaların üzərində yanan işıqların müxtəlif rəngli və formalı kombinasiyasında alov şəkli və ya dövlət bayrağını əks etdirir.

Od məbədi: göz qabağında olan qədim mədəniyyət

Bakıdan kənarda ən gözəl, ən maraqlı məkanlardan biri Abşeron yarımadasında yerləşən Yanardağdır. Buradakı dağın ətəyi yerin altından sızan qaz səbəbilə daim alovlanır. Bu üzdən də Azərbaycana “Odlar yurdu” deyilir.

Suraxanıda yerləşən və zərdüştlüyün rəmzi olan Atəşgah məbədinə də baş çəkmək lazımdır. Vaxtilə burada İpək yolu ilə Çin və Hindistandan gələn tacirlər istirahət edirlərmiş. Orada bu günədək sönməyən alovu olan  məbədin tarixilə tanış ola bilərsiniz.

Azərbaycanın Qəbələ rayonunda Nohurgöl adlı göl var. Orada Diri Baba pirinə də getmək olar. Vaxtilə ora Diri Baba adlı bir sufinin məskəni imiş. O, ömrünün sonunadək həmin məkanda yaşayıb.

Ölkənin ən böyük məscidi Bakıda yerləşən Heydər Əliyev məscididir. Şamaxı Cümə məscidisə iki dəfə zəlzələyə və yanğına məruz qalsa da, son illərdə yenidən qurulub.

Bura narahat, təlaş içərisində gəldiyim, lakin heyran olaraq yenidən qayıtmaq arzusu ilə tərk etdiyim Azərbaycandır!

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Akkanet.net


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az